adalet.az header logo
  • Bakı 18°C

FIRILDAĞA KÖKLƏNƏN İSTEDAD

BABƏK YUSİFOĞLU
43238 | 2015-03-17 09:29
Görəsən insan oğlu malik olduğu xarakteri, vərdişləri, psixoloji-əqli imkanları sonradan, yəni yaşayaraq düşdüyü mühitdə qazanır, yoxsa hər şeyi irsən özüylə gətirir? Bir çoxları belə iddia edir ki, insanın bir fərd kimi formalaşmasında yaşadığı şərait ən başlıca rol oynayır. Genetik yaddaş, irsi xüsusiyyətlər əsaslı gücə sahib olmur. Ya da onlar müvafiq mühitin təsiri nəticəsində passivləşərək özlərini biruzə verə bilmirlər. Və fərdləri mühit formalaşdırır.

Əks fikirli mütəxəssislərə görə isə insan doğularkən özü ilə bərabər genetik kodlar, spesfik imkanlar gətirir və bu irsi xüsusiyyətlər dominant rola malik olurlar. Və şəxsi əhatə edən mühit ona ciddi təsir göstərə bilmir. Yəni, birisinin, məsələn, rəssam kimi yetişməsindən ötrü yaşadığı mühit onun formalaşmasında heç bir rol oynamır, bunun üçün sənətkarlar nəslindən olması yetərlidir. Əslində bu tendensiyalrı dəstəkləyən hər iki tərəfin də irəli sürdüyü dəlilləri, söykəndiyi faktları tamamən inkar etmək mümkün deyil. Çünki hər birinin doğru tərəfləri var və hər bir iddianın yetərincə örnəkləri də mövcuddur.

Bunlardan xeyli fərqli daha bir mühakimənin tərəfdarları da var ki, onlar da haqsız hesab edilmirlər. Onlara görə, insan oğlu hər iki versiyanın ortaq daşıyıcısıdır. Yəni, o həm mühitin, həm də irsi xüsusiyyətlərin birgə "məhsuludur".

Əlbəttə, bunların hər biri üzərində uzun-uzadı müzakirə, hətta elmi mübahisə aparmaq mümkündü. Lakin reallıq budur ki, bu versiyaların heç birinə "doğrudur" hökmü verilə bilməz. Bəlkə bunların elə hamısı yanlışdı, kimsənin anlamadığı tamam başqa qanunauyğunluqlar var? Axı nə həyat, nə də insan düsturlara, elmi nəzəriyyələrə, hesablamalarag sığmır. Və buna cəhd edənlərsə olsa-olsa öz versiyalarını söyləyirlərg

Frenk Abiqneyli tanıyırsınızmı?.. O haradan başlayıb, nələrdən keçib, harada dayanıb?..

(Əvvəli qəzetin 3 mart sayında)

"Kitti Korbett doğrudan da xeyirxah qarı çıxdı. Pit məni təqdim edəndən sonra ona vəziyyətim barədə eyni şeyləri söylədim. Aviakompaniyadakı işimin mənim üçün həyati-vacib məsələ olduğunu deməyi də unutmadım. Və Korbett bir qədər düşündükdən sonra telefonu götürüb bir neçə yerə zəng vurdu, ispanca nələrsə danışdı, ardınca daha bir yerə telefon açaraq:

-Sonya, mənəm, Kitti Korbett. Sənə vacib bir işim düşüb. 
- Dedi. Sonra mənim sözlərimi və istədiklərimi təkrarladı.
 - ...Bilirəm, Sonya, pasportsuz mümkün deyil. 
Bəlkə ona müvəqqəti bir pasport düzəldəsən?.. Sonra dostumuz onu cırıb tullayar... Anlayıram... - mənə sarı dönüb yavaşca soruşdu, 
- bəlkə doğum haqqında şəhadətnamən səninlədi?
- Xoşbəxtlikdən məndədi. Amma sürtüldüyü üçün bir az korlanıb. Amma yazıları oxunur".
Həmin an Frenk Abiqneyl "yaş kağızı"nın bir qədər korlandığını, "amma yazılar oxunur" deməsiylə Sonya adlı məmurun yanında yarana biləcək maneələrə bəhanələr üçün zəmin hazırlamışdı. Ondan ötrü adətən "A", "B", "V..." variantları öncədən düşünülmüş də ola bilərdi, ekspromt da. Lakin Frenkin ustalığı onda idi ki, bunların keyfiyyət fərqi qətiyyən mümkün deyildi. 
Bu bir istedadın təzahürüydü. "Xanım Kitti Sonyaya mehribanlıqla təşəkkür edib ona
 - "mən sənə borclu, yaxın günlərdə görüşərik" 
- söyləyərək sağollaşdı, təkrar mənə sarı dönüb
 - Belə, Frenk, əgər sabah səhər 10-dək Mexikoda Amerika səfirliyinə özünü çatdıra bilsən konsulun köməkçisi Sonya Qundersen sənə müvəqqəti pasport verə bilər. Sən özününkünü itirmisən də, aydındı?.. 

                                        ƏLVİDA, PİT... SALAM, SONYA...

Kitti Korbettdən ayrıldıqdan sonra otelə qayıdıb getmək üçün cəld əşyalarımı topladım. Ayrılarkən mənim üçün çəkdiyi bütün əziyyətlərin əvəzi olaraq Pitə bir yüksək məbləğli çek verməyi də unutmadım. Əlbəttə, gerçək çek deyil, saxtasını.

Mexikoya çatan kimi əşyalarımı saxlama kamerasında qoyaraq saat 9:45 də "Pan Am" pilotu uni-formasında artıq Sonya Qundersenin kabinetindəydim. Vaxtını boşa sərf etməyi xoşlamayan, ciddi görnüşlü sarışın miss Qundersen müqəddəməsiz-filansız doğum haqqında şəhadətnaməmi istədi. Sənədi alıb baxarkən isə sual dolu nəzərlərini üzümə dikib dilləndi:

- Məncə Kitti sizi mənə Frenk Uilyams kimi təqdim etdi. Amma burda sizin Frenk U. Abiqneyl olduğunuz yazılıb...

-Hə bu belədi... Siz ki xanım Kittini tanıyırsınız, dünən o, içdiyimiz şampanın bir qədər təsiri altındaydı və orada da məni hər kəsə Frenk Uilyams kimi təqdim edirdi. Yəqin sizə mənim kimliyimi tam şəkildə söyləyib: Frenk Uilyam Abiqneyl".

O inamsız da olsa mənimlə razılaşdı:

-Zəhrimara qalmış bu Meksika telefon xətləri... Onun dediyi sözlər doğrudan da aydın eşidilmirdi. Hər halda "Pan Am"ın pilotusunuz və bu belədi...

Müvəqqəti pasportum üçün elə oradaca şəkilimi çəkdirib verdim və bir neçə saatdan sonra qaydasında olan sənədlərimlə Londona uçan təyyarədəydim. Özü də bura gəldiyimdən daha çox varlıydım..."

        "PİLOT" "UNİVERSİTET MÜƏLLİMİNƏ", "HƏKİM"Ə ÇEVRİLDİ...

Frenk Abiqneyl həyatının həmin dövründə artıq hiss etmişdi ki, uzun müddət "pilot" kimi fəaliyyət göstərməklə çox təhlükəli fazaya daxil olub. Çünki onu belə tanıyanların sırası çox genişləınmişdi. Tezliklə "sənətini" dəyişməliydi. Briqma Yanq Universiteti və orada çalışan insanlar haqqında ətraflı məlumat topladıqdan sonra özü üçün Frenk Adams adına Kolumbiya Universitetinin diplomunu düzəldərək orada çalışmağa başladı.

Bioqrafların araşdırmalarından aydın olur ki, Frenk Abiqneylin çox böyük ustalıqla hazırladığı sənədlərin saxta olduğunu bilmək hədsiz dərəcədə çətin idi. Hər hansı bir sənədin, yaxud bank çekinin həqiqi olmadığını yalnız ciddi yoxlamalardan sonra müəyyən etmək mümkün idi ki, super-peşəkar fırıldaqçının davranışları üzə çıxa biləcək kiçik ehtimalı da heçə endirirdi.

Universitetdə müəllim kimi tam bir smestr "sosialogiya" intizamından "mühazirələr" oxuyan Abiqneyl buradan da getmək qərarına gəldi. Çünki daha "cəzbedici" bir peşəni hədəfləmişdi: həkim-pediatr. Bu sahəyə aid saxta sənədlər düzəltdikdən sonra özünü Corcia ştatındakı xəstəxanalardan birinin Frenk Konners adlı həkimi kimi təqdim edərək "fəaliyyətə" başladı. Tam səkkiz aylıq "çalışmalar"dan sonra yenidən "ixtisasını" dəyişmək istədi.

                                                      PROKURORLUĞA?..

Bioqraflar qeyd edirlər ki, Frenk Abiqneyl risqli işlər görməkdən, mürəkkəb situasiyalardan çıxıb pul əldə etməkdən xüsusi zövq alırmış. Bu məşğuliyyət onu o qədər özünə cəlb etmişdi ki, artıq hər yerdə axtarıldığına baxmayaraq onun üçün daha təhlükəli ola biləcək yerlərə də əl uzatmağa başlamışdı. Bəlkə də heç bir super-fırıldaqçının risq edə bilməyəcəyi bir sahəyə girişmişdi. Belə ki, növbəti qadın dostlarının birinə Harvard Universitetinin məzunu olduğunu və özünə layiq yaxşı bir yerdə iş axtardığını söyləmişdi. Və ardı onun hesabladığı kimi də getmişdi. Frenk o xanımın vasitəsiylə hörmətli bir hüquqşünasla tanış olmuşdu ki, həmin hüquqşünas da Frenki vakant yeri tutmaq üçün yoxlamadan keçməyə dəvət eləmişdi.

Maraqlıdır, cəmi iki aylıq hazırlıqdan sonra iki dəfə sınaqdan keçə bilməsə də nəhayət növbəti təşəbbüsdə istəyini əldə edən Frenk Luiziana ştatının baş prokurorluğunda işə düzəldi. Əlbəttə, həm bu cəsarətə, həm bu bacarığa, həm də bu şansa görə Frenk Abiqneylə heyrətlənməmək mümkün deyil. Durmadan qanunları pozan, sürəkli cinayət törədən, saxtakarlıqla böyük pulları mənimsəyən qaranlıq dünyanın hansı nümayəndəsi risq alıb prokurorluğa qədər əl uzadardı?..

Lakin o bunu da etdi. O da düzdü ki, Frenk Abiqneyl prokurorluqda uzun müddət çalışmadı. Bir ili tamam olmadan öz xahişiylə işdən getdi. Harvard Universitetinin daha bir məzunun onlarıın yanında işə düzəlməsi əslində Frenkin gedişini sürətləndirmişdi. Çünki hər an yalanları ortaya çıxa bilərdi.

                     USTA FIRILDAQÇININ HƏBSİ VƏ FTB İLƏ ANLAŞMA

Amma görünür kim olursa-olsun, peşəkarlığı hansı səviyyəyə çatırsa-çatsın qüsursuz, ideal kimsə yoxdur. Belə ki, günlərin birində izinə düşən saysız-hesabsız əməliyyatçıların əlindən qurtula bilmədi. Yaxalanaraq həbs edildi. Bioqrafların yazdığına görə, Frenk Abiqneyl Fransada tutulanda onu axtaran düz 12 ölkənin hüquq-mühafizə orqanları rəsmi şəkildə usta fırıldaqçını Parisdən tələb etdilər ki, cəzasını özləri versinlər. Lakin Fransız məhkəməsi iki gün ərzində işə baxaraq Frenk Abiqneyli bir il müddətinə həbsə məhkum etdi.

Qəribə də olsa bir qədər sonra onun cəzası niyəsə 6 aya endirildi. Və bunun ardınca da o, Fransadan İsveçə ekstradisiya olundu. Lakin bu son deyildi. İtaliya məhkəməsində də onun fırıldaqlarının növbəti araşdırılmasına başlanıldı. Amma bütün bunlara baxmayaraq bu məşhur fırıldaqçı ABŞ-a gətirildi. 1971-ci ilin aprelində Virciniya ştatının məhkəməsi Frenki 12 illik müddətinə azadlıqdan məhrum etdi. Amma...
Amma bundan sonra çox nadir hadisələrdən biri baş verdi. Frenk Abiqneyl ona kəsilmiş cəzanın illərini "yola verdiyi" vaxt Amerika Federal Təhqiqatlar Bürosu (FTB - "FBR") onunla danışıqlara girib gizli əməkdaşlıq təklifində bulundu. Təklif belə idi: Frenk Abiqneyl ilk növbədə əməllərindən əl çəkir və Büroyla əməkdaşlığa razı olur, qarşılığında hökumət də onun cəzasını yüngülləşdirir. Onun üçün bundan yaxşı nə ola bilərdi? Həyatı türmədə çürütməyin nə mənası vardı ki? Razılaşma alındı. Artıq cəzasının dörd ilini başa vurmuş Frenk azadlığa buraxıldı.

Təbii ki, həbsdən sonra onun üçün normal bir iş tapmaq müşkül bir məsələyə çevrildi. Frenk öz keçmişini nə qədər gizlətməyə çalışsa da, onu işə götürmək istəyənlər öyrəndikləri məlumatlardan sonra əməkdaşlıqdan boyun qaçırırdılar. Amma Abiqneyl çox orijinal bir çıxış yolu tapdı. O, bank kontoruna sənədlərdə, ödəmələrdə, hesablarda təhlükəsizliyin təmin olunması üçün öz xidmətlərini təklif etdi. Onun planlarını nəzərdən keçirən rəhbərlik məmnuniyyətlə razılaşdı. Və beləliklə, Frenk Abiqneyl bir zamanlar hər çür fırıldaqlarla başlarına oyun açdığı bank sisteminin təhlükəsiliyini leqal şəkildə qorumaqla məşğul olmağa başladı.

Əlbəttə, FTB də onun məsləhətlərindən yararlanmağı davam etdirirdi. Öz işlərinin peşəkarı olan Abiqneyl göstərdiyi xidmətlərinə görə, qanuni şəkildə yüksək qazanc əldə etməyə başladı.

                                           İSTEDAD HƏR YERDƏ İSTEDADDI


Məhz belə uğurlu çalışmaları elə bir həddə gəlib çatdı ki, Frenkin Oklahomada, Talesdə qurduğu "Abiqneyle & Associates" Agentliyi beynəlxalq nüfuza malik nəhəng maliyyə qurumlarının apardığı əməliyyatlardakı təhlükəsizlik məsələlərinin konsultantına çevrildi. Və qeyd edim ki, Frenkin Agentliyi hazırda 14. 000 kompaniyanı saxtakarlıqdan, fırıldaq əməliyyatlardan qorumaq işini üzərinə götürüb. Bundan başqa, Frenk Abiqneyl FTB-nin ixtisas Akademiyasında mühazirələr də oxuyur.

Həbsdən sonra keçmiş "peşəsi"nə əlvida deyərək şəxsi həyatında böyük dəyişikliklər edib evlənən Frenk Abiqneyl qurduğu qanuni bizneslə böyük pullar qazanmağı da bacardı. Hazırda onun adı rəsmi milyarderlər sırasındadı. Onun müxtəlif sahələrdə çalışan üç oğlu da var. Hətta övladlarından biri hazırda FTB-də işləyir. Lakin bu qeyri-adi fırıldaqçının inanılmaz macəraları, kriminal olaylar hələ də Amerikada unudulmayıb. Və bu, bir az da onun haqqında yazılanlarla, haqqında çəkilən filmlə bağlıdır. "Əgər bacarırsansa məni yaxala" filmi sözün əsl mənasında onu dünyaya tanıtdı.

Hazırda 67 yaşındakı Frenk Abiqneyl keçmişi haqqında danışmağa çox həvəsli olmasa da hərdən, əhvalının yaxşı vaxtlarında yaşadığı inanılmaz olayların ayrı-ayrı epizodlarını xatırlayıb dərin düşüncələrə qapılır. Axı o bunları necə bacarmışdı...

BABƏK YUSİFOĞLU 
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV