YOLUNU AZANLAR...

FAİQ QİSMƏTOĞLU
26181 | 2010-03-13 00:41
İndi qəribə bir vəziyyət yaranıb. Ona görə ki, bir çoxlarımız uşaqlarımızı böyüdəndə onların əksər halda necə tərbiyə almasını yaddan çıxarırıq. Daha doğrusu, başımız iş-gücə elə qarışır ki, uşaqların tərbiyəsi ilə məşğul olmağı unuduruq. Sonra da həmin uşaqları qınayırıq ki, bu uşaqlar yolunu azıb, ağsaqqala, ağbirçəyə hörmətsizlik eləyir.
   
   Biz orta məktəbdə oxuyanda ədəbiyyat müəllimimiz vardı - rəhmətlik Ənvər müəllim. O deyərdi ki, birinin inəyi örüşdən gəlməyəndə, o dəqiqə həmin malın yiyəsi naxırçının yaxasından yapışır ki, hanı mənim inəyim? Amma mən beş-altı ildir hər dəfə valideyn iclası keçirirəm, Cəfərin atası bir dəfə də iclasda iştirak edib maraqlanmır ki, mənim oğlum necə oxuyur. Müəllimimiz o qədər qəzəblənərdi və deyərdi ki, Cəfərin oxumağı cəhənnəm, həm də ipə-sapa yatan deyil. Evdə deyir ki, məktəbə gedirəm, dərsdə də onu tapmaq müşkül işdi. Heç bir dəfə də dədəsi maraqlanmır ki, görüm bu Cəfər məktəbə gedir, yoxsa avaralanır. Doğrudan da Cəfər sinifimizdə çox avara həyat tərzi keçirən, dərs oxumayan və bəzən də müəllimlərin üzünə qayıdan bir uşaq idi. Əvvəl siqaret çəkdi, dədəsi ona bir söz demədi, sonra da arağa qurşandı. Bir də eşitdik ki, Cəfəri ağır vəziyyətdə Bakıya aparıblar və bir həftədən sonra həkimlər onu müalicə edəndə xəstədən əllərini üzüblər. Deyiblər ki, bunun işi həkimlik deyil, Allahlıqdı. Yəni hər şey tay Allahdan asılıdır. Cəfəri kəndə gətirdilər və bir aydan sonra rəhmətə getdi. Buna görə heç kim müəllimləri qınamırdı. Elə kənd camaatı Cəfərin dədəsini qınayırdı ki, zalım oğlu bir oğlu ilə bacarmadı. İpini boş buraxdı, uşaq da bildiyini eləyib pis günə düşdü. Bu da axırı.
   
   Deməli, hər hansı bir uşağın təbiyəsi ilə tək məktəb deyil, ilk növbədə onun valideyni məşğul olmalıdır. Yəni valideyn bilməlidir ki, bu uşaq evdən çıxıb məkəbə gedir, yoxsa avaralanmağa. Bizim zəmanəmizlə müqayisədə indiki dövrdə uşaqları və yeniyetmələri tərbiyə etmək, sağlam böyütmək ikiqat çətindir. Əgər bizim dövrün uşaqları siqaretə, arağa qurşanırdılarsa, indiki zamanın uşaqları daha təhlükəli vərdişə - narkomaniyaya qurşana bilər. Bunu elə-belə demirik. Son vaxtlar beynəlxalq təşkilatların yaydığı məlumatda bir fikir vurğulanır ki, Azərbaycanda tələbələr və şagirdər arasında narkomaniyaya qurşanan gənclərin sayı çoxalıb. Təbii ki, narkomaniya da çox böyük bəladı və bunun aurasına düşən adam çətin ki, həmin labirintdən çıxa bilsin. Bir çox narkoloqlar bildirirlər ki, narkomaniyaya düçar olan gənclərin 98 faizi bu bəladan qurtara bilmir. Bu da onların iradəsinin zəifliyi və aparılan müalicələrin müsbət nəticə verməməsi ilə bağlıdır. Yəni başqa sözlə demiş olsaq, bu gün məmləkətimizdə hər bir yeniyetmə və gəncin bu bəlaya düçar olmasına münbit şərait var. Ekspertlər onu da bildirirlər ki, narkomaniyaya qurşananlar arasında çoxluğu yeniyetmə və gənclər təşkil edir. Bunun nə dərəcədə qorxulu olmasını və hansı fəsadlar verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Çətini odur ki, yeniyetmə və gəncləri bu mühitdən aralamaq və onları sağlam həyata qaytarmaqdı.
   
   Sözümüzün canı odur ki, indiki yeniyetmə və gənclər çox "azadlıq, azadlıq" deyir. Onların azadlığı isə bundan ibarətdir ki, valideynlər həmin yeniyetmə və gəncləri sərbəst buraxsın. Aydındır ki, elə uşaq da pis vərdişlərə yeniyetməlik və gənclik yaşlarında aludə olur. Əgər bir uşaq məktəbə getmirsə və valideyni də bununla maraqlanmırsa, məktəbin direktoru həmin valideynə tez-tez sifariş göndərirsə ki, sənin uşağın məktəbdən yayınıb dərsə gəlmir, bunun günahı uşaqdan çox həmin valideyndədir. Sanki bir çox valideynlər uşaqlarının əlində aciz qalıblar. Bu da ondan irəli gəlir ki, onlar bu uşaqların nazı ilə çox oynayıb, ərköyün böyüdüb və "quş südü" deyəndə onu da tapıb veriblər. Aydındır ki, naz-nemətin içində böyüyən belə uşaqlar istədikləri diskotekalara, gecə barlarına və şənlik yerlərinə getməkdən çəkinməyəcək, kefləri nə vaxt istəyir "dostları" ilə bir yerdə eyş-işrət məclisləri keçirəcəklər. Onda da valideyn görəcək ki, iş işdən keçib və uşağının ipini yığa bilmir. Təbii ki, belə halda valideyn bir başına döyür, bir də dizinə. Çünki onun uşağının əl-ayağı gecə saat 2-də belə küçələrdən, barlardan yığılmır.
   
   Bir dəfə Bakı Şəhər Polis İdarəsinin əməkdaşları şəhərimizin restoranlarında və barlarında qəfil reydlər keçiriblər. Həmin reydlər zamanı onlarla məktəbli gecə barlarında əxlaqsız hərəkət elədiklərinə görə saxlanılıblar. Bax, bu cür hadisələr ona dəlalət edir ki, uşaqlarını başlı-başına buraxan valideynlər bir çox halda övladlarının taleyinə soyuqqanlı və məsuliyyətsiz yanaşırlar. Hətta bəzən görürsən ki, çox hörmətli və tanınmış bir adamın övladının səsi gecə barlarından, diskotekalardan gəlir, hətta bu uşaq çox pis vərdişə - narkomaniyaya qurşanır.
   
   Mütəxəssislər onu da qeyd edirlər ki, narkomaniyaya qurşanan hər hansı adam həddindən artıq xəbis olur. Bu da onunla bağlıdır ki, narkomaniyaya qurşanan bu gənc başqalarını da öz əhatə dairəsinə salmağa can atır. Daha doğrusu, onlar imkanlı və pullu adamların övladlarını arayıb-axtarırlar. Bu bəlaya düçar olan adam bir binada yaşayırsa, o binanın neçə-neçə gənc sakini tezliklə bu qorxunc və təhlükəli bəlaya yoluxdurula bilər.
   
   Bir valideyn deyir ki, uşağımın 16 yaşı var, ona bir söz deyə bilmirəm. Daha doğrusu, deyəndə ki, ay oğul, axşam saat 12-dən sonra küçələri gəzib dolaşma, uşaq mənim üzümə bozarıb bildirir ki, ay ata, mənim tay-tuşlarım elə sənin bu sözünə görə, məni ələ salır, deyirlər ki, "ana uşağıyam". Göründüyü kimi, ağzından "süd iyi" gələn uşaqlar öz bildiyi kimi hərəkət eləməyə daha çox meyllidilər. Yəni onlar valideynlərinin, ağsaqqal və ağıllı adamların sözlərindən çox öz tay-tuşlarının fikirləri ilə daha tez razılaşırlar. Bu razılaşma isə onların sonu görünməyən qaranlıq və təhlükəli bir yola aparır. Elə bir yola ki, o yolda ölüm-itim var, göz yaşı var və iztirablı anlar var. Təəssüf ki, bu cür yeniyetmələr qaranlıq yolu özlərinə həyat məqsədi seçirlər. Təki onların kefi kök olsun və kimsə onlardan soruşmasın ki, gecə saat 12-də küçədə sənin nə işin var?
   
   Aydındır ki, indiki gənclərin asudə və sərbəst yaşam tərzində internetin və eləcə də müasir informasiya texnologiyasının müəyyən "xidməti" var. Təəssüf ki, bizim gənclik bu informasiya texnologiyasının müsbət tərəflərini götürməkdən mənfi amillərinə daha çox meyl eləyirlər. Saatlarla internet şəbəkəsində müxtəlif məktublaşmalar, görüşlər və "vaxtın öldürülməsi" üçün bu gənclər əməlli-başlı dəridən-qabıqdan çıxır.
   
   Çox qəribədir, biz də tələbə olmuşuq, biz də cavan olmuşuq və bizim də dövrümüzdə müəyyən azadlıqlar olub. Amma hər şeyin bir çərçivəsi də müəyyənləşib. Ola bilər valideyn uşağa müəyyən yaş həddindən sonra nəzarət eləyə bilməsin. Ancaq bu o demək deyil ki, 20-21 yaşlı bir gənc bu nəzarətsizlikdən istifadə edib pis vərdişlərə qoşulsun. İndi bir çox ağsaqqallar və yaşlı adamlar bugünkü gəncliyin tərbiyəsindən, ictimai yerdə özünü aparmasından narazılıq eləyirlər. Məsələn, onlar deyirlər ki, indiki gənclərin çoxunda böyük-kiçiyə hörmət qalmayıb. Metroda, avtobusda yaşlı, xəstə və hamilə qadın ayaq üstə durur, bir cavan qalxıb ona yer vermək istəmir. Bax, bu anlarla tez-tez rastlaşan yaşlı insanlar istər-istəməz gənclərin bu cür mədəniyyətsizliyinə biganə yanaşa bilmirlər. Ancaq yeniyetmələrin arasında böyüyə, kiçiyə hörmət eləyən uşaqlar da var. Təəssf ki, onlar azdır. Amma az olsa da, bəzən belə qanacaqlı və mərifətli uşaqları görəndə adam onlara qibtə ilə yanaşır. Düşünürsən ki, nə yaxşı gənclərin arasında bu cür tərbiyəli və qanacaqlı uşaqlar da var.
   
   Mən pessimist adam deyiləm. Ən azından ona görə ki, bu gün gənclərimiz arasında çox tərbiyəli, istedadlı və savadlı uşaqlar var. O uşaqların bir çoxu xarici ölkələrdə təhsil alaraq müxtəlif ixtisaslara yiyələnib ölkəmizə qayıdır. Bax, bu cür gənclərin yaşayışı, həyat tərzi və eləcə də onların təhsildəki uğurları geniş təbliğ olunmalı, izah edilməli və başqalarına örnək kimi göstərilməlidir. Bunu ona görə deyirik ki, elə gənclər var, pislərdən nümunə götrürür, elələri də var yaxşılardan. Elə pislərdən nümunə götürənə qədər yaxşılardan yaxşını öyrənmək, insana daha rahat və xoşbəxt həyat tərzi bəxş edə bilər. Belədirsə, bəs onda gənclərimiz nəyi gözləyirlər?

TƏQVİM / ARXİV