adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qarzınızda bazımı yerə soxuram!

CEYHUN MUSAOĞLU
20880 | 2010-03-13 00:41
Amerika tanımadı, İsveç tanıdı. Almaniya tanımayıb, Fransa tanıyıb. Hollandiya tanımağa hazırlaşır, İngiltərə tanımayacam demir. Bax belə yedizdirirlər türkə "erməni soyqırımı"nı. ABŞ komitəsinin etdiyi qələti, İsveçin parlamenti təkrarladı. Onlar addım-addım qabağa gedirlər, Türkiyə hakimiyyəti isə kilometr-kilometr dala.
   
   ABŞ-dakı səfirin ardından, İsveçdəki səfir suyu süzülə-süzülə qayıdıb. Ərdoğan "Gül" kimi siyasət yürüdür. Belə getsə, Türkiyənin heç bir xarici ölkədə səfiri qalmayacaq. Elə islamın nurçu təriqıtinin təmsilçiləri kimi ad çıxaran Ərdoğan hökumətinə də bu lazımdır. Qapıları bağlasın, məmurları ilə birgə atdanıb otursun türkün boynunda. Belədə kimsə onlara "adam adamın boynuna minməz" deməyəcək.
   
   Nurçuluğun fəlsəfəsindən az-çox xəbərim var. Bu yola qulluq edənlər harda yığışdılar özlərinə böyük qardaş seçirlər. Böyük qardaşın əmrləri şərtsiz yerinə yetirilir. Böyük qardaş "yox" sözünü sevmir. Ona yox deyən mütləq cəzalanır. Bakıda nurçulardan ibarət bir qrup tələbə vardı. Kirayə tutduqları otaqda "cəmiyyət" yaratmışdılar. Böyük qardaşlarını tanıyırdım. Danışırdı ki, o üzvlərə "özünüzü pəncərədən atın" desə atarlar, soruşmazlar "niyə?".
   
   Eyniylə Türkiyədəki kimi, Ərdoğanın yaxasından yapışıb soruşan yoxdur ki, a kişi bu məmləkəti nə vaxta qədər geriyə sürüyəcəksən? Deyirsən, var? Kimdi? Dəniz Baykal? Dövlət Baxçalı? Yaxın gəl qulağina deyim: onlar qiraət ustalarıdır, əla şeir demək, poema oxumaq qabiliyyətləri var. Bəlkə də bu sahədə Ağalar Bayramovdan, Məleykə Əsədovadan daha istedadlıdırlar. Bəlkə dəg
   
   Eh... Yaxşı şeylərdən yazmaq lazımdır. Çalmaqdan, oxumaqdan, oynamaqdan. Bahar gəlir axı. Siyasət bizlik deyil. Qoy yuxarıda oturanlar nə istəyir eləsin. Bizə də bir tikə çörək versinlər və çalıb-oxumağa şərait yaratsınlar. Maşallah türk dövlətləri içində daha çox tanınan Türkiyə və Azərbaycanda "çalıb oxumayan adam qalmasın" layihəsi uğurla davam etdirilir. Ermənilərlə sərhədləri də açaq. Namiq Qaraçuxurlu ilə Siranuş duet oxusun, Aygün Kazımova Surenlə filmə çəkilsin. İbrahim Tatlısəs Ermənistanın şəninə mahnı bəstələsin. Nəyimizi istəyirlərsə bağışlayaq ermənilərə. Bahardı, xətirlərinə dəyməyək. Nə dövlət, nə dövlətçilik? Nə millət, nə millətçilik? Bu "cəfəng" ideyaları ataq kənara. Amma çox da uzağa tullamayaq. Qonaq-qara gələndə götürüb bir-iki şeir guppuldadarıq. Buralarda "millət" sözü qafiyələnmək, "Vətən" kəlməsi pərdələnmək, "dövlət" təqdimatı təriflənmək ücündür. Olsun, sənə nə lazımdlr, yaşamaq? Yaşa da. Yemək, yatmaq və səhər yuxudan durmaqdan ötrü dua etmək. Türkün yaşam fəlsəfəsi min illərdir bu ardıcıllıqla davam edir. Adsız Nihalın "Boz qurdlar" kitabından oxumuşam. Türk çinli ilə savaşır. Türkün bir əlində qılınc, o biri əlində çiy ət var. Çinli isə meydana iki qılıncla atılıb. Düşmən türk döyüşçünün biləyindən vurur, ət parçası yerə düşür. Türk qılınc olan əli ilə əti götürüb yeyə-yeyə savaşır. Təbii ki, məğlub olur. Bəs necə, adam ya yeyər, ya vuruşar. İkisini birlikdə elədinsə, öldürüləcəksən.
   
   Yenə qara-qura şeylərdən danışdım. Unutdum ki, yurdumuza bahar gəlir. Əlbəttə türklərin yurduna. Ruzi bol olacaq. Mahnı şeir, meyxana həyatımızı bəzəyəcək. Onlardan bizə Rafet gələcək, bizdən onlara Günel gedəcək. Sonra səhnədə Rza Zərrab görünəcək, Ebru Gündeşi səhnəyə dəvət edəcək. Brilliant hamıya "maç-maç, quc-quc" göndərəcək. Hər şey belə davam edəcək. Türkün üzündən gülüş əskik olmayacaq. Çalacaq, oxuyacaq, oynayacaq, düşmənə bədbin olduğunu göstərməyəcək. Eşq olsun belə qövmə. Sizin qarşınızda baş əyirəm! Yox-yox sizin qarşınızda başımı yerə soxuram.
   
   Oğlum, Salam əmidən eşitmişəm: "Gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək".

TƏQVİM / ARXİV