SEVGi ETiRAFLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
63250 | 2010-03-06 04:51
İndi gündəmə bir mövzu da gəlib. O da 8 martla bağlıdır. Hər kəs öz fikrini deməkdə, yazmaqda sərbəstdir və heç kəsə də qadağa qoymaq olmaz ki, filan mövzunu yazma, filan mövzuya münasibət bildirmə. Bu mənada 8 Mart Qadınlar Günü ilə əlaqədar yazılan yazıların müəlliflərinin hər biri öz arqumentində haqlıdır. Lakin...
   
   Dünyanın yazılmamış qanunları da var. Əgər tarixə baş vursaq, qadınların hökmranlığının böyük bir eranı əhatə etdiyini yəqin ki, xatırlayarıq. Elə o qadın hökmranlığı sona çatandan sonra başladı dünyanın nizamının pozulmağı. Və bu pozulan nizamı öz axarına, öz səmtinə qaytarmaq üçün Peyğəmbərimiz "cənnət anaların ayağı altındadı" dedi. Sonra da böyük söz sahibləri qadınla, anayla bağlı saysız-hesabsız fikirlər, poetik nümunələr söylədilər. Artıq bunların hər biri barəsində ayrıca danışmaq və yaxud şərh etmək məncə gərəksizdir. Çünki oxuyanlar, bilənlər xəbərdardı, xəbərdar olmayanlar da yəqin ki, maraqları olsa axtarıb, tapıb biləcəklər. Təbii ki, bu gün bizim maraq dairəmiz daha çox özümüzə, öz çevrəmizə aiddir. Bu da dünyadakı iqtisadi durumla, sosial gərginliklə bağlıdır. Nə isə...
   
   Deməli, dünyanın bir çox məmləkətlərində, o cümlədən şərq dünyasında da analar, qadınlar günü var. Biz Sovet dönəmində bu cəmiyyətin bayramlarından biri olan "8 Mart"ı qəbul etdik və artıq neçə-neçə nəsil onu bayram kimi də qeyd edir. Və bu gün gündəmə gələn 8 Martla bağlı fikirlərin arxasında nələrin durmasından asılı olmayaraq, unutmaq lazım deyil ki, insanları, daha çox isə zərif cinsi sevindirmək, könlünü xoş etmək təkcə onların özünə yox, həm də Tanrıya xoş olacaq bir addımı atmaq deməkdir. Bu mənada 8 Mart öncəsi özümü, öz çevrəmi nəzərdən keçirdim. Yadıma 8 Mart öncəsi şahidi olduğum, yaşadığım və hətta cəlb edildiyim olayları, məqamları saldım, sonda şeir, poeziya dünyasına baş vurdum. Və bir də onda gördüm ki, əslində təkcə 8 mart günü yox, ilin bütün günləri, bütün saatları ananı, qadını sevmək və yenə də sevmək lazımdı. Çünki onları yaşadan sevgi elə bizləri də yaşadır.
   
   Gözümün önündə canlandırıram məktəb illərimi. 8 mart öncəsi müəllimələrimə yazdığım açıqcaları, sinif yoldaşlarıma, o balaca qırmızı bantlı qızlara bağışladığım kitabları, qələmləri... Xəyalımda canlandırıram anamı necə təbrik etdiyimi, bacılarımın necə könüllərinə toxunduğumu... Məni çəkib aparıb universitet illərindəki 8 mart günləri... Qəribədir, bu məqamların özünəməxsusluğu, özəllikləri, qeyri-adilikləri. Elə bil ki, dünyanın bütün gözəllikləri, bütün zəriflikləri, bütün xoşbəxtlikləri məhz həmin o təbirklərin, o səmimiyyətlərin üzərində bərqərar olmuşdu. Təbrik etdiklərimin təbəssümü mənə qol-qanad verirdi, rühlandırırdı. Düşünürdüm ki, demək bu təbrikə onların da, mənim də ehtiyacım var. Elə indi də düşünürəm ki, məhz həmin o səmimi təbriklərin, o xoş diləklərin nəticəsində yarandı mənim şeirlərim.
   
   
   
   bir alın yazısıyam
   
   silə bilməzsən məni
   
   mən olmasan, mənim tək-
   
   billə bilməzsən məni...
   
   
   
   gecəmi yu, sər çölə
   
   gündüzümü xərc elə
   
   biz birik, lap borc elə-
   
   bölə bilməzsən məni...
   
   
   
   yandır, qovur - qəm gözdə
   
   qoy qurusun nəm gözdə
   
   ürək olmasam - gözdə
   
   gilə bilməzsən məni.
   
   
   
   şəklim baxan otaqdan
   
   durmadan sən yataqdan
   
   necə satdın dodaqdan
   
   dilə, bilməzsən məni...
   
   
   
   ***
   
   
   
   Hə, onda yazın elə bu cağları idi. Bir az da dəqiq ifadə etsəm, martın əvvəlləri, çərşənbələrin ilki idi. Və həmin o qarlı dağ yamacında qərar tutmuş bir kəndin dolanbac yolları ilə üzü Bakıya gəlirdim. Və bu mənim tələbəliyimin ikinci ili idi. Düşünürdüm ki, müstəqil həyatın çətinliklərinə dözmək, ondan baş açmaq o qədər də çətin olmayacaq. Çünki oxuduğum universitet, yazı-pozularım, dostluq etdiyim Azərbaycan aydınları və bir də ürəyimdəki kövrək bir duyğu həmişə yanımda idi. Qolumdan tutur, məni özü ilə çəkib aparırdı. Və mən də ömür yolunun nə dərə-təpəsinə, nə kol-kosuna, nə də ötəri qüssə-qəminə o qədər də bənd olmurdum. Elə düşünürdüm ki, həmişə belə olacaq. Sən demə...
   
   Sən demə, dünya başımın altına yastıq qoyurmuş, qu tükündən yastıq. Və mən də qu tükündən olan yastıqda şirin-şirin xəyalların, şirin-şirin yuxuların ağuşunda böyük-böyük ideyaların, arzuların həm qurucusuna, həm də əsirinə çevrilirdim. Bəlkə də həyatda o xəyallarımın, o arzularımın hamısı gerçəkləşsəydi, indi ən azı bərk gedən özəl bir qəzetin sahibi idim və yaxud da Sorosla diz-dizə oturub dünyaya ideya satmaqla məşğul idim. Gənclik düşüncələri, cavanlıq istəkləri və ən vacibi isə sözün, sənətin mənə verdiyi qol-qanad az qala yerdən qoparmışdı məni. Eləcə göylərdə idim. Bütün işlərim rəvan gedirdi, bütün arzularım həyata keçirdi, yalnız sevgiyə idi ehtiyacım... Təbii ki, bunların hamısı xəyalən belə idi...
   
   İlk dəfə ona gül aparanda mənə çox qəribə baxdı. Bilmədim niyə. Lap çox sonralar övladlar dünyaya gələndə bunun səbəbini soruşmağa cəhd etdim, amma heç nə demədi. Lap bu yaxınlarda həmin sirrin üstü açıldı və məlum oldu ki, hələ o zamanlar ölkə mətbuatında dərc olunmuş bir şeirimdəki iki bənd onun üçün güldən, digər qiymətli əşyalardan da dəyərli olub. Sən demə, şairliyim işə yarayıb. O vaxtlar yazmışdım ki:
   
   
   
   Əlinin altında saxla ehtiyat,
   
   Ürəyim ehtiyat ürəyin olar!
   
   
   
   Hə, indi bilmirəm gül aparanlar, gül bağışlayanlar var, yoxsa yox, amma bildiyim bir şey var. O da mobil telefonların ismarıclarıdı. Ona mesajlar da deyirlər. Köhnə tanışlardan biri ad günümdə mənim mobil telefonuma ürək şəkili göndərmişdi... sözsüz ürək şəkili!
   
   Bir vaxtlar qəzetlərdə sözsüz şəkillər dərc edilirdi. Hər kəs özü istədiyi sözü, fikri yazırdı o şəkil barəsində. Mən də bildim nə yazmaq istəyib ürəyini göndərən. Amma gec idi. Çünki ürəyi göndərimrlər, ürəyi alırlar, ən azı verirlər... Hə, yolunuz şəhərimizin gəzməli, görməli yerlərinə düşəndə yəqin ki, ən çox diqqətinizi gənclərin davranışı çəkir. Elə mənim də. Səmimi deyəcəm, ailəmdə də gənclər var. Günaha batmaq istəmirəm, amma indiki gənclikdə bizim illərin sevgisini görmürəm. Yaman bayağılaşıb sevgilər. Nə isə...
   
   
   
   Saçını tumarla, üzünü bəzə,
   
   Baxıb bir anlığa gözlər utansın.
   
   Nə olar, bir dəfə özünü bəzə,
   
   Dillər kilidlənsin, sözlər utansın.
   
   
   
   Soyun üz-gözündən kədəri, qəmi,
   
   Çıxar əynindəki nimdaş paltarı.
   
   Unut ki, unutsun bir anlıq səni,
   
   Yanımca yeriyən əli baltalı.
   
   
   
   Təbəssüm isitsin dodaqlarını,
   
   Qəlbində bir ümid işığı yansın.
   
   Qaranlıq tərk etsin otaqlarını,
   
   Ruhun da, ömrün də nura boyansın...
   
   
   
   ***
   
   
   
   Mən yazılarımın əksəriyyətində duyğularımı, düşüncələrimi oxucuyla bölüşməyə çalışıram. Bilmirəm buna haqqım çatır, yoxsa yox, amma içimdə belə bir inam var ki, səmimi yazılan, səmimi deyilən söz mütləq ünvanını tapacaq. Bir az geci-tezi var. Bu mənada sevgidən danışmaq, sevgidən yazmaq yaş baxımından mənə irad sayılsa da, amma sözün bütün mənalarında məni yaşadan, mənə qol-qanad verən, içimdəki ümid şamını sönməyə qoymayan əslində, sevgidi. Bu sevgi təkcə hansısa bir ünvana deyil, bütövlükdə yurduma, doğmalarıma, insanlara, hətta gördüyüm işə də aiddir. Bir sirr də açım, əgər ömür aman versə, yaxın aylarda işıq üzü görəcək kitabımın adı da "Sevgidi yaşadan məni" olacaq. Əgər qismət olarsa, dünyaya gələcək həmin kitabda sevgi duyğularıyla baş-başa qala biləcəksiniz.
   
   Məşhur bir deyim var. Daha doğrusu, biz onu məşhur etdik. Xalq artisti İlhamə xanımın oxuduğu nəğmələrin birində deyilir ki, "yaşın nə fərqi var". Deməli, şairin də, qələm adamının da, bütövlükdə insanın ürəyində sevginin olması və onu hansısa bir yaşla bağlamaq cəhdi heç də yaxşı hal deyil. Zənnimcə, bu insana qocalığını xatırlatmaq, onun daha nəyəsə yaramadığını işarə etməkdir. Amma ata kimi, ailə başçısı kimi, baba kimi sevmək də mümkündür və lazımdı da...
   
   Hə, 8 Mart öncəsi götür-qoy etdim ki, bu bayramı necə qarşılayıb, necə yola verim. Hədiyyə almaq, kimlərinsə könlünü madiyyatla sevindirmək iqtisadi durum baxımından o qədər də işimə yaramır. Bax, həmin məqamda köməyimə səmimi sevgi etirafları gəlir. O sevgi ki, hamıya, hər kəsə, hər ailəyə lazımdı. Mən də təkcə öz doğmalarıma, öz sevdiklərimə yox, bütövlükdə oxucularıma, Azərbaycanın bütün zərif cinsdən olan insanlarına bayram ovqatı, sevgi arzusu ilə köklənib yazmağa başladım.
   
   
   
   dərdin nişangah seçib
   
   sığındığı səngərdim
   
   canımın lap üzülən
   
   vədəsində sən gəldin...
   
   
   
   ümid telləri calaq
   
   adi mehdən titrəyir
   
   mənim yüküm bir qalaq,
   
   mənim ömrüm fitrədi.
   
   
   
   sözüm yar dodağında,
   
   gözüm yar gözündədi
   
   cənnət yar otağında,
   
   vallah yer üzündədi!..
   
   
   
   Hə, deməli, qapımızı 8 mart döyür və hər kəs də hədiyyə barəsində düşünür. Mən isə duyğularımı şeirə çevirmişəm. Sizin üçün də yazdım, mənim sevdiklərim və məni sevənlər üçün də. Amma xəsislik etmədən bu şeirləri bütün xanımlara, bütün sevənlərə hədiyyə edirəm. Axı, şairin ürəyindəki yalnız sevgidir. Bu sevgi hamınıza qismət olsun!

TƏQVİM / ARXİV