adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ARAğIN TARiXi..

BABƏK YUSİFOĞLU
56018 | 2010-03-16 01:17
Dünya ən müxtəlif kəşflər nəticəsində gəlib belə müasirləşib, insanların yaşam tərzi əvvəlkilərdən inanılmaz şəkildə fərqlənir. Maraqlar dəyişib, məqsədlər, düşüncə tərzi, məişəti, ictimai-sosial qayğılar, hətta mətbəxləri, əylənmə istəkləri də dəyişib. Bir sıra mütəxəssislərin qənaətinə görə, kəşflər, ixtiralar dövr dəyişdikcə cəmiyyətin duyduğu ehtiyaclar üzündən baş verib. Və bu proses heç vaxt bitməyəcək, sonsuzluğa qədər davam edəcək. Gələcəkdə insanlar ağıllarında, təsəvvürlərində belə olmayan şeylərə sahib olacaqlar.Bəs görəsən indi insanların həyatında, məişətində xüsusi yer tutan spirtli içkilər, xüsusən də araq nə vaxt, necə, harada yaranıb?
   
   Bu haqda çoxlarının müəyyən məlumatları olsa da məsələni daha səhih və ətraflı bilmək heç də pis olmazdı. Məlumdur ki, şərab, yəni çaxırın ulu əcdadları digər spirtli içkilərə görə çox "yaşlıdı". Onun icad olunması haradasa bizim eradan əvvələrə gedib çıxır. Və bu haqda ən müxtəlif versiyalar mövcuddur. Mənim söhbət açmaq istədiyim araq adlandırdığımız içki haqqındadı. Amma onu da qeyd edim ki, bu gün bu spirtli içki dünyada məhz vodka kimi tanınır və qəbul edilir. Onun üçün də yazıda bu addan da istifadə edəcəyəm.
   
   Əslində vodkanın "əcdadı" nə rusiyada, nə də hansısa Avropa ölkəsində yaranıb. Qəribə səslənsə də bu içkinin prototipi 11-ci əsrdə fars həkimi Ar-Rarzi tərəfindən hazırlanıb. İlk dəfə olaraq o, etonolu - etil spirtini distilə yolu ilə ala bilib. Amma sonralar bundan qısa müddətdə istifadə olunub. Çünki islam spirtli içkini qadağan etdiyi üçün müsəlman Şərqində bundan yalnız tibbi işlərdə, hətta ətirlərin hazırlanmasında da istifadə ediblər. Amma bu Şərqdə "gizlənib" qalmadı. O, bir müddətdən sonra Avropaya da "ayaq açdı".
   
   
   
   İTALİYALI KİMYAÇI-MONAX VALENTİUS
   
   
   
   da uzun çalışmalardan sonra etil spirtinin alınmasına nail oldu. Və beləliklə Ar-Rarzi tərəfindən əsası qoyulan vodka Xristian Avropada yayılmağa başladı. Belə ki, italyan Monaxdan sonra fransızlar bu sahədə irəlilədilər. Bununla da bu "odlu maye"nin Avropada qoxusu duyulmağa başladı. Amma uzun dövrlər avropalılar bundan içki kimi istifadə etsələr də, onun tərkibinə müxtəlif cür əlavələr etsələr də bu spirtli içkiyə şöhrət qazandırmadı. Bir çox hallarda ondan çox ucuz barlarda, meyxanalarda istifadə edildi. Onun hazırlanmasında bir qəlib də olmadığı üçün bu içki özünə nə ad, nə də diqqət qazandıra bilmədi. Lakin buna baxmayaraq müəyyən müddətdən sonra bəzi istehsalçılar bu vodkanın keyfiyyətini yaxşılaşdıra bildilər. Məhz bundan sonra onun istifadə dairəsi artmağa başladı. Amma tarix onu addım-addım əsl "evinə" tərəf daşımaqdaydı. Ona dünyanın şöhrətini qazandıracaq ölkəyə gətirəcəkdilər. Avropada isə
   
   
   
   VODKA
   
   
   
   nəhayət 14-cü əsrin sonlarında Rusiyaya gəldi. 1386-cı ildə genuyalı səfir Moskvaya özü ilə "canlı su" - vodka gətirdi və onu knyaz Dmitri Donskoya təqdim elədi. Avropada isə bu nişastalı və şəkərli maddələrin acımamış həlimindən ibarət qatı mayedən əldə edilmiş "canlı su"dan əksər müasir tünd içkilər - brendi, konyak, viski, şnaps yaranmışdı. Və artıq bu içkinin "ruh"u hesab edilən konsentrat spirt (latınca spiritus vini) adlanmağa başladı. "Akva vita" universal dərman kimi 1429-cu ildə yenidən bir əcnəbi tərəfindən Moskvaya gətirildi. Knyaz 2-ci Vasilinin sarayında onun tündlüyünü bir qədər azaltmaq üçün su ilə qarşıdırdılar. Və göründüyü kimi bu hadisə məhşur rus vodkasının istehsalında əsas rol oynadı. Amma bu dəfə təbii ki, buğdadan. Qeyd edim ki, bu proses üçün də böyük bir zaman gərək oldu.
   
   Rusiyada ilk vodkanın istehsalı yarım əsrdən sonra - 15-ci əsrin ikinci yarısında baş verdi. Və rus istehsalçıları bu sahədə digərlərindən daha irəli getdilər. Belə ki, artıq 16-cı əsrin əvvələrində Rusiyaya deyil, Rusiyadan "odlu şərab" bütün dünyaya daşınmağa başladı. Və digər yerlərdə istehsal olunan vodkaları kölgədə qoydu. Onu da qeyd edək ki, "vodka" sözü də 17-18-ci yüzilliklərdə Rusiyada yarandı. Bu da onunla bağlı idi ki, bu, "voda"nın "odlu" "su" ilə qarışığından hazırlanırdı. Vodkanın istehsalında Rusiya getdikcə daha yaxşı nəticələr əldə edirdi. Və 1-ci Pyotrun epoxasında Rusiyada "vodka kralları"nın, zavod sahiblərinin sülaləsinin əsası qoyuldu. 1716-cı ildə Rusiya imperatoru mülkədarlara və kupeçlərə öz torpaqlarında şərab istehsalı ilə məşğul olmağa icazə verdi. Bununla da Rusiyada bu sahənin inkişafı daha sürətləndi.
   
    Kraliça 2-ci Yekatrina dövründə də - 18-ci əsrin ortalarında şərabçılıqla məşğul olan mülkədarlara imtiyazlar verdi. Beləliklə zirzəmilərdə, təsadüfi tikililərdə istehsal olunan vodka inanılmaz səviyyədə inkişafa qədəm qoydu. 19-cu əsrdə digər imperator da bu sahəni diqqətdə saxladı. Hətta müəyyən dövrlərdə vodkanın istehsalı inhisara da alındı. Bundan sonra istehsalçılar bu içkinin keyfiyyətini qaldırmağa məcbur oldular. Çünki rəqabət və tələb onlardan bunu istəyirdi. Həmin dövrlərdə vodkanın təmizlənməsi üçün heyvanların təbii zülalından - süddən, yumurta zülalından istifadə olunurdu. Məhz o zamanlar Kurakin knyazlarının, Şeremetev və Rumyantsev və s. qraflarının hazırladıqları vodkalar böyük reputasiya qazanmışdı. Artıq hər yerdə bu istehsalçıların araqlarını istəyirdilər. 19-cu əsrin sonlarında Rusiyada ilk dəfə vodka üçün dövlət standartları müəyyənləşdirildi və tətbiq edildi. Amma bütün bunlar hələ də əsl vodka, araq səviyyəsində deyildilər. Vodka monopoliyasının komissiya üzvləri olan dövrün kimyaçı alimləri Dmitri Mendeleyev və Nikolay Zelinskiy əsas rol oynadılar.
   
   DMİTRİ MENDELEYEV
   
   
   
   ilk dəfə olaraq vodkanın tərkibini işləyib hazırladı. O kəşf etdi ki, məhz vodkanın tündlüyü 40 dərəcə təşkil etməlidir. Ondan yüksəyi və ya əskiyi hər yeri dolaşsa da effekti olmamışdı. Və beləliklə o, 1865-ci ildə 31 yanvarda özünün "Spirtlə suyun qarışması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etməklə vodkanın - Rus arağının yaradıcısı kimi məşhurlaşdı. 1894-cü ildə bu kəşfin müəlliflik hüququ ona verildi. ("Moskovskaya osobennaya" "Osobaya"). Əsl vodka tünd alkoqollu içki sayılır və təmizlənmiş etil (qida üçün) spirtinin su ilə qarışığından hazırlanır. Bunun üçün su ilə qarışdırılmış spirt aktivləşdirilmiş kömürdən süzülərək filtirdən keçirilir. Və bundan sonra onun tərkibinə müxtəlif meyvə, ot və s. cövhərlər əlavə edilir. Bundan başqa digər araq növləri var ki, onları meyvələrdən düzəldirlər. Xüsusi hazırlanmış araqlar da istehsal edilir ki, onların tərkibinə ətirli məmulatlar, müxtəlif efir yağları da əlavə edilir.
   
   Mendeleyevin bu kəşfindən sonra Rus vodkası demək olar ki, dünyanı fəth etdi. Amma qeyd etmək lazımdı ki, araq heç də bütün dövrlərdə Rusiya iqtidarları tərəfindən özünə dəstək qazanıb. Xeyir. Elə dövrlər olub Rusiyada müxtəlif dövrlərdə "suxoy zakon" tətbiq edilib və həmin dövrlər demək olar ki, rus arağı özünün ən acınacaqlı dövrünü yaşayıb. Rus - yapon müharibəsi dövründə bir sıra böyük quberniyalarda araq ticarəti qəti qadağan edilib. Birinci Dünya Müharibəsinin ilk dövrlərində araq bütün Rusiya imperiyasında qadağan edildi. Və bu uzun müddət davam etdi. Yalnız sovet dövləti qurulduqdan bir qədər sonra - 1923-cü ildən başlayaraq bu qadağa aradan qaldırıldı. Amma onda da yalnız 20 faizli araqların istehsalına icazə verildi. Bir il sonra - 1924-cü ildə isə arağın 30 faiz tündlüklə buraxılmasına icazə verildi. Yalnız 1928-ci ildən arağın tərkibi və istehsalı ilə bağlı bütün qadağalar aradan götürüldü. İkinci Dünya Müharibəsi dövründə, əsasən də şaxtalı mərhələlərdə araqdan istifadə edilib. Hətta təhqiqatçıların dedikləridən məlum olur ki, bir sıra ağır döyüşlərdə vodka əsgərlərin döyüş qabiliyyətini yüksəltmək üçün də istifadə edilib.
   
    Rusiya Federasiyası qurulduqdan sonra vodka müəyyən mərhələlərdə dövlət monopolyasına alınsada ona nəzarəti tam həyata keçirmək mümkün olmadı. Bu üzdən də dövlət bu məsələdə müəyyən güzəştlərə getməli oldu. Amma onu mütləq qeyd etmək lazımdır ki, məişət mədəniyyətinin bir elementi kimi araqın rus həyatının tarixində spesfik bir yeri var. Hətta elə dövrlər olub ki, "bir şüşə vodka" vahid ödəmə vasitəsi rolunu da oynayıb. Bu, əyalətlərdə daha çox özünü göstərib. İnsanlar digər ərzaqları və ya ödəmələri pul əvəzinə "...şüşə vodka" ilə ödəşiblər. Rus həyatının ən müxtəlif qatlarına sirayət edən vodka hətta balalayka kimi, "matroşka" kimi Rusiyanın milli simvolu tək qəbul edilir.
   
    Bu içki bizdə də kifayət qədər populyardı. Sovet dövründə Azərbaycanda da araq zavodları quruldu və onun kütləvi istehsalına başlandı. Hazırda spirtli içkilər sırasında ən çox istifadə olunan, istehsalçılara ən çox mənfəət verən araqdır. Və yəqin ki, hələ uzun müddət vodka öz liderliyini qoruyub saxlayacaq. Çünki zaman keçdikcə arağın da növləri artır.
   
   
   
    P.S. Təxminən ayyarım bundan qabaq vodkanın 145 "YAŞI TAMAM OLDU". Yəqin ki, vodkanı sevənlərin, onu içənlərin əksəriyyəti bunun fərqində olmayıblar. Yoxsa mütləq bu "ad gününü qeyd edərdilər". Xatırlayıb həyata keçirənlərə isə "nuş olsun" deyirik.
   
   
   
   

TƏQVİM / ARXİV