adalet.az header logo
  • Bakı 20°C

QiYAMƏT

VƏSİLƏ USUBOVA
29818 | 2010-04-10 00:15
Ömrümün bu çağında da nağıllara inanıram. Lap ən bəsitinə də, ən ağlasığmazına da maraqla qulaq asır, zövq alıram. Baxmayaraq ki, nağılları çox zaman yalanlarla yanaşı tuturlar, inanılması çətin olan söhbətləri eşidəndə "hamısı nağıldı" deyib etinasızlıqla əl yellədirlər. Mənsə, nağıllara ona görə inanıram ki, onlarda deyilənlərin, arzulananların hamısı həyata keçib. Uçan xalçalar haqqında xəyallar da, sehrli güzgü haqqında istəklər də gerçəkləşib. (Bircə şafaverici almalar haqqında deyilənlər nağıl olaraq qaldı. Dünyamızı bir günə qoyduq ki, indi almaların özünə şəfa verən lazımdı)g
   
    Nağıllar dünyamızın ilkinliyidi. Yer üzünün hələ təmiz, saf çağlarının yadigarı, bakirəliyini itirməmiş insan zəkasının məhsuludu. İnamın sarsılmadığı, ümidlərin qanadlarının qırılmadığı çağların bizə qədər gəlib çatan dadlı meyvəsidi. Bu nağıllarda nə hikmət varsa, uşaq da onu danışanda dönüb yaşlı olur, ağıllanır, sifəti müdriklərə məxsus ifadə alır. Böyüklərsə əksinə, nağıl dinləyəndə uşaqlaşır, saflaşırlar sanki. Bir zaman eşidib inandıqlarını, xəyalıynan yatıb yuxularında gördüklərini indi balacaların dilindən eşitmək çox sehrli, cazibəli bir şeydi məncəg
   
   Uşaqların coşub ipə-sapa yatmayan vaxtlarında, onları heç nəynən sakitləşdirmək mümkün olmayanda deyirəm: bilirsiniz, nə var, yaxşısı budu, siz mənə nağıl danışın. O dəqiqə sakitləşirlər. Bir görəsiniz, sifətləri necə ciddiləşir, qayğılanır. Diqqətlə qulaq asdığını görəndə bütün bildiklərini danışmaq istəyirlər. Onlara qulaq asanı özlərindən biliksiz saymaları necə də zövqverici, başqatan, çəkdiklərini unutdurandı, İlahi! Ancaq onların bildikləri bizim eşitdiyimiz, oxuduğumuz nağıllardan deyil. Nağıllara disklərdə baxırlar və bu nağıllarda Ağ atlı oğlan, Göyçək Fatma, Cırtdan, Məlikməmməd yoxdu. Bizim vaxtımızda bu nağılların böyrünə Zoluşkanı, Qırmızı papağı, Qozbel atı da qoşmuşdular. Andersenin, Ekzüperinin qəhrəmanlarını da tanıyıb sevirdik. İndikilərsə Şreki, Hörümçək adamı, Vatmanı üstün tuturlar. Deyəsən, daha analar körpələrinə layla çalmadığı kimi, nənələr də nəvələrinə nağıl danışmırlarg
   
   Siyasətçilər nə hoqqalardan çıxırlar-çıxsınlar, dünyanın bütün nağılları bir-birinə oxşayır. Hamısında sevgi var, xeyirxahlıq var, qaranlıq, əzablı yollarla da olsa işığa çıxmaq ümidi varg
   
   
   
   ***
   
   Üçüncü sinifdə oxuyan bacım oğlu dinozavrlar haqqında baxdığı diski nağıl kimi danışır. Bu nağılda dinozavrlar bir-birlərinə deyirlər: yer üzünə qəribə bir məxluq gəlib, deyir ki, bu torpağın hamısını şumlayacam. Biri də var, uzun saçlı, gözəl üzlüdü, yaxşı səsi var. Amma dəlidig
   
   Balaca nağılçı məni biliksiz saysa da, onu dinləyə-dinləyə sanki ibtidailəşmiş şüurumla dərk edirəm ki, söhbət ulu babamızdan və nənəmizdən gedir. Amma dinozavrlar niyə rişxəndlə danışsınlar ki? O Kişi yer üzünə ali məramnan gəlmişdi, daha doğrusu, göndərilmişdi. O da ilk gəlişindən qolunu çırmalayıb işə başlamışdı. Torpağı şumlayıb əkəcəkdi, gül-çiçək bitirəcək, bağ-bostan salacaqdı. Vəhşi heyvanları, quşları əhliləşdirib adamların xeyrinə sərf edəcəkdi. Dünyaya çoxlu oğul-qız bəxş edəcəkdi. Elədi də. Deyirlər, doqquz yüz il yaşasa da, özünə elə bir balaca daxma qaraltmışdı ki, yatanda ayaqları bayırda qalırdı. Yaxşı da eləyib. Ağıllı adammışg İlk insanın ev-eşik nəyinə gərəkdi ki,.. Elə bütün yer üzü onun öz evi deyildimi? Bəşər nəslini yaradacaq adama o balaca daxma da artıqdı hələg
   
    Həvva nənəmiz də böyründə. Uzun saçlı, gözəl üzlü. Dilində də gözəl nəğmələr. Görəsən, o nəğmələrdə nələr tərənnüm olunurdu? Yəqin ki, sevgi, Günəş, bir də torpaqg Dünyanın ilk qadını, ilk kişinin sevgilisi özgə nələrdən oxumalıydı ki? Dəliliyinə də təəccüblənməyin. Uzunsaçlının ağlı həmişə topuğunda olub. Bir də ki, adama həmişə ağıl gərək olmur hagGözəlliklə heç uyuşmur ağıl. Yanaşı düşdülərmi, biri digərini mütləq məhv edəcək. Gözəl olanın ağıl nəyinə lazımdı? Onsuz da kişilər ağıllı qadınları sevmirlərg
   
    Hər nə isəg Onlar dünyaya qoşa göndərilmişdilər. Başqa cür ola da bilməzdi. Qovulduqları cənnəti tək yarada bilməzdilər yer üzündə. Ancaq övladları onları peşiman elədilər. Qardaş o biri qardaşı öldürdü. Və bünövrəsindən qurulmağa deyil, dağılmağa doğru getməyə üz qoydu bu dünya. Bir yandan qurdular, bir yandan dağıtdılar. Tikdilər-sökdülər, sökdülər-tikdilər. Tikə-tikə, dağıda-dağıda bu dünyanın bir gün həmişəlik dağılacağından danışmağa başladılar. Yolundan azanları Qiyamət gününün xofuynan qorxutdular. Yenə də hər kəs bildiyini elədi. Qorxuzan da, qorxudulan da bildiyini dədəsinə vermədig
   
   ***
   
    Qiyamətin yaxınlaşması barədə söhbətlər ötən əsrin axırlarından, təzə əsrin başlanğıcından bir az da artıb. Keçən əsrin sonunda yer üzünün müxtəlif guşələrində, o cümlədən, ölkəmizdə zəlzələlərin fəallaşdığı diqqəti çəkirdi. Üstəlik, astronomlar 2000-ci ilin mayında planetlərin paradı olacağını xəbər vermişdilər. Yadımdadır, o zamankı qəzetlərdən biri bu xəbəri birinci səhifədə iri qırmızı hərflərlə yazmışdı: "2000-ci ilin mayında dünya dağılacaqmı?" Adamları vahimə bürümüşdü. Şayiələr baş alıb gedirdi. Nə qədər təlaşlansan da arabir soyuq başla düşünməli olursan: doğrudanmı, hər şey bu qədər bəsitdi? Doğrudanmı, kainat bu qədər qeyri-sabit, dəyişkəndi? Yaşı milyon illərlə ölçülən dünyamız bir andaca məhv ola bilərmi? Bu dünyanı yaradan bu qədərmi səriştəsizdi? Yox, min dəfə yox! Dünyamızın çox nəhəng düzəni var. Amma deyəsən, yer kürəsi neçə əsrdən bir öz "dizayn"ını dəyişməyi sevir. Vulkanlar püskürüb dağlar, dərələr yaranır, çaylar məcrasını dəyişir, yeni təbii su hövzələri Üzə çıxır. Elə bizim dağlar gözəli Göy-gölümüz belə "dizayn"ın məhsulu deyilmi?
   
    Əvvəllər bu söhbətlərə din xadimləri rəvac verərdilərsə, indi incəsənət adamları da canfəşanlıqla bu işə qoşulublar. Xüsusən kino işçiləri daha ayrı-ayrı fantastik filmlərlə kifayətlənməyib, bu dəfə lap dünyanın sonunu təsvir edən bir ekran əsəri yaradıblar. Qəribədir, ən qədim zamanlardan üzü bəri mədəniyyətin bütün sahələrində gələcəyə inam, xoşbəxt ömürlərə, firavan həyata, bol ruzi-bərəkətə, sülhə, qardaşlığa, haqqa, ədalətə, xeyirxahlığa, humanizmə çağırışlar əsas yer tutub. Şair də, bəstəkar da, rəssam da insanları ancaq yaxşı işlərin arxasınca getməyə səsləyiblər. Bəs, indi nə olub? Yer üzündə müharibələr də olub, təbii fəlakətlər də. Ancaq insanlar heç zaman bu qədər ümidsizləşməyiblər. Hər şeyin sonunda bir işıq, açıq qapı, xilas yolu görməyi bacarıblar. Bu gün isə daha belə şeylər gözə görünmür. Daha çox pul qazanmaq naminə hər şeyə əl atılır- hətta dünyamızın sonuna da. Deyirlər, insanların böyük əksəriyyəti eyni şey barədə düşünürsə, o şey mütləq baş verir. Deməli, beyinlərin enerjisi olacaqlara təsir edib onu daha da tezləşdirə bilər? Biz ki, bu qədər qara fikirlərlə yaşayırıq, Günəşimizi də bir gün qaraldarıq yəqin. Uca göylərə ünvanlanan düşüncələrimiz işıqlı, xoş niyyətli, halal ruzi-bərəkət diləkli olsa, daha xoş nəticələr hasil olmazmı?
   
   
   
   ***
   
   Etiraf edirəm, dünyanın sonunu düşünmək çox kədərli, həm də təəssüfləndirici bir hissdi. Bunu heç nəynən müqayisə eləmək mümkün deyil. Lap uşaqlıqdan bir neçə dəfə Günəşin tutulmasını müşahidə eləmişəm. Əirafda nə varsa, bozarıb qaralmağa başlayır. Elə soyuq meh əsir ki, adamın damarlarında qanı donur, yay olsa belə, sanki səni şaxta vurur. Deməli, bu çox çəksə, həyat sönər, bütün canlılar məhv olar. Milyon illərdən bəri bəşər nəslinin qurub-yaratdığı hər şey yox olar. Misir ehramları da, Tac-Mahal da, İçəri Şəhər dəg Homerdən üzü bəri, Nizamidən, Şekspirdən bu yana insan zəkasının bütün inciləri kainatın boşluğuna gömülər. "2012" filmi tamaşaçıda məhz bu ürəkdonduran düşüncələri oyadır. Nuhun gəmisi haqqında rəvayətlərə dönə-dönə qulaq asmayanımız yoxdu. Bu rəvayət insanda həyata, yaşamağa, qurtuluşa inamı artırıb həmişə. Yer üzünü su basanda Nuh peyğəmbər bütün canlıları öz gəmisinə yığıb xilas etmişdi. Biz o əfsanəvi gəmidə xilas olanların nəsli olduğumza inanmışıq. Bu filmdəki gəmi isə ümidin son sığınacağıdı. Həm də bü sığınacaq hamı üçün deyil. Bax, burası tamamilə səmimidi. Biz dünyanın axırına-Qiyamət gününə bu sifətdə, bu əxlaqda gəlib çıxmışıq. Özümüzü tanımaqçın, tanıyıb utanmaqçın, nəticə çıxarmaqçın əla mənzərələr var bu filmdə. Baxdıqca dəhşətə gəlirsən. Çox az adamın sifətində mərhəmət, şəfqət görünür. Düşünürsən ki, bəlkə bizdən də əvvəl neçə dəfə beləcə dağılıb, sonra yenidən yaranıb du dünya. Biz neçənci sivilizasiyada yaşayırıq, görəsən? Yəqin hər dəfə dünya dağılanda ən pislər- pullular, xudpəsəndlər, eqoistlər xilas olub ki, yeni yaranan dünyanın da ilk sakinləri onların nəsli olub. Və get-gedə insanlar da belə azğınlaşıb, qəddarlaşıblarg
   
   
   
    ***
   
    Yox, belə olmaz! Belə ola bilməz! Bu dünyanı yaradan Ulu Qüvvə belə etinasız ola bilməz! Odur, bax, Günəş qızılı tellərini qara kölgənin caynağından xilas edib sənə gülümsəyir, insan oğlu! Sən yaşayacaqsan! Sən əbədisən! Amma bu olanlardan bir ibrət götür! Bu, Uca Yaradanın bir sınağı, sənə xəbərdarlığıdı bəlkəg

TƏQVİM / ARXİV