adalet.az header logo
  • Bakı 21°C
20 Mart 2015 12:08
2329
SİYASƏT
A- A+

Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib edilmir - XİN

"ABŞ Dövlət Departamentinin ATƏT üzrə öhdəliklərini və BMT TŞ-nin qətnamələrini yerinə yetirmək üçün Ermənistana çağırış etməsi daha təqdirəlayiq olardı”

 "Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir. Bütün bu tədbirlər ilk növbədə Azərbaycan hökumətinin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Heç kim siyasi baxışlarına görə təqib edilmir”.
 
Adalet.az-ın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.
 
"Azərbaycana çağırış edən Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq üçün ATƏT üzrə öhdəliklərini və BMT TŞ-nin qətnamələrinin tələblərini yerinə yetirmək üçün Ermənistana israrlı çağırış etməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı”, - deyə H. Hacıyev açıqlamasında bildirib.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Birləşmiş Ştatların martın 18-də verilmiş əfv sərəncamını, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlının, eləcə də Azərbaycan QHT-lərinin vətəndaş fəaliyyətinə görə saxlandığını dediyi daha 3 nəfərin azadlığa buraxılmasını alqışladığını bəyan edib.
 
"Azərbaycan hökumətini növbəti aylarda əlavə müsbət addımlar atmağa, ictimai fəaliyyətinə görə həbs olunmuş digərlərini azadlığa buraxmağa çağırırıq. Bununla, hökumət bütün vətəndaşlarının fundamental azadlıqlarının qorunmasına dair ATƏT qarşısındakı və digər beynəlxalq öhdəliklərinə sadiqliyini göstərər”, - deyə Psaki bildirib.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı 101 məhbusa şamil edilib, onlardan 90-nı cəzasının çəkilməmiş hissəsindən azad ediilib.