adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"QARANLIQ" DüNYANIN "iMPERATORU". . .

BABƏK YUSİFOĞLU
38901 | 2010-03-10 01:33
Onun şöhrəti artırdı. İndi Kaponeyə "Çikaqonun kralı" deyirdilər. Hətta şəhərin yuxarı dairələri onun sözündən çıxmırdılar. Amma bununla belə onun düşmənləri də azalmırdı. Hədələyici telefon zəngləri, açılan atəşlər getdikcə çoxalırdı. Düşmənlərindən biri də küçə bandasının şefi Dion O"Brayn Al üçün çox yaxşı bir tələ hazırlamışdı. Pusqu qurmuşdular. Hautorn İnn mehmanxanasında gecələyən Kaponeni məhv etmək məqsədi ilə iri kalibirli bir neçə pulemyot hazır vəziyyətdə idi. Və Al Kapone hər şeydən bixəbər otel otağına gəldi.
   
    Düşmənləri artıq onun tələdə olduğunu gördükləri üçün Kaponenin otağını həmin pulemyotlardan və avtomat silahlardan fasiləsiz atəşə tutdular. Ora əsl cəhənnəmə çevrildi. Hər yer dəlik-deşik, parça-parça oldu. Əslində Alın oradan salamat çıxması mümkün deyildi. Hər kəs şəhərin Kaponesiz qaldığına əmin idi. Hətta Dion bu hadisəni bayram elədi. Amma onun xəbəri yox idi ki, ölüm saçan minlərlə güllənin yağmasına baxmayaraq Kapone ağır mərmər stolun altında artıq düşməninə cavab zərbəsi endirmək barədə düşünür. Bəli, o, burada da özünü qurtarmışdı. Dion onun sağ qaldığını eşidəndə qulaqlarına inanmamışdı. Amma onu da başa düşdü ki, bundan sonra qəzəbli düşməni onu öldürmək üçün hər bir şansı dəyərləndirəcək.
   
   Elə belə də oldu. Ölümdən zorla qurtulan Kapone vaxt itirmədən Dionu məhv etmək üçün hiyləgər bir plan hazırladı və özünün iki ən usta atıcısını - Con Skalizo və Alberti Anselmini götürərək düşmənini amansızcasına məhv etdi. Amma məsələlər heç də bununla bitmədi. Öyrəndi ki, etibar etdiyi hər iki atıcı - Skalizo ilə Anselmi rəqib bandaların biri ilə əlaqəyə giriblər. Və onun düşmənləri ilə birləşib Kaponeni öldürmək üçün sui-qəsd hazırlayıblar. Al onları qabaqlamasaydı onun axırına çıxacaqdılar. O yubanmadan hərəkətə keçdi. Heç kəsi şübhələndirmədən O"Braundan intiqam alınmasını təntənəli qeyd etmək üçün banket verdi. "Dostları" Con Skalizo ilə Alberti Anselmi də banketə dəvətli idi. Onlar gəldilər, amma bir daha geri qayıtmadılar. Kapone orada heç nədən şübhələnməyən hər iki qanqsteri hamının gözü qarşısında öldürdü. İndi onun şəhərdə yeganə düşməni qalırdı - Dionun ən yaxın köməkçisi Baqz Morqan. Morqan bu müddət ərzində xeyli güclənmişdi. Təsir dairəsini genişləndirmişdi. Elə bu amil də Kaponeni rahat buraxmırdı.
   
   
   
   Al Kapone
   
   
   
   bütün bunlarla yanaşı şəhərdə böyük bir "imperiya" yaratmışdı. Bu "imperiya" bütünlüklə Sicilya tayfalarından olmasa da əsl mafiya idi. Və o, Don Kapone olmuşdu. Hamı - yaşlılar da, gənclər də onun qanunları ilə hərəkət edirdi. Onun sözü hərəsi bir yandan toplanmış bu "tayfa" üçün konstitusiyaydı. Mafiyanın xəzinəsinə böyük pullar axırdı. Deyilənlərə görə, o, pul xərcləməkdən heç vaxt çəkinməzdi. Risq etməyi bacarsa da, hiyləgər addımlara daha çox üstünlük verərdi. Onun həm də öz "işi"nə aid güclü intuisiyası olub və bu intuisiyaya çox inanıb. Heç vaxt intiqam məsələsində "işi" təxirə salmağı, yubatmağı sevməyib. Qızğın italyan qanı Kaponeni digərlərindən fərqləndirib. Çox vaxt üzündə görünən qəribə təbəssüm onun nə düşündüyünü, hansı addımı atacağını təyin etməyə mane olarmış. Və bu təbəssüm Kaponenin rəhmsiz xarakteri ilə təzad təşkil edib.
   
   Ala görə, Baqz Morqan da tezliklə öldürülməliydi. Onun fəlsəfəsində düşmən varsa, aradan götürülməlidi, yoxsa atılan güllələrə hazır olmalısan. Morqan üçün də öz qərarını vermişdi. "Müqəddəs Valentin günü" Kaponenin bir sıra seçilmiş qanqsterləri polis mundirləri geyinərək Morqanın zirzəmisinə soxuldular. O"Braynın əvvəlki hücum zamanı təsadüfən sağ qalmış beş-altı adamı və digərləri gələnləri doğrudan da polis zənn etdikləri üçün müqavimət göstərmədilər. Amma Kaponenin silahlıları avtomatlardan atəş açaraq soyuqqanlı şəkildə onların hamısını qətlə yetirdilər. Təhqiqat müəyyənləşdirmişdi ki, həmin zirzəmidə 1500-dən çox güllə atılıb. Amma intiqamı üçün gəldikləri adam təsadüf nəticəsində o sırada yox imiş. Məhz sağ qalmış Morqanın sayəsində bu zirzəmidə yaşanan qanlı olay yerli mətbuatda böyük səs-küy yaratdı və "Qanlı Müqəddəs Valentin" adı ilə bütün ölkədə müzakirə mövzusuna çevrildi. Hər kəs, təfərrüatı bilməyənlər belə hadisəni qınadılar. Yalnız bundan sonra Al Kaponenin yaratdığı mafiyanın uğursuzluqları başladı. Əlamətlərə inananlar deyirlər ki, Kapone mafiyasının çöküşü məhz Baqz Morqana olan hücumla başladı.
   
   
   
   KAPONEYƏ XƏYANƏT
   
   ETDİLƏR
   
   
   
   Onun yaxın adamlarının biri - at və it qaçışlarına cavabdeh olan şəxs Eddi O"Heyra müəyyən sənədlərin üzə çıxmasına şərait yaratdı. Vergi ödəmələri üzrə ABŞ-ın ən tanınmış müfəttişləri tərəfindən Kaponenin idarə etdiyi "imperiya"nın real gəlir və çıxarlarını əks etdirən kitabı aşkarlandı. Və sübut olundu ki, Kapone bu illər ərzində heç vaxt vergiləri ödəməyib. Ona görə də Al Kapone 1931-ci ildə elə bu təqsirləndirmə ilə həbs edildi. Amma məhkəmə 6-cı sinfə qədər təhsil görmüş bu adamı "ağıllı" maxinasiyalarına görə birinci dəfə cəzalandıra bilmədi. Lakin iş uzandı. Federal məhkəmə qarşısında məlum oldu ki, vergidən yayındırdığı məbləğ o qədər azdı ki, Kaponenin az yaşlı oğlunun cibindən çıxardığı qəpik-quruşla bunu ödəmək mümkündü. Lakin məhkəmə bununla belə bu məbləği məhkəmədənkənar ödənməsinə qarşı çıxdı və işin axıradək araşdırılıb davam etməsinə qərar verdi. Nəticəsi isə gözlənilməz oldu. Kapone 50.000 dollar cərimə olundu, 11 il müddətinə də azadlıqdan məhrum edildi.
   
   Bu zərbə ilə də məsələ bitmədi. Ardı gəldikcə gəldi. Yəni Al Kapone bunun ziyanını başqa cür də çəkdi. Həm mafiya "Atası"nın özünün, həm də arvadının adına olan saysız-hesabsız əmlak, mülkiyyət müsadirə edildi. Amma Kapone də bunlara tam hazırlıqsız olmamışdı. Çünki qabaqcadan görülmüş tədbirlər nəticəsində - polisin hesablamalarına görə, o zamanlar üçün böyük bir hissə sayılan 100.000.000 dollar həcmində hissə Kaponenin ailəsinin əlində qaldı. Amma bunlar da mafiya "atası"nı xilas edə bilmədi. Onu həbs etdilər. Həbsxana həyatının ilk ilini Al Kapone Atalanta həbsxanasında keçirdi. Xüsusi sıxıntıları olmasa da "azad"lığa öyrənmiş Kapone həbsxana həyatına sığa bilmirdi. Onun hökm etdiyi şəhər uzaqda idi. Amma buna qatlaşmalıydı. Qatlaşdı da. Sıxıntılar bitmək bilmirdi. Sonradan ədliyyə belə qərara gəldi ki, Alı başqa bir həbsxanaya köçürsünlər. Belə də oldu. 1934-cü ildə onu Alkatrats adasında yerləşən və o vaxtların "Qaya" adı ilə məhşurlaşan türməyə göndərdilər. Əvvəlki yerinə görə xeyli sərt şəraitə malik bu həbsxanada Kapone çətin illər keçirdi. Mafiyanın digər üzvləri uzun axtarışlardan sonra Al Kaponenin həyatının dəyişməsinə səbəb olan, karyersına öldürücü zərbə vuran Eddi O"Heyranı adını dəyişsə də tapdılar və onu elə öz maşının içərisində xüsusi amansızlıqla qətlə yetirdilər. Çikaqonun "Xaç atası" sayılan, ən böyük mafiya "atası" olan Al Kapone isə bu həbsxanadan yalnız beş ildən sonra azadlığa buraxıldı. Amma necə? Bu haqda məlumat verənlər onun həbsxanadan pis vəziyyətdə çıxdığını söyləyirlər.
   
   
   
   UZUN SÜRƏN
   
   HƏBSXANA HƏYATI
   
   
   
   onun səhhətində çox ciddi izlər qoymuşdu. O, həbsxanadan faktiki olaraq köməksiz, sağlamlığını bütünlüklə itirmiş, mənəvi cəhətdən sarsılmış şəkildə çıxdı. Həyatının Nyu-Yorkda keçdiyi qızğın dövründə tutulduğu siflis xəstəliyi türmədə daha da kəskinləşmişdi. Bu illər ərzində Çikaqoda ona sadiq qalan bir sıra qanqsterlər Kaponeni hörmətlə qarşıladılar. Hətta onu yenidən əvvəlki yerində oturtmaq, yenidən həmin "imperiya"nı bərpa etmək üçün əllərindən gələni etdilər. Amma zaman və xəstəlik artıq öz işini görmüşdü. Orqanizmi son dərəcə zəifləyən, xəstəhal Kapone əvvəlki işin öhdəsindən gələ biləcək vəziyyətdə deyildi. Artıq hər şey keçmişdə qalmış, tarixə çevrilmişdi. Çoxları artıq yaxşı anlayırdı ki, vaxtıyla adı insanların canına qorxu salan, bir işarəsi ilə dövlət məmurlarının belə yuxusuna haram qatan bu qüdrətli adamın ömrünün sonları çox da uzaqda deyil. Al Kaponeyə sədaqətli dostları keçmiş bosslarına heç olmasa mənəvi dayaq durmaq üçün tez-tez, usanmadan onu ziyarət edirdilər. Hətta bu illərlə davam etdi.
   
   Onlar bu ziyarətlərində keçmiş mafiya atasına uydurduqları yalanları da danışırdılar. Dostları hər dəfə bir "xəbər"lə gəlirdilər. Bir dəfə şəhərin mərkəzindəki 10 mağazanın necə ələ keçirmələrindən", başqa bir vaxt Amerikanın digər mafiya başçılarının ona salam göndərməsindən, toqquşmalarda necə qalib gəldiklərindən... danışırdılar. Hətta Al Kaponenin keçmiş hesabdarı ayrıca bir kitabda yalançı hesablar aparır, qazanılmış yalançı milyonlar haqqında ona məlumatlar verirdi. Kaponenin istəklərini onlar yenə əvvəldə olduğu kimi sözsüz yerinə yetirirdilər. Və bu yollarla Don Kaponenin ömrünü uzatmağa çalışırdılar. Amma hamısı boşuna. Çikaqonun "kralı"nın son günlərinin yaxınlaşmasına heç nə mane ola bilməzdi. Onun xəstəliyi çox şiddətlənmişdi, bədəni isə demək olar ki, tamam zəifləmişdi.
   
   
   
   MAFİYANIN "XAÇ ATASI" ÖLDÜ
   
   
   
   1947-ci ildə - 48 yaşında Alfonse Kapone beyninə qan sızma nəticəsində dünyasını dəyişdi. Öləndən sonra onun nəəşi Floridadan Çikaqoya gətirildi və artıq tabutun qarşılanması üçün hazır vəziyyətdə gözləyən avtomatla silahlanmış yüzlərlə qanqsterin mühafizəsi altında dəfn mərasimi keşirildi. Həmin dəfn mərasiminin şahidi olanlar deyirdilər ki, Kapone hətta ölümündən sonra da qanqsterlər dəstəsinə rəhbərliyi davam etdirir. Ailəsinin istəyinə görə, Çikaqonun "kralı" adi qəbir daşının altında basdırıldı. Və əfsanəvi qanqster bu günədək həmin məzarda uyuyur.
   
   
   
   P. S. Onun ölümündən sonra nəinki Amerikada, İtaliyada, eləcə də digər ölkələrdə mafiyoz birləşmələr uzun müddət öz güclərini qoruyub saxladılar. Bir çoxları Al Kapone kimi məhv olub getdi, amma yeniləri də yarandı. Hətta bəzi ölkələrdə onların qarşısını almaq üçün xüsusi qərarlar da qəbul edildi. Elə İtaliyanın özündə 1980-cı illərdə mafiyaya və korrupsiyaya qarşı mübarizə kampaniyasına başlandı. Və uzun illərdən sonra, 1994-cü ildə İtaliya mafiyasının "Xaç atası"nın - Salvatore Rinanın həbsi həmin mübarizənin kuliminasiya nöqtəsi oldu. Amma mafiyanın kökünün bir dəfəlik kəsildiyini heç kim deyə bilməz. Sadəcə olaraq bu günkü mafiya bir sıra dövlətlərdə çox yuxarı dövlət postlarında oturmuş "Ata"lar tərəfindən idarə edildiyi üçün ifşa olunmur, həm də bunun üçün onların klassik qaydada qanqsterlər dəstəsinin saxlanmasına ehtiyacları qalmayıb. Necə deyərlər, hər şey "qanuniləşdirilib".

TƏQVİM / ARXİV