adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Siz onlara borclusuz, biz də sizə

CEYHUN MUSAOĞLU
33696 | 2010-04-03 05:36
Qəzənfər Paşayevin müəllifi olduğu bu kitab diqqətimi çoxdan cəlb etmişdi. Hər dəfə baş redaktorun kabinetinə daxil olanda onun stolunun üzərindəki kitabların arasında "Borcumuzdur bu ehtiram" adlı kitabı götürüb vərəqləyib, adda-budda sətirləri oxuyub yerinə qoyurdum. Maraqlı layihədir. Cismən itirdiyin nəslin öndə gedən nümayəndələrinə ehtiram. Necə olur, Qəzənfər Paşayev özündən öndə olanlara ehtiram göstərə bilir, mən bu missiyanı davam etdirə bilmirəm?
   
   Az-çox oxucusu olan qəzet belə işləri tirajlamağa borcludur. Bir halda ki, Qəzənfər Paşayev yazır: "Ümid və güvənc yerimiz olmuşlara bu ehtiram borcumuzdur". Bizim də borcumuz ümid və güvənc yerimiz olmuşlara sərgilənən münasibəti alqışlamaqdır. Əlində qələm olan çapan çalmaz ki. Onun alqışı yazmaqdır. Kitabda filologiya elmləri doktoru professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi, dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir.
   
   Hamsının adını qeyd edirəm. Adətən qəzetlər bu tip yazılarda bir neçə şəxsin adını çəkir və "başqaları" təqdimatı ilə canını qurtarırlar. Bu ənənədən vaz keçərək Qəzənfər Paşayevin ürəyinin istisi ilə qələmə aldığı xatirələrdə heykələ dönən şəxsiyyətlərin adlarını sadalayıram:
   
   - Ümummilli lider Heydər Əliyev, Bəxtiyar Vahabzadə, Məmmədağa Şirəliyev, Abbas Zamanov, Yaşar Qarayev, Əzizə Cəfərzadə, Nəsir İmanquliyev, Qasım Qasımzadə, Sinan Səid, Nigar Rəfibəyli, Hüseyn Arif, Tofiq Bayram, Fərman Kərimzadə, İsi Məlikzadə, Əmirhüseyn Məcidov, Tofiq Bağırov, Mikayıl Azaflı, Əkbər Cəfərov, Vladimir Qafarov, Dilarə Azaflı, Əbüllətif Bəndəroğlu, Əbdülvahid Kuzəçioğlu, Rasim Kərimli, Rafiq Ələkbərov, Ağalar Mirzə, Vilayət Rüstəmzadə, Əlfi Qasımov.
   
   Azərbaycanın qaymaqları. Onları bir araya gətirmək həm də ruhlarını birləşdirməkdir. Və onları bir araya gətirmək yenidən bizə qaytarmaqdar. Bu möhtəşəm insanlarla yenə baş-başa qalmaq , onları oxumaq , tanıdıqca tanımaq nə böyuk zövq.
   
   Heydər Əliyev Fondunun rəhbəri , millət vəkili Mehriban Əliyevanın maraqlı fikri var. Mehriban xanım deyir: "Bir ölkəni dünyada onun siyasətindən çox mədəniyyəti tanıtdırır". Qəzənfər Paşayevin "Borcumuzdur bu ehtiram" kitabı mədəni hadisədir. Onu müxtəlif dillərə çevirib, bir daha, bir daha çap etdirmək xarici ölkələrə yaymaq lazımdır. Bu gün Azərbaycana çəpəki baxan hegemon gücləri ayağa gətirmək gücündədir bu kitab. Belə insanları olan xalqın torpağı əbədi işğalda qalmaz. Özləri yoxdur, fikirləri var. Fikirlərini bizlərə çatdıran Qəzənfər Paşayev kimi insanları var bu xalqın. Biz də özümüzü körpü edib arxadan gələnlərə çatdırmalıyıq bu mirası.
   
   Qəzənfər Paşayev Ümummilli lider Heydər Əliyev haqqındakı "Xilaskar" adlı xatirəsində yazır: "Nədənsə Heydər Əliyev deyəndə mənim gözlərimin önünə Atatürk, Atatürk deyəndə Heydər Əliyev gəlir. Onların gördüyü tarixi işlərin miqyasında da, özlərində də , gözlərində də bir oxşarlıq vardı". Bir rəy yetər: möhtəşəm müqayisə.
   
   Bu da Qəzənfər Paşayevin Bəxtiyar Vahabzadə sevgisi. Tələbə oğlan şairin yeni çapdan çıxan "Ceyran" adlı şeirindən
   
   Saatı olmayan tez saat alır,
   
   Qızıldan gümüşdən ona bağ salır.
   
   Ancaq düşünmür ki, ömrü azalır,
   
   Saat səslənəndə hər bu dünyada.
   
   bəndini deyir və tələbələr "ceyran"ın arxasınca düşürlər.
   
   "Ümumiyyətlə o, xarici görünüşü və danışığı ilə köhnə kişiləri andırırdı. Bununla da möhtəşəm idi". Qəzənfər Paşayev bu fikirləri Fərman Kərimzadə haqqında yazıb. Səmimi və havalı sözlər.
   
   Qəzənfər Paşayev xatirəsinə işıq tutduğu şəxsiyyətlərin hamısı barəsində bu qədər səmimi, bu qədər dostcanlı və bu qədər yurdsevər birisi olduğunu göstərə bilib. Çox güman o, özü buna çalışmayıb. Məqsədi yalnız dahilərimizə ehtiram göstərməkdir. Sadəcə, bu ehtiramla özü də açıq-aydın və alnıaçıq görünür Qəzənfər Paşayevin.
   
   Yox. Bir kitabı təqdim etdik, amma borcumuzun mindən birini belə ödəmədik. Cənab oxucu, çalışacağıq ki, Qəzənfər Paşayevin özünü, fikirlərini sizə qonaq gətirək. Yəni ondan müsahibə almağa çalışacağıq. Hər an oxunmağa layiq adamdır Qəzənfər Paşayev.

TƏQVİM / ARXİV