adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Mart 2015 12:40
4176
MƏMLƏKƏT
A- A+

Gənclər “Vətəni Sevək!” deyir

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi fevralın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətəni Sevək”  adlı layihəyə start verib.

Cari ilin martın 5-dən Sabirabad rayonundakı M. Ə. Sabir adına 1 saylı orta məktəbdə layihə çərçivəsində ilk təlim keçirilib. Ümumiyyətlə isə, bu günədək 3 təlim baş tutub. Adıçəkilən məktəbdən əlavə, təlim və tədbirlər rayondakı 2 və 4 saylı orta məktəblərdə də keçirilib.

İctimai Birliyin mətbuat xidmətindən daxil olan məlumata görə, Saatlı rayonunda isə təlim və tədbirlərə martın 6-da Heydər Əliyev Mərkəzində start verilib. Rayonda ümumilikdə 3 təlim keçirilib ki, bunun 2-si Heydər Əliyev Mərkəzində, biri isə V. Əsgərov adına 4 saylı tam orta məktəbdə baş tutub.

Layihə rəhbəri Vüsal Əhmədovun bildirdiyinə görə, keçirilən təlimlərdə layihə haqqında iştirakçılara məlumat verilib, layihənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, məqsəd Azərbaycanın tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənclər arasında təbliğ etmək, onları Vətəni sevməyə ruhlandırmaqdır. Eyni zamanda, vətənpərvərlik, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmli olması vurğulanıb, dövlətçilik və onun qorunmasının vacibliyi dilə gətirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən qayğı və diqqət keçirilən təlimlərin əsas mövzularından olub.

Qeyd edək ki, Sabirabad rayonunda keçirilən tədbirlərdə 84, Saatlı rayonunda keçirilən tədbirlərdə isə 75 nəfər iştirak edib.

Onu da bildirək ki, hər iki rayonun Gənclər və İdman idarələri layihənin keçirilməsinə dəstək olur.

Layihənin icrası davam edir.