adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AZƏRBAYCAN GƏNCi

FƏRHAD ŞABANOV
25824 | 2010-03-06 07:14
Yaz günəşi qonaq gəlib isidir soyuq insanlarla dolu şəhərləri. Nə sevinc bəxş edir bizə, nə də kədəri götürüb aparır. Biz kimik heç onu da bilmirik. Fəxr olunası keçmişin işıqlı gələcək bağışladığı gənclər, yoxsa utancından üzü qıpqırmızı olmuş boynu bükük vətəndaşlar. Keçmişimdən utanmaq istəmirəm. O həngaməli qala divarları ilə qorunan şəhər mi mənim keçmişim, yoxsa işğal altındakı torpaqlarmı? Qala divarındakı ox dəliklərindən şəhərini qoruyan igid ərlərin davamçısımıyam yoxsa torpağını, namusunu satıb qaçmış əclaflarınmı? Mənim tarixim deyəndə fəxr edəcəyim hansı dövrdür, hansı padşahdır, hansı dövlətdir. Mən hansı şəhərimin adını gələcək tarix kitablarına salmalıyam, onlardan qürurla bəhs etməliyəm. Mənim düşmənim kimdir, 9-cu əsrdəki ərəblərmi, 16-cı əsrdəki türklərmi, 19-cu əsrdə ruslarmı yoxsa 20-ci əsrdəki ermənilərmi. Mənim tarixim bu qədər qarışıqmı, yoxsa tarixçilərim bu qədər qarışdırmışmı. Mənim soyum, köküm safmı yoxsa nə olduğu bəlli olmayan qarışıq bir şeymi? Mənim məktəblərimdə dərs deyən müəllimlər cibindəki son qəpiyi ilə şagirdinin qarnını doyduranmı yoxsa şagirdin cibindəki son qəpiyə göz dikənmi? Mənim milyarder soylularım millətinə yardım məqsədli xəstəxanalar və muzeylər tikdirənmi yoxsa acgöz və bir qəpik uğruna yüz cana qıya bilən canimi? Mənim tarix kitabımdakı ananın göz yaşları itirdiyi torpağı, namusu üçünmü yoxsa əlindən alınan mal-dövlət üçünmü? Mənim musiqiçim Şərq mədəniyyətinə ilk operanı hədiyyə etmiş Üzeyirmi yoxsa toydan-toya şütüyən alverçimi?! Mənim yazıçım, şairim vətəni uğruna canlarından keçmiş igidlərmi, yoxsa bəstəkarı "əsər" satan satıcılarmı? Mənim xalqım azadlığı uğrunda meydanlarda toplaşan yüzminlərmi yoxsa bütün günü boş verilişlərə vaxtlarını satan ağılsızlarmı? Mənim dostum 20 yanvar günü günahsız xalqın üzərinə tank sürən rus əsgərlərimi yoxsa abidələrindən bayraqlarını endirdiyimiz 1918-ci ildə Bakını xilas edən türk əskərlərimi? Biz bayrağımızdakı rənglərə bağlı şüurlu cəmiyyətmi yoxsa bayrağımızı tərsinə asmağı "bacaran" tək-tük millətlərdən birimi? Bizim əsgərimiz vətəni, milləti üçün canından keçməyə hazır vətənpərvərlərmi yoxsa əzablı əsgərlik günlərinin tez keçməsi üçün dua edən əlacsız gənclərmi? Biz Xocalı soyqırımı günü istirahət mərkəzlərinə gedib əylənənlərmi yoxsa beynəlxalq konfrans və təşkilatlarda bunu dünyaya eşitdirməyə çalışanlarmıyıq? Bizim idmançımız ermənipərəst Fransaya 10-0 uduzan futbol komandasının oyunçularımı yoxsa ermənini yerə sərmiş güləşçimizmi? Bizim mətbuat fahişələrin gündəlik həyat tərzini anladan yazılarmı, yoxsa azad qələmdən axan mürəkkəbin təcəssümünümü? Mənim qəhrəmanım düşmən gülləsinə sinə gərmiş şəhidimmi yoxsa Eurovisionda yaxşı nəticə əldə etmiş "həmyerlim"mi?
   
   Azərbaycan gəncinin şizofren xəstəsindən heç bir fərqi yoxdur. Bir neçə insan yaşadır içində. Bu ona tariximizin sürprizidir. Nə unuda bilir, nə bağrına basa bilir. İtələdikcə üzərinə gəlir, qaçdığı yerlərə isə özündən qabaq gedir. Çünki milli kimlik insana doğuşdan verilir. Bunu seçmək şansı olmur. Sənə ilk illərdə bunun ancaq yaxşı tərəflərini öyrədirlər. Taki düşünənə qədər sən bunlarla başını qatırsan. İnsan nə olduğunu bilməklə yanaşı, nə olmadığını da bilməlidir. Biz isə heç birini bilmirik. Biz bilmirik ki, tariximizin utanılacaq səhifələrini cırıb atmalıyıq ya yox. Bizə tariximizi Avropalı öyrətdi. Rus öyrətdi. Bizim neftimizi dünyaya məşhur edən Nobel qardaşları oldu. Biz nə ilə fəxr etməliyik. Biz nə ilə öyünməliyik. Bizə aysberqin görünən tərəfini öyrədirlər. Və bir gün Titanik kimi səyahətə çıxdıqda bu aysberqin sənə ən böyük sürprizi - qəzaya uğrayırsan. Çıxış yolun isə buzlu okeanda donub ölmək olur.
   
   İşğal altındakı Qarabağ gənc nəslin yanağında bir çapıqdır. Bu iz bizə doğuşdan hədiyyə edildi keçmişimiz tərəfindən. Biz - Azərbaycan gənci - bu izlə yaşamağa məcburuq. Azərbaycan gənci xəstə doğulmuş uşaq kimidir. Bunu heç kim istəməz. Ancaq Allah sınağa çəkir bəzən qullarını. Bizi isə çox təəssüf ki, keçmişimiz sınağa çəkir. Hər nəsil özündən sonrakına daha yaxşı gələcək qoymaq üçün yaşayar. Bizdə isə tərsinədi bu qanun. Biz keçmişin bizə qoyduğu bu izlərdən canımızı qurtarmaq üçün çırpınan yaralı quşun qanadlarıyıq. Çırpındıqca ağırlaşır yaramız və daha əzablı, daha ağrılı acılar yaşadır bizə. Biz plastik əməliyyatlarla üzündəki çapıqdan qurtularaq kimliyini dəyişəcək qədər xaraktersiz gənclər deyilik. Ancaq biz ömrümüzün sonuna kimi gözləməyi və bizdən sonrakı nəsillərə bu əzabları yaşatmağı da düşünmürük. Sonluğu olmuş bir hadisə ilə bitirmək istəyirəm. Bəlkə dərs çıxararıq. Beynimizi alt-üst edən bir çox sualın da cavabı bəlkə elə o hadisədə gizlidir.
   
   Cumhuriyyətin ilk illərində Ankarada bir toplantı olur. Avropalı dövlətlərin təmsilçiləri ilə yanaşı Türkiyə Cumhuriyyətinin qurucu paşaları da bu toplantıda iştirak edir. Yığıncağın əvvəlindən Fransalı bir təmsilçi Atatürkə tərs-tərs baxır. Mustafa Kamal bir dəfə görməməzlikdən gəlir, iki dəfə görməməzlikdən gəlir, axırda əsəbləşir və yanına bir yavərini çağırıb deyir ki, get soruş ondan gör problemi nədir. Yavər gedir deyir ki, Mustafa Kamal Paşa soruşdu ki, nədir problem. Avropalı deyir ki, O, Çanaqqalada mənim atamı öldürdü. Yavər gəlib bunu Atatürkə deyəndə, Atatürk cavabında deyir ki, get ondan soruş gör, "atasının Çanaqqalada nə işi varıydı?"

TƏQVİM / ARXİV