adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ADDIMLAR

OQTAY SALAMOV
22643 | 2010-03-06 04:51
Dünyalı, dünyasız, ağıllı, ağılsız, əsgəri, sərxoş, axsaq... addımlarla addımlayırıq. Düşünülmüşü də olur, düşünülməmişi də, məntiqlisi də olur, məntiqsizi də. Çox vaxt da fəxr edirik ki, bir yerdə dayanmırıq, harasa irəliləyirik. Həmişə irəliləmək çox mənasız yerlərə aparırsa, bəlkə heç irəliləməmək məsləhətdi...
   
   ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi "erməni soyqırımı" layihəsini qəbul etdi. Mahiyyətcə elə də böyük iş olmasa da, türk dünyası tərsinə bir şapalaq aldı. Baxmayaraq ki, minimal fərqlə (22-23) qəbul edildi, amma edildi ki. Artıq dördüncü dəfə idi ki, müzakirəyə çıxarılırdı, hər dəfə də son anda ağıl, məntiq üstün gəlirdi. Nə oldu, ağılmı qurtardı, məntiqmi gərəkliyini itirdi? İndi çox sözlər danışılacaq, çox "sərt" reaksiyalar veriləcək, hətta bizim Milli Məclis də sərt reaksiya verəcəyini söyləyib. Mənasız işdir, burayacan çıxarmamaq lazım idi. Yüz faiz əminəm, konqresdən keçməyəcək, Obama imzalamayacaq. Sadəcə olaraq seçkiqabağı vəd vermişdi, sözündən qaça bilmədi. Yəni dünya dağılmayacaq, amma şapalaq şapalaqlığında qalır. Deyəsən iş o yerə çıxacaq ki, Türkiyə özü erməniyə yerini tanıdacaq, tanıtmağa məcbur olacaq. Daha doğrusu, erməni özü məcbur edəcək ki, burnu ovulsun. Necə bilirsiniz, bu düşünülmüş, məntiqli addım olacaq, yoxsa?...
   
   ABŞ Konqresində Azərbaycan və Türkiyə üzrə İşçi Qruplarının üzvü Maykl MakMahon xarici əlaqələr komitəsində "erməni soyqırımı"nı tanıyan qətnamə layihəsinin qəbulunu məsuliyyətsizlik adlandırıb. Bu boyda məsuliyyətsizlik olar?... Hələ bizim və Türkiyənin boynuna minnət də qoyub: "Mən həmişə Türkiyə və Azərbaycanın təmsil olunduğu regional əməkdaşlığı dəstəkləmişəm. Bu ölkələr sülhə nail olmaq üçün əllərindən gələni edirlər. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ sülh prosesi regionda sülhə olan ümidləri artırır". Hansı normallaşma, hansı sülh?..
   
   Hələ bir hollandiyalı müəllimin müsəlmanları dəstəkləmə formasına baxın: Deyir hollandiyalı kişi hicab taxıb. Eyndhoven şəhərindəki "Het Plein" kollecində dərs deyən professor Cos Baisjens bu addımı qatı sağçı olan Müstəqillik Partiyasının (PVV) lideri Geert Vildersin baş örtüyünə tədbiq etmək istədiyi qadağaya etiraz olaraq atıb.
   
   İslam və müsəlmanlarla bağlı təhqirləri ilə yadda qalan Vildersin iqtidara gələn kimi baş örtüyünə qadağa tədbiq edəcəyini barədə açıqlamasına etiraz edən müəllim özünün ateist olduğunu deyib. "Ancaq ölkədə yaşayan bir milyona yaxın müsəlmanı təhqir edən hərəkətlərə etiraz olaraq məktəbə gedəndə, küçədə baş örtüyü taxıram. Vildersin sözləri məni bir müəllim olaraq məyus edib. Hər kəs müstəqil şəkildə dininin gərəyini yerinə yetirməlidir. Bu istiqamətdə insanların önünə maneələr qoyula bilməz", - deyə professor bildirib.
   
   Heç bundan sarsaq dəstəkləmə olmaz ki, bu "müəllim" eləyir. Hicab qadın üçündür. Və müsəlmanı dəstəkləmək adı ilə hansısa bir hollandın hicab geyinməsi bizə təhqirdən başqa bir şey deyil. Dəxli və mənası olmayan addımdı....
   
   İstanbul əhli kef eləyir. Şəhər bəh-bəhlə 2-ci milyoner sərgisi keçirir. Niyə də keçirməsin, işi düz, siyasəti əla, erməni ilə də dost olacaq.
   
   Sərgidə 12.5 metrlik yaxt, Swarovski qaşlı gəlinlik, yaqut təsbeh, 13 000 manat qiyməti olan çılçıraq və s. bu kimi bahalı məhsullar nümayiş olunur.
   
   Sərginin şah əsəri Belçikadan gətirilmiş qiyməti 3 milyon dollar olan 5 karatlıq almaz üzükdür.
   
   Bu addım haqda ona görə yazdım ki, sərgidə 200 min avroluq gəlinliyə adı çəkilməyən bir azərbaycanlı müştəri çıxıb. Lap yaxşı eləyirsən, eloğlu, qınağa-filana baxma, səninlə birgə əziyyət çəkib qaçqın, köçkün pul qazanıb? Halal-haram, öz pulundu, lap istəsən erməni cəlininə də ala bilərsən. Amma addımını elə yekə atma, şalvarın partlayar, olan-qalanın qalar ortada...
   
   Moskvada yaşayan bir həmyerlimiz, Fərhad Şabanov adını Ginnesin rekordlar kitabına yazdıracaq. Kişi 40 ilə 2400 təsbeh toplayıb. Həmin təsbehlərlə evinin divarlarını bəzəyən soydaşımız özünü təsbehsiz təsəvvür etmədiyini deyir. Adamın sevincindən gözləri yaşarır. Millət yetişdirib addımladır dəə...
   
   Kimdən-kimdən, Rəqsanədən heç bu addımı gözləməzdim. Deyir martın 4-də, Fəxri Xiyaban yaxınlığında müğənni Rəqsanə yanacaqdoldurma məntəqələrinin birində avtomobilini saxlayıb. Sonra maşından düşərək, məntəqənin işçilərinin təəccüblü baxışları altında şlanqı əlinə alaraq, maşınına benzin doldurub.Hələ bu azmış kimi, "Az sonra Rəqsanə heç nə olmamış kimi avtomobilinə əyləşərək, yoluna davam edib", Dəhşətdi, müğənni adi adam kimi maşınına benzin doldurub. Daha deməyib ki, bu addım onu haralara aparıb çıxarar.
   
   Ürəyimdə qalmasın deyən sonda bir reklam haqqında da danışmaq istəyirəm. Deyəsən AccessBank pulunu xərcləməyə yer tapmır. Özünü reklam elətdirmək üçün belə bir reklam çəkib: Bir eskalator adam metroya düşürlər. Mətn gedir: "Düşünülməmiş addımlar insanları uçuruma aparır" O biri eskalatorda bir sarsaqqulu təkcə yuxarı qalxır. Yenə mətn gedir: "Amma hamı yüksəlmək arzusundadı". Sonra da aydındı ki, "ağıllı, sizi zirvələrə aparan bank" və s. Di indi gəl başa düş, o bir eskalator adam niyə düşünülməmiş addım atır, metroya düşür dana. Üçurum deyib Tağı müəllimin idarəsini də təhqir edirlər. O bir sarsaqqulu təkcə yuxarı qalxmaqla hansı yüksəkliyə dırmaşır ki, aşağı enənlər ona təəccüblə baxırlar?.. Addımdı daa atırıq, harada qırıldı- qırıldı...

TƏQVİM / ARXİV