QƏZƏLLƏR VƏ GÖZƏLLƏR

VAQİF YUSİFLİ
217298 | 2015-03-18 09:32
Arif Səfa böyük şairimiz, Füzuli ədəbi məktəbinin layiqli davamçısı, XIX əsr poeziyamızın görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin nəticəsi idi. Neçə il öncə mənə "Qəzəllər və gözəllər" adlı kitabını bağışlamışdı. Elə yanındaca o kitabdan bir neçə qəzələ nəzər yetirdim. Qəzələ, klassik poeziyanın bu əvəzsiz janrına xüsusi meylim var, Füzulini hər gün oxuyuram, Nəsimini, Nəbatini, Seyid Əzim Şirvanini və Vahidi qəzəlin ustadları hesab edirəm. Arif müəllimin qəzəllərindən Seyid Əzimin nəfəsi gəlirdi. Özümü saxlaya bilməyib dedim: "Sizin qəzəllərinizdə Seyid Əzimin ruhunu hiss edirəm". Gülümsəyib dedi ki, o, mənim babamdır, mən Seyid Əzimin nəticəsiyəm.
İndi Arif Səfa dünyada yoxdur, ondan yadigar "Qəzəllər və gözəllər" durur. Həyatı haqqında məlumatım çox azdır, amma şeirlərinin birində yazır ki:

Türkmən torpağında dünyaya gəldim,
Atam təbrizliydi, anam şirvanlı.
Təbrizdə boy atıb,mən yaşa doldum,
Qayıtdım, dedilər mənə "iranlı".

Mən ki fars deyiləm, iranlı olum,
Mənim günəş üzlü öz diyarım var.

Bir də kitabına yazılmış annotasiyadan öyrəndim ki, Arif Səfa BDU-nun Şərqşünaslıq fakültəsini bitirib, 60-cı illərdən dövrü mətbuatda şeirləri çap olunub. Uzun müddət Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fars dili müəllimi işləyib, Yazıçılar Birliyinin üzvü idi.
"Qəzəllər və gözəllər" kitabına ədəbiyyatşünas-şair Vüqar Əhməd ön söz yazıb və o yazıda Arif Səfanın həm qəzəl, həm digər janrlarda qələmə aldığı şeirləri təhlil olunur.
Qəzəl elə bir janrdır ki, əsrlər keçdikcə şairlərimizin "repertuarından" əksilmir. Hətta sovet dönəmində də, müəyyən təzyiqlərə baxmayaraq Vahid, S.Rüstəm, M.M.Seyidzadə və Bakı şairləri qəzəl yazmaqda, bu ənənəni yaşatmaqda davam edirdilər. Arif Səfa da bu ənənənin davamçılarından biridir. Onun klassik poeziyaya meyli həm irsidir (Seyid Əzim Şirvani ocağından kimsə o yolun yolçusu olmalıydı), həm də görünür, təhsili və mütaliəsi ilə bağlıdır.
Arif Səfanın demək olar ki, əksər qəzəlləri gözəllərə həsr olunub və təbii ki, bu qəzəllərin əsas mövzusu sevgidir, eşqin tərənnümüdür.

O gözəl yarə deyin, könlümü qan eyləməsin,
Eşqimizdə məni biganə güman eyləməsin.

Qurban ollam mən onun gözlərinin qarəsinə,
Bu sözü, sirrimi əğyarə bəyan eyləməsin.

Mənə çox zülm eləyibdir, deyin ol yarə yetər,
Ömrümün bağçasını bir də xəzan eyləməsin.

Lalə bildi sinəm üstündə bu eşqin oduna,
Ta gülüm başqa çəmənzarı məkan eyləməsin.

Arifə rəhm eləsin, söyləyin ol afətə siz,
Məni Məcnun kimi məşhuri-cahan eyləməsin.

Sadə, səlis dillə yazılıb bu qəzəl və aşiqin öz sevgilisinə xitabında onun məcnunluğu izhar olunur. Digər qəzəllərində də belə sadəlik, qəzəlin lüğətini təşkil edən sözlərin böyük bir qisminin Azərbaycan dilində olması nəzərdən qaçmır. Baxın: "Yenə gördüm səni, ey gül, məni heyran elədin, Qana batmış sinəmi sən təzədən qan elədin". Bu beytdə bircə söz də gəlmə deyil. Yaxud: "Arif, bu gözəl yarını hər kim ki, bəsləyib, Allah onun ölənlərinə rəhmət eləsin".
Arif Səfa vətənpərvər şair olub. Onun Azərbaycan eşqi bir sıra qəzəllərində əks olunub: "Sən olan yerdə, Vətən, Arif battarmı zülmətə?" deyən şair Təbrizi bir neçə qəzəlində yad edir, Azərbaycana məhəbbətini, bu yurdun övladı olduğunu qürur hissilə söyləyir, Füzulini ustad kimi yad edir.
Şübhəsiz ki, onun qəzəllərində ənənəvi Aşiq-Məşuq münasibətləri: Aşiqin sevgilisindən gördüyü etinasızlıq, biganəlik və bu səbəbdən də onun şikayətləri əsas yer tutur, amma onun sevdiyi gözəl öz hüsnü ilə bu sevgi iztirablarına layiqdir. Qəzəllərində həm də incə bir yumor, şux deyim tərzi də var:

Eşqidən başqa mənim cahü-cəlalım yoxdur,
Başqa bir dərdi-sərim, fikri-xəyalım yoxdur.

Zövq ilə vəsf edirəm mən bu Vətən güllərini,
Elə zənn eyləməyin əqlü-kamalım yoxdur.

Sevgilim baxdı mənə, qaşların oynatdı yenə,
Dedim:-Ey gül, sənə tay qaşı hilalım yoxdur.

Dedim:-axır mənə naz eylə, bir az könlümü aç,
Deli:-Arif, sənə naz etməyə halım yoxdur.

Arif Səfanın vətənpərvər şair olduğunu söylədik. İranda yaşadığı illərin təəssüratları hecada yazdığı şeirlərdə öz əksini tapıb. O, Təbrizi azad görmək istəyir və yazırdı ki: "Təbriz çıxsa azadlığa, Dəniz olub çağlayaram, Yarpaq kimi titrəyərəm, Uşaq kimi ağlayaram". Bir fars şovinistinə cavab olaraq yazdığı şeirdə Arif Səfa dilimizin müdafiəsinə qalxır:

Mənim var-yoxumu daşıyan da sən,
Sinəmə od-alov döşüyən də sən,
Sakitcə oturub yaşayan da sən,
Yenə utanmadın sən dönə-dönə,
Nə üzlə "türkəxər" deyirsən mənə?

Qətran Təbrizini unutma bir dəm,
Xaqani Şirvani qəlbində ələm,
Nizami Gəncəvi yaratdı aləm,
Onlar bal qatdılar sənin dilinə,
Sən isə "türkəxər" deyirsən mənə?!

"Təbriz şeirləri" silsiləsində Arif Səfanın Azərbaycanın bu qədim şəhəri ilə bağlı duyğuları ilə rastlaşırıq. Qədim Azərbaycan mahnısı "Qaragilə" haqqında yazdığı şeir necə də təsirlidir:
"Qəm ləşkərin sinən üstdən Düzmə, gülüm! Yollarında ağac olduq-Budaq-budaq, Yollarına kölgə saldıq - Yarpaq-yarpaqgEldən-elə gəzdi adın, Ürəklərə izi düşmüş Bir nəğməsən, bir avazsan, Sən heç zaman qocalmazsan, Qaragilə nəğməsi!" "Təbriz" şeirində isə yazır:

Təbriz açılıb, solan
Qızıl bir gülə bənzər,
Torpağa səpələnmiş
Sarı sünbülə bənzər.
Təbriz sönməz bir ocaq,
Ürəyində arzusu,
İstəyi qucaq-qucaq.
Təbriz ürəyi dolmuş
Qara buluda bənzər.
Onun göz yaşlarıyla
Çəmənləri, dağları
Çiçəklər, güllər bəzər.

Arif Səfanın şeirlər kitabını oxuyub bitirdim və onun Seyid Əzim ocağına, ədəbiyyat tarixindən heç vaxt silinməyəcək adına layiq bir şairin ürək çırpıntılarını eşitdim. Və sonda onun Azərbaycan sevgisini ifadə edən bir qəzəli ilə söhbətimi sona yetirdim:

Yaşa, hər cür bəlalardan mənim azad olan yurdum,
Qızıl torpaqları başdan-başa abad olan yurdum.

Nələr çəkmiş başın, ağ saçlı tarixlər buna şahid,
Uzaqlaş qəm-kədərdən, ey mənim dilşad olan yurdum.

TƏQVİM / ARXİV