QARANLIQDAN AYDINLIğA

FAİQ QİSMƏTOĞLU
28519 | 2010-03-06 04:51
Bir balaca baş qarışan kimi, yaxud da bir çox məsələlər qəlizləşən kimi o dəqiqə görürürsən ki, məmləkətin müxtəlif yerlərində yağışdan sonra göbələk təki falçılar, öncəgörənlər, ekstrasenslər, tay nə bilim nələr başladılar meydan sulamağa. Biri deyir ki, sağalmaz xəstəliklərə əlac tapıram, biri deyir ki, kimi qarşıda hansı təhlükə gözləyirsə onu bilirəm, biri də deyir ki, mən istənilən adamın bədənindən cadunu çıxara bilirəm.
   
   Onlar danışır, özlərini yeyib-tökür, camaatsa televizor ekranlarında belələrinə elə baxırlar ki, guya sağalmaz dərdlərinə əlac tapılacaq.
   
   Ötən həftə ATV kanalında yenə bir neçə falçı, öncəgörən və cadugər bir yerə yığışmışdı. Həmin verilişi də aparan aparıcı deyirdi ki, burda müxtəlif fikirlərin səslənməsi o demək deyil ki, biz onların dedikləri ilə razıyıq. Qoy tamaşaçılar özləri bu cür adamların qiymətini versinlər. Bu da o deməkdir ki, aparıcı hər şeyi və daha doğrusu, məsuliyyəti tamaşaçıların üstünə atmaq istəyir. Bir tərəfdən özlərini ən baxımlı kanal adlandıran bu televiziyanın aparıcıları, digər tərəfdən də televiziyada elə şeylər göstərir ki, tamaşaçılar onun müsbət aurasından çox mənfi aurasına düşürlər.
   
   Heç uzağa getməyək, dediyimiz günü efirə gedən verilişdə iştirak edən bir neçə görücünün, falçının fikirlərinə bir daha aydınlıq gətirək. Öncə onu qeyd edək ki, bu cür adamların efirə çıxması milyonlarla tamaşaçı ilə ünsiyyətdə olması elə özü hardasa cəhalətə, mövhumata və nadanlığa bir addım da yaxınlaşmaq deməkdir. Verilişdə Masallıdan gəlmiş bir nəfər cavan oğlan da iştirak eləyirdi. Deyilənə görə, həmin oğlan həm də seyid ocağındandır. Cəddinə qurban olum, onsuz da bu millət həmişə seyidlərin qabağında baş əyib. Ancaq bu seyid özünün dediyinə görə, vergilidi. Yəni, hər hansı bir adamın başına nələr gələcəyini və həmin adamın hansı çətinliklərlə, qorxunc anlarla üzləşdiyini əvvəlcədən bilir. Hətta canlı gedən verilişdə xaricdə yaşayan bir azərbaycanlı qadın telefon bağlantısı da yaratdı. Həmin qadın dedi ki, bizə bu cavan oğlan demişdi ki, sizin şəkilini göstərdiyiniz adamı güllə ilə vurub öldürəcəklər. Üç-dörd ay keçmədi ki, mənim həyat yoldaşımı güllə ilə vurub öldürdülər. Özü də baxıcı oğlan bilmirdi ki, o mənim həyat yoldaşımdı.
   
   Sözümüzün canı nədir? Sözümüzün canı ondan ibarətdir ki, bəlkə də hansı baxıcının, öncəgörənin dediyi fikirlər hər hansı bir hadisə ilə üst-üstə düşə bilər. Ancaq bu o demək deyil ki, onlara peyğəmbərlik verilib. Çünki Quranda buyrulub ki, öncəgörmə ancaq peyğəmbərlərə məxsus olan keyfiyyətlərdir. Amma göründüyü kimi, bir çox falçılar, cadugərlar və öncəgörənlər bu fikirdən daşınmırlar. Deyirlər ki, Allahdan bizə vergi verilib. Bir çox psixiatorların və psixoloqların dediyinə görə, bu cür adamlar bir çox halda ağır xəstəlik keçirdikdən sonra vergi verildiyini bildirirlər. Bu barədə dəfələrlə müxtəlif alimlər və hətta tibb elmləri doktorları da fikirlər söyləyib. Təbii ki, bu fikirlərlə televiziya verilişində iştirak edən falçılar, öncəgörənlər, ekstrasenslər razılaşmasalar da, amma böyük tamaşaçı auditoriyası ağı qaradan seçməyi bacarıb. Təəssüf ki, bir müddət keçəndən sonra yenidən həmin falçılar, ekstrasenslər, cadugərlər efirdə görsənməyə başlayıb. Belə də olanda tamaşaçı odla su arasında qalır. Bilmir həkimlərin, alimlərin sözlərinə inansın, yoxsa televiziyada çıxış edən falçıların, cadugərlərın, eksrtasenslərin fikirlərinə.
   
   Həmin verilişdə bu "istedadı" üzə çıxarmaq üçün aparıcı səhnəyə bir cavan oğlanı dəvət elədi. Öncə görən Masallı sakini əlləri ilə onu müayinə eləyəndən sonra dedi ki, sənin qara ciyərində və bir də fəqərə sütunlarında problem var. Həkimlər sənə nə desə inanma və heç bir cərrahiyyə əməliyyatına razılıq vermə. Təəssüf ki, öncəgörənin proqnozları özünü doğrultmadı. Çünki müayinədən keçən cavan oğlan dedi ki, mənim sağlamlıq durumumda heç bir problem yoxdur və özümü lap yaxşı hiss eləyirəm. Onun bu sözlərindən sonra öncəgörən cavan oğlan bir qədər pərt olsa da, verilişdə iştirak edən digər falçı qadın özündən çıxdı və başladı həmin oğlana hücum eləməyə.
   
   Yəni, camaat və tamaşaçı kimin kim olduğunu həmin verilişdə az-çox bildi. Bizim də sözümüzün canı ondan ibarətdir ki, ayrı-ayrı adamlar ağır xəstəlik keçirəndə həkimlərdən çox bu cür adamlara üz tutur və onlardan kömək istəyirlər. Hətta bir dəfə ekstrasenslərdən biri deyirdi ki, həkimlərin müalicə edə bilmədiyi xərçəng xəstəliyinə tutulan insanı sağaltmışam. Təbii ki, bu sözləri eşidən bir qədər avam, savadsız və dünyagörüşsüz xəstələr televizordakı çıxışdan sonra elə həmin ekstrasensi axtarmağa başlayacaqdılar. Hansı ki, bu cür adamların toruna və əhatə dairəsinə düşən xəstələr çox çətinliklə həmin auradan çıxa bilirlər.
   
   O yerdə ki, savadsızlıq var, o yerdə ki, avamlıq və cəhalət ayaq tutub yeriməyə başlayır, istər-istəməz bəzi insanların bu cür adamlara qarşı inamı olur. İnanmaq olar. İnsan bütün hallarda çətinə düşəndə və eyni zamanda ağır anlar yaşayanda Allahdan kömək umur. Allahdan savayı, bizimkilər müxtəlif ocaqlardan, pirlərdən sağalmaları üçün şəfa diləyirlər. Elə xəstə var deyir ki, həkimə getdim, sağala bilmədim, amma pirə gedib şəfa tapdım. Deməli, bir çox insanlar hər hansı ocağa, pirə inamı olduğuna görə və sağalacaqlarına ümid bəslədikləri üçün həmin müqəddəs yerləri ziyarət edəndə bu inamın hesabına şəfa tapırlar. Həkimlər də deyir ki, hər hansı xəstə lap həkimin də yanına gələndə ilk növbədə onda həkimə inamı olmalıdır. Yəni inamı olmalıdır ki, bu həkim məni sağaldacaq.
   
   Bu gün ayrı-ayrı insanları fala baxanların, öncəgörənlərin və cadugarların yanına getməsinə heç kim maneçilik törədə bilməz. Ən azından ona görə ki, kimə desən ki, filan falçıya getmə, həmin adam səndən inciyəcək və deyəcək ki, mənim özəl həyatıma qarışma. Ancaq zaman-zaman hər şey durulduqca çox həqiqətlər üzə çıxır. Məsələn, mən adam tanıyıram ki, guya qızının bəxtini açmaq üçün hansısa falçı, yaxud molla ona dua yazıb. Amma aylar, illər ötür heç bir şey dəyişmir. Başqa sözlə demiş olsaq, mollanın və cadugərın dediyi sözlər və söylədiyi fikirlər düz çıxmır. Həmin fikirlər də düz çıxmayanda yenidən o adam başqa bir falçıya üz tutur və yenə onun həyatında yaxşılığa doğru heç bir şey dəyişmir ki, dəyişmir. Ayrı-ayrı falçıları gəzib-dolaşandan sonra başına gələn əhvalatlardan həmin insan təngə gəlir və hiss edir ki, onun işini nə falçı, nə ekstrasens, nə də cadugər düzəldə bilər. Müəyyən zaman ötəndən sonra həmin adamlar dediyimiz öncəgörənlərdən üz döndərirlər. Hiss edirlər ki, onlar aldanıblar. Daha doğrusu, öz sadəlövhlüklərinin, avamlıqlarının əsirinə çevriliblər.
   
   Məmləkətimizdə yağışdan sonrakı göbələk kimi bu gün öncəgörənlər, ekstrasenslər, falçılar və cadugərlər çoxalmaqdadı. Təbii ki, onlar bu yolla kimlərisə öz auralarına salıb pul qazanmaq istəyirlər. Əgər kimsə bu cür savadsız və cahil insanların toruna, əhatəsinə düşürsə, bunun ilk növbədə günahkarı öncəgörənlər deyil, onların yanına gedən və kömək uman adamlardı. Hamıya gün kimi bir şey aydın olmalıdır ki, Allahdan savayı heç kimə inam aparmaq düz deyil. Ayrı-ayrı falçıların və cadugərlərın hoqqaları isə şeytan əməlindən başqa bir işə qulluq etmir. Deməli, bütün hallarda insanlar özlərini bu cür cəhalətdən qurtarmalı, daha işıqlı və daha aydın bir yol seçməlidirlər.

TƏQVİM / ARXİV