adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2015 14:28
4506
MƏMLƏKƏT
A- A+

Qiymətlər bahalaşır - Ekspert

"Daşınmaz əmlak bazarında tədricən bahalaşma müşahidə edilir. Bahalaşma əsasən mənzil bazarında qeydə alınır”.

Bunu Modern.az saytına açıqlamasında "MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov bildirib.

Ekspert qeyd edib ki, yanvar və fevral ayları ilə müqayisədə devalvasiyadan sonra məhz mənzil bazarında aktivlik müşahidə edildiyindən, bahalaşma da bu seqmentdə daha nəzərə çarpır: "Devalvasiyadan sonra təkcə fevral ayında mənzil bazarında bahalaşma 2,1 faiz qeydə alınıb ki, bu da son 5 aydakı azalmadan sonrakı ilk artımdır”.

Mütəxəssisin sözlərinə görə, torpaq bazarında qiymət artımı daha çoxdur: "Torpaq bazarında bahalaşma 5,2 faiz olub. Bu da onun nəticəsidir ki, əllərində kiçik həcmdə pul məbləği olan aşağı ödəmə qabiliyyətinə malik əhali qrupu pullarını ehtimal etdikləri risklərdən qorumaq üçün məhz bu bazara yatırım etməyə üstünlük verirlər”.

Kirayə bazarında qiymətlərin bahalaşmasına gəlincə, Nüsrət İbrahimov bildirib ki, bu cəfəngiyyatdır: "Kirayə bazarında kirayəçilərin ödəmə imkanları məhdudlaşdığından qiymət artımından hələlik söhbət gedə bilməz. Bu bazarda son ayda qiymətlər 4,58 faiz azalıb. Avqust ayının sonuna qədər bu seqmentdə bahalaşma ehtimalı "0”a yaxındır”.

Ekspertin daşınmaz əmlak bazarı üçün proqnozu belə olub: "Bu ilin sonunda və 2016-cı il ərzində daşınmaz əmlak bazarında qiymətlərin azalacağı ehtimalı böyükdür. Belə ki, hələlik bazarda aktivliyi saxlayan əhalinin əlində olan ehtiyat pul vəsaitidir ki, bu da yaxın zamanda tükənəcəkdir. Mövcud qiymətlər isə potensial alıcıların ödəmə qabiliyyətində və kredit imkanlarından çox yüksəkdir”.