adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Mart 2015 10:31
10397
LAYİHƏ
A- A+

SƏN PARLAYAN BİR ULDUZSAN, GÖZƏL MASALLI...

"...Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Masallıda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

(əvvəli ötən saylarımızda)

Qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Masallı rayonuna qoyulan investisiyaların həcmi son 10 ildə 13,3 % artaraq 35,8 milyon manatı keçmişdir.
2014-cü ildə rayon büdcəsinin gəlirləri 285,32 milyon manata qarşı 286,82 milyon manat və ya 100,5 % icra olunmuşdur.
Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Buna uyğun olaraq rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısı alınır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından kömək göstərilir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 230 sahibkara ümumilikdə 16,9 milyon manat güzəştli kredit verilmişdir.

"Kənd təsərrüfatı ili" - mühüm perspektivlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci il "Kənd təsərrüfatı ili" elan olunmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həlli və rayonda aqrar sahənin inkişafı ilə bağlı tədbirlər planı hazırlanmış, icrası nəzarətə götürülmüşdür. Tədbirlər planının hazırlanmasında əsas məqsəd bu sahənin inkişafına mane olan problemlərin aradan qaldırılması və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsidir.
2014-cü ildə Masallıda cəmi əkin sahəsinin həcmi 18.266,8 hektar olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi əvvəlki illə müqayisədə 0,4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 0,3 %, bitkiçilik məhsullarının istehsalı 0,5 % artmışdır.
Rayonda əkilmiş 8.166 hektar buğda sahəsindən 19.307 ton, 3.188 hektar apra sahəsindən 7.566 ton, 2.192 hektar tərəvəz sahəsindən 29.553 ton, 1.450 hektar kartof sahəsindən 17.066 ton, 457 hektar bostan əkinindən isə 4.552 ton məhsul istehsal edilmişdir.
2015-ci ilin əvvəlinə rayonda qaramal 73.668 başa, davarlar isə 84.805 başa çatdırılıb. Ötən il süd istehsalı 48.960 tona, ət istehsalı 5.739 tona, yumurta istehsalı 55,9 milyona çatmışdır.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 87,4 ton kartof, 38,7 ton soğan, 17,4 ton xiyar, 26,3 ton badımcan, 7,7 ton kələm, 750 litr qatıq, 520 litr süd, 1,4 ton bibər, 140 kiloqram kərə yağı, 160 kiloqram pendir, 260 kiloqram şor və 60 min yumurta göndərilmişdir.
Rayonda daha çox əmək tutumu olan və az sahədən daha çox gəlir götürmək mümkün olan sahələrin, o cümlədən istixana təsərrüfatlarının yaradılması problemin həllində əhəmiyyətli rol oynayır. Keçən il Şərəfə kəndi ərazisində 5 hektarlıq yeni müasir istixana təsərrüfatı qurulmuşdur. Əvvəlki illərdə açılan təsərrüfatlarla birlikdə Masallıda 11 hektar istixana təsərrüfatı fəaliyyət göstərir. Masallıda ənənəvi əkinçiliyin - tərəvəzçiliyin inkişaf etdirilməsi yeni əkin texnologiyalarının öyrənilməsindən və istehsal olunan məhsulların sərfəli qiymətə tədarükündən birbaşa asılıdır. Bu məqsədlə Azərsun Holdinq tərəfindən Qızılağac kəndində ilkin olaraq 100 hektar sahədə tərəvəz bitkilərinin əkilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Fermerlər burada tətbiq olunacaq ən müasir əkinçilik texnologiyasını mənimsəmək imkanı qazanacaq. Bundan əlavə, 100 hektar tərəvəz sahəsində ən azı 200 iş yeri yaranacaq ki, bu da Qızılağac və ətraf kənd sakinlərinin işlə təmin olunmasında mühüm rol oynayacaq.
Çayçılığın inkişaf etdirilməsi məqsədi ilə 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan plantasiya salınması üçün hazırlıq işlərinə başlanmışdır. Artıq həmin əraziyə 14 kilometr uzunluğunda yolun çəkilişi başa çatdırılmış və 2 hektara yaxın sahədə çay əkini həyata keçirilmişdir. Bu da çox vacib və icrası çətin bir layihədir. Yaxın gələcəkdə bu gəlirli sahənin ən azı 1400 hektara çatdırılmasına imkan vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus əkinlərinin genişləndirilməsi, rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurətini yaratmışdır. Bu təkliflər ölkə rəhbərliyi tərəfindən də bəyənilmiş və onların həyata keçirilməsi istiqamətində artıq konkret nəticələr əldə olunmuşdur. Masallı şəhərində tədarük mərkəzinin - Yaşıl marketin tikintisi ilə bağlı 3 hektar sahə ayrılmış və yaxın günlərdə bu istiqamətdə tikinti işlərinə başlanılması nəzərdə tutulur.

Əhalinin sosial müdafiəsi

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 2014-cü ildə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 5.113,3 min manata qarşı 4.815,1 min manat və ya 94,2 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1.636,5 min manata qarşı 1.244,4 min manat və ya 76,0 % yerinə yetirilmişdir. Şöbədə 27 min 390 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövründə ümumilikdə 1295 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2014-cü il ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 3449 ailə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 2808 ailəyə ünvanlı dövlət sosial yardım təyinatı aparılmış, 639 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Həmçinin il ərzində 7514 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 6 milyon 908,2 min manat vəsait ödənilmişdir.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ