adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SƏNi NECƏ TANIYIM?!

VƏSİLƏ USUBOVA
28272 | 2010-03-13 00:41
Mən adam tanıya bilmirəm. İndi bunun ucbatından başıma nələr gəldiyini danışmaq fikrində də deyiləm. Ancaq müşahidə eləmək maraqlıdı. Kim hansı vəziyyətdə özünü necə aparır?! Adamların dəyişdiyini, haldan-hala düşdüyünü seyr eləmək əyləncəli olmasa da, çox şeyləri öyrənməkdə, anlamaqda yardımçı ola bilir. Çoxlarının fikrincə, adamlar əsasən iki cür olur: sadə və mürəkkəb xarakterli adamlar. Mürəkkəb, dəyişkən xasiyyəti olanlara çox vaxt "çətin adam" da deyirlər. Bəsit bölgüdü. Adamların barmaq izləri eyni olmadığı kimi, xasiyyətləri də bir-birinə bənzəmir. Deməli, yer üzündə nə qədər adam varsa, bir o qədər də xarakter var.
   
   Boynuma alıram, mənim tanıdığım adam yoxdu. Döşünə döyüb "mən adam tanıyanam" deyənlərə də qibtə eləmirəm. Tələsik, qərar verir, götür -qoy eləməmiş nəticə çıxarırlar. Kainatın özü qədər sirli olan mükəmməl canlı haqqında belə bəsit mülahizələr fikir söyləyənin yanlışıdı. Əgər adam tanımaq belə asan olsaydı, bu qədər aldanışlar, yanılmalar hardan qaynaqlanardı?! Və həssas, duyğulu könüllər niyə bunca tənhalığa düçar olardı?! Etiraf edək ki, hamımız gözlərimizin bir rentgen şüaları kimi qarşımızda duranın içini göstərməsini dəhşətlə arzulayırıq. Sonra da bunun mümkünsüzlüyü ilə barışıb təslim olur, çarəsizcəsinə "elə belə yaxşıdı, yoxsa yaşamaq maraqsız olardı" deyirik. Yaşamaq yox, insan münasibətləri maraqsız olardı. Birisini dərindən tanıyanda sanki başqa bir dünya kəşf eləmiş kimi sevinirik. Elə bir sevinc ki, yəqin, ancaq təzə qitə kəşf elədiyini düşünən Kolumb da belə sevinməyib. Amma bütün kəşflər yararlı olmadığı kimi, hər insan xarakteri də maraqlı deyil. Uzaqdan çox şey cəzbedici, aldadıcı ola bilir. Yer üzü sakinlərinin min illərdən bəri heyranlıqla izlədiyi, zaman-zaman əfsanə və nağılların, şeir və nəğmələrin, əsrarəngiz musiqi parçalarının ilham mənbəyi olan Ay da insan ayağı dəyəndən sonra adiləşdi, şirin xəyalların obyektindən, əlçatmazlıqdan reallığa döndü. Vüsalsız sevginin ömrü uzun olan kimi, əlçatmaz şeylər də bütün istəklərin fövqündə dürür. Tanışlığa, yaxınlığa can atdığımız neçəsinin qarşımızda açıldıqca adiləşdiyini, sönükləşib ucuzlaşdığını görmüşük. Təəssüflənirik, tanışlığacan necə diqqətçəkən, cazibədar idi, deyə düşünürük. "Yaxşı igidin adını eşit, üzünü görmə" deyimi də bu hisslərdən sonra yaranıb bəlkə? Səhv eləmirəmsə, M.S.Ordubadinin "Dumanlı Təbriz" romanında belə bir cümlə oxumuşdum: "Qadın var danışanacan gözəldi, qadın var danışandan sonra gözəldi". Şirin söz-söhbəti, təbii naz-qəmzəsi, məlahəti ilə adamın ruhunu oxşayan xanımlar var. Baxırsan ki, sir-sifətdən elə də cazibədar deyil, amma saydığım keyfiyyətlər onu nə qədər sevimli və canayaxın edir. Bu, təkcə qadınlarda belə deyil. İnsan insandı və ümumi, paylaşmalı çox cəhətləri varg
   
   Qəzetdə işləyəndə otağıma bir idarə müdiri gəlmişdi. Başçılıq etdiyi sahənin işindən yazı gətirmişdi. Onu şifahi tanısam da ilk dəfəydi ki, üzünü görürdüm. Gözəl-göyçək, xanım-xatın arvadına xüsüsi rəğbətim vardı. Eşitmişdim ki, uzun illər bir yerdə yaşasalar da yola getmirlər və qadın ərindən boşanmaq istəyir. Kişi boy-buxunlu, yaraşıqlı bir adam idi. Ancaq içəri girən kimi şit-şit hırıldamağa, görkəminə uyuşmayan şəkildə yersiz-yersiz danışmağa başladı.İlk təəssüratdan hər sözünün, hərəkətinin yerini bilən o xanım-xatın qadına acıdım və belə kişidən ayrılmaq qərarını niyə belə gec verdiyinə təəccübləndimg
   
   Bir-birimizi tanıdığımızı güman eləyirik. Gözümüzü örtən də elə bu gümanımızdı. Adamlarda olanı yox, axtardığımızı görürük. Görməsək də uydururuq, özümüz-özümüzü aldadırıq. Bütün aldanışların ən ağırıdı bu. Özümüzdən baş açmadığımız anlar da çox olur. Fikrimizi tez-tez dəyişir, yersiz qərarlar verir, umur-küsür, peşiman oluruq. Üstəlik, başqalarını da qınayırıq ki, bizi düz başa düşmürlər. Ya da düz tanımırlar, haqqımızda yanılırlar, inamsızlıq göstərirlər. İllər ötəndən sonra anlyırıq ki, heç kəsdə günah yox imiş, insan doğrudan da mürəkkəb varlıqmış, görünməyən tərəfləri həddindən artıq çox imiş. Ətrafımızda olanları da yetərincə tanıya bilmirik. Tarixi şəxsiyyətləri isə bizə tez-tez dəyişən siyasi prizmalardan təqdim edib tanıdırlar. Sovet imperiyası dağılandan sonra nə qədər xəyal qırıqlığına uğradıq. Sən demə, bizə xilaskar kimi tanıdılanların çoxu öz xalqının düşməniymişg "26 Bakı komissarı" filmində bir epizod var. Komissarları (?) Ağcaqum çölündə qatardan düşürüb güllələməyə aparırkən onlara belə bir şans verirlər: kim tüfənglə yoldaşlarına atəş açsa, öz həyatını xilas etmiş olar. Vaxt gedir. Çölü sükut bürüyüb. Bu zaman komissarların ürəyindən keçənləri tamaşaçı da eşidir. "Bu adamlar bizi hələ yaxşı tanımırlar!" Bu sözlər Məşədi Əzizbəyovun ürəyindən keçənlərdi. Hələ məktəb illərində eşidib yadımda saxladığım bu cümləni başqa cür anlayır, dəyərləndirirdim. Ətrafımdakıların da məni düz başa düşmədiklərindən əzab çəkir, onları qınayırdım. İndi bu sözlər günümüzlə necə də səsləşir. Doğrudan da, komissarları tanımaqçın bu xalqa əsrə yaxın zaman gərək oldu. Bəlkə də o hadisəynən bağlı açılmamış sirlər hələ də var. Belə olanda adamın tarix yazanlara da, tarix öyrənənlərə də yazığı gəlirg
   
   
   
    ***
   
   Maraqlı adamlar azdı. Qəlbimizə, duyğularımıza yaxın olanı axtarırıq. Tapanda bəxtəvər sayırıq özümüzü. Deyirlər, xoşbəxtlik bir-birinə baxmaqda deyil, eyni səmtə baxmaqdadı. Həm də bu, bir-birinə təzyiq göstərmədən, təbii şəkildə olanda, insanın bütün pisliklər üzərində qələbəsini təmin edə bilir. Özünəməxsus, fərqli xarakteri olanlar həmişə cəmiyyətin qınağına tuş olub. Yəqin uzun illərin basqıları, qəlibləri insanda fərdiliyi, orijinallığı buxovlayıb. Bir-birindən fərqlənməyən robotlar cəmiyyəti yaranıb. Fərqlənənlərə tərs baxılıb, daxili azadlıq dikbaşlıq, qürur tərbiyəsizlik kimi qiymətləndirilib. İkili həyat sürməyə adət edənlər səmimi olanların könül dünyasına təcavüz edib, ən saf, təmiz duyğularından vurublar. Haqqı dananlar haqq aşiqlərini, ədalətə tüpürənlər düzləri mühakimə ediblər. Əyilməz boyunlara kəndir halqası keçirilib həmişə. Belə vəziyyətdə olduğu kimi görünmək əzab gətirib, zəhər uddurub insan övladınag
   
   Əgər insanlar təkcə sadələrdən və mürəkkəblərdən ibarət olsaydılar, çoxdan dil tapardılar. Fikirlər toqquşanda dil tapmaq çətin olur. Hər toqquşmanın da sonu barışıqla bitmir. Elə adam var ki, onunla əl-ələ verib həyatın bütün ağrı-acılarına, iztirablarına diz çökdürmək mümkündü. Ən güclü adamların da tənhalıqdan qorxduğunun şahidi olmuşam. Deyirlər, pis adamlarla ünsiyyətdə olmağın özü də təklikdən yaxşıdı. Razılaşmıram. Təkliyin də öz romantikası var. Pislərin əhatəsində adam özü də hiss etmədən dönüb pis olur. Məcbursan içindəki işığı söndürməyə, yaxşı olan hər şeyini gizli saxlamağa. Ətrafın səni bütöv görmək istəmir. Sən onlara tam yox, hissə-hissə lazımsan; belə səni həzm eləmək rahatdı. Heç kəsin boğazında qalmayacaqsan onda. Özünəməxsusluq iri tikədi, udmaq çətindi. Səni ancaq sənə oxşayanlar qəbul edib özlərinə qata bilərlər. Əgər onlar varsag
   
   
   
    ***
   
   Dedektiv əsərləri sevmirəm. Kriminal mövzuda yazıları oxumur, verilişlərə baxmıram. Ailə-məişət zəminində baş verən cinayət hadisələrinə dair kiçik xəbərləri də gözdən qaçırmağa çalışıram. Dustaqxana həyatından bəhs edən kitablar, filmlər də mənlik deyil. İnsanın öz həmcinsi tərəfindən döyülməsi, təhqir olunması, alçaldılması yaşam gücümü azaldır, gözəlliyə, xeyirxahlığa inamımı sarsıdırg
   
   Arabir mafiyalar haqqında oxuduqlarım da günlərlə, həftələrlə ruhi müvazinətimi pozur, dincliyimi əlimdən alır. Qanunları ilə yaşadığım dünyadan başqa özgə qanunlarla idarə olunan "qaranlıq dünya"ların olması fikri dəhşətə gətirir məni. Düşünürəm ki, küçədə, dükan-bazarda yəqin ki, belələriynən rastlaşırıq. İlk baxışdan onlar da bizim kimi adamlardı. Bir başı, iki əli, iki ayağı var. Yatır-durur, yeyir-içir, evlənir, oğul-uşaq sahibi olur. Və bunlar ancaq zahiri əlamətlərdi. Yaşadığı dünya ayrıdı, bizdən ötrü qaranlıqdı və nəhayətg qorxuludu, dəhşətlidi. Yaxşı ki, belələrini tanımırıq. Ona görə yaxşıdı ki, az da olsa insanlığa ümid qalır içimizdəg
   
   Özümü aldatmaqla ruhumu xilas etmək istəyirəmg

TƏQVİM / ARXİV