adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

iŞ TƏRS GƏTiRƏNDƏ

OQTAY SALAMOV
26853 | 2010-04-03 05:36
İndi atalar sözü-filan axtaran yoxdu. Özü də bəzi atalar elə sarsaq məsəllər çəkiblər ki, heç onları axtarmasan yaxşıdı. İndiki vaxtda iş tərs gətirəndə kiminsə vəzifəsi əlindən gedir, kiməsə torba tikirlər, kiminsə ayıblarını açıb qoyurlar ortaya. Elə şeylər olur ki, sonradan başına iş gələn bir dərin ah çəkib söhbətini "iş tərs gətirəndə ilə başlayır...
   
   Bizim zələzələ idarəsinin direktoru Elçin müəllim Xəlilov indi "iş tərs gətirəndə" desin, ya deməsin? Oturmuşdu kreslosunda, aradabir zəlzələ ola biləcəyi təhlükəsi ilə bizi qorxudub pulunu alırdı. Deyə bilərsiniz ki, nooldu, daha zəlzələ olmayacaq, yoxsa onun haqda xəbər verilməyəcək? Yox, zəlzələ də olacaq, xəbər də veriləcək. Amma xəbəri ...qurbağalar verəcək. Vallah zarafat eləmirəm, İngiltərəli alimlər erkək qurbağaların bu özəlliyə sahib olduğunu iddia edirlər.
   
   Amma bir məsələ var ki, bu qurbağalar zəlzələni ancaq cütləşmə mövsümündə xəbər verə bilirlər. Deyir, bioloq Raşel Qrand ötən il İtaliyada meydana gələn zəlzələdən öncə cütləşmə bölgələrindəki qurbağaların üzərində təcrübə apardıqlarını bildirib. Onun sözlərinə görə, 6 aprel zəlzələsindən öncə qurbağaların davranışlarında kəskin dəyişikliklər qeydə alınıb.
   
   Digər mütəxəssis Tim Halliday da zəlzələdən 5 gün qabaq Laquila bölgəsindəki erkək qurbağaların sayının 96 faiz azaldığını müəyyən edib.
   
   Araşdırmaçıların sözlərinə görə, normal halda cütləşmə mövsümü bitənə qədər çox sayda erkək qurbağa aktiv olur. Ancaq İtaliya zəlzələsindən 3 gün öncə cütləşmə sayı demək olar ki, sıfıra bərabər olub. Deməli, hələlik Elçin müəllimin eşşəyi tam ölməyib, qurbağalar elə il boyu cütləşməyəcək ki. Hələ bir də gördün Elçin müəllimin idarəsi bir üsül tapıb erkək qurbağaları axtaladı da. Ondan sonra xəbər versin görüm necə verir....
   
   Mən deyəndə ki, siqaret çəkməyin, canınıza da, cibinizə də ziyandı - ağız büzürdünüz. İndi buyurun, siqaret müsəlman üçün "vaabşe" haram imiş. Bilmirəm, burada iş tərs gətirib, ya elə belə gətirməyi yaxşıdı, amma sübut olunub ki, siqaretdə donuz qanı var. Məsələn, Yunanıstandakı siqaret markalarından birinin donuz hemoqlobinindən istifadə etdiyi dəqiqləşib.
   
   Məsələ belədi ki, Sidney Universitetinin professoru Simon Şapman siqaretin filtrinin hazırlanmasında donuz qanından istifadə edilə biləcəyini açıqlayıb. Hollandiyada aparılan araşdırmaya əsaslanan alim donuz qanındakı hemoqlobinin qandan zərərli kimyəvi maddələri süzmə özəlliyi olduğu üçün istifadə edilə biləcəyini qeyd edib: " İnancları ilə bağlı olaraq donuz və donuz məhsullarından istifadə etməyən insanlar üçün bunu düşünmək belə qorxuludur. Bu məsələni aydınlaşdırmaq tütün şirkətlərinin siqaretin tərkibini "ticarət sirr"i olduğuna görə açıqlamamaları ucbatından çətinləşir". Nə deyirsiniz, iş tərs gətirib, yoxsa yenə çəkəcəksiniz?..
   
   Deyir, Yasamalda polis Arifə Hacıyeva adlı bir qadın haqda cinyaət işi başlayıb. Arifə xanımın işi yaman tərs gətirib. Həmyerlisi Ehtiyat Feyzullayevin qohumuna saxta tələbə bileti sataraq ondan 22 min manat pul aldığına görə ilişib. Bilmirəm, ya Ehtiyat bəy ehtiyatsızlıq eləyib, ya alınan pulun miqdarı çox olub, nə isə olub... balam, 22 minə də tələbə bileti olar? Camaat bu qiymətə diplom da alır, əsgərlikdən də qalır, hələ yarım dəfə evlənib-boşanır da... Taa neynəsin Arifə xanım, iş tərs gətirib dəə..
   
   Bərdədə də Mübariz Qurbanov (YAP-ın Mübariz Qurbanovdan uzaq) adlı birinin işi yaman tərs gətirib. Deyir Mübariz atası ilə mübahisə eləyəndən sonra möhkəm əsəbiləşib və bazardan bıçaq alıb ki, intihar eləsin. Sonra bıçağı sınamaq ağlına gəlib, ya nədisə onu yortub taksi sürücüsü Əli Əliyev (yenə YAP-ın və müxalifətin əlilərindən uzaq). Neynəyəsən, iş tərs gətirəndə gətirir...
   
   İş təkcə bizdə tərs gətirmir, xaricdə də belə şeylər olur. Amma oralarda bu kimi zadlara nadir hadisə deyirlər. Odey, yenə yazırlar: "Tibb aləmində nadir hadisə baş verib. Londonda bir ailənin 3 il fərqlə 4 əkiz övladı dünyaya gəlib. Belə ki, Helen Baxter təbii yolla hamilə qala bilmədiyi üçün həkimə müraciət edib. Burada süni yolla dölləndirilmiş iki yumurtası ana bətninə yerləşdirilib, 4-ü isə saxlanılıb. Helen və Şane ilk uşaqlarını 2007-ci ildə qucaqlarına alıb. Alisiya adı verilən qızın doğumundan bir qədər sonra onlar yenidən övlad sahibi olmağa cəhd edib. Ancaq təbii yolla hamilə qala bilməyən qadın yenidən süni mayalanmaya müraciət edib. Dondurulmuş 4 embrionun köməyi ilə hamilə qalan 41 yaşlı Helen üçəm doğub.Nəticədə cütlüyün biri 2007-ci, 3-ü isə 2010-cu ildə doğulan 4 əkizi olub". Allah bilən məsləhətdi, bəlkə də bu heç tərs gətirən iş döyül?...
   
   Deyəsən Səyyad Aranın işi tərs gətirmək ərəfəsindədi. İstanbuldakı baş konsulumuz Səyyad müəllimi deyirəm. Bizim Parlamentin deputatı Gülər Əhmədova Səyyad Aranı ümummilli məsələlərə sayğısız münasibətdə günahlandırıb. Gülər xanım deyir ki, "Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirdə konsulluğun nümayəndəsini tapa bilmədik. Buna görə xatirə lövhəsini qoymaq üçün problemlə üzləşdik. Konsulluq bu məsələyə laqeydlik göstərdi. Onlar Azərbaycandan gedən bəzi insanların yanına düşüb, dükan-bazarı gəzməklə məşğul idilər. Bizə qarşı bu laqeyd münasibət birinci dəfə deyil. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edəndən sonra, məsələ həllini tapdı".
   
   Məsələyə münasibət açıqlayan spiker Oqtay Əsədov deyib ki, Milli Məclisin digər deputatları da bu konsulla bağlı narahatlıqlarını ifadə ediblər: "O konsul bizim aramızdan çıxan insandır. Xarici İşlər Nazirliyi ilə söhbət edib, narahatlığımızı çatdırmışam. Yəqin ki, bu məsələ ilə bağlı ölçü götürüləcək". Tak çto, Səyyad müəllim , nəticə çıxarmalı olacaqsınız. İşdi də, tərs gətirəndə gətirir...

TƏQVİM / ARXİV