adalet.az header logo
  • Bakı 19°C

Türk yuxuda daha möhtəzəmdi

CEYHUN MUSAOĞLU
32591 | 2010-03-06 04:51
Türk yuxuda olanda amerikalı onun ağzına "soyqrımı balışı" basdı. Oralarda gündüz baş verənlər buralara gecə gəlib çatır. Atamın balıncı başının altında sürüşmüşdü. Yuxuya gedə bilməyib, oturub televizorun qarşısında. Sosial vəziyyəti ağır olanları xəbərlər daha çox özünə cəlb edir. Hökümətdən bəzəkli qərarlar gözləyirlər. Tərs kimi gecə ikidə türkün qərar vermək iqtidarı olmur. O yatıb. O birilər isə oyaqdır.
   
   Oyaqların hoqqasını səhər atamdan eşitdim. Dedi ki, Amerika "erməni soyqrımı"nı tanıdı. Kişi bir az da təlaş içindəydi. Onu sakitləşdirmək üçün oğul atanın yanında hansı şəkildə və formada söyə bilərsə, Ərdoğanı o şəkildə və o formada yağladım.
   
   Redaksiyada hamı bu hadisədən danışırdı. Təfsilatı ilə öyrənmək üçün xəbər saytlarını tıkladım. Məlum oldu ki, ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi martın 4-də keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edilib. Qətnaməyə görə, ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq erməni soyqırımı kimi səciyyələndirməli və hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir.
   
   Konqresmenlərin çixışlarını da oxudum. Bred Şerman adlı və soyadlı birisinin isə çıxışından ləzzət aldım. Ardınca isə dedim ki, sənin daşın düşsün filankəsin başına. Bildiz də filankəs kimdi?
   
   Qadasın aldığım Bred Şerman qətnaməyə Türkiyənin sərt reaksiyasını gözləmədiyini vurğulayıb: "Hər dəfə hansısa ölkə erməni soyqırmını tanıyanda Türkiyənin buna sərt münasibəti uzun çəkmir. Fransa ilə ticarət əlaqələrinin pozulacağını deyən türklər həmin ölkə ilə ticarət dövriyyəsini dörd dəfə artırıblar".
   
   Al, bu da sənə arqument. Fransa "erməni soyqırımı"na olan sevgisini nə vaxt ortaya qoydu? Bəli, Ərdoğan hakimiyyəti dövründə. Həmin ölkə ilə ticarət dövriyyəsi dörd dəfə nə vaxt artırıldı? O da Gülgilin çalıb-oynadığı illərdə. Əla. Belə də olmalıdı. Tarixdə qalan bədbəxtliklərə görə nəhəng dövlətlərlə münasibəti pozmaq siyasi axmaqlıqdır.
   
   Bəs xalqının qarşısında, türklər demiş, teatro qurmağın, aktyor kimi maskalanmağın adı nədir? Hələ fikirləşin, tapmasaz sonda cavab verəcəm. ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin hərəkətindən guya Ərdoğangil əsəbiləşib. Türkiyə hökumətinin bəyanatında yazılıb: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki səylərimizi heçə endirəcəyindən ciddi qayğı duyuruq.
   
   ABŞ-la geniş müştərək plan çərçivəsində apardığımız işlərə mənfi təsir göstərəcək bu qərar, təəssüf ki, strateji mövqe çatışmazlığına da işarət edir. Vaşinqtondakı səfirimiz Namiq Tan bununla bağlı məsləhətləşmələr üçün Ankaraya çağırılıb".
   
   Nəyi məsləhətləşəcəksən? Cəsarətin çatar, diplomatik əlaqələri pozmağa? Hələ ABŞ hökumətinin ortada qərarı yoxkən, Obama sənədə imza atmamışdan, imzaya qədər xeyli yol qaldığından bu hay-küy gülünc görünür. Deyə bilmərik ki, Ərdoğangilin məlum reallıqdan xəbəri yoxdur. Sadəcə, islam hakimiyyəti türkün damarını tutub. Türkün gözündə kim ucadan qışqırırsa qəhrəmandır, kim yalançıdırsa fərasətlidir, kim ağlayırsa nəcibdir. Ərdoğanda bu "keyfiyyətlər"in hamısı var. Amerikanın üstünə "qışqırır" və xalqın dərdinə "ağlayr". Amma qəhrəmanlıq "əcəb eləmişəm" deməkdir. Necə ki, erməni "Qarabağı əcəb eləmişəm almışam" deyir, eləcə də türk "ermənini əcəb eləmişəm qırmışam" deməli. Küsmək cılızların silahıdır. Ya da aktyorların oyunu.
   
   Səhnədəki aktyorluq peşəkarlıq, həyatdakı aktyorluq riyakarlıqdı.
   
   Dilxor olma, ata. Onsuz heç nə sənin istədiyin kimi olmayacaq. Gecələr də xəbərlərə qulaq asmağı tərgit. Unutmamışam, sənin anan katibin qalxıb-endiyi pillələri silib-süpürməkdən elə bərk yorulurdu, gecə düşəndə həmişə sevinərdi ki, nə yaxşı gecə var. Sən də yorulmusan, bilirəm. Gecələr sevin. Yat.
   
   Bir gün səndən mütləq soruşacaqlar, türk kimi, niyə rəzilliklərin qarşısında susurdun. Bax onda deyərsən ki, görməmişəm, yuxuda olmuşam.

TƏQVİM / ARXİV