adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏR ŞEY VAR, AMMA NƏSƏ çATMIR...

VAHİD ƏLİFOĞLU
16258 | 2010-04-10 00:15
...Şoru tərifləmək, dolayısı ilə pendiri təhqir etməkdi...
   
   ...Ceyran öz incəliyi ilə öyündüyü kimi eşşək də öz eşşəkliyi ilə fəxr etməyə haqlıdı...
   
   
   
   Müəllifsiz.
   
   
   
   ... Mart yazın ilk ayıdır. Güllərin, çiçəklərin ilk tumurcuqlarının dünyaya gəlişidir. Bir sözlə, gözəlliklərin oyanışıdır. Çox keçməz ki, gül-bülbülü, bülbül-bülbülü səsləyər, sular coşub çağlayar, laləli dərələr qıpqırmızı yaylığa dönər... Gülün vəfasızlığından bülbülün göz yaşları yandırıb yaxar bağları... Necədi?
   
   ... Amma mənə bir şey çatmadı ki, əgər gül bülbülün sevgilisidirsə niyə gül gülü, bülbül bülbülü çağırar, deyirlər?.. Mən bu yaşa çatmışam sevgisi yolunda xəzan yellərinə qismət olan gülü, ağlamadan kor olmuş bülbülü görməmişəm.
   
   ... Sovet - bahar şairləri yazardılar belə şeirləri... Baharın gəlişindən iki boy da ucalan, köksü dəniz dalğalarına dönən sovet adamları da bu şeirləri oxuyub dönərdilər Məcnuna, Leyliyə, Kərəmə, Əsliyə... Həmişə məni bir məsələ düşündürüb və xeyli də rahatsız edib. Bu fəslin niyə iki adı var? Yaz, yoxsa Bahar?
   
   ... Bizim kənddə bir Dadaş var idi, ona hamı Dodu deyirdi. Soruşanda ki, niyə sənin adın ikidi, deyirdi ki, Dadaş xeyir-şər adımdı, Dodu ortalıq adım...
   
   ... "Bahar çox yaraşır bizim ölkəyə"... Guya bu ölkə deyilən yerə nə qış, nə payız, nə də yay qətiyyən yaraşmır... Bahar ən çox başqa millətlər yaşayan ərazilərdə uzun ömürlü idi. Ruslar yaşayan yerlərdə ilin doqquz ayı qış olurdu... deməli, şair rusların yaşadığı əraziləri öz ölkəsi hesab etmirmiş... Bütün bu təxribat xarakterli düşüncələrimlə demək istəiyrəm ki, baharı, yaxud da yazı sevmirəm... Bəndənizi də yaradan aprel ayında yaradıb. Yaz təkcə Leninin və Leninə dastan bağlamış "böyük klassiklərimizin" deyil ki...
   
   ... Görülən işdən gül iyi gələr, deyiblər. Bu deyim guya yüz illərin sınağından çıxıb və işi-gücü "atalar sözü" istehsal etməklə məşğul olan atalarımız da möhürləyib, təsdiqləyiblər... Axı hər görülən işdən gül iyi gəlmir. O qədər zir-zibil iyi verən işlər olub ki... İş var ki, görənin sümükləri çürüyəndən sonra da üfunəti baş çatladır...
   
   
   
   ...Yabançı çıraqlar, yabançı şamlar,
   
   Yuxusuz qoydular gecələri də.
   
   Küçə söyüşləri söyən adamlar,
   
   Abırdan saldılar küçələri də...
   
   
   
   ...Yüz yol murdarlanmış yaş divarların,
   
   Dibində çürüyən nəm döşək üstə,
   
   Tökülər bir gülün son ləçəkləri.
   
   ...Xəyanət gizlədən daş divarların,
   
   İkiqat pərdəli pəncərəsində,
   
   Zibil yeşiyidi - gül dibçəkləri...
   
   ...Çiçəklər dibçəklərdə,
   
   Qadınlar dörd divar arasında
   
   xəzəlləyir...
   
   Xəzəllənmiş yarpaqların örtdüyü
   
   meyvələr dimdiklənmiş olar...
   
   
   
   ...Var ev söyüşləri, var küçə söyüşləri. Ev söyüşün küçədə, küçə söyüşün evdə işlətmək olmaz. Bu bir mentalitetdir... Düzdü, bizim malik olduğumuz milli söyüşlərin tərkibi və məzmunu o qədər bir-birinə sıx bağlıdır ki, onları küçə və ev şəraitinə uyğun sistemləşdirmək mümkün deyil. Amma küçədə söyülən söyüşlər evə nisbətən daha ictimai, daha kütləvi xarakterə malikdir... Daha dəqiqi küçədə söyülən söyüşlər yüz faiz effektlidir... Söyüşlər də əslində folklordan gəlir...
   
   ... Kişilər kişi kimi kişilənirdilər, arvadlar arvad kimi arvadlanırdılar... Doğan da var idi, doğulan da. uşaqlar papalarına ata, mamalarına ana deyirdilər... Kişilərin kişilənməyi artdıqca arvadların da arvadlanmağı artırdı... Hökm , məsləhət bilənindi... bir saçını qara, bir saçını ağ hörüb gözəlləri qocaltdıq. Evlərin küncündə un kisələrinə tay etdik. Üzü göyçək, sözü göyçək, baxtı, taleyi kifir gözəllər... İki düymə tikə bilməyənlər ev oldular, oğul-uşaq sahibi oldular... Heyf, arvad oldular...
   
   ...Çağrılan yenə genişlik var, çağrılmayan yerdə darlıq. Harda ki, taleyimiz həll olunub bizi ora nə çağıran olub, nə də dəvət edən. Özgə toyunda hamıdan çox oynamışıq, yad yasında ölü yiyəsindən çox ağlamışıq...
   
   ...Getdiyin yer səni çəkmirsə, görməyə tələsdiyini adamların həsrəti qollarını çiyin bərabərində qaldırmırsa... Yaman pafoslu oldu deyəsən...
   
   ... Elgün deyir ki, əmimin, əmim uşaqlarının sifəti yadımdan çıxıb... Soyuqluqdu, yoxsa laqeydlik?
   
   Bilmirəm... Bayramdan-bayrama, kövrələndən-kövrələnə telefon nömrələrində yaşayan doğmalarım...
   
   
   
   ...İllər unutdurur, düşmürsə yada,
   
   Dinər xatirələr çənli, dumanlı.
   
   Uzaq qohumlarım var, bu dünyada,
   
   Qışda çiçəkləyən ağac gümanlı...
   
   
   
   ... Hər şey ənənədən, hər şey adətdən gəlir. Az da olsa, çox da olsa özündən əvvəlkinə oxşamağa, arxada qalana bənzəməyə çalışıram. Biz qabaqda gedəni zəncirli, arxada qalanı ağıllı hesab etmişik... Soğanın nağdılığı, balın nisyəsindən irəlidi... Represiyalardan salamat çıxanlar elə o illərdə də dəfn olunası, elə o illərdə rədd ediləsi ənənələri çəkib gətirdilər əlli ilin, altmış ilin sonuna... Özlərinə oxşatdılar özlərindən törəyənləri... Yaxşı oğul olduq, dayılarımıza oxşaya-oxşaya... Represiya əslində meyvəli ağacların doğranması idi... Söyüd şeytan ağaclarına toxunmadılar... Son otuz ilin ədəbiyyatı əslində pis bir məktəbin əzbərçi şagirdləri idi... Ənənələr yerində addımlamaqdan başqa bir şey deyil... Yasxana mərsiyələri, yazıqlıq, mütilik təbliğ edən oxşamalar, bayatılar, laylalar... Qürurun və mənliyin tapdalandığı mədhiyyələr, mədhiyyələr...
   
   ...Xoruz yerdən götürdüyü çöpü dən görkəmində göstərir toyuqlara... Dimdiyində orden-medal tutmuş qırımızı xoruz... Dənə və orden-medala yüyürən ədəbi və bədii toyuqlar... Xoruzların və toyuqların rəngi başqa olsa da, yumurtalar eynidi... Eyni yumurtaların eyni cücələri...
   
   ... Bu dolaşıq və bir-birinə qarışmış düşüncələr yaza, yaxud da bahara yaraşmır, bəlkə də... Bəyəm hər şey yaraşıq və yaraşdırmaq üçün nəzərdə tutulub?...
   
   ... Amma bütün dediklərimizin və demək istədiklərimizin başlanğıcı və axırı bir həqiqətə, bir tumara, sığala yatımı olmayan bir həqiqətə bağlanır...
   
   ...Uzun illər rayonun ticarət aləminə başçılıq etmiş şəxs rayon mərkəzində hər cür şəraiti olan malikanə tikdirəndən sonra qayıtmışdı doğulduğu kəndə. Kənddə orta əsr şah saraylarına oxşayan bir bina ucaltmışdı. Binada və binanın ətrafında ağıla gələn, gəlməyən hər şey var idi. Bir gün həmin şəxs ortalıqda, söhbət əsnasında Əvəz əmidən soruşdu:
   
   - Əvəz əmi, mənim ev-eşiyimdən xəbərin var, də? Tay nə qalmayıb bu evə yapışdırmayam. Yenə də baxıram ki, nəsə çatmır, nəsə yoxdur... Əvəz əmi bir az fikirləşib dedi:
   
   - Düz deyirsən, bala. Tikdirdiyin evdə hər şey var. bircə şey yoxdu. O da o evin halallığıdır...
   
   ... Halallıqsız tikəni udmaq olar, amma halal kişilər demişkən sinirmək olmaz...
   
   
   
   P.S. Biz hələ də sovetlərə nifrət edib onun tör-töküntülərini balalarımıza yedirtməkdə, namaz qıla-qıla İslamın düşmənlərinə səcdə etməkdə...

TƏQVİM / ARXİV