adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ATA çATMAğA BiR GüN QALMIŞ...

VAHİD ƏLİFOĞLU
22470 | 2010-03-13 00:41
... Allah onları atadan bir, anadan bir yaratdı ki, bir yerdə yaşayıb həmrəng olmasalar da, həmxasiyyət olsunlar. Amma onlar həmxasiyyət olmadılar, həmrəng oldular...
   
   ... Yaşamaq, həm də nəyəsə narahat olmaq deməkdi. Bilmirəm, hardansa ağlıma gəldi ki, bu günün rəngi boz rəngdi. (Onsuz da heç kimin ağlına gəlməyənlər həmişə bizim ağlımıza gəlir - V.Ə). Və bozluğa özümü narahat olmuş kimi göstərməyə çalışdım. Məhz göstərməyə... Əslində heç narahat-zad deyildim. Elə bəlkə də ədəbiyyat deyilən şey bax, budu... Özünü nəyəsə yüklənmiş kimi göstərmək cəhdi... Halbuki oxucu da müəllifin çox vaxt "maskalandığını" hiss edir. sadəcə, ona görə özünü bilməməzliyə qoyur ki, özünün də oxucu "maskasında" olması müəyyən mənada əlverişlidi... Çadır qismən də olsa razılaşdığımız həyat tərzi olduğu üçün düşündüklərimizi ona, çadıra bağlamaq bir müddət cəlbedici görünürdü...
   
   ... Səhərdən işini-gücünü atıb yola baxırdı. Heç dəqiq də bilmirdi ki, bu yol hardan gəlib hara gedir. Yol əyləşdiyi yerdən xeyli yuxarıda idi və yolnan hərəkət edən nə varıdısa elə bil səhnədə hərəkət edirdi. Yolu səhnə kimi qəbul edib, özünü də tamaşaçı şəklində görürdü...
   
   Sonu görünməyən çadırlar da, çadırların arasında qaynaşan adamlar da boz rəngə çalırdı. Havada da, torpaqda da bir bozluq var idi. Bircə baxdığı şosse yolunun rəngi qaraydı və bu qaralıq bir daha bu yolun, bu çadırlara aidiyyatı olmadığına dəlalət edirdi... Əyilib ayaqqabılarına, şalvarına və pencəyinin ətəklərinə baxdı. Hamısı boz idi. çadırdan bozarmış tumanda, bozarmış qoftada bir arvad çıxdı. Boz rəngli çayı gətirib qoydu kişinin qabağına. Qənd qabı da, qəndqabının içindəki qəndlər də boza çalırdı... Darıxdı. Bu dünyada yeganə qara rəngdə olan yolnan atlı gedirdi. Atın dalınca şabalıdı rəngə dayça yorğalayırdı. At da şabalıdı rəngdə idi, atın üstündəki atlı da... "Atı atın yanında bağlayarsan həmrəng olmasa da, həmxasiyyət olar"... Bu sözləri bərkdən dedi. Çünki çadırın qapısından boz arvad başını çıxarıb soruşdu:
   
   - Mənnənsən, əşi?
   
   Kişi dinmədi. "Hə, çadırları da bir-birinin dizinin dibində tikdilər. Elə ona görə də hamısı eyni rəngdə oldu. Bəs niyə xasiyyətləri eyni olmadı?... Ömründə ilk dəfə özünü atalardan ağıllı bildi və bu məsəlin səhv olduğuna güldü. Özü də elə güldü ki, çadır adamından qeyri heç kim belə gülə bilməzdi... Beş dəqiqənin içində boz arvad ikinci dəfə boz çadırın qapısından başını bayıra çıxartmalı oldu. Bu dəfə heç nə soruşmadı. O da kişiyə qoşulub boz-boz güldü...
   
   ... "Hər şeyi içindən başladıq. Bax, bu düzdü. Evin içi çölündən vacibdi. Çadırın içi var, çölü yoxdu... Kişi evin nökəri olar, çölün bəyi. Burada hər şey tərsinədi... Yardım paylananda yardım paylayanın yanında nökərdən də aşağı oluruq... Biz evdə, arvadın yanında bəyik, çöldə hamının nökəri... Çadırlar elə evlərdi ki, onların heç vaxt çölü olmayacaq. Deməli, bizim çöldə bəy olmağımız qaldı"... "Qaldıdan" sonra çox söz deyə bilərdi, amma demədi. Axı, kimə deyəcəkdi ki?...
   
   ... Qarğı çəpərin arasındakı daş ev və bir də daş hasarla əhatə olunmuş qarğı çovustan... Hansının içində nökərçilik, hansının çölündə bəylik var?... Daş evin sahibəsi içəridə xanımdı, həyətdə, qarğı çəpərlə üz-üzə qulluqçu... Qarğı çovustanın sahibəsi içəridə qulluqçu idi, həyətdə üzü daş hasara xanımdı... Yazıq kişilər... Qabağa bax nökərsən, arxaya çevril, bəy...
   
   ... Dayça atdan qabağa keçdi. Atlı atı dəhmərlədi ki, dayçanı öz yerinə qaytarsın, mümkün olmadı. Heç at da dayçanı keçməyə maraqlı deyildi. Çünki o da, qara rəngli yola baxmaqdan yorulmuşdu, indi öz rənginə baxıb dincəlirdi...
   
   ... At da, atın qabağına keçmiş dayça da gözdən itdi. Elə o dəqiqə də yol bozardı. Güman ki, yolu da qara rəngdə göstərən şabalıdı rəng imiş. Sanki tamaşa qurtardı. Səhnənin qarşısını boz pərdə bağladı... Kişi bezib gözlərini yumdu. Ətrafına baxmamağa çalışdı. "İlahi, bu dünyanın boz rəngdə olmayanları hanı, bəs?"...
   
   ... Qalxıb, keçdi çadırın içinə. Ortalıqdakı qazandan boz rəngli buğ qalxırdı. Bomboz uşaqlar və boz arvad darışmışdılar nimçələrdəki boz düyünün canına... Bir təhər özünü çatdırdı bozarmış mitilə... Arxası üstə uzanıb, çadırın tavanına qədər uzanan bomboz siqaret tüstüsünün arxasınca baxırdı. Tüstü uzaqlaşdıqca boz rəng göyümtül rəngə keçirdi... Boz rəngin tezliklə bitəcəyinə az da olsa sevindi... Gün batırdı... Amma, bu axşamın da səhəri olmamış deyildi...
   
   ... Daşlı, çınqıllı cığır getdikcə dikə qalxırdı. İrəli baxmırdı. Gözləri tez-tez yerini dəyişən, qapqara tüklərlə örtülmüş eşşəyin ayaqlarına dikilmişdi. Bircə onu anlaya bilmirdi ki, eşşəyin belindədirsə, bəs onun ayaqlarının dördünüdə belə aydın şəkildə necə görür? Bəlkə bu ayaqlar onun mindiyi eşşəyin ayaqları deyil, heç?... Eşşəyin ayaqları tez-tez sürüşürdü və çınqıllar arxaya qaçırdı... Bu əlamətdən hiss edirdi ki, cığır yoxuşa gedir...
   
   - Yolçu qardaş, uğur olsun, haradı səfərin? Başını qaldırdı. Bu neçə gün ərzində ilk dəfə eşşəyin qulaqlarının arasından boylandı qabağa. Əvvəlcə bomboz, hündür dağları gördü. Sonra səs gələn tərəfə nəzərlərini "sürüşdürüb" ağ saçları ağ saqqalına qarışmış qocanı "tapdı". Qoca iri, boz daşın üstünə yəhər qoyub, əyləşmişdi yəhərdə. Donqarını çıxarıb irəli elə əyləşmişdi ki, sanki daşı at kimi çapırdı... Fikirləşmədən cavab verdi:
   
   - Baba, əlli ildi bu eşşəyin belindəyəm. Gedirəm ata çatmağa. Tay, mən də at minməliyəm, ya yox?...
   
   - Get bala, get. Az qalıb, lap az qalıb ata çatmağına. Mən də neçə il yol gedib bu ata çatdım - dedi və yəhərin altındakı daşı göstərdi...
   
   ... Cığır dağın ətəyindən keçib, gözlənilmədən ucsuz-bucaqsız bir düzənliyə çıxdı. Kişi eşşəyin başını özünə tərəf çəkib, əlini gözünün üstünə qoydu. Eşşək onsuz da yorulmuşdu. Dayanmağına xırda bir işarə də bəs idi, nəinki noxtanın geri dartılmağı... Düzənliyin ortası ilə saysız-hesabsız bir dəstə irəliləyirdi. Yüzlərlə eşşəkli düz onun üstünə gəlirdi...
   
   ... Başçı eşşəyin başını çəkib soruşdu:
   
   - Yolun haradı, yolçu qardaş?
   
   - Ata çatmaq istəyirəm. Eşşək minməkdən yorulmuşam...
   
   Başçı köksünü ötürüb, yorğun-yorğun dedi:
   
   - Qayıt geri, qardaş. Biz dünyanın axırına kimi getdik, ata çata bilmədik... Bizimki eşşəkdi. Bərk dayan, səni eşşəkdən də düşürməsinlər...
   
   ... Kişi çadırın dörd bir tərəfinə fırlanıb gözü dolusu baxırdı bomboz çadıra və öz-özünə deyirdi:
   
   - Min şükür, bu boz çadıra da, bu boz uşaqlara da, bu boz arvada da...

TƏQVİM / ARXİV