adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

CƏRRAH BIçAğI

ƏBÜLFƏT MƏDƏTOĞLU
46975 | 2010-04-17 00:57
Öncə onu deyim ki, biz bir insan olaraq çox qəribə məntiqə malikik. Nə vaxt ki, tikan bizim barmağımıza batır, xəncər bizim ürəyimizə sancılır, onda tikanı da qınayırıq, xəncəri ürəyimizə saplayanı da. Birini kəsib doğrayır, o birini cəzalandırmağa, həbsxana künclərinə atmağa çalışırıq. Amma...
   
   Amma çox qəribədi, nə vaxt ki, həkimə işimiz düşür, həkimlə bağlı problemimiz olur, onun tərifini göyə qaldırırıq, onu xilaskar adlandırırıq. Bu peşəylə, onun sahibiylə qürur duyuruq. Elə bilirik ki, dünyada bütün dərdlərin, bütün ağrı-acıların açarı, sehri, tilsimli çubuğu yalnız həkimlərin əlindədi və bu yanaşma ilə də baxanda ziddiyyətli bir məqam yaranır. Bilirsiniz nədə?
   
   Deməli, cərrah əslində özünün ən böyük vəzifəsini kəsməkdə, doğramaqda və bununla da xəstəni xilas etməkdə görür. Yəni insana problem yaradan, onun həyatı üçün təhlükəli olan zədələnmiş, yaralanmış, xəstələnmiş hansısa bir hissəni kəsib götürmək və onun yerini tikib sağaltmaq cərrahın əsas işidi. Nə qədər ki, cərrah bunu başqası üçün edir və sən də kənardan müşahidəçisən... xəstənin sarsıntı keçirən, əsəb gərginliyi yaşayan, narahat olan, üzülən, bir sözlə, ölüb-dirilən sahiblərinə çox arxayıncasına təsəlli verirsən. Hətta onları bu cür halları yaşadığına görə qınayırsan da. Elə ki, həmin proses sənin öz başına gəlir, sən o anları yaşayırsan, onda həkim gözünə qəssab kimi, cəllad kimi görünür. Bax, burda rusların məşhur bir atalar sözü yada düşür: "hər kəsə öz köynəyi daha yaxındı".
   
   Bəli, mən müharibənin dəhşətlərini görmüşəm. Gözlərimin qarşısında neçə yerə parçalanmış oğulların cəsədi, müxtəlif səmtlərə səpələnmiş vücudları indi də dayanıbdı. Hətta doğmalarımı da itirmişəm. Qanımdan, canımdan olan ən yaxın insanlar, özü də əksəriyyəti çox gənc yaşında. Bilmirəm, onda məni müharibə, zaman sıxıb bərkitmişdi, daş qəlbli etmişdi, yoxsa mən elə o mühitin içərisində keyləşmişdim, hissiyatsız olmuşdum... Hər nədisə o itkilər məni indi yaşadığım an qədər titrətməmişdi. Və mən bir neçə gün öncə əməliyyat otağı qarşısında yaşadıqlarımı sözə çevirəndə də ürəyim əsir. İraq-iraq mənə elə gəlir ki, o əməliyyat hələ bitməyib və mən dörd gözlə qapı arxasında dayanıb onun sonunu gözləyirəm.
   
   Yaxşı deyiblər ki, valideyn olmayan valideynin nə çəkdiyini çox çətin bilər, bəlkə də heç bilməz. Şəxsən mən övladlarımla bağlı bu cür əməliyyat otaqlarının qarşısında müxtəlif vaxtlarda dayanmışam və hər birində də ürəyimdən nə isə qırılıbdı... Ta o vaxta qədər ki, əməliyyat başa çatıb və mən onları qucağıma alanda bir az özümə qayıtmışam. Məni özümə qaytaran da onların nəfəsi olubdu.
   
   Qızımın əməliyyatı qəflətən oldu. Qəflətən cərrah qapısını döydük...qəflətən qızımı müayinə etdi...amma qərarı qəflətən vermədi. Çox təmkinli bir şəkildə, özü də son dərəcə soyuqqanlı bir halda amiranə şəkildə üzünü mənə tutdu:
   
   - Dərhal əməliyyat olmalıdır, gecikdirmək olmaz!
   
   Elə bir ayağımın altından yer qaçdı. Qızımın yaşla dolan gözləri bir anda o qədər ifadələr əks etdirdi ki, onları oxuyub, onları duyub başa çatdıra bilmədim. Doğrusu, hətta qorxdum da. Elə bildim ki, uşağın gözləri hədəqəsindən çıxacaq. Bir ona gücüm çatdı ki, boynunu qucaqladım. Mənim də kövrəldiyimi görməsin deyə onu sinəmə sıxdım. Bu məqamdan istifadə edən həkim:
   
   - Başlayaq! - dedi.
   
   Qollarım boşaldı. Tibb bacısı qızımın əlindən tutub özü ilə apardı. Mən baxa-baxa qaldım. Öz əlimlə qızımı cərrah stoluna göndərdim...bıçaq altına...
   
   
   
   Bir həkim sakitcə "götürün" dedi
   
   Bir cərrah bıçağa uzatdı əlin
   
   Qızımla bərabər ürəyim getdi-
   
   Mələklər, balama köməyə gəlin.
   
   
   
   Uzun çəkməyəcək! - desələr belə
   
   Hər an bir il oldu -üzüldüm, qızım
   
   Şaxtaya düşmüş tək- inanın hələ,
   
   Bilmirəm mən necə dözürdüm, qızım.
   
   
   
   "Yüngül keçəcəkdi, sadə bir şeydi,
   
   Bu işi görürlər gözüyumulu!"
   
   Hərə bildiyi tək təsəlli verdi
   
   Heç nə ovutmadı ata duyğumu.
   
   
   
   Bitdi əməliyyat açıldı qapı
   
   Getmişdi, xərəkdə gətrildi qızım.
   
   Qarşına yeridi bir anda hamı-
   
   İçimdən bir təlaş götrüldü, qızım.
   
   
   
   Solmuş bənizinə baxıb kövrəldim
   
   Özümü qınayım, yoxsa həkimi?
   
   Canımı, varımı vallah, verərdim
   
   Qaytara biləsəydim gülən şəklini!
   
   
   
   Düşür öz gücündən ağrıkəsici
   
   İndi də bıçağın yeri sızlayır
   
   Kipriyin ucunda sənin,ay qızım
   
   Sakitcə göz yaşın axıb buzlayır.
   
   
   
   Dözür olanlara, dözüb əlacsız
   
   Atan cəhd edir ki, ağrını alsın
   
   Çalışıb səninçün sözsüz, ilacsız
   
   Ağrısız bir yuxu laylası çalsın...
   
   
   
   ***
   
   Biz günbəgün böyüdüyümüz kimi təbii ki, yaş baxımından, günbəgün də "əriyib" gedirik. Böyüməyimiz illərlə ölçülür, "əriməyimiz" ömrün bitməsiylə. Heç kim bir gündə nə qədər "əridiyini" sözün böyük mənasında deyib sübut edə bilməz. Çünki onun ölçü vahidi, ölçü cihazı yoxdu. Deməli, bu məcaziliyin içərisində bir gerçəklik də var. Əgər hər il bir yaş böyüyürüksə, deməli hər gün də bir barmaq yaşa doluruq və bu ölçülərlə yanaşanda onda görürsən ki, həmin o ilin, günün içərisndə də insanın ömrü şam kimi əriyir. Ola bilsin ki, uğursuz və yaxud da kobud bənzətmədi, amma bu həqiqətdir. Həmin həqiqətin ən böyük göstəricisi isə düyğusallıqdı. Hissiyatı, yanımlığı, qaynarlığı, anlayışı, bir sözlə, insana məxsus yüksək çalarları olan hər kəs bu və ya digər qədər mütləq gün ərzində şam kimi əriyir. Özü də təkcə öz dərdlərinin, öz qayğılarının içərisində yox, həm də ətrafında baş verənlərin, ətrafında yaşayanların, qısası hadisələrin və cəmiyyətin içərisində. Çünki duyğusallıq ona hər şeydən və hamıdan kənarda qalmaq imkanı vermir. Bu şanssızlıq həmin o duyğusal insanın daha çox əriməsinə səbəb olur.
   
   Əvvəldə xatırlatdım ki, müharibənin, səngərin, barıt qoxusunun nə olduğunu yaxşı bilirəm. İtirməyin də nə demək olduğunu artıq gözüyumulu əzbər deyərəm. Ona görə də ətrafımda baş verən heç nə, hətta ağcaqanadın vızıltısı da hisslərimə təsir etmədən ötüşmür. Bu anlamla yanaşanda insanların durumları, onların yaşadıqları məni həmişə loru dildə desək, özümdən çıxarır, unutdurur mənə özümü. Açığını deyim ki, bəzən bunun tərs silləsinə də tuş gəlirəm. Hətta mənə irad tuturlar ki, başqasının dərdini çəkmək sənə qalıb? Nə edə bilərəm, Allah belə yaradıb, belə məsləhət bilib. Nə mən öz xoşuma, öz arzumla yaranmamışam, nə də bu duyğusallığı mən hardansa satın almamışam. Bunların hamısı Tanrının yazısı, Tanrının payıdı.
   
   Yaxşı deyiblər ki, taylı tayını tapar. Bu mənada həmişə qarşılaşdığım insanların böyük əksəriyyəti həmin o əriyən insanların sırasında olubdu. Mən onlarla ilk təmasdan bir də görmüşəm ki, onu özümə köçürürəm ağrısıyla, acısıyla, dərdi ilə bir yerdə, su çəkən kağız kimi (burda bir zarafat edim - yəqin mən də dərd çəkən kağızam - Ə.M).
   
   Xəstəxana dəhlizində yaşadığım anlarda hiss etdim ki, kənardan bir cüt göz məni izləyir. Sanki kürəyimə, ordan da ürəyimə sancılırdı. Çönüb baxdım, orta yaşlı bir kişi idi. baxışlarından oxudum ki, çəkdiklərimi göydə tutub. O da həmin anları yaşayıb. Güclə gülümsədim. Bilmirəm bu təbəssüm yerinə düşdü, yoxsa yox, amma demək istədim ki, sən də mənim kimi dərd çəkən adamsan, biz tək deyilik.
   
   Burda ancaq susmaq və bir də susmaq lazımdı. Onda bu susqunluq özü hər şeyi ifadə edəcəkdi.
   
   
   
   sükutun
   
   hakim olduğu
   
   anlarda
   
   mənə elə gəlir ki,
   
   ürəyimin səsini
   
   hamı eşidir...
   
   o səs
   
   ətrafa
   
   elə səpələnir ki,
   
   sevənlərin
   
   ruhunu oxşayır.
   
   sevməyənlərin
   
   canını üşüdür...
   
   sükutun
   
   hakimlik məqamında
   
   zənnimcə
   
   mən gözünə
   
   yaxşı görünürəm-
   
   Allahın da!..
   
   ***
   
   "Azərbaycan" nəşriyyatının mərtəbələrinin hamısının eni-uzunu bir-birinə bərabərdi. Mən hərdən bekar olanda bu mərtəbləri bir-bir gəzib dolaşıram. Və mənə elə gəlir ki, bu mərtəbələr nə qədər ölçülər bir-birinin eyni olsa da, amma o mərtəbələrdəki hava, mühit baxımından hərəsi bir ayrı dünyadı. Kimsə məni qınaya bilər. Amma mən, nə qədər sübutlar gətirilsə də, heç cür inana bilmərəm ki, tutaq ki, 8-ci mərtəbənin mühiti, havası 6-cı mərtəbənin havası, mühiti ilə eynidi. Etiraf edim ki, müəyyən üst-üstə düşən detallar göstərmək olar. Hətta barmağı kimlərəsə tuşlamaq da olar. Amma onların özü də oxşardı, amma eyni deyil...
   
   Nədənsə, telekanalların ən çox tamaşaçı yığan şou verilişlərində tamaşaçı qismində studiyaya dəvət edilmişlərin hamısı bir-birini tamamlayır, elə bil almanı yarı bölmüsən. Məsələn, verilişdə mövzu boşanmaqdısa, tamaşaçı zalını gözdən keçirirsən və bir-bir barmağını qatlayırsan... bir... iki... üç...altı...yeddi və sairə hamısı boşananlardı. Bu yerdə ağlıma gəlir ki, görünür onlar da bir-birinin cazibə dairəsindədilər. Əhatə dairəsindən çıxa bilmədiklərindən onlar həmin verilişlərin mövzusu ilə bağlı bir-birini dərhal eyni ünvana tapıb yığırlar və özlərini də həmin verilişlərdə çox rahat hiss edirlər... danışmaq da rahatdı...məsləhət vermək də...məsləhət almaq da.
   
   Hə, deməli bunlar da bu cür "əriyirlər"... bunlar da bir-birini bu cür duyurlar. Sadəcə, burda bir şey çatmır...mənə görə burda mütləq cərrah bıçağı olmalıdı. Özünü, əxlaqını, ailəsini, bütövlükdə təmsil etdiyi cəmiyyəti ləkələyən, ona bir növü ağ şalvarın qara yamağı kimi pərçimlənən məqamları kəsib götürmək üçün. Yoxsa bu yamaqlar o qədər böyüyəcək ki, sonra onun üst-üstə vurulduğunun şahidi olacağıq. Əvvəlinci yamağı təbii sayacağıq, sonrakına dözəcəyik. Və beləcə yamaqlı bir ömür, yamaqlı bir əxlaq sahibi olacağıq...
   
   İndi cəmiyyətin yamaqlı olması adiləşib. Hətta bəzi məqamlarda isə əhəmiyyət də vermirlər, sanki belə də olmalıymış. Məncə, bu erroziyanın daha bir göstəricisidir. Təbii ki, mənəviyyatımızda. Nə qədər ki, özümüzü, öz dünyamızı olduğu kimi cəmiyyətə təqdim etmirik, onu maskalayırıq, deməli, yamaqlar da bir o qədər çox olacaq, boşluğu onlar dolduracaq. Biz isə azala-azala gedəcəyik. Geri qayıtmaq isə gec olacaq, lap gec...
   
   
   
   baxıb qayıtdım geri
   
   yol mənə yad göründü
   
   qımışdı dərdin yeri-
   
   gözümə şad göründü...
   
   
   
   mən xam torpaq, qəm tikan
   
   yüz qəmdən bir qəm tikən
   
   qollu-budaqlı ikən-
   
   bir tək qanad göründüm...
   
   
   
   dünya hər cür yollardı
   
   dönüb getdim, yol qaldı...
   
   desəm artıq olardı-
   
   dərdim abad göründü...
   
   
   
   ... Hə, hər bir insan öz hissi, öz duyğusu, öz düşüncəsi ilə bir dünyadı. Yaxşı ki, elə belədi və yaxşı ki, bu dünyanın sahibləri hər kəsin özüdü. Orda çevrilişlər etmək yalnız sahibinin ixtiyarındadı. Elə ərimək də, yamaq götürmək də!..

TƏQVİM / ARXİV