adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ADiLiN ADiL ÖMRü

20165 | 2010-04-17 00:57
(əvvəli ötən saylarımızda)
   
   
   
   Reyxstaq üzərində qələbə bayrağı dalğalanan gündən beş ay ötsə də, dünyanın abı-havası barıt qoxusundan təmizlənməmişdi. Ölüm kabusu əvvəlki tək ətrafı dolaşmaqda davam edirdi. Avqustun 6-da Hirosimaya atılan atom bombası yalnız Sakit okeanın sakitliyini pozmadı. O hadisədən iki gün sonra Sovet İttifaqı Yaponiyaya müharibə elan edib hücuma keçdi. Avqustun 9-da amerikalılar ikinci atom bombasını Naqasakiyə atdı. Sadə yaponlar USA mənşəli mərmi "sovqat"ının nə olduğunu dərhal anlamadı. Nüvə fizikası sahəsində çalışan mütəxəssislər rəsmi dairələrə məruzə etdilər ki, samuray qılıncı ilə bu bəlanın qarşısını alına bilməz. Beləliklə gündoğan ölkə məğlubiyyətə məhkum oldu. Göbələk şəkilli partlayışın qurbanları, fəsadları barədə mətbuat susurdu...
   
    Yer kürəsinin siyasi siması günbəgün dəyişirdi. Faşizm əsarətindən yenicə qurtulan Avropa ölkələrinin əksəriyyəti zərurət qarşısında sosialist düşərgəsinə qatılırdı. Həmin günlərdə uzunboğaz çəkməli sovet əsgəri Şimalı Koreya torpaqlarına da gəlib çatdı. Saxalin, Kuril adalarına da bolşeviklər sahib çıxdı. Sentyabrda Xo Şi Min Vyetnamı Demokratik Respublika elan etməklə öz ölkəsində fransız müstəmləkəyə son qoydu. Oktyabrın 12-də Laos dövlət müstəqilliyini bəyan etdi. Çin kommunistlərinin lideri Mao Tsedunla Çan Kayşi arasında gedən danışıqlar ölkənin şimalında hərbi əməliyyatların başlanması ilə nəticələndi. Stalinin aldığı məxfi məlumatlara görə, ABŞ-da SSRİ-nin iyirmi şəhərinə nüvə hücumu planı hazırlanırdı. Gizli çalışmaların müdafiə xarakterli olması barədə açıqlamalar sızdırılsa da, Amerikanın maraqları naminə istənilən an Sovetlərə qarşı hərbi əməliyyatlara başlamaq ehtimalı da real idi. Ona görə Kreml nəyin bahasına olursa-olsun, ən qısa zamanda atom silahını əldə etməyi qarşısına məqsəd qoymuşdu. Qapalı laboratoriyalarda, gözdən uzaq poliqonlarda fasiləsiz gərgin iş aparılır, təcrübə sınaqları keçirilirdi.
   
    Belə mürəkkəb ictimai-siyasi mənzərənin fonunda bütün sovet xalqı kimi, Azərbaycan da noyabrın 7-də Oktyabr inqilabının 28-ci ildönümünü təntənəli surətdə qeyd etməyə hazırlaşırdı. Həftə sonu olmasına baxmayaraq "Kommunist"in əməkdaşları iş başında idi. Moskvada təsdiq olunmuş rəsmi bayram şüarları redaksiyaya yenicə çatdırılmışdı. Siyahıda hər sahəyə aid 54 çağırış vardı. Təbii ki, birincisi belə səslənirdi:
   
   "Yaşasın Böyük Oktyabr sosialist inqilabının 28-ci ildönümü!"
   
   Kremlin mütləq qaydada icra olunan tövsiyələri təcili surətdə ölkə xalqlarının dillərinə çevrilib, vahid təbliğattəşviqat maşınının istifadəsinə verilməliydi. Nəticədə Kamçatkada da, Daşkənddə də, Bakıda da, Murmanskda da zəhmətkeşlər eyni düşüncəni paylaşacaq, eyni sözləri təkrarlayacaqdı. Məsələn, "Alman faşistləri və Yapon imperialistləri üzərində qələbə çalan böyük sovet xalqına eşq olsun!"
   
   Yaxud, Oktyabr bayramı günlərində hamı ana dilində eyni ünvana atəşin eyni məzmunlu salam göndərəcəkdi. Yuxarıdan məsləhət görülən mətnlərdən biri belə səslənirdi:
   
   - "Alman işğalçıları üzərində qələbə çalmaqda sovet xalqının müttəfiqi olan Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Polşa, Yuqoslaviya, Çexoslovakiya, Belçika, Hollandiya Yunanıstan, Albaniya və Norveç xalqlarına salam!"
   
   Stalin Konstitusiyasını vəsf etməksə hər fürsətdə, hər kəsə tövsiyə olunurdu:
   
   - "Yaşasın sosialist cəmiyyətinin Konstitusiyası olan SSRİ Konstitusiyası! Yaşasın Sovet demokratiyası!"
   
   Siyahıda mahiyyət və əhəmiyyətinə görə çox mühüm olan son iki şüar bunlar idi:
   
   - "Yaşasın Sovet xalqının rəhbəri böyük Stalin!"
   
   - "Lenin bayrağı altında ,Stalinin başçılığı ilə sosialist quruculuğunun yeni müvəffəqiyyətlərinə doğru irəli!"
   
    Rəsmi materialları təcili surətdə mətbəədə yığıb növbəti nömrəyə yetişdirmək tapşırılmışdı. Son dəyişikliklə əlaqədar bütün səhifələr yenidən işlənəcəkdi. Belə hallar teztez baş verdiyindən materialların əvəzlənməsinə əməkdaşlar alışmışdı. Təzələnmiş maketi müzakirə üçün Əli müəllimin otağına yığışdılar. İrilixırdalı bütün materialları bir də gözdən keçirdilər.
   
    Zəhmət adamlarının yeni uğurlarından, nailiyyətlərindən hər dəfə söz açılırdı. Oktyabr ayının axırıncı istirahət günündə əmək cəbhəsindən "Kommunist"in oxucularına çatdırılacaq müjdə belə idi: Bakının Leninneft trestinin fəhlələri ilin əvvəlindən dayanan 235 quyunu işə salıb. Nəticədə ay ərzində 40.000 ton əlavə neft hasil edilib.
   
    Dövlət və ictimai nəzarətin ən güclü vaxtlarında belə dələduzluq, oğurluq baş verirdi. Hamısı olmasa da, cinayət törədənlərin bir qismi qanun qarşısında cavab verirdi. Bazar günü oxucular xəbər tutacaqdı ki, anbardan 534 kiloqram soda oğurlayıb satan üç nəfər məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib. Mühakimə olunanların hamısı başqa millətin nümayəndələri idi. Novikovla Rusinoviçə 4 il, Kiryakova 5 il müddətinə cəza kəsildi. Rəhbər orqanlarda kadr dəyişikliyi barədə son anda rəsmi məlumat gəldi. Azərbaycan SSR xalq balıq sənayesi komissarı S. Avakumovun başqa işə keçirilməsi ilə əlaqədar, həmin vəzifəyə Böyükağa İsmayılov yoldaş təyin edilmişdi. Bu xəbəri də olduğu kimi səhifəyə qoydular.
   
   Maraqlıdır ki, müharibənin ən qızğın çağında belə teatrlar, kino-konsert salonları, mədəni-maarif müəssisələri, muzeylər, hətta kinostudiyalar öz fəaliyyətini dondurmadı. Oktyabrın 28-də "Kommunist" qəzeti zəhmətkeşləri operada "Riqoletto"ya, dram teatrında "İntizar"a, Gənc tamaşaçılarda "Məlik Məmməd"ə baxmağa dəvət edirdi. Rus dram teatrı isə Con Pristlinin əsərinin premyerasına hazırlaşırdı. İki gün sonra göstəriləcək "Unutmayacaqsınız" tamaşasının quruluşçu rejissoru K.M.Myakişev idi.
   
   Elanlar qismində Azərbaycan radiosunun gündəlik proqramı da qəzetdə yer almışdı. Səhər saat 7-dən yayımlanmağa başlayan radionun efirində bazar günü Bülbülün iştirakı ilə simfonik orkestrin konserti, Şövkət Ələkbərovanın, Nərminə Məmmədovanın müsamirəsi (gecəsi-E.B.) olacaqdı. "Məzhəkə saatı " adlı ədəbi verilişdə Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" və Cəlil Məmmədquluzadənin "Quzu" hekayələri səslənəcəkdi.
   
   Beləliklə, redaktorun otağında dəyişikliklər diqqətlə nəzərdən keçirildi. Müzakirə yekunlaşanda Nəsir müəllim bir təklif verdi:
   
   - Bütün səhifələr rəsmi materiallarla doludur. Nəzərə alaq ki, sabah bazar günüdür. Bəlkə materialları sıxışdırıb, heç olmasa bir şeir, ya da hekayə verək?
   
   Bütün baxışlar Əli Vəliyevə zillənmişdi:
   
   - Rza, bir şey təklif edə bilərsən? Əlinin altında hazır nəyin var?
   
   Rza Şahvələd bir himə bənd imiş. Sanki cavabı əvvəlcədən hazırlayıb, dilinin ucunda tutub, məqamının gözləyirdi:
   
   - Adilin yeni şeirini məsləhət görərdim. Həcmi böyük deyil, məzmunu da nömrədəki materiallara uyğun gəlir.
   
   - Oktyabr bayramına həsr olunub?
   
   - Xeyr, vətənə məhəbbət mövzusundadır.
   
   - Yanında varsa, ver görüm Adil nə deyir.
   
    Şöbə müdiri əlindəki qovluqdan əlyazmasını çıxarıb Əli müəllimə uzatdı. Araya tam sakitlik çökdü. O, tələsmədən ürəyində oxuyurdu. Bəzən elə bil gözündə nə isə canlananda nəzərini vərəqlərdən çəkib, azacıq fikrə dalır, sonra yenə aramla oxumağa davam edirdi...
   
    - Mən bəyəndim, əladır. Amma Adilə heç nə deməyin. Sabah qəzetdə görər. Məncə, gözlənilməz olsa, daha çox sevinər. Qonorarını da yüksək yazarsız, ona halaldır.
   
    Beləliklə, qəzetin 4-cü səhifəsində B. Adil imzası ilə on üç bənddən ibarət "Qocanın söhbəti" adlı şeir bazar nömrəsinə rəng qatan yeganə bədii material oldu.
   
   
   
   ***
   
    İstirahət günü günorta şəhərə gəzməyə çıxanda evlərinə ən yaxın köşkdən təzə qəzetlərdən bir neçəsini aldı. Satıcı onu daimi müştəri kimi üzdən tanısa da, nə adını bilirdi, nə iş yerini. Qəzetləri əlində gül dəstəsi tək topalayıb üzüaşağı Sabir bağına tərəf yollandı. Heykəlin ətrafındakı oturacaqlar bomboş idi. Havanın hərarəti, indiki vaxt-vədə kimsəni tək-tənha taxta skamyada oturmağa, arabir şütüyən maşınlara, yoldan ötən adamlara, buludlu səmaya baxmaqdan zövq almağa sövq edə bilməzdi. Heç özü də burada ləngiməzdi. Sadəcə qəzetlərə gözucu da olsa, nəzər salmaq istəyirdi. İşlədiyi qəzetin materiallardan qabaqcadan xəbərdar olduğuna görə əvvəl "Pravda"nı, "Ədəbiyyat"ı vərəqlədi. Sıra "Kommunist"ə çatanda dördüncü səhifədə "B.Adil" imzası gözünə sataşdı. Bu necə oldu? Göydən paraşutlamı düşdü səhifəyə? - deyə təəccübünü öz tənhalığı ilə bölüşdü. Ağlına gəldi ki, bu iş Rzanın əməlidir. Axı o gün külək kağızıları yerə səpələyəndə şeiri özüylə götürdü. Söz verdi ki, ilk fürsətdə Əli müəllimə təqdim etsin. Dünən bütün günü bərabər olduqlarını xatırladı. Amma bu barədə bir kəlmə söz ağzından qaçırmadığına heyrətləndi. Sonra bir sağına, bir soluna baxdı. Kimsəni görməyincə, başını göylərə qaldırıb səmanı doyunca seyr etdi. Elə bil qara buludlar göyün ənginliyində əridi, hava getdikcə açıldı, işıqlandı, isindi. Adamın içi rahatlayanda, qəlbi sevinclə dolanda, fərəhdən coşanda, gözündə təbiətin də hüsnü dəyişərmiş ... Bunu düşünə-düşünə xəyallarının qanadlarında az qala pərvazlanacaqdı Adil. Ayağının altından yer qaçmayan insanlara göylərə ucalmaq necə də yaraşır, Allah!
   
   
   
   ***
   
   - Ay səni, Rza. Bu boyda xəbəri dostundan necə gizlədə bildin? Nə böyük hövsələn, səbrin varmış. Yaxşı, sabah ətraflı danışıb öz aranızda hər şeyi aydınlaşdırarsız. Ya da yox, bu iş sabaha niyə qalsın ki? Sabah işiniz-gücünüz çox olacaq. Siz elə indi, bu saat, bu dəqiqə görüşməlisiniz. Axı Rzanın evi beş addımlıqda, İçəri şəhərin girəcəyindədir. Şəhərin ən böyük ərzaq dükanlarından biri bağla üzbəüz yerləşir. Yolu adlayıb içəridən bir şüşə konyak, bir qutu şirniyyat al. Keçmiş İsmailiyyə binasının yan tərəfindən pilləkənlərlə qalxıb İçəri şəhərin tağlı darvazasını adla. Birbaş Rza gilə gedib həm ürəyini boşalt, təşəkkürünü bildir, həm də sevincini yaxın dostunla paylaş.
   
   
   
   ***
   
   Bazar ertəsi Adil redaksiyaya hamıdan erkən gəldi. İçəridə iş ortamı qızışmamış Əli müəllimlə görüşüb təşəkkürünü bildirmək istəyirdi. Amma alınmadı. Mərkəzi Komitədə Oktyabr bayramına hazırlıqla əlaqədar geniş iclas keçirilirdi. Səhər evdən çıxanda redaktor birbaşa ora getmişdi.
   
   "Kommunist"in Quba Xaçmaz üzrə zona müxbiri Mövlud Qonaqov həm də poeziya həvəskarı idi. Qısa müddətdə Adillə aralarında səmimi münasibət yaranmışdı. Günün ən xoş xəbərini də Adilə o gətirdi:
   
   - Dünən axşamçağı getmişdim xəstəxanaya, Səməd Vurğunu ziyarət etməyə. Şükür, vəziyyəti yaxşılaşıb, həkimlər görüşə icazə verib. Bir-iki günə çıxar, inşaallah. Ustad da əlində "Kommunist" qəzeti tutmuşdu. Məndən soruşdu ki, bu şeiri oxumusan? "Qocanın söhbəti"ni deyirdi. Baxdım ki, bəzi misraların altından qələmlə xətt çəkib.
   
   - Bəli, dedim, şeri də oxumuşam, müəllifini də tanıyıram. Maraqlandı ki, kimdir, nəçidir, harada işləyir? Barəndə hər nə bilirdimsə, hamısını söylədim:
   
   - Əvvəllər "Sovet Gürcüstanı"nda işləyib. Qəzet bağlananda Bakıya köçüb. İndi "Kommunist"in əməkdaşıdır. Ara-sıra şeirlər yazır.
   
   Bu yerdə Səməd Vurğun sözümü yarımçıq kəsdi:
   
   - Ara-sıra əlinə qələm alan insan belə kamil bədii lövhə yaratmaz. Yəqin ki, o, mütəmadi yazır, amma ara-sıra çap oluna bilir. Bu cür desən, daha düz olar. Onun şeiri məni yaman sarsıtdı.
   
   Bayaqdan qubalı dostunu heyrətlə dinləyən Adil qulaqlarına inana bilmirdi:
   
   - Lap belə də dedi? Yoxsa...
   
   - Yoxsa nə? Ustadın sözlərini redaktə etməyəcəm ki. Necə var, eləcə dedim. Mən hələ hamısını danışmadım. Gözün aydın, Səməd müəllimin səninlə şəxsən görüşmək niyyəti var. Hazırlaş, qardaş, imtahan qabaqdadır.
   
   (ardı var)

TƏQVİM / ARXİV