adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2015 16:28
9534
ƏDƏBİYYAT
A- A+

Yazıçı Anarın yeni kitabının Kiyevdə radiotəqdimatı olub

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna radiosunun «Культура» III kanalının birbaşa efirində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı, rejissor və ssenarist Anarın "Ağ qoç, qara qoç” kitabının Ukrayna dilində radiotəqdimatında iştirak edib.

Diplomat Azərbaycanın görkəmli söz ustasının anadan olmasının 77 illiyinə həsr edilmiş 40 dəqiqəlik radioverilişdə Anarın yaradıcılığından, onun milli ədəbiyyata sanballı töhfəsindən, ukraynalı həmkarları ilə yaradıcılıq əlaqələrindən söz açıb, onlayn-rejimdə dinləyicilərin suallarına cavab verib.

Səfir Anarı təkcə gözəl yazıçı kimi deyil, həm də fəal ictimai-siyasi xadim kimi xarakterizə edib. Diplomat vurğulayıb ki, Anar Azərbaycan parlamentinin deputatı olanda parlamentin yüksək tribunasından Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin siyasətini kəskin tənqid edərək, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirib. Ölkənin o vaxtkı rəhbərliyinin səhlənkarlığı və cinayətkar fəaliyyətsizliyi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yol açıb, azərbaycanlılar zorla əzəli torpaqlarından didərgin salınıblar. Səfir daha sonra vurğulayıb ki, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər bu günə qədər davam edən Dağlıq Qarabağ münaqişəsini alovlandırıblar.

Diplomat radiotəqdimatın aparıcısı, Ukraynanın tanınmış ədəbiyyatşünası, nasiri və ictimai xadimi, yeri gəlmişkən, kitabın işıq üzü gördüyü "Yaroslav Val” nəşriyyatının direktoru Mixail Slaboşpitski ilə söhbətində eyni dərəcədə həm Azərbaycana, həm də dünyaya, o cümlədən Ukraynaya məxsus olan Anar barədə maraqlı faktlar danışıb.

O deyib: "Anar Azərbaycanına məxsus olmaqla bərabər, həm də dünyaya məxsusdur. O, elə bir şəxsiyyətdir ki, onun sözləri heç bir sərhəd tanımır”. Azərbaycan ədəbiyyatının canlı klassiki barədə bundan daha gözəl nə demək olar?

Xatırladaq ki, Azərbaycan səfirliyinin dəstəyi ilə bu yaxınlarda Kiyevdə Anarın "Ağ qoç, qara qoç” kitabı çapdan çıxıb. Kitaba yazıçının "Ağ qoç, qara qoç " əsəri ilə bərabər, hekayələri, esse və müxtəlif illərdə yazdığı povestləri daxildir.

(Azərtac)