YAŞAMAQ iSTƏYiRƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
50842 | 2010-03-20 01:05
Həyat bəlkə də bir andı, bəlkə də bir gündü, bəlkə də bir ildi, bəlkə də qərinədi, deyə bilmərəm. Çünki həyat o qədər sirli, o qədər müəmmalıdır ki, ondan baş açmağa, onunla dil tapmağa, ən az dünya boyda səbr, elə dünyanın özü boydada qavramaq, düşünmək, anlamaq imkanı olmalıdır. Çünki bu həyat insana bir dəfə verilir. Təbii ki, mən də onun bir dəfə verildiyini kitablardan oxumuşam, böyüklərdən eşitmişəm, sonra da yaşadıqca görürəm. Deməli, bu sirli-soraqlı dünyanın payımıza düşən hissəsi şirin olduğu qədər də, acıdı. Acı olduğu qədər də müəmmalıdır... müəmmalı olduğu qədər də cəlbedicidi... cəlbedici olduğu qədər də yorucu, üzücüdü... amma bütün bunlara baxmayaraq həm də yaşamalıdı.
   
   Mən bu yazını yazmağa başlayanda bircə məqamı göz altına almışdım. Məmləkətimizdə Novruz günləri yaşanır və bizim oxucularla növbəti görüşümüz mart ayının 30-na təsadüf edir. Amma 30-dan bir gün öncə isə bu dünyanın çox dəyərli bir adamının "Ədalət" qəzetinin çox maraqlı bir yazarının Tanrıya qovuşmasının 40-cı günü tamam olur. Yəni, martın 29-da Vahid Əlifoğlu ünvanlı bir şairin, bir publisistin, bir köşə yazarının namərd dünyaya qəfləti əlvida deməsinin 40 günü tamam olur. Deməli, oxucularla, sözü, qələmi qiymətləndirənlərlə ayrılığın 40 günü...
   
   Mən bilmirəm, kimlər nə düşündü, kimlərin ağlından nə gəldi keçdi. Ümumiyyətlə, Vahidin yoxluğunu kimlər necə yaşadı, necə qəbul etdi. Heç bilmək də istəmirəm. Çünki mənim bilib bilməməyimlə heç nə dəyişməyəcək. Burada da nə oxucuların, nə söz xiridarlarının, nə də bütövlükdə insanların günahı yoxdur. Yeganə günahkar zəmanə və onun hakimi olan bir Əzrail adlı mələkdi. Zaman diqtəsini edir, Əzrayil qərarını verir. Tamam olan gündə, tamam olan saatda, tamam olan məqamda bəlli yerdə olumla ölümün çözümü baş tutur. Bax, indi Vahid Əlifoğlunun nə günahı var ki, o bu dünyanın, bu zamanın, bütövlükdə bu insanların çiyindaşlarından, yol yoldaşlarından, həmsöhbətlərindən, lap elə həmxanələrindən biri olub və artıq... deyil.
   
   Bir dəfə Vahidlə söhbət əsnasında dünyadan nakam gedən dostlardan, qələm adamlarından danışırdıq. Füzuli rayonunda nəşr olunan "Araz" qəzetinin Sabir Rüstəmov adlı bir şöbə müdiri vardı. Gözəl qələm sahibi idi. Gözəl poeziya, şeir duyumu var idi. Yazılarını bulaq suyu kimi içirdik. Şeirlərini yaz mehi kimi canımıza hopdururduq. Çox erkən itirdik. Tikib başa çatdırdığı evində yaşamaq imkanı da olmadı, amma oxucularının, sözü, qələmi qiymətləndirənlərin yadında qaldı. Vahidlə onu xatırladıq və hardansa ağlımıza gəldi ki, bəlkə də dünyanın ən xoşbəxt adamlarından biri elə Sabir Rüstəmov imiş. Çünki həyatın indiki durumunu, zamanın indiki acılarını görmədən, köçkünlüyü, yurdsuzluğu yaşamadan doğulduğu ünvanda, yaşadığı Füzuli adlı şəhərdə haqqa qovuşdu.
   
   Hə, biz doğulandan yaşadığımız günlərin hər bir anına qədər ancaq ümidlə, sabaha qovuşmaq arzusu ilə yaşayırıq. Elə bilirik ki, sabahkı günümüz bu günkü əzab-əziyyətlərə son qoyacaq. Ağrılarımız, acılarımız bitəcək. Amma bilmirik ki, hər günün özünə görə ağrısı-acısı var. Elə Vahid Əlifoğlunun yarımçıq qoyub getdiyi bu ömrün indiki anları kimi...
   
   
   
   Namərdlik etdi
   
   yarı yolda atıb
   
   canını götürüb -
   
   heç nə demədən
   
   çıxıb getdi
   
   Əlifin oğlu Vahid
   
   Bu dünyadan...
   
   
   
   Heç belə etməzdi
   
   yarı yol getməzdi
   
   canını götürməzdi
   
   və nəsə deməzdi
   
   qızlarından başqa
   
   kimsəyə
   
   indi bəs niyə-
   
   belə etdi
   
   Əlifin oğlu Vahid
   
   bu dünyada...
   
   
   
   buluddanmı küsdü -
   
   yağmırdı deyə...
   
   ümiddənmi küsdü -
   
   çəkilmişdi göyə...
   
   qələmdənmi küsdü
   
   qul olmuşdu çörəyə
   
   hələ də bilmirəm
   
   niyə -
   
   mina basdırdı
   
   öz əli ilə
   
   şair ürəyinə
   
   Əlifin oğlu Vahid
   
   bu dünyada...
   
   
   
   indi sözləri ilə danışıram
   
   şəkildəki gözləri ilə danışıram
   
   bütün gücümü
   
   toplayıb
   
   anlamağa çalışıram
   
   bu vaxtsız
   
   gedişin səbəbini
   
   gərək
   
   yarı yolda qoymayaydın -
   
   nə qəmini,
   
   nə qızlarını,
   
   nə də məni
   
   Əlifin oğlu Vahid
   
   bu dünyada...
   
   
   
   ***
   
   Bir dəfə söz-sözü çəkmişdi. Özü də elə-belə yox, səbəbi var idi. Səbəb isə yenə Vahidin özü idi. O, mədəsindəki cərrahiyyə əməliyyatı ilə bağlı Bakıdakı Elmi Tədqiqat İnstitutunda müalicə olunurdu. Qələm dostlarım, həmkarlarım Oqtay Salamov və Tofiq Abdin məndən xahiş etdilər ki, Vahidə baş çəkməyə gedəndə onlara da xəbər verim. Doğrusu, hər iki dostumun qiyabi tanıdığı, yalnız yazılarını oxuyub, imzasına bələd olduqları Vahidin görüşünə belə can atmaları məni həm sevindirdi və həm də bir az təəccübləndirdi. Açığını deyim ki, indiki məqamda bəzən ən yaxın insanlara da baş çəkməyə vaxt tapmırıq. O da ola qiyabi tanıdığın bir insan...
   
   Oqtay Salamov özünəməxsus yumoru və ciddiyyəti ilə dedi:
   
   - Elə bilmə qardaşını əlindən alırıq, o bizə də doğmadı. Xırda bir bazarlıqla gedib şairin halını soruşaq. Ona da xoş olsun, bizə də.
   
   Bu münasibəti, bu ifadələri mənə yetirəndən də artıq bəs etdi. Necə deyərlər öz payımı götürdüm. Sən demə görmədən də, çörək kəsmədən də, ünsiyyət qurmadan da adamları imzası ilə, yazısı ilə tanımaq, sevmək, ülfət bağlamaq mümkün imiş . Mən Vahid haqqa qovuşanda bu xəbəri Tofiq Abdinin, Oqtay Salamovun necə qarşıladığını da gördüm, onların necə üzüldüyünün də şahidi oldum. Deməli, təxminimdə yanılmamışam. Görmədən, təmas qurmadan sevmək, itkisinə acımaq mümkün imiş.
   
   İndi bu sətirləri yazanda bir anlıq mənə elə gəldi ki, yazdıqlarımı Vahid özü oxuyur. Son nöqtədə iradını bildirəcək. Çünki o həmişə səbr göstərib, həmişə dözüm nümayiş etdiribdi. İstənilən bir adamın, daha çox isə mənim yazılarımı, şeirlərimi axıra kimi dinləyib və sonda da bircə kəlmə söz deyib. O da hər şeyi öz yerinə qoymaq, dəyərlindirmək kimi bir söz idi. Vahid Əlifoğlu ya "yaxşıdı" deyirdi, ya da "ə, ayrı işlə məşğul ol" söyləyirdi. Məncə, bu sözlərdən nəticə çıxarmaq mümkündü.
   
   
   
   Gecənin qaranlığını
   
   yarıb keçirdi işıq...
   
   o qaranlıq gecə tək
   
   fikirlərim qarışıq...
   
   
   
   bomboz bir çöllük və mən
   
   gözümü yorur boşluq
   
   bu yol boyu deyəsən
   
   içimi sorur boşluq
   
   
   
   hüznü görkəmimdə
   
   sənsizlik tökülür, dost...
   
   qaranlıq və boşluqdan
   
   dan yeri sökülür, dost...
   
   
   
   getdiyim yol gecədən
   
   sübhə doğru uzanır
   
   bizim aramızdakı
   
   məsafələr azalır...
   
   
   
   ***
   
   Orta məktəbin yuxarı siniflərində oxuyanda əlimə bir kitab düşdü. Üstündə yazılmışdı "Yaşamaq istəyirəm". Qulu Xəliliovun müəllifi olduğu bu əsəri dönə-dönə oxudum. Ordakı məqamlar, ordakı təsvirlər, bütövlükdə bu kitabdakı həyat və insan münasibətlərinin bir-birinə qarşı həm doğmalıq, həm də üsyan nümayiş etdirməsi məni yerimdən oynatmışdı. Heç cürə müəllifin, onun qəhrəmanının yaşamaq istəyini anlaya bilmirdim. Cərrah pıçağı altına böyük ümidlərlə gedən qəhrəmanın çoxsaylı əməliyyatlardan öncə və sonra yaşadıqları mənə yuxu kimi, nağıl kimi gəlirdi. Həm inanırdım, həm də bütün bunları yazıçı təxəyyülünün məhsulu hesab edirdim. Sonralar, özü də lap çox sonralar yanıldığımı anladım. Başa düşdüm ki, sən demə "Yaşamaq istəyirəm"ə münasibətimdə yanlışlığa yol vermişəm. Çünki həyat hər anı ilə, hər məqamı ilə, maraqlı idi və o hər bir anın özündə neçə-neçə anlar birləşibmiş. Sadəcə, biz o anları ya görməmişik, ya duymamışıq, ya da onları görüb, duymaq istəmədən yanından ötüb keçmişik, özü də etinasız bir şəkildə.
   
   Vahid Əlifoğlu mədəsindən əməliyyat olunanda təkcə özü yox, həm də əməliyyat otağından bayırda onu gözləyən yaxınları böyük bir sarsıntı yaşadılar. Təsəvvür edin ki, altı-yeddi saat çəkən bu əməliyyat şəxsən mənim ağlımdan min cür fikirlərin gəlib keçməsinə səbəb oldu. Əməliyyat otağından çıxan ağ xalatlı hər kəsə çox qəribə nəzərlərlə baxırdım. Elə bilirdim ki, onlardan hansısa biri ya şad xəbər gətirəcək, ya da əməliyyatın uğursuz başa çatdığını söyləyəcək. Mən bunların heç birinə hazır deyildim. Şad xəbərə də, acı xəbərə də. Çünki Vahid özü məni elə kökləmişdi ki, həmin xəbərlər barədə düşünməyə canımda güc qalmamışdı. Sadəcə o bircə kəlmə söz demişdi:
   
   - Narahat olmağa dəyməz. İş adam başına gələr...
   
   Bəli, atalar da deyib ki, iş insanın başına gəlir, dağın-daşın yox. Həmin görkəmi ilə, həmin dediyi sözlərin yaratdığı aura ilə Vahid elə özü-özlüyündə mənim gözümdə bir dağ olmuşdu. Başı qarlı, uca bir dağ. O dağa yalnız aşağıdan yuxarı baxmaq mümkün idi. Baxdıqca da istər-istəməz həm heyrətlənir, həm də ona doğma olmaqdan qürur duyurdum. Düşünürdüm ki, nə yaxşı bu cür qələm adamının, bu təbiətli, bu ürəkli bir insanın dostuyam.
   
   
   
   İndi gözlərimin sahibi həsrət
   
   Nə qədər qaçsam da bəllidi qismət
   
   Mən dəvə dözümlü, mən mələk xislət-
   
   Dözüb ərimirəm çəkdiklərimdən
   
   
   
   Qalıb qəm əlində, didilir yaxam
   
   Qoymur üz çevirib bir səmtə baxam
   
   İlahi, mən axı nə boyda dağam -
   
   Dözüb ərimirəm çəkdiklərimdən
   
   
   
   Qızınan göz yumur halal istimə
   
   Kədər qəh-qəh çəkib gülür üstümə
   
   Haqlı da, haqsız da gəlir üstümə -
   
   Dözüb ərimirəm çəkdiklərimdən.
   
   
   
   Sonumu öncədən görən kimiyəm
   
   Özü-öz torunu hörən kimiyəm
   
   Mən polad əridən kürə kimiyəm
   
   Dözüb ərimirəm çəkdiklərimdən.
   
   
   
   Hə, indi fikirləşirəm ki, bir az da yaşamağa, bir az da bu dünya ilə vuruşmağa ehtiyac var. Çünki yarımçıq işlər yaman çox qalıb. Özü də təkcə mənim yox. Həm də Vahidin. Barmaq sayından çox yarımçıq işləri qalıb. Mənim də, elə Vahidi mənim qədər sevənlərin də boynunda bir haqdı bu. Yaşayıb o yarımçıq işlərin heç olmasa bir qismini başa çatdırmaq. İndi bilmirəm Tanrı buna imkan verəcək, ya yox. Amma içimdə əcəldən bir umacaq var. O da möhlətdi. Azacıq möhlət. Lap azacıq yaşamaq istəyirəm.

TƏQVİM / ARXİV