adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DEYYiNƏGƏN XALQ

FƏRHAD ŞABANOV
28454 | 2010-03-20 01:05

   
   İndiki gənclərin axırı görəsən, hara gedir? İndiki gənclərdə nə abır var nə həya. Bu xaricə gedib gələnlər də heç bəyənmir daha buraları. Bu türklər var ha, bizim millətin belini onlar qırdı elə. Oğlumu Rusyətə iş dalınca göndərdim, getdi özünə bir rus tapıb qaldı orda. İndi arvadına da mən baxıram, uşaqlarına da. Əlidən də olduq, Vəlidən də. İndiki şoferlər sürməyi bacarmır ki. Hamı girib bir-birinin qarnına. Heyf deyildi Sovet vaxtının ərzaqı. Ətin dadı başqa cürüydü, qənd daha şiriniydi, çörək daha doyumlu idi. Müstəqil olduq lap ağ günə çıxdıq. O vaxt pul da puluydu ha sənə deyirəm, beşliklə çıxırdın şəhərə gecəyə kimi xərcləyib qurtara bilmirdin. Rəhmətlik Xankişi, indi hardadır elə kişilər. Hər ay bir qoyun kəsib paylayardı kənd camaatına. Allah sənə rəhmət eləsin ay Xankişi. O vaxt uşaq doğulanda bir həftə gözü açılmırdı, indiki uşaqlar maşallah gözü açıq doğulur. Bizim vaxtımızda atanın-ananın yanında öz uşağını oynatmaq nədi, çağırmaq da ədəbsizlik sayılardı. İndiki cavanlar lap pozulub gedib. O gün televizora baxıram, düşüyün biri çıxıb müğənnilərə ağzına gələni deyir. Görəsən ona deyən yoxdu ki, get bir güzgüdə özünə bax. İndi hər şey tərsinədi.
   
   Bu və bunun kimi minlərlə ifadə elə yuxarıda yazıldığı kimi qarışıq formada əlli-altmış yaşdan yuxarı böyüklərimiz tərəfindən eşitdiyimiz sözlərdir. Bəyənməməzlik var. Özündən olmayanı özününküləşdirmək əvəzinə özgələşdirmək var. Bir insan əgər öz oğlunu bəyənmirsə və bunun günahını zəmanəyə atırsa, bu insana nə demək olarki? Uşağın formalaşmağında əlbəttə zəmanənin əhəmiyyəti var ancaq valideyn ən vacib amildir. İnsan qocaldıqca ya dərinləşir, filosof olur ya da səthi qalır, adiləşir. Bunun nəticəsində boş vaxtlarını yaşıdları ilə deyinərək keçirir. Həyatda deyinmək üçün səbəb çoxdur. Hər hansı bir nəvə üçün babasının çayxanada boz papaq taxan kişilərlə nərd çırpması deyinməyə səbəbdir. Əlbəttə deyinmək bizə nəsillərin "ərmağanı"dır. Sevgilim bu gün kinoteatra gedək bəlkə sualına qarşı tərəfdən deyingən bir cavab gəlirsə, həmin insanın genetikasında deyingənlik var deməli.
   
   Azərbaycanda üç insanın bir yerdə toplaşmaqla ortaya çıxaracağı bir neçə maraqlı nəticələr var. Nəticəyə təsir edən əsas səbəb toplaşanların kimlər olmasıdır. Əgər toplaşan üç nəfər gənc oğlandırsa, nəticə deyib-gülməkdi. Əgər toplaşan üç nəfər qoca qadındırsa, nəticə qeybətdir. Əgər toplaşan üç nəfər pensiyaner qoca day-daylardırsa, nəticə dövlət işlərinin müzakirəsidir. O pensiyanerlərin arasında siyasətlə əlaqəsi olsun-olmasın, əsas odur ki, bu mövzu həmişə təzədir, danışmağa nəsə var.
   
   Eeeyy nənə, mən neyniyim axı sizin vaxtınızda telefon olmayıb deyə sən məni başa düşmürsən. Sinifdə hamıda var, mən də istəyirəm. Sənə nə var axı mənim saçımın fasonu necədi, özüm bilərəm. Get pensiyavın dərdini çək. Nolub axı mənim şalvarıma. Sizin vaxtınızda şalvarlarda iki dənə cib olurdu, maksimum üç. İndi çox cibli şalvarlar moddu, mən bunu geyinmək istəyirəm. Nənə, bax sevgilimin şəklinə. Heç utanmırsan ay bala, sənin hələ nə yaşın var ki, mənə sevgilinin şəklini göstərirsən. Biz belə şey eləsəydik başımızı kəsərdilər. Burda nə var axı ay nənə, sən də mənim dostum. O nə dəmirdi şalvarından sallanır. Cəhənnəm elə onu, gözüm görməsin. Zincirini qırıb qaçan heyvanlara oxşuyursan lap. Mən onsuz da səni başa sala bilməyəcəm, ay ata.
   
   Sən onsuz da atanı başa sala bilməyəcəksən. Çünki sənin atan sənin yaşadığın dövrü öz dövrünün dəyərlərinə görə qiymətləndirir. Əgər sənin baban atanın həyatını qadağalarla sıxıb balacalaşdırıbsa, onda kefdəsən. Çünki insan psixologiyasında çox bəsit bir anlayış var. Əzilən insan əlinə keçirtdiyi ilk fürsətdə özündən zəyifləri əzməyə çalışır. Azərbaycandakı əsgərlik sistemində bunun ən bariz nümunəsi yaşamaqdadır. Təzə gələnlər köhnələr tərəfindən əzilir. Sonra köhnələr gedir, təzələri gəlir. Siz artıq köhnələr olduğunuza görə indi də siz sizdən sonra gələnləri əzməyə başlayırsınız. Və beləcə unudursunuz ki, əziləndə heç də xoşunuza gəlmirdi əzilmək. İnsan öz xoşuna gəlməyən şeyləri başqasına etməkdən niyə bu qədər həzz alır görəsən.
   
   Cavanlar qocaların hansı şərtlərdə cavanlıq illərini keçirtdiyini bilmədən onları yuxarıdakı ittihamlarla günahlandırır. Bunu anlamaq mümkündür. Çünki görmədiyin, bilmədiyin bir şeyi etməsən günahkar sayılmırsan. İslam dinində də var. Bizi bilmədiklərimizə görə yox, bildiklərimizə görə sorğu-suala çəkəcəklər. Biz qocaları anlamırıqsa bu qəbahət deyil. Ancaq qocalar dünyada baş verən sivilizasiyadan bixəbər olaraq gəncləri yuxarıdakı ittihamlara tuş gətirirsə, burada qocalar günahkardır. Çünki baba nəvəsi doğulandan onunla eyni dövrləri yaşayır. Ancaq nəvə babayla eyni dövrləri yaşamır. Əlbəttə baba 24 saatını nəvəylə keçirtmir və onun həyatında baş verən bir çox hadisədən xəbəri olmur. Bu qoca-cavan anlaşmazlığında əslində heç kim günahkar deyil. Heç kim dövrün şərtlərinə, dəyərlərinə boyun əyməyə məcbur deyil. Sadəcə qarşılıqlı anlayış və hörmət içində həyatı eyni dörd divar arasında keçirtmək olar. Bizim tariximiz, bizim iqlimimiz, bizim strateji mövqeyimiz günahkardı əslində. Biz anlamaqdan, günahlandırmağı üstün tuturuq. Bizim xoşumuz gəlir günahı qarşı tərəfin boynuna atmaqdan. Bütün mübahisələrdə biz haqlıyıq, qarşı tərəf haqsız. Bizim ya havamızdandı ya da suyumuzdan. Hara getsək də, biz buyuq.

TƏQVİM / ARXİV