adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"DƏMiR LEDi", YOXSA MƏLƏK?!

VƏSİLƏ USUBOVA
19656 | 2010-03-06 04:51
Cavab istəmirəm. Fikirləri öyrənməkçin yazmıram bu yazını. İllərdən bəri düşündüklərimi, görüb eşitdiklərimi, oxuduqlarımı, nəhayət gəlib çatdığım qənaətləri bölüşmək istəyirəm. Yalanları həqiqətlərindən daha çox və yüyrək olan dünyada hər kəsin öz həqiqəti, tapındığı, yalnız özünün duyduğu, kimsəyə qəbul etdirmək istəmədiyi çox məqamlar, sirlər varg İnsanı doğal xislətindən ayıranlar, ona özünün biçdiyi libası geyindirmək istəyənlər həmişə olublar. Bu gün də var və deyəsən, innən belə də elə hər şey onların ölçülərinə sığışdırılacaq. Çərçivəyə salınmış istəklərin, xəyal və illüziyaların qəfəsdəki quşun heç nəyə yaramayan qanadlarından fərqi nədir ki?!...
   
   "Dəmir" sözü bərk, ağır, soyuq bir anlam daşıyır. Qətiyyən uyuşmur qadınla. Nə fiziki, nə də mənəvi baxımdan. Ətirli bədən, ipək saçlar, xəfif, şirin təbəssüm hara, dəmir hara?! Deyəcəksiniz, söhbət xarakterdən, əsəbdən, ruhi müvazinətdən gedir. Mən də soruşuram: bəs, dəmir kimi olmaq, dəmirə dönmək, dəmirləşmək nəyin sayəsində yaranır? Elə başdan-ayağa bütün müvazinətin itirilməsindən, yaşam balansının hərtərəfli pozulmasından irəli gəlmirmi?!g
   
   
   
   ***
   
   Yer üzündə nə baş verirsə, zülmünü, əzabını qadınlar çəkir. Bəhanəsi nə olursa olsun, elə dünya müharibələrinin də bir adı qadınlığa, analığa qarşı müharibə deyilmi?! Kişilər- bizim atamız, qardaşlarımız, ərimiz, oğullarımız olan kişilər bilmirlər ki, ( nə vaxtsa biləcəklərinə də ümidim yoxdu) bizə necə zülm verirlər. Özlərinin işgüzar, hərtərəfli adlandırdıqları, guya dünyanı dəyişməyə, yaxşılaşmağa yönələn əməllərinə etirazımızı heç bir zaman ağıllı hesab etmədikləri əks cinsin yersiz şıltaqlıqları sayıblar həmişə. Bizi məcbur etdikləri məqamlar da var, könüllü qəbul etdiyimiz, bilərəkdən əsir düşdüyümüz anlar dag "Axilles dabanı"mızı da yaxşı bilirlər. Elə həmişə də bu zəif yerimizdən- sevgimizdən vururlar bizi. Biz də hələ-hələ ölən deyilik bu yaralardan. Bu yaraları göz yaşlarımızla sığallamağı, öpüb oxşamağı da bacarırıq, yaşatmağı da, ona sığınıb yaşamağı dag
   
   Qarşılığı qısa ömürlü, ya da heç olmayan, bəzən solub-saralmış gül dəstəsi kimi üzümüzə çırpılan sevgilərimizə yas tutmağa da dörd bir yanımız əngəl olur çox zaman. Cavabsız sevgilərin qisas nədəni olmadığını bilə-bilə üzülməkdən bezmir, ümidlərdən əl çəkmirik. Unudulmaz şairimiz dərdsizliyi özünə dərd edən kimi, biz də sevilməzliyi sevgiyə çevirib ona tapınmağı çoxdan sınaqdan çıxarmışıqg
   
   Dəmirlikdən yayınıb sentimentallığa şütüyən qələmimə "bəsdi" demək istəsəm də, alınmır. Həyat dolu, şəfqət, nəvaziş dolu bir varlıqdan danışmaq istəyirəm. Özü nə istəyir olsun- evdar, həkim, müəllim, mühəndis, təyyarəçi, döyüşçü, müğənni, aktrisa, yazıçı, sərkərdə, siyasətçi,gdaha nə bilim, nələr, nələr. Görmək istədiyim kimi əzizdi O mənə. Təpədən dırnağa Qadın kimi. Qarşısında bütün pisliklərin əriyəcəyi, qəddarlığın diz çökəcəyi bir varlıq kimi. Kimsə "Belə ol!" deyə bilməz Ona. Biz onu tanıyanacan belə vardı, belə olmuşdu. Və bu Olum onun özündən asılı deyildi. Yaradan istədiyi kimi yaratmışdı o cinsdən olanları. Kimini təpə-dırnaq Sevgidən, Nəvazişdən, kimini də bu gözəlliklərə qan udduracaq Lənətdəng
   
   
   
   ***
   
   Bir qadın tanıyırdım. Elə bir qadın ki, haqqında danışmaq, yazmaq istəyəndə hər cür pafosdan, bənzətmədən, təyinlərdən qaçmaq, elə onun özü kimi boyasız, saf cümlələri sapa düzmək istəyirəm. O, məndən ötrü xəyalımda gəzdirdiyim, sağ olduğum, yaza bildiyim sürəcə yazmaq istədiyim, bitib-tükənməyən mövzu mənbəyidi. On ildən artıqdı dünyasını dəyişdiyi. Mənsə, onu unuda bilmirəm. Analıq, Qadınlıq, Əxlaq, Nəvaziş, Xeyirxahlıq naminə nədən danışılırsa, xəyalım onun yanına qanadlanır. O nə Tomrisdi, nə Nətavan, nə İndira Qandidi, nə də Marqaret Tetçer. Bəlkə də bu saydıqlarımdan, uzaqbaşı, Nətavanın adını eşitmiş olardı. Bəlkə də çox şeydən xəbərsiz olması daha yaxşıydı. Özünü kiməsə oxşatmaq fikri ağlından da keçməzdi o zaman. Mənliyi də, qüruru da özününküydü. Hər cür riyadan, qeyri-səmimilikdən uzaq, canlı, istiqanlıg
   
   Dünyamızın həmişə belə qadınlara ehtiyacı olub. Bu gün isə həmişəkindən daha çoxdu. Nə yazıqlar ki, bu istəyimdə də ümidsizəmg
   
   Əri cəbhəyə gedəndə heç onun hamiləliyindən də xəbəri yoxmuş. Qızı olduğunu yazırlar ona. Məktublarında utana-utana salam göndərir ilk körpəsinə. Amma üzünü görmək nəsib olmurg Öz içində özgə, girişi-çıxışı ancaq özünə bəlli olan bir dünya qurub ruhən orada yaşayanların, bu yolla da ətrafındakı iyrəncliklərdən özünü qorumağı bacaranların varlığına inanmışam həmişə. Nəinki inanmışam, tanıdığım o qeyri-adi qadının simasında beləsini görmüşəm də, yaşa dolub dünyanı ucundan-qulağından dərk etdikcə, daha çox məftun da olmuşam g
   
   Ağır, əzablı illərdə sevgili ömür yoldaşının yoxluğundan qan ağlayan, didilib-parçalanan ürəyini ancaq kimsəsizlərə qucaq açmaqla ovuda bildi. Öz qızından, kiçik bacısından və dayısı oğlundan başqa daha altı yetim, kimsəsiz uşağa hayan durdu, saxlayıb böyütdü. Bu qadın dəmirdən idimi? Xeyr! Dəmirdən də möhkəm olanların onun qarşısında əriyəcəyi sevgi, şəfqət dolu, mələklərin də qibtə edəcəyi bir varlıqdıg
   
   Qadın ömrünün elə çağları yetişir ki, onu tərifləyənlərin ondan nələr oğurladıqlarının fərqinə varmağı bacarır. Bu saxta öymələrin bütöv bir qadın ömrünün girov götürülməsi bahasına başa gəldiyini anlayır. İstismarın ən riyakar formasıdı bu. Qadını tənhalığın qoynuna atan, öz-özüynən əlbəyaxa qoyan iblisanə bir qəddarlıqdıg
   
   
   
   ***
   
   Yuxarıda dedim ki, onu heç kəslə müqayisə edə bilmərəm. O, heç Tatyananın ("Yevgeni Onegin"), Ofeliyanın ("Hamlet"), Anna Kareninanın ("Anna Karenina") taleyini də yaşamayıb. Öz taleyinin sahibi olmağı bacarandı. İmkan verməz ki, kimsə onu öz hisslərinin qurbanına çevirsin, aldatsın, atsın. Belələriynən rastlaşsa da əyilməyən, tənhalığa çəkilib öz dünyasını qurmağı bacarandı. Nəinki bacarandı, üstəlik, ona ehtiyacı olanları- kimsəsizləri, atılmışları öz dünyasına almaqdan, yaşatmaqdan zövq, güc alandı. Onun qoynu təbiətin özü kimidi. Geniş, doğma, məhsuldar, rahat. Hər cür sevgi tamarzılarına- ana axtaranlara, rəfiqə həsrətində olanlara, kömək, hayan istəyənlərə açıqdı. Bax, Qadın budu! Və mən beləsini və belələrini görmüşəm. Aytmatovun Tolqonayından ("Ana tarla"), Əylislinin Mədinəsindən ("Mənim nəğməkar bibim") də ucada dayananını tanımışamg
   
   Universitet illərində müəllimlərimizdən biri Tolqonay haqqında dedi ki, o, necə qadındı, gəlininin başqa kişidən olan uşağını saxlayıb böyüdür?! Bəlkə qırğızlarda belədi, mən qəbul eləmirəmg Mənsə qəbul eliyirəm, əziz müəllimim. Əgər Tanrı o uşağı da başqaları kimi fərq qoymadan yaradıbsa, biz nəkarəyik? Axı, qadın elə təbiətin özü kimidi. Təbiətin də bir qanunu var: doğulubsa qanunidi, yaranıbsa yaşamalıdı, qorunmalıdı, bəslənməlidi! Çünki körpə safdı, köməksizdi, müdafiəsizdi. Bizim onu qorumağımıza ehtiyacı var. Sonradan yaradılan süni qanunların, saxta inancların ona dəxli yoxdug
   
   Ustad öz əsərinə çox gözəl ad seçib. Qadın elə anadangəlmə nəğməkardı. Onun qəlbi həmişə səsli-səssiz nəğmələr oxuyur. Sevdiyi kişi haqqında, canıynan, qanıynan bəslədiyi balası haqqında, isti yuvası, doğma ocağı haqqında, dinc, rahat dünya haqqındag Hansı rəssamınsa beşik başında layla deyən ana tablosunu yaratmasını istəmirəm. Onda bu ilahi mənzərə solar, insan təsəvvüründə yaratdığı əzəmətini itirərdig
   
   Özüm rəssam olsaydım, bir mənzərəni mütləq işlərdim. Ağyolla işığa doğru gedən qaragözlü, həsrət baxışlı qadın, arxasınca da doqquz uşaq. Bu qadına heç qanad da çəkməzdim. Çünki o, mələklərin də bacarmadığını eləmişdig

TƏQVİM / ARXİV