adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ADiLiN ADiL ÖMRü

17500 | 2010-03-13 00:41
(əvvəli ötən saylarımızda)
   
   
   
   Qısa müddətdə bütün ölkə müharibə şəraitinə uyğunlaşdı. Hər şeydə qənaətcil olmaq, son dərəcə ayıqsayıq dolanmaq, bütün imkanların səfərbər edilməsinə köklənmək o qədər də asan məsələ deyildi. Bunun üçün bəzən hökumət səviyyəsində çox sərt addımların atılması, amansız qərarların qəbul edilməsi də lazım gəlirdi. Əsgərlərlə dolu qatarlar cəbhə bölgəsinə üz tutanda, zavodlar, fabriklər də ölkənin içərilərinə köçürülürdü. Ölkədə dərc olunan qəzetlərin sayı xeyli azalmışdı. Jurnalistlər bir əlində avtomat, bir əlində qələm döyüş meydanlarında müharibənin salnaməsini yaradırdılar. Güllə yağmuru altında yüzlərlə operator döyüş epizodlarını lentə alırdı. Bəzən həyatları bahasına müharibənin dəhşətlərini, əsgərlərin qəhrəmanlığını nadir kadrlarda tarixin yaddaşına həkk edirdilər.
   
    Tiflis də zahirən xeyli dəyişmişdi, hay-küylü, nəşəli meyxanələr boşalmışdı. Hərbi patrul azacıq şübhə doğuran hər kəsi saxlayıb sənədlərini yoxlayırdı. Musiqi sədaları əvəzinə küçələrdə arabir təyyarələrin uğultusu, mərmi səsləri eşidilirdi. Gecələr İliç lampasının işığı mənzillərdən eşiyə süzülməsin deyə, bütün pəncərələr qaraldılmışdı. Qaranlıq düşən kimi şəhər yalqızlaşırdı. Belə vaxtda təkəm-seyrək addımlarla yoldan ötən adamlar, adətən gecə növbəsində çalışanlar olardı.
   
   Müharibənin başlaması ilə Bakıya daşınmaq arzusu ürəyində qalan Adil Tiflisdə Puşkin adına müəllimlər institutuna daxil oldu. O illəri xatırlayarkən atam müəllimi Əziz Şərifin adını xüsusi hörmətlə çəkərdi. Sonralar müəllimlə tələbə arasındakı səmimi münasibət hər ikisinə ömür vəfa etdiyi qədər sürdü...
   
   Adil bir gün dərsdən evə qayıdanda Sultan adlı tanışı ilə üzbəüz gəldi. Xeyli vaxt görüşmürdülər. Bir kənara çəkilib hal-əhval tutdular. Sultan Almazov dəmir yol nəqliyyatı institutunun tələbəsi olsa da, ədəbiyyat həvəskarı idi, şeirlər yazır, qəzetdə korrektor işləyirdi. "İstəsən, sənin üçün də iş tapılar," dedi dostuna. Adil üçün bu təklif göydən düşmə oldu. Axı dayısı cəbhəyə yollanandan ailə böyüksüz qalmışdı. Hamı kimi, onların da maddi durumu çətinləşmişdi.
   
    "Sovet Gürcüstanı" qəzetinin həftədə iki dəfə, özü də cəmi ikicə səhifə çıxdığını Adil yaxşı bilirdi. Müharibə şəraitində əlavə işçiyə nə dərəcədə ehtiyac olduğunu isə təsəvvür etmirdi. Bəlkə, Soltan bu təklifi elə-belə, yəni sözgəlişi demişdi?
   
   Adil Babayevin
   
   xatirələrindən
   
   
   
   ...Sabahı gün dərsdən çıxıb redaksiyaya getdim. Baş redaktor Məcid Seyidov, məsul katib Murtuz Muradov, makinaçı Humay Səfərova, təsərrüfat müdiri Musa dayı, ədəbi işçi Cəmilə Bağırova... Hər biri indiki kimi yadımdadır. İlk şeirlərim bu mehriban insanların xeyirxahlığı ilə qəzetdə dərc olunmuşdu. Belə səmimi qarşılanacağımı da gözləmirdim. Müəllimim Əziz Şərifi onların arasında gördüm. Öyrəndim ki, redaksiyada tərcüməçi işləyir. Məcid müəllim soruşdu ki, səssəmirin çıxmır. Şeir də gətirmirsən. Bizdən incimisən, yoxsa poeziya aləmi ilə vidalaşmısan? Dedim ki, sizdən inciməyə heç bir səbəb olmadığı kimi, poeziyadan uzaqlaşmağa da haqqım yoxdur. Ailə vəziyyətim və səhhətimlə əlaqədar bəzi problemlərim var idi. Onlar da yavaşyavaş düzəlir.
   
   Məcid müəllim məni başdanayağa süzüb dedi:
   
   - İndi hamımızın bir problemi var müharibə. Hədəfimiz də birdir, qələbə! Qalan işlər düzələndir. Soltan sənin barəndə mənə danışıb. İnstitutda oxumağına sevindim. İşləmək niyyətin də çox yaxşıdır. Korrektor yerimiz boşdur. Ürəyincədirsə, otur ərizəni yaz.
   
   Ertəsi gün axşam məni "Zarya Vostoka" qəzetinin binasında yerləşən mətbəəyə göndərdilər. Bizim qəzet orada çap olunurdu. Məni ilk qarşılayan mürəttib, həm də birinci korrektor vəzifəsində çalışan Münəvvər Zeynalova oldu. Onu hamı "Mİnoş" çağırardı. İşini mükəmməl bilən, gecə növbəsində yorulmadan çalışan və bundan elə bil xüsusi həzz alan şirindil, gülərüz qadın idi Mİnoş. Həmişə də dodağının altında zümzümə edərdi. Mənim isə yuxu gözümdən tökülürdü. Bu halım Minoşun gözündən yayınmadı:
   
   - Gözlərindən halının pərişan olduğunu görürəm, amma bir neçə günə bu ritmə alışacaqsan. Hamımız belə başlamışıq, darıxma.
   
   
   
   ***
   
   Adil bütün iradəsini toplayıb yuxunu gözündən, könlündən didərgin salmağı bacardı. O başa düşürdü ki, qəzetdə adicə bir hərf səhvi sözün, cümlənin mənasını dəyişə bilər, müharibə şəraitində bağışlanmaz xətaya səbəb olar. Belə hallar da baş verirdi. Stalin yoldaşın məşhur kəlamı vardı: "düşmənlə son damla qanımıza qədər vuruşmalı". Qəzetlərin birində korrektorun səhvi ucbatından "son" sözündəki "s" hərfi düşmüşdü. Nəticədə həmin cümlə çapa belə getmişdi: "Stalin yoldaş demiş ki, düşmənlə on dalma qanımıza qədər vuruşmalı"... Buna görə neçə nəfər ağır cəzalandı ki, digərlərinə də ibrət dərsi olsun. Redaksiya, mətbəə işçilərini cəbhəyə aparmırdılar, liter payı verirdilər. Bunun müqabilində onlardan cəbhədəki kimi ayıq-sayıq olmağı tələb etməkdə də haqlı idilər. Odur ki, Adil hər bir kəlməni diqqətlə oxuyurdu. "Xalq düşməni"nin oğluna belə səhv qəti bağışlanmazdı. O qədər gərgin işlədi ki, səhərin necə açıldığından da xəbər tutmadı. Ac-susuz mətbəədən dərsə yollandı. Qarnı ac olsa da, içi rahat idi. Axı bu gündən tələbə təqaüdü ilə bərabər, maaş da alacaqdı, üstəlik redaksiya əməkdaşı kimi ona liter payı da veriləcəkdi.
   
   
   
   * * *
   
   Tiflis mətbuatında müntəzəm surətdə çap olunsa da, Bakıya şeir göndərməyə Adil hələ cürət etmirdi. Onun vəzifəsi də, maaşı da artmışdı şöbə müdiri işləyirdi. Ara-sıra tərcümələrinə, şeirləri nə görə qonorar da alırdı. 19 yaşlı gənc üçün bütün bunlar az nailiyyət deyildi. Amma onun arzuları daha böyük idi.
   
   1944-cü il yenicə başlamışdı. Müharibənin gedişində əsaslı dəyişikliklərin baş verdiyi, qüvvələr nisbətinin bizim xeyrimizə dəyişdiyi aydın hiss olunurdu. Qızıl Ordu böyük çətinliklər bahasına olsa da irəliləyirdi. O günlərdə Adil "Qardaş qanı" adlı bir şeir yazmışdı. Burada qardaşını itirmiş zabitin düşmənlərdən azad olan kəndə qayıdaraq qardaşının intiqamını alacağına, onun qanının yerdə qalmayacağına and içməsi təsvir olunurdu. Şeiri redaktor oxuyub bəyəndi. Sonra nə baş verdisə, Adili yenidən yanına çağırıb xeyli danladı: " ordumuz sürətlə irəliləyir, sənsə belə bədbin şeirlər yazırsan. Biz belə şeirləri çap edə bilmərik. Götür saxla özünə, yaxşısı budur ki, cırıb atasan, dedi.
   
   Bu xoşagəlməz söhbətdə Murtuz Muradov da iştirak edirdi. Adil çox pərt vəziyyətdə otaqdan çıxdı. Nə düşünüb daşındısa, katibədən bir zərf istədi. Yazı masasının arxasına keçib məktub yazdı. Şerini məktubla birlikdə zərfin içinə qoydu. Onun Bakıya, "Ədəbiyyat" qəzetinə yolladı. Bu qəzetin redaksiyasında nə bir kəsi tanıyırdı, nə də onun varlığından xəbəri olan vardı. Redaktoru hövsələdən çıxarıb, əvvəlki qərarını dəyişməyə vadar edən isə, sən demə, elə məsul katib imiş... Adil səbrini, təmkini pozmadan heç nə olmamış kimi, redaksiyada öz işinə davam etdi. Bir neçə gün sonra Əvəz Sadıq redaksiyaya gəlmişdi. Baş redaktor onu qarşılayıb otağına dəvət etdəndə, Əvəz müəllim dedi ki, əvvəlcə Adili təbrik etmək istəyirəm. Bakıda şeiri çıxıb.
   
   Oxudum, çox xoşuma gəldi. Alın, bu da qəzet.
   
    "Ədəbiyyat" qəzeti redaksiyada əldən-ələ gəzməyə başladı. Bu, həmin o şeir idi. Redaktor da, məsul katib də Adili bu münasibətlə təbrik etdilər. Adil onlara dərin təşəkkürünü bildirəndə, Əvəz Sadıq soruşdu ki, onlara nə münasibətlə təşəkkür bildirirsən? Hamının nəzəri Adilə zillənmişdi. Redaktor da, məsul katib də onun cavabından nigaran idi.
   
   Bu şeiri Bakıya göndərməyi Murtuz müəllim Məcid müəllimə məsləhət gördü. Mən də onların təklifini qəbul etdim, dedi.
   
   Beləliklə, Adilin Bakı mətbuatı ilə ilk əlaqəsi yarandı. May ayında "Kim yaranı bağlayır?" adlı daha bir şeiri "Ədəbiyyat" qəzetində dərc olundu. Çox keçməmiş "Bir tütün bük" adlı şer yazdı. Burada sıravi döyüşçünün vətən, həyat haqqında həzin fikirləri təbii və poetik şəkildə ifadə olunurdu. Şeir " Sovet Gürgüstanı"nda çap edildi. Zaqafqaziya cəbhəsinin qəzeti də onu eynən öz səhifələrində yerləşdirdi. Sən demə, Əziz Şərifin bu şeir çox xoşuna gəlibmiş. Adildən xəbərsiz onu sətri tərcümə edib Gürcüstanda yaşayan rus şairi Boris Serebryakova verib. Bir neçə gün sonra B.Serebryakovun təqdimatında bu şeir rus dilində qəzetdə dərc olundu. Bu, Adil Babayevin rus dilində səslənən ilk şeiri idi.
   
   
   
   * * *
   
   1944-cü ilin ortalarında "Kommunist" qəzeti "Gəncliyin səsi" başlığı ilə bütöv bir ədəbiyyat səhifəsi oxuculara təqdim etmişdi. Burada Bəxtiyar Vahabzadə, Nəbi Babayev (Nəbi Xəzri-E.B.), Novruz Gəncəli, Cahan Əfruz, Böyükağa Hüseynzadənin şeirləri ilə yanaşı, Adil Babayevin "Bir tütün bük" şeiri yer almışdı.Nəmin nömrədə Mikayıl Rzaquluzadə gənclər haqqında geniş məqalə yazmışdı. Ümidverən gənclər arasında Adilin də adı çəkilirdi. M.Rzaquluzadə öz yazısında onun şeirindən misal də gətirmişdi. Adilin sevinci yerə-göyə sığmırdı.
   
   Müharibə illərində bir çox Azərbaycan ziyalısı Tiflisdə hərbi xidmətdə idi. Adil Babayein Cəfər Xəndan, Böyükağa Qasımzadə, Cabbar Məcnunbəyov, İsmayıl Soltan, Əvəz Sadıq, Əziz Şərif, Rza Şahvələdlə tanışlığı onun Bakıya daşınmaq həvəsini bir qədər də artırmışdı. Günlərin birində Azərbaycan Yazıçıları İttifaqının katibi Əhməd Cəmildən ona bir məktub gəldi. O zaman Yazıçılar İttifaqının sədri Süleyman Rüstəm idi. Ə.Cəmil hər ikisinin adından Adil Babayevi tanışlıq üçün Bakıya dəvət edirdi.
   
   (ardı var)

TƏQVİM / ARXİV