ULDUZLAR DA BU AXŞAM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
34340 | 2010-04-03 05:36
Tanrı insanı çox qəribə yaradıb. O qədər qəribə yaradıb ki, dözümü dağdan da artıq, qüruru zirvələrdən də uca, səbri ümmanlardan da böyük, dəyanəti saysız, sonsuz, hesabsız... Bax, bütün bunların fonunda insan o qədər əzəmətli, o qədər əlçatmaz və o qədər sirlidir ki, dünya onun yanında yalandı. Vallah, məni qınamayın. Kimlərsə deyir ki, dünya yalançı dünyadı, yanılırlar. Biz insanlar dünyanı aldada-aldada gedirik. Özü də gözümüzü yummadan, fikrimizi yayındırmadan, yumruğumuzu düyünləmədən elə aldadırıq ki, dünya ardımızca baxa-baxa qalır. O yerə qədər aldadırıq ki, dünya ora qədər bizə inanır. Elə ki, hiss edirik, duyuruq ki, dünya bizdən şübhələndi, onda "əlvida" deyirik...
   
   Mart ayı mənim üçün yaman ağır keçdi. Sağımda, solumda Əzrayıl fırlandı, sağımdan, solumdan dostlarımı apardı... Sağımdan Vahid Əlifoğlu getdi, solumdan Qoşqar İsmayıloğlu. Bir 50 yaşını keçmişdi, biri 39-dan 40-a adlayırdı. Nə deyə bilərəm, görünür onların dünyanı aldatdıqları günün, zamanın sonu gəlib çatıbmış, ona görə də əlvida dedilər bu dünyaya. Və mən də Vahidin ünvan tapdığı Haramı düzündəki qəsəbədə gecə yarısı göy üzünə baxanda ulduzlar ovcumun içində idi elə bil... hamısını saymaq mümkün idi, amma saymadım. Çünki orda axtardığım ulduzların ikisi də ordakı taxtlarından düşmüşdülər. Və mən sadəcə, aşağı Seyidəhmədli kəndinin bir addımlığında olan kənd qəbristanlığının lap son cərgəsində, son sırasında özünə yer tutmuş Vahidin məzarını ziyarət edərkən yaşadığım hissləri həmin o ulduzları seyr edəndə təkrar canımdan, qanımdan keçirdim. Orda mən hiss etdim ki, Vahidin baş daşına nəqş olunmuş şəkli hansı tərəfdən baxır baxsın, üzünü Füzuliyə tərəf çevirib. Məzarın başına fırlandıqca o şəklin məni izlədiyini gördüm və anladım ki, Vahid yenə əvvəlki kimi qələmi əlində, misraları ağ kağızda, baxışları isə Ərgünəşdə, Kirs dağlarındadı. O, işğal altında olan torpaqlar üçün, o torpaqların geri qaytarılması üçün yollar axtarır, layihələr cızır... nə bilim bu mənim içimdən gəlib keçdi və mən bunu yaşadım. Mənə elə gəldi ki, həqiqətən həmin gecə Vahid ulduzlarla danışır, ulduzlar da Vahidlə.
   
   Mən həmişə duyğusal insanların, dərdi, kədəri yaşamağı bacaran insanların yanında dayanmağa maraq göstərmişəm. Nədənsə qayğılar məni daha çox çəkib özünə. O qayğılar da məni qayğılılara qovuşdurub. Görünür dərdin dərd gətirməsi fikri yanlış deyilmiş. Bax, bu mənada ulduzların pıçıldaşdığı həmin o gecə səni də xatırladım, səni də düşündüm. Özü də təkcə səni yox, səni mənə sevdirən hər kəsi də. Çünki təkcə sən fərd halında hər şey deyilsən, hər kəs deyilsən. Səni bütöv edən həm də çevrəndi. O çevrən ki, orda hər şey sənin zövqünlə bəzənib, orda hər şey sənin nəfəsinlə süslənib. Və mən də o çevrənin gözəlliyini də, süsənliyini də, səmimiyyətini də duya-duya, ürəyimə hopdura-hopdura xəyallar qururam. Elə xəyallar ki, onun açarı yalnız öz əlimdədi, onun "sim-sim"ini yalnız özüm bilirəm.
   
   
   
   Bu anın hökmünü kim dəyişəcək
   
   Kimin gücü çatar vaxtı saxlasın
   
   Kim axı özünə qənim kəsilər-
   
   Kim istər büdrəsin, taxtı laxlasın?..
   
   
   
   Zaman karvan deyil, "əylən!"- deyəsən
   
   Ya da sarvanını tutasan dilə
   
   Dünya görüş yeri- gəlib dəyəsən-
   
   Geri qayıdasan xoş xəbər ilə...
   
   
   
   Xəyal qurmaq ilə aldanmaq nə xoş
   
   Amma hər bəndəyə bu nəsib olmur
   
   Heç kimdi dünyada bil, ürəyi boş-
   
   Xəzinə tapsa da cibləri dolmur...
   
   
   
   Anın hökmü böyük, izi silinməz
   
   Tarix dediyimiz buna sübutdur
   
   Sevgisiz həyatın dadı bilinməz
   
   Sevgisiz nə varsa sonu sübutdur...
   
   
   
   ***
   
   Çox məşhur mahnıdı. Səhv etmirəmsə, rəhmətlik Şövkət xanım oxuyub bu mahnını. Onun ifasında hər dəfə bu mahnını dinləyəndə xəyalın qanadları mənim istəklərimə tab gətirmir. Çünki mən ulduzlarla baş-başa qalmağı, aylı gecələri gözlərimə köçürməyi yaman çox sevirəm. Bəlkə də dünyada ən çox sevdiyim bir təbiət anı, bir həyat lövhəsidir ulduzlu-aylı gecə ilə baş-başa qalmaq. Şairlərin, duyğusal adamların aylı gecələrdəki söhbətləri, mülahizələri, poetik düşüncələri, min bir gecə nağıllarına bənzəyir, bitib-tükənmir. Və o nağılların qoynunda həmişə yol getmək, həmişə işıq axtarmaq və həmişə də uğurlu bir sonluğa, istədiyin məqama yetişmək sevdası var. Elə bir sevda ki, ömrə ömür calayır, günə gün, aya ay əlavə edir. Baxıb görürsən ki, bir ömürdə min ömür yaşamısan. Özü də sevdalı, havalı...
   
   Bir dəfə xalq mahnılarından ibarət bir çələngə qulaq asırdım. Onda nə Qarabağ müharibəsi yox idi, nə də onun ağrı-acısı. Tuğ kəndində, atamın alın təri, əl qabarı ilə tikdiyi və içərisində müharibənin günahından çox az yaşadığı evində indi zarafatla "beş manatlıq" adlandırdığımız radioda həmin o musiqini dinləyirdim. Gecə saat 12-ni keçmişdi. Yəqin ki, yaşlılar xatırlayar, sovet dönəmində həmişə radioda gecə konserti verilərdi. Hansısa bir şairin qəzəlləri əsasında hazırlanan həmin konsert adamın ruhunu oxşayardı, yorğunluğunu canından çıxarardı...
   
   Mən konsertə qulaq asdığım məqamda gözlərimi zilləmişdim göy üzünə və özümü unudaraq köçüb getmişdim yerdən. İfaçıların səsləri də, qəzəlləri oxuyan diktorun səsi də sanki qeybdən gəlirdi. Hətta arada bu səslərin əl boyda radiodan eşidilmədiyinə özümü inandırmağa da cəhd etdim. İnanmaq istəyirdim ki, bütün bunlar hamısı göyün yeddinci qatından gəlir və mən də o qatların hansısa birində dayanıb bu ifaları, bu səsləri dinləyirəm... Bax, həmin o məqamda qəfləti, özü də son dərəcə kobud və yad bir səs fikrimi yayındırdı. Evimizin divarının dibindən gedən yolla bir qaraltı gəlib keçirdi. Diqqət yetirdim. Bizdən yuxarı məhəllədə yaşayan erməni qarşısına qatdığı yüklü ulağı ilə birlikdə yolu keçib gedirdi. Özü də deyəsən ya nəyəsə əsəbiləşmişdi, ya da bu musiqi ona xoş gəlməmişdi. Ona görə də ulaqla öz dilində çox kobud bir söhbət edirdi. Mayası həqarət, söyüş olan o söhbət də məni xəyallardan, göyün qatlarından çəkib yerə qaytardı. Etiraf edim ki, mən də elə onun öz dilində həmin işlətdiyi sözləri arxasınca deməkdən özümü saxlaya bilmədim, heç saxlamağın da yeri deyildi. Ən azından ona görə ki, o mənim "dünyama" daş atmışdı. Atılan daşları isə yığmaqda gecikmək bağışlanılmazdı.
   
   Hə, radionun həmin gecəki şeir, nəğmə çələngi məni göy üzünün ən yüksək mərtəbələrinə qaldırsa da, bir namərdin, bir nadanın, bir düşmənin hərəkətləri hər şeyi - yaşadıqlarımı, xəyalımda qurduqlarımı, düşüncələrimi alt-üst etdi, pərən-pərən saldı, məni o ucalıqdan yerə qaytardı. İndi də o ucalığın yolunu axtara-axtara qalmışam, hələ də tapa bilmirəm. Çünki ayağımın altında nə o torpaq, nə də başımın üstündə həmin o göy üzü yoxdu. Və mən də o anlara qayıda bilməməyimdən özümü də, o anları da günahkar saysam da, amma görürəm ki, mənim bu qərarım da yanlışdı...
   
   
   
   Mənim görəcəkli günlərim nə çox
   
   Məni itirəcək kədər qalmayıb
   
   Sevincdən qaçmadım, gizlənmədim, yox-
   
   Məni öz xoşuma kədər almayıb.
   
   
   
   Güvənc yerlərimi eyləyib hədəf
   
   Həyat hər addımda sıxıbdı məni
   
   Vüsal növbələri tutulan zaman
   
   Adımı dəftərdən çıxıbdı mənim.
   
   
   
   Kipriyim ütülüb od götürəndə
   
   Dizim qançır olub, dırnağım qopub
   
   Sənsiz bircə anı mən itirəndə
   
   Dünyanın ağrısı canıma hopub.
   
   Alın yazıları həqiqət imiş
   
   Qaçmağa yer yoxdu, gülüm, qədərdən
   
   Özün tanıyırsan, əgər bacarsan-
   
   Ayrı təsəvvür et, məni kədərdən.
   
   
   
   ***
   
   İndi bütün olanları göz önünə gətirəndə suallar qarşısında qalıram. O qədər suallar ortaya çıxır ki, bəzən onların sayı məni qorxudur. İnana bilmirəm ki, bir insana bu qədər sual vermək mümkün olsun. Amma neyləyəsən ki, həyatdan gəlir bu suallar, onun tələbləridi, onun diqtələridi. Yaşamışamsa deməli, sualın da yaranmasına şərait yaratmışam, hər anın da öz sualını...
   
   Sağını, solunu boş görmək çox ağır dərddi. Buna dözmək üçün ya gərək insanlıqdan bir addım geridə olasan, ya da həyatla, onun diqtəsi ilə barışasan. Mən ikinci yolu seçdim və düşündüm ki, bütün bu olanlar mənim taleyim, mənim qədərimdi. Mən taleyini yaşayan, qədərini yazan, bəlkə də onun ortaya çıxmasına şərait yaradan insanam. Və belə olduğu halda da taledən qaçmaq və yaxud da ona acımaq günah sayılar. Doğrudur, yetərincə günahlarım da var, saysam bir ömrə sığışmaz. Bunun da bir səbəbi sevgimdi. Mən gördüyüm gözəlliklərə, duyduğum insanlıqlara, bir sözlə, işığa və gül ləçəyindəki şehə biganə qala bilmirəm. Bu mənzərələr məni öz əlimdən, öz ixtiyarımdan alır. Onda ruhumun, duyğularımın əsirinə çevrilirəm, başlayıram ulduzlarla danışmağa. Elə bilirəm ki, onlar göy üzündəki hərəkətləri ilə mənim həmsöhbətlərimə çevrilirlər. Hətta özümü inandırıram ki, ulduzlar mənimlə danışır, özü də təkcə ulduzlar yox, həm də onun yerdəki hissəcikləri də. Və...
   
   
   
   Dərdin nişangah seçib
   
   Sığındığı səngərdim.
   
   Canımın lap üzülən
   
   Vədəsində sən gəldin.
   
   
   
   Ümid telləri calaq,
   
   Adi mehdən titrəyir.
   
   Mənim yüküm bir qalaq,
   
   Mənim ömrüm fitrədi.
   
   
   
   Sözüm yar dodağında,
   
   Gözüm yar gözündədi
   
   Cənnət yar otağında-
   
   Vallah, yer üzündədi!..
   
   
   
   ... Bəli, ulduzlarla nə qədər danışsam da o söhbətlərin hamısını yazıb qurtarmaq mümkün deyil. Çünki bu söhbətləri yazmağa nə layiqli bir yazı masam, nə də sığınacağım bir künc var... o yazı masası da, o künc də ulduzlarla danışdığım həmin o kənddə qalıb...

TƏQVİM / ARXİV