adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

KUKLA

VAHİD ƏLİFOĞLU
26554 | 2010-04-03 05:36
... Biz köhnə yurdun qədrini bilmək üçün təzə yurda köçdük.
   
   ... Lap çoxdan, televiziyada adını unutduğun özbək yazıçısının bir əsərinin tamaşasına baxmışam. Səhv etmirəmsə, adı da belə idi: "Ağ atlar üçün vals"... Bu əsərdən bir epizod yadımda qalıb. Tutub dəmir barmaqlıqlar arasına saldıqları dəli ötüb keçənlərə deyir:
   
   - Əslində biz dəli deyilik. Bizi bura siz ona görə salmısınız ki, sadəcə sizin sayınız bizdən çoxdur...
   
   ... Yeri gəlmişkən, öz aramızdı qabaqlar televiziyada maraqlı, mənalı tamaşalarda göstərilirdi. İndi saatlarla ya kiminsə "əndam"nın ölçüsündən, ya da üçayaqlı toyuqdan, çəpiş doğmuş qoyundan danışırar. Bizim dədə-babalarımız arvad alanda heç vaxt metr qoyub ölçmürdülər ki, hansı qız 90x60x90-na uyğun gəlir... Görəsən bu dünyada kukla çoxdu, yoxsa adam? Vaxt gələcək ki, kuklalar bizi vitrinlərə, mağaza piştaxtalarına düzəcəklər... Hələ ki, biz çoxuq... Fikir vermisiniz, kuklaların sayı durmadan artır...
   
   ... Kuklalar insanların kar və lal fanaqramalarıdır. Ya da rəngli sürətləridi... Kukla varlığı, kukla dünyası kiçik yaşlı uşaqlara hesablanmış oyuncaqlardı. Elə bir dövrə, elə bir zəmanəyə gəlib çıxmışıq ki, böyüklər balacalardan daha çox kuklalara meyilli görünürlər. Körpə, şirin, məsum kuklaları yaşlı, qorxunc və qəddar kuklalar əvəz etməkdədi. Dünya kütləvi "kuklalaşma" dövrünə keçməkdədi...
   
   ... Təəccüblənməyin. Çoban da özünü ziyalı saydığı məmləkətdə bəndənizin də hələ ağlından şikayəti yoxdur. Belə əcaib-qəraib fikirlərə görə məni, Haramıda yaşayan "görkəmli çadır şairini" qınamağa tələsməyin. Burada, adamdan çox dovşan və canavar olan bu düzənlikdə ağlıma belə şeylər gəlirsə, deməli, böyük şəhərlərdə hərdən ətrafa boylanmağa, qarşılaşdığınız canlının sir-sifətinə diqqətlə baxmağa dəyər...
   
   ... Əvvəllər gəlinləri at belində, arabada aparırdılar. Gəlinlərin ya tərkində, ya da qucağında uşaq oturdardılar. Bunun mənası, hikməti kifayət qədər aydındır və qurulmaqda olan ailənin davamlı olmasına işarədi... İllər keçdikcə adətlər müasirləşdi. At, araba maşınla, canlı uşaq isə kukla ilə əvəz olundu... Yoxsa nəsil artımı kuklalarla düzənlənəcək? Biz könüllü olaraq gələcəyimizi kuklalarda görmürük ki?... Bununla mən toy adətlərimizi xırdalamaq, saf-çürük etmək məqsədi güdmürəm... Onsuz da toylarımız da başqa mərasimlərimiz kimi kukla yığıncaqlarından o tərəfə keçmir ki, keçmir...
   
   ... Bu oyuncaqlar yaradan olmaq iddiasına düşən yaradılmışların əsl yaradan qarşısında nə qədər aciz və bacaraqsız olduqlarına sübutdu... Uşaqların uşaqlığı kuklaların canlı olmadığını bildikləri ana kimidi. Həmin andan uşaqlıq bitir...
   
   ... Kibrit çöplərindən düzəldilmiş evciklər illər keçdikcə torpaq və daş divarlarla çəpərlənmiş evlərə çevrilir. Ölçülər böyüyür, sadələr mürəkkəbləşir... gəlinciklər kuklaların ibtidai, bəsit formasıdı...
   
   ... Burda yollar arxaya, saatlar geriyə fırlanır. Torpaq və daş divarlar çadıra, bər-bəzəkli kuklalar cır-cındaya bükülmüş çör-çöp qırıqlarına, gəlinciklərə doğru addımlayır. Özü də ləng, bivec addımlarla deyil, iri, qəti addımlarla... Çadır bir daha ağsaqqal kişiləri evciyə, ağbircək arvadları gəlinciyə qaytarırdı... Evciyin və gəlinciyin oyuncaq olmadığına inandırırdılar yekə-yekə kişiləri, nəvə-nəticə görmüş arvadları...
   
   
   
   ... Rəngbərəng parça qırıqlarının,
   
   Arasından qarğı çıtıqları,
   
   Kiprit çöplərinin altından,
   
   Şüşə sınıqları çıxdı...
   
   ... Bu ev deyilmiş, evcik imiş
   
   Bu gəlin deyilmiş, gəlincik imiş...
   
   ... Atam iki tərs şillə ilə,
   
   Məni qaytarıb atdı
   
   Yeniyetməlik çağına...
   
   Və mənə başa saldı
   
   Cır-cında arasındakı
   
   Qarğı çıtığından qardaş, bacı,
   
   Kiprit çöplərinin altındakı
   
   Şüşə sınıqlarından
   
   pəncərə olmaz, qapı olmaz...
   
   ... Hamımız şillə vurası yaşda
   
   Şillə vuranlarımız torpağın altda...
   
   ... Biz rəhimsiz və mərhəmətsizlərin
   
   Kuklalara tüpürdüyü
   
   Gəlinciklər dövrünün kişiləriyik...
   
   ... Qiyamət uşaqlarla yanaşı
   
   Kuklalar güllələnəndə başlamalıydı,
   
   Başlamadı...
   
   
   
   ... Mən də kuklalara qarşı həmişə qəribə və ağlasığmaz hisslər olub. Sanki bu cansız adamcıqların içində nəsə gizli, məkirli və qəzəbli istəklər, arzular gizlənib... Qadınların kişi kuklalar qarşısında nələr düşündüklərini deyə bilmərəm və özümün də qadın kuklalara olan münasibətimi açmaram, üz vurmayın... Onlar həmişə diqqətdə, göz qabağında olmağa çalışırlar. Bəlkə bu qənaətlər sizə gülməli gəlir, evinizin ən görkəmli, ən nəzərəçarpar yerlərini, pəncərələri, divanları, kresloları kuklalar işğal etməkdədi... Onların soyuq təbəssümlərinə, donuq baxışlarına inanmayın... Öz əllərinizlə yüksəkliklərə qaldırdığınız kuklaları layiq olduqları yerə endirin... Özünüzü kuklalardan qoruyun...
   
   ... Nədəndir kuklaların insan, insanın kukla olmaq cəhdi. Kukla mənəviyyatı, kukla mədəniyyəti, kukla ədəbiyyatı... Əyilən, yarınan, sınmaqdan çəkinməyən kuklalar...
   
   ... Ay uzun saç, qara göz,
   
   Ağıllı kuklam, mənim...
   
   ... Gözəllik salonları, estetik əməliyyat otaqları canlı insanlardan kuklalar istehsal edən sexlərdi, əslində. Qırışları yığışdırılmış sifətlər, kiçildilmiş burunlar, böyüdülmüş yanaqlar, şişirdilmiş dodaqlar və rənglənmiş saçlar kuklalar aləminə açılan qapılardı... kuklalar uzunömürlü və həmişəcavandırlar... Bir kukla bir neçə nəslin onlarla, yüzlərlə uşaqlarına, bəlkə də böyüklərinə kuklalıq etməyə qadirdi... Dayanaq, qardaş. Hardandı məndə kuklalara bu qədər nifrət? Bütün körpüləri yandırmaq tez deyil ki? Çırpdığın qapıya bir də qayıtmaq etimalı böyükdü, hələ. Kukla olmayacağına kim sığortalanıb, axı? Həyatına, qismətinə kuklalıq yazılmadığana çoxmu əminsən?... Kukla mağazalarının vitrinlərinə, piştaxtalarına nəvazişlə, məhəbbətlə az baxın... Adam kimi doğulub, kukla kimi yaşamaq da bir şey deyil...
   
   ... Adamlığın qədrini bilmək üçün kukla olmaq vacibdirmi?..

TƏQVİM / ARXİV