BiR AZ QƏMi DANIŞDIR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29781 | 2010-03-13 00:41
Uşaqlıqdan içimdə bir qəribə istək olub. Çalışmışam ki, həmişə yaşca özümdən böyüklərin, ağsaqqalların həndəvərində, yanında, yaxınında olum. Özü də bunun səbəbini özüm üçün heç cür aydınlaşdırmamışam və daha doğrusu aydınlaşdırmağa da maraq göstərməmişəm. Görünür elə bu səbəbdəndir ki, qocalıq, yaşından böyük görsənmək kimi hallar mənim qapımı daha tez döyüb. Hətta tay-tuşum olan insanlar məni özlərindən yaşlı, ağsaqqal sayanda ürəyimdə xoş duyğular oyadıb, məmnunluq hiss etmişəm. Səmimi etiraf edim ki, bəzi tay-tuşlarımın yanında hətta bu "üstünlüyümdən" istifadə də etmişəm.
   
   Hətta bir dəfə qəribə bir hadisə də baş verib. Deməli, müharibənin şıdırğı vaxtları idi, cəbhə xəttindən paytaxta qayıtmışdım. Onda "Azərbaycan ordusu" qəzetinin cəbhə müxbiri işləyirdim. Axşam bir dostla çörək yeməli olduq. Onun ailə üzvləri şəhərdən kənarda idi və mən də onun dəvətini qəbul edib, onlarda gecələməyə razılıq vermişdim. Təsəvvür edin ki, iki nəfər kişi xeylağı şam yeməyi hazırlayır. Və mən də onun əl qabiliyyətinə, süfrə açmaq səriştəsinə bələd olduğumdan (yaşca məndən böyük olduğunu bilə-bilə) görünüşümdən istifadə edib ərklə onu buyururdum:
   
   - Kartofu xırda-xırda doğra... soğanı yaxşı təmizlə... kolbasanı nazik kəs... çörəyi çox xırdalama... araq stəkanlarını gətir... və s. və ilaxır.
   
   O da başını aşağı salıb üzüyola uşaq kimi dediklərimin hamısını canla-başla yerinə yetirirdi. Deməli, araq kefimizi duruldandan bir qədər sonra danışmasına imkan vermədiyim ev sahibi qəflətən üzümə bozardı:
   
   - Ə, bir dayan görüm, sənin neçə yaşın var?
   
   Mən yaşımı dedim. O da elə bil ki, bu sözə bənd imiş. Dərhal da amiranə bir şəkildə stəkanı stola taqqıldadıb dedi:
   
   - Ə, bayaqdan məni uşaq kimi buyurursan, ağzımı açmağa imkan vermirsən, özün də məndən düz altı yaş kiçiksən. Sənə heç deməyiblər ki, adam özündən böyüyün qulluğunda durar. Budu mənim qulluğumda durmağın?
   
   Onun sözlərinə ürəkdən gülüb heç nə olmamış kimi elə özünü də borclu çıxardım:
   
   - Necə olur ki, mənə "əmi", "dayı" deyə müraciət edəndə heç səsini çıxarmırsan, sənə "əmi", "dayı" deyəndə etiraz edirsən ki, mənim nə yaşım var. İkincisi də ev sahibisən, qulluq etmək də sənin borcundu...
   
   Bəli, bu məqamı elə-belə xatırlatmadım. Həyatda tanıdığım bir çox insanlar, olub və bu gün də var, onlar yaşlarından çox-çox böyük görünürlər. Təbii ki, bu "görüntü böyüklük" insana ağsaqqallıq hüququ vermir, nə də başına ağıl qoymur. Sadəcə, bir həqiqət var ki, bəzən yaşından böyük görünmək də bir Allah payıdı. Yəqin bu qəbildən olan insanlara Tanrı ömür payı yazanda müəyyən güzəştlərlə onların bəzilərinə vaxtından əvvəl böyüklük, ağsaqqallıq statusu veribdi. Amma mən şəxsən bu payımdan nə almışamsa, nə qazanmışamsa onun şah damarı həmişə ağrı-acı, kədər, qayğı, qüssə olubdu. Buna da şükür, incimirəm. Görünür belə məsləhətdi.
   
   
   
   heç nə ummayacağam
   
   ummayacam bir nəsə...
   
   diqqət də etməyəcəm
   
   qulaq deşən bir səsə...
   
   
   
   tərki-dünya olacam
   
   boşalacam, dolacam...
   
   öz içimdə solacam-
   
   dərd vermədən bir kəsə...
   
   
   
   ahım gül bitirəcək
   
   üstümə gətirəcək
   
   ağlını itirəcək-
   
   kim düşsə bu həvəsə.
   
   
   
   ***
   
   Onu tanıdığım gündən həmişə fikirli, qayğılı görmüşəm. Və hər dəfə də öz-özümə qərar vermişəm ki, növbəti qarşılaşmalardan birində onun qayğılarının səbəbini soruşub öyrənəcəm. Amma elə qarşılaşan kimi də özü mövzunu çəkib çox-çox uzaqlara aparıb və mən də bu mövzuların caynağından qurtarıb nə geri qayıda bilmişəm, nə də əvvəldən fikrimdə tutduqlarımı soruşub öyrənə bilmişəm...
   
   Hər dəfə baş verən bu mənzərə bəlkə də kimisə bezdirə, kimlərdəsə süstlük, laqeydlik, etinasızlıq yarada bilərdi. Amma mən onun aurasından, onun dünyasından qopub ayrıla bilməmişəm. Doğrudu, tək qalanda dediklərimi, eşitdiklərimi mən də özüm üçün ələk-vələk etmişəm, saf-çürük edərkən də öz-özümə müəyyən mənada onların hansı mahiyyət daşıdığını, nəyə lazım olduğunu qərar laşdırmaq istəmişəm. Hətta düşünmüşəm ki, onun dediklərinin və mənim eşidtiklərimin şəxsən mənə hansı isti-soyuqluqları var. Mən nəyə görə bunları dinləməliyəm, bütün bunlar barəsində düşünməliyəm? Məhz həmin sualların özü də məni təkrar onun əhatə dairəsinə çəkib gətiribdi.
   
   Bir dəfə onu yaxından tanıyanlardan biri ilə söhbət edərkən necə oldusa, dilimdən bir söz qaçdı. Dedim ki, onun qəribə bir cəlbetməsi var, cazibəsi var. Hətta adama ağzını açıb nəsə demək imkanı da vermir. Eləcə saatlarla oturub söhbətlərini dinləmək, düşüncələrini bölüşmək istəyirsən. Fikrlərini təsdiq edən həmsöhbətim onu da əlavə etdi ki, yəqin sən də onun qayğılarının, fikirlərinin səbəbini öyrənmək istəyindəsən. Amma bu həvəsindən əl çək. Çünki, mən çox cəhd etdim mümkün olmadı. Səndə də alınmayacaq.
   
   Doğrusu, bu sözlər içimdəki inadın gücünü birə beş artırdı. Özüm özümə söz verdim ki, mütləq onun qayğılarının, kədərinin səbəbini öyrənəcəm. Hansı yolla olur-olsun onu suallarıma cavab verməyə məcbur edəcəm.
   
   Uzun illər çəkən təmasların birində ilk dəfə idi ki, onun gözlərində zəif də olsa təbəssüm görürdüm. Öncə inanmadım. Çünki onun güldüyünü, gülə biləcəyimi belə təsəvvürümə gətirə bilməmişdim. İndi isə gözlərində qığılcım var idi, təbəssüm qığılcımı... Fürsətdən istifadə edib söhbətə çəkdim, dilindən söz almağa cəhd etdim. Elə bil yatmışdı yuxudan oyandı. Üzümə baxıb sakit bir səslə dedi:
   
   - Özünü çox da yorma, mənim iç dünyam bağlı qapı arxasındadı. Oranın açarını isə çoxdan dərin bir quyuya atmışam. Heç özüm də indi axtarsam da tapa bilmərəm. Sən də bu fikrlərindən əl çək. Yaxşısı budu, qəmli bir şeir de. Mən qəmli söhbətləri daha çox xoşlayıram. Onlar qəmimə qarışıb qəmimin dadını-tamını artırır.
   
   
   
   hardan başlayır bu yol
   
   kimdi onun biləni...
   
   adını de, tanıyım-
   
   ay bu qəmin öləni...
   
   
   
   çevrə böyük, mən tənha
   
   əl qatdım çox günaha...
   
   qəmimi öldür, sən ha-
   
   olmayacaq gələni...
   
   
   
   sinəmi közləyirəm
   
   yanmasın izləyirəm...
   
   oturub gözləyirəm-
   
   göz yaşımı siləni...
   
   
   
   Hə, o hələ də göz yaşlarını siləcək adamı gözləyir. Amma hiss edirəm ki, deyəsən heç o adam yoxdu. Ya da olub, çəkilib gedib. Qayıtması isə mümkün deyil.
   
   
   
   ***
   
   Əslində özümdən və ondan danışdığım bu yazıda qaranlıq heç nə yoxdu. Çünki istənilən iki insan nə qədər ciddi-cəhd göstərir göstərsin, heç vaxt bütünlüklə bir-birinin eyni ola bilmir. Çünki, eyni insanı heç Tanrı yaratmayıb. Oxşarlıqla eynilik isə tamam fərqli-fərqli şeylərdi. Bax, mənim yaşımdan böyük görünməyim və yaxud onun bütün vaxtlarda fikirli-qayğılı olması yalnız biz birlikdə olanda, söhbətləşəndə kənardan kimlərəsə oxşar adamlar təsiri bağışlayır. Onun kədəriylə mənim qocalığım elə bil ki, bir ömrün sapa düzülmüş günləridi və yaxud da bir ağacın budaqlarıdı. Amma bunlar bir-birindən ayrılanda artıq hərəsi öz yaşının, öz kədərinin adamına çevrilir, oxşarlıq ortadan qalxır.
   
   Bir dəfə gənc və görkəmli alim, Azərbaycanı dünya çapında yetərincə tanıtmaq qabiliyyətli şair-publisist və naşir qardaşım Elçin İsgəndərzadə mənimlə bağlı mətbuatda bir yazı yazmışdı. Orada belə bir məqam vardı: "Mənə elə gəlir ki, barəsində yazdığım bu adam gülməyin nə olduğunu ya bilmir, ya da bacarmır". Bəli, mən bu fikirləri oxuyanda daxilən Elçinlə razılaşmışdım. Çünki daxilimdə ürəyimi, bütün iç dünyamı tərpədə biləcək gülüşün nə olduğunu son 25 ildə demək olar ki, unutmuşam, yadırğamışam. Və mənə gülmək bir az mənfi təsir göstərir. Hətta ailəmdə də ucadan gülmək kimi hallar yavaş-yavaş ortadan yığışdırılır. Uşaqlarımın həmin gülüşü elə bil ki, çərçivəyə salınıb. Bunun üçün özümü qınayıram. Amma neyləyim ki, indi ürəkdən gülmək məni qıcıqlandırır, məyus edir. Niyəsi, səbəbi həm məlumdu, həm də məlum deyil...
   
   Həyat məndən, səndən, ondan, bizdən, sizdən, onlardan ibarət olduğu kimi, həm də təkcə məndən, səndən, ondan, bizdən, sizdən, onlardan ibarət deyil, həyat çox rəngarəngdi. Ona görə də yaşından böyük görünmək vaxtından tez qocalmaq kimi də sayıla bilər. Qayğılı görünmək özünü müdrik göstərmək də hesab oluna bilər. Amma hər halda görünməkdənsə, olduğun kimi olmaq daha yaxşıdı. Elə deyilmi? Kaş bütün bunların ixtiyarı öz əlimdə olaydı.
   
   
   
   bir az qəmli danışdıq
   
   qoy, yuxusu dağılsın...
   
   mürgülü gözlərindən
   
   ümidsizlik sağılsın...
   
   
   
   bir az qəmin kefin aç
   
   dodaqları ilinsin...
   
   sifət cizgilərindən-
   
   yaşadığı bilinsin...
   
   
   
   bir az qəmi al, gəzdir
   
   yerişin unutmasın...
   
   ona xoş söz dedizdir-
   
   ahı bizi tutmasın...
   
   
   
   Hə, dünyada ən çətin, ən müşkül məsələ mənə görə qəmin, kədərin dilini bilməmək, onunla həmsöhbət olmaq imkanını əldən verməkdi. Şükür ki, dərdlərimlə danışa bilirəm.

TƏQVİM / ARXİV