adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"AğCAQAYINLARIN" QIZIL QIZDIRMASI

MƏZAHİR ƏHMƏDZADƏ
25644 | 2010-03-06 04:51
Mən gündəlik olaraq 8-10 qəzeti oxuyur və ya nəzərdən keçirirəm. Bunların sırasında həftəlik, həftədə 3-4 dəfə çıxan qəzetlər də var. Artığına gücüm və vaxtım çatmır. Bunu söhbət açacağım məsələyə görə bildirdim.
   
   Bütün dünyanın, hətta cənubda yerləşən isti ölkələrin də diqqətini cəlb edən hadisə - XXI Qış Olimpiadası keçən həftə sona çatdı. Faciə ilə başlayan (gürcü kirşəçinin məşq zamanı həlak olması) bu əsrarəngiz idman bayramı sevinclərdən axan göz yaşları və dünyanı heyrətə gətirən nəticələri ilə də yaddaşlara köçdü.
   
   Diqqət yetirdiyim, bəzi yazıları və məlumatları tapıb oxumaq istədiyim qəzetlərdən biri də "Futbol+"dur. Bu qəzetdə peşəkarlığı görməmək insafsızlıq olardı. İstər müəllif yazılarında, istərsə də təhlillərdə və publisistik yanaşma oxucunu razı sala bilir. Ancaq bu günlər qəzet məni bir xeyli təəccübləndirdi. Dünya üzrə 4 ildən bir keçirilən böyük idman bayramına hər dəfə 15-ci səhifədə müəyyən qədər yer ayırmaqla kifayətləndi. Bunlar da kiçik statistik məlumatlar və medal sıralaması, vəssalam! Respublika futbol birinciliyinin hətta əvəzedici heyətlərinə səhifələr ayıran, üstəlik heç kimə lazım olmayan bu tipli digər yazılar dərc edən qəzetin XXI Qış Olimpiadasını MBA Müntəzəm Çempionatının "böyrünə qısıb" kiçiltməsi başadüşülən olmadı. Məsələni geniş müstəviyə çıxarmaq fikrində deyiləm, əksəriyyəti gənclər olan həmkarlarımıza bir dost iradıdır.
   
   ... Əvəzində İctimai Televiziya öz tamaşaçılarını sevindirdi. Olimpiadadan canlı reportajları ilə, bir çox mühüm icmalları ilə, üstəlik tamaşaçılarına müraciət edib istəklərini öyrənməsi ilə - Olimpiadanın proqramına daxil olan yarışların daha çox hansılarını izləmək arzusundayıq!
   
   SSRİ dövründə Yay Olimpiadaları kimi, Qış Olimpiadalarının da hansı ölkələrdən keçirilməsindən asılı olmayaraq, demək olar, başdan-başa televiziya tamaşaçılarına təqdim olunurdu. Hətta translyasiyasını birbaşa izləyə bilməyənlərin də maraqları qorunurdu. Əsas yarışların təkrarları göstərilirdi. Şübhəsiz burada atmışıncı illərdən başlayaraq sovet idmançılarının uzun bir dövr ərzində həmişə favoritlər sırasında olması da rol oynayırdı. İdeologiya da nüfuz edirdi. Bu başqa mövzunun söhbətidir. Ancaq hər halda Qış Olimpiadalarında bircə nəfərlə də təmsil olunmayan bir çox müttəfiq respublikaların da idman həvəskarları, xüsusilə cənubda yaşayanlar da Oyunlara maraq göstərir və izləyirdilər. Başqa yarışları deyə bilmərəm, fiqurlu konkisürmə və hokkey mübarizələrini Azərbaycanın hətta ucqar kəndlərindəki böyüklər və uşaqlar da səbirsizliklə gözləyirdilər. SSRİ dağıldıqdan sonra Qış Olimpiadaları Azərbaycan tamaşaçısı üçün əlçatmaz oldu. Üstəlik idman qəzetləri o boyda idman bayramını rapira və ya stend atıcılığı səviyyəsindən də aşağı tutdu.
   
   İndi İctimai Televiziyanın bu gözəl təşəbbüsü həm xoş nostalji, həm də gənclərin marağı, bütünlükdə isə insanların zövq və istirahəti baxımından yüz serialdan qiymətli idi. Televiziya rəhbərliyinə təşəkkürlər və təbriklər!
   
   ... Belədə idman qəzetlərinə də geniş imkanlar yaradılmışdı. Uzaq Kanadaya, Vankuverə getmədən də oxunaqlı, diqqət çəkən yazılar, şərhlər vermək mümkün idi. Daha çox maraq doğuran fiqurlu konkisürmə, buz üzərində rəqs, hokkey, tramplind tullanma, nəhəng slalom, konki, bobsley... yarışları haqqında məlumatları genişləndirmək, yazıları sistemləşdirmək yaxşı olardı. Bütün bunları o mənada deyirəm ki, televiziya reportajını və ya icmasını hər-hansı bir səbəbdən ötürsən də qəzet ki "səni gözləyir, səni tələsdirmir" Bayaq dediyim kimi, oxucuya - Qış Olimpiya həvəskarlarına belə bir dəqqət göstərilmədi. Əslində isə bütün məsələlərə operativliklə yanaşılmalı, ayrı-ayrı ölkələrin uğurlarının və ya uğursuzluqlarının səbəbləri oxuculara əldə olunan faktlarla çatdırmalı idi.
   
   Oyunları Rusiya idmançılarının fiaskosu adlandırmaq mümkündür. Şimal qonşularımız gözlənilən əsas medalların heç birini qazana bilmədilər. Cəmi 3 qızıl, 5 gümüş, 7 bürünc medalla ümumi komanda zaçotunda 11-ci yerlə kifayətləndilər. Əgər kimlərsə SSRİ-dən "qopmaların" nəzərə alınmasını yada salarsa buyursunlar : Latviya 2 gümüş, Qazaxıstan və Estoniya isə hərəyə 1 gümüş medal. Nəticə acınacaqlıdır!
   
   Qış Olimpiyadasında ən yüksək yerlərə həmişə bu komandalar iddialı olub: Almaniya, ABŞ, Rusiya, Norveç, Avstrya... Kanada heç birinci altılığa da göz dikə bilməyib. Olimpiadalarda meydan sahibi olan çox cüzi rol oynaya bilər. Olimpiadalar boyu bunun şahidi olmuşuq. Bəs necə oldu ki, kandalılar oyunların mütləq qalibi kimi tarix yaza bildilər? Üstəlik bir Olimpiadada ən çox qızıl medal qazanan ölkə kimi rekord əldə etdilər? Bu səviyyədə olmasa da hər-halda Kanadanın çoxlu medal qazana biləcəyi gözlənilirdi. Vankuver Olimpiadasının keçirilməsinə hazırlıq, qoyulan vəsait tamam başqa məsələdir. Ölkə idmançılarının 3-4 il ərzində seçilib hazırlanması, ən müasir vəsaitlərdən istifadə edilməsi, vətənpərvərlik ruhuna köklənməsi ciddi yanaşmalardır. Eyni zamanda idmançıların özlərinə deyil, məhz ən yüksək keyfiyyət göstəricilərinə istiqamətləndirilməsi üçün 180 milyon dollara yaxın pul xərclənmişdi. Bütün bu rasional və ağıllı yanaşmanın, qeyri-adi əzmkarlığın nəticəsi olaraq Kanada 14 qızıl, 7 gümüş və 5 bürünc medal qazanaraq ABŞ, Almaniya, Norveç, Rusiya kimi yüksək potensial sahiblərini üstələdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe təşkilatçılığı yüksək qiymətləndirməklə yanaşı, Qış Olimpiadalarında medallara namizədlərin çoxalmasını, Koreya kimi ölkələrin də yüksək yerlərə iddialı olmalarını böyük inkişaf kimi dəyərləndirdi. Bu cür dəyərləndirmədən belə bir nəticə çıxarmaq mümkündür ki, 2010-cu ildə keçiriləcək növbəti XXII Qış Olimpiadası daha çox diqqət mərkəzində olacaqdır. Eyni zamanda Rusiya öz keçmiş və yeni tarixində ilk dəfə olaraq Qış Oyunlarına ev sahibliyi edəcək. Özü də nə qədər paradonsal görünsə də ölkənin ən cənub və isti bölgəsində - kurortlar şəhəri olan Soçidə.
   
   Ancaq Tanrı Qara dəniz sahilində yerləşən bu gözəl şəhərə hər şey bəxş edib. Dəniz, çaylar, göllər, meşələr və zirvələrindən qar əskik olmayan Qafqaz dağları. Təbii ki, yarışlar şəhərin yüksəkliklərində keçiriləcək. Çünki fevral ayında Soçinin park və bağlarında, eləcə də küçələrində acağlar çiçəkləyir...

TƏQVİM / ARXİV