adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ADiLiN ADiL ÖMRü

18637 | 2010-03-06 04:51
( əvvəli ötən sayımızda)
   
   
   
   Beləliklə, Adilin şeirləri yavaş-yavaş mətbuata yol tapdı. "Yeni qüvvə" jurnalında ara-sıra imzası görünməyə başladı. Tiflisdə Azərbaycan dilində dərc olunan "Sovet Gürcüstanı" qəzeti 1940-cı ilin yanvar nömrələrindən birində oxucularına Adil Babayevi ilk dəfə təqdim etdi. Bu minvalla Axundov adına 97 saylı məktəbin onuncu sinif şagirdi poeziya həvəskarı kimi, ədəbi mühitdə tanındı. O illərdə gənclər arasında ədəbiyyata maraq yüksək idi. Onun sinif yoldaşları Ələmdar Rzayevin, Ramiz Peyqəmbərinin də ilk qələm təcrübələri qəzet səhifələrində yer alırdı. "Sovet Gürcüstanı" gənc istedad sahiblərini daha da ruhlandırmaq məqsədilə 1940-cı ilin payızında müsabiqə elan etdi. Münsiflər heyətinə tanınmış ziyalılardan Əziz Şərif, Süleyman Rüstəm və başqaları daxil idi. Adil möhkəm soyuqladığından uzun müddət ciyərlərindən müalicə olundu. Bu səbəbdən də dərslərində gerilədi. Müsabiqə barədə dostlarından eşitmişdi. Qərara gəldi ki, gücünü sınasın. Yorğan-döşəkdə, dərsdə, yolda bir sözlə, harada İlham pərisi onu haqladısa, yazmağa davam etdi. "Sevinc" adlı ilk poemasını "Vətən oğlu" imzasıyla gizli müsabiqəyə göndərdi. 1941-ci ilin fevralında müsabiqəyə yekun vuruldu. Birinci mükafat heç kimə verilmədi. İkinci mükafata Adil Babayev layiq görüldü. Üçüncü mükafatı Rza Şahvələdlə Məmmədhüseyn Bəxtiyara verdilər. Onların hər ikisi yaşca Adildən böyük idi və kifayət qədər tanınırdı.
   
   
   
   Adilin xatirələrindən
   
   
   
   Qaliblərin adı qəzetdə dərc olunan gün birinci saat riyaziyyat dərsimiz idi. Yerimi parta arxasında yenicə rahatlamışdım ki, müəllim məni lövhənin önünə çıxardı. Dərsə yaxşı hazırlaşmamışdım. Xəstəliyin üzündən proqramdan xeyli geri qalmışdım. Amma müəllim məndən dərs soruşmadı. Sualı da mənə deyil, bütün sinfə ünvanlandı:
   
   Son yenilikdən xəbəriniz var? Bu günkü "Sovet Gürcüstanı" qəzetini görmüsüz?
   
   Kimsədən səs çıxmadığını görüncə, sözünə davam etdi:
   
   Məktəbin girəcəyində divara vurublar, böyük tənəffüsdə gedib baxarsız. Bizim Adil poeziya müsabiqəsinin qalibi seçilib, məktəbimizin adını ucaldıb. Elə bilirəm ki, bu münasibətlə ona riyaziyyatdan da bir "əla" düşür. Axı şeirdə vəznin, hecaların, qafiyələrin də özünə görə müəyyən ölçüləri, dəqiq hesab-kitabı var. Etiraz edən yoxdur ki?
   
   Hamı qeyri-ixtiyari əl çalmağa başladı. Alqışın əsas ünvanı, elə bilirəm ki, mən yox, Məmmədqulu müəllim idi. Axı, son dərəcə ciddi, zəhmli, tələbkar insanın bir dəfə də olsun boş yerə dodağının qaçdığını, yersiz ifadə işlətdiyini kimsə görməmişdi. İndiyədək cavab vermədən ondan "beş" alan da olmamışdı. Onun belə rəftarı hamımıza böyük dərs oldu.
   
   
   
   ***
   
   
   
   Şeirlərdə, nəğmələrdə vəsf olunan məktəb illəri, məktəbi bitirəndən sonra adama daha əziz, daha doğma gəlir. O günlərin xatirələri ilk məhəbbətin ünvanı, ilk uğurların meydanı kimi, hər dəfə yada düşəndə,insanı kövrəldir, həyəcanlandırır. Məktəbli ikən bütün xəyallar pərvazlanardı, nəhayətsiz səmada maneəsiz süzərdi. Arzuların puça çıxdığı, qanadların qırıldığı, ümidlərin üzüldüyü gün başqa mərhələdə insanı haqlayır. Son zəng isə hər zaman mənə qaçış zolağında hakimin fit səsini xatırladır. Eyni vaxtda "Start" xəttində hakimin komandasını gözləyən idmançılar kimi, qarşıdakı ömür yollarında uzaq-yaxın məsafələr qət etməyə hazırlaşan yeniyetmələrə "son zəng" hərəkətin başlanmasına işarədir. Hamı qələbə eşqi, uğur qazanmaq arzusu ilə yola çıxsa da, çoxu bu yolda həyatdan umduğu əldə etmir. Bu yarışda niyyət istiqamət, qismət nəticədir. Bu yarışda udan bəxtəvər, uduzan taleyindən küsənlərdir. Bu yarışda məktəbdə aldığın biliklərin, əldə etdiyin bacarığın, qabiliyyətin əsil qiyməti, dəyəri üzə çıxır. Hər kəs həyatın amansız sınaq süzgəcindən çıxanda, bəzən "əla"çılar kəsilir, "qeyri-kafi" alanlar önə çıxır. Bu yanlışlıq müəllimlərinmi ucbatından baş verib? Yoxsa, xətanın hesabını ailədən gələn tərbiyənin ayağına yazaq? Bəlkə günah həyatın əvvəlcədən düşünülən arzu-xəyal ahəngini pozan növbənöv təsadüflərin, qaydasızqanunsuz şəkil almış insafsız yaşaməxlaq şərtlərinin, qəflətən üzləşdiyin maneəli yoxuşların, əzablı enişlərin üzərində qalsın?
   
   
   
   ***
   
   
   
   Məktəbdə əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Şagirdlər ən yaxşı paltarlarını səliqə ilə geyinib gəlmişdilər. O gün dərsdən qaçan, xəstələnən, gecikən də olmadı. Siniflərdə nə dərs vardı, nə imtahan həyəcanı. Bütün bunlar artıq geridə qalmışdı. Məzunlara təntənəli surətdə attestatlar təqdim ediləcəkdi. Direktor Bağır Ərdəhanlı bu münasibətlə həm sevinir, həm kədərlənirdi. On ildə doğmalaşan onunculardan ayrılmaq o qədər də asan deyildi. Bağır müəllim çoxillik pedaqoji fəaliyyətində vida mərasimləri ilə dəfələrlə qarşılaşsa da, hər dəfə eyni həyəcanı keçirirdi. Adil və onun sinif yoldaşları isə bu anın qəribə təlaşını ilk dəfə yaşayırdı. Həddi-buluğa çatan məzunlara bir-bir kamal attestatı təqdim olunurdu. Kimi ürək sözünü deyir, kimi sənədini alıb kənara çəkilirdi. Sıra Adilə çatanda direktor dedi: "Qoy bizim əlaçı şairimiz ürək sözünü şeirlə bildirsin".
   
   Adil önə çıxıb, müəllimlərinə münnətdarlığını bildirdi. Qısa bir şeir oxudu. Uşaqların alqış sədası altında Bağır müəllimdən attestatını alıb sırada yerini tutdu. Onsuz da onun fikri-xəyalı artıq özündən qabaq Bakıya yollanmışdı. Axı, Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olmağı arzulayırdı. Bu məsələdə elə bir maneə də görünmürdü. Xalası Həcər xanıma məktubla xəbər göndərdi: "çayları dəmlə, iyulda anamla sənə qonağıq. Lazımı sənədləri toplayıb, uzağı on günə Bakıdayıq." Özü də böyük səbirsizliklə günləri sayırdı...
   
   
   
   ***
   
   Həmin axşam Əsmərin toy məclisi olacaqdı. Bu şənlik lap yerinə düşmüşdü. Yolüstü evə baş çəkib, attestatını və "Sovet Gürcüstanı"nda dərc olunmuş siyahını hamıya göstərəcək, üst-başını qaydaya salıb, sinif yoldaşı Darabla Əsməri təbrik etməyə gedəcəkdi. Gəlin hər ikisinin yaxın qohumu idi.
   
   Yayın günündə həyətdə kimsəni görməyincə bir qədər şaşırdı. Adətən bu kölgəlikdə dizinin üstündə nərd oynayan kim, yuyulmuş paltarları zivəyə sərmək üçün sıra gözləyən kim, hansı qapıya kimin gəldiyinə pəncərədən ehmalca göz qoyub, şübhəli məqamlar barədə lazımı ünvana gizlincə xəbər ötürən kim... Başqa cür ola da bilməzdi axı. Dünyada ilk proletar dövlətində gərək hamı ayıq-sayıq olaydı, vətən xainlərini, satqınları üzə mıxarmaqda rəsmi dairələrlə könüllü əməkdaşlıq edəydi. Bomboş həyət lal-dinməz idi. Elə bil qurbağa gölünə daş atmışdılar. Adilin qapını açıb şüşəbəndə necə girdiyindən də xəbər tutan olmadı. Bəs, təbrik, bəs hədiyyə? Yox, kimsə onu qarşılamadı. Hamı qonaq otağında dinməz-söyləməz əyləşib radionu dinləyirdi. Əcəba nə var ki, bu qədər qonum-qonşu içəri doluşaraq radionun əsirinə dönüb? Adili maraq bürüdü. Qulağına dəyən səs ona tanış gəlirdi. Molotov danışırdı... Nə baş verdiyini yavaşca nənəsindən öyrənmək istədi:
   
   Kim ölüb, ay nənə?
   
   Nənənin don vurmuş baxışları Adili də üşütdü:
   
   - Faşistlər üstümüzə gəlir, a bala, - dedi, - İndicə xəbər verdilər ki, dava başlayıb. Allah baisin bəlasını versin. Gərək elə Əsmər balanın toy günündə namərdlər qızışaydı?
   
   Adil gözünü divardan asılan təqvimə zillədi. Səhər evdən çıxanda 22 rəqəmini qırmızı rənglə işarələmişdi. Öz aləmində məktəbi bitirdiyi günü bayram olaraq həmişəlik yadda saxlayacağını düşünürdü. Amma, bircə anın içində bu rəng atəş olub qəlbindəki məzun sevincini yaxaraq külə döndərdi. Müdavimlərin sevincindən xatirə kimi, qırmızıya boyanan iyunun 22-si, ölkənin Qərb sərhədlərində düşmən həmləsinə sinə gərən döyüşçülərin ölüm-dirim savaşında axıdılan qanının rəmzinə döndü. Molotov hələ də radio ilə danışırdı. Sovet xalqını düşmənə tezliklə layiqli cavab veriləcəyinə inandırmağa çalışırdı. Adilin üzündə bir saat öncəki sevincindən əsər-əlamət qalmamışdı. O, əlini uzadıb təqvimin vərəqini cırdı. Kağızı bərk-bərk əzib ovcunun içində sıxdı. Həmin an bəlkə də dünyanın ən zavallı "məhbusu" onun gerçək barmaqcıqları xatırladan bükülmüş barmaqları arasında "can verən" 22 nömrəli "dustaq" təqvimdən qopan vərəq idi.
   
   
   
   ***
   
   Ata-ananın ən böyük arzusu övladının xeyir işini görməkdir. Fərəhindən yerə-göyə sığmayan bəy anası radioda bəd xəbəri eşidib, içdən közərdiyindən, kövrəldiyindən, görün nələr deyirdi: "Nə olsun ki, Hitler üstümüzə hücum elədi? Nə olsun ki, dava başladı? Allah baisin başına daş salsın, evini yıxsın. Bəlkə bu mərəkə uzun çəkəcək? Dilim ağzım qurusun, kim bilir nələr olacaq... Toyu təxirə salmaq yoxdur. Bu gecə gərək o ki, var çalıb-oynayaq. Qoy nemes acığından partlasın".
   
   Axşam mərasim baş tutsa da, çalğı səsi eşidilmədi. Musiqiçilərdən heç kim məclisə gəlmədi. Dəvətli qonaqların da əksəriyyəti gözə dəymədi. Gələnlərin üzünün nurunu isti yay gecəsində savaş xəbərinin soyuğu dondurmuşdu. Dil-dodaqda təbrik sözlərindən çox bircə sual dolaşırdı: bu işin axırı necə olacaq?
   
   Hər kəs təlaş içində qovurulurdu. Bu da təbii idi. Axı, faşistlər bir göz qırpımında Avropanı işğal etmişdi. Sovetləri də ələ keçirsə, ən qüdrətli imperiya olacaqdı. Alman ordusunun Afrikada, Asiyada da maraqları vardı. SSRİ-yə hücum etməzdən iki ay öncə General Rommelin ekspedisiya korpusu Misirə yollanmışdı. Məxfi tapşırıq yerinə yetirən xüsusi təyinatlı qruplar Fələstində, Kabulda, müsəlmanları ingilislərə qarşı qaldırmağa çalışırdı. Savaş xətti Qafqazdan uzaq olsa da, Türkiyə, İran dövlətləri Sovetlərlə qonşuluqda yerləşirdi. Alman əsgəri bolşeviklərin üzərinə bu ərazilərdən də hücuma keçə bilərdi. Adətən güclüyə güc göstərməkdənsə, yol verərlər, gücsüzə əl uzatmaqdansa, üz verməzlər. Ölkənin cənub sərhədlərində real təhlükə mənbəyi yaranmışdı. Bu, təkcə Almanlar deyildi. O zaman həm ingilislər, həm fransızlar İran ərazisindən SSRİ-yə hücum planı üzərində işləyirdi. 1941-ci ilin aprelində ingilislərin Bəsrə limanını zəbt etməsi də buna hazırlıq idi. O üzdən faşistlərin bu regionda hərbi əməliyyatlar aparması ingilislərin əlayağını yığışdırmaq, təsir gücünü azaltmaq baxımından Kremlin də işinə yarayırdı. Fəqət, gözlənilməz hadisələr baş verdi. Türkiyə Alman dövləti ilə yaxın münasibət saxlasa da, öz ərazisindən İraqa hərbi texnikanın keçməsinə izin vermədi. İran dövləti də buna bənzər mövqe tutdu. Bağdad da alman təyyarələrini yanacaqla təmin etməkdən qəti surətdə boyun qaçırırdı. Bununla da İraq ərazisindəki Alman hərbi hissələri döyüş gücünü itirmiş oldu. İngilislər yaranmış vəziyyətdən məharətlə istifadə edərək, İraqda alman meylli hökuməti devirib, öz mövqelərini möhkəmlətdilər.
   
   Almanlarla Sovetlər öz aralarında dostluq müqaviləsi bağlamışdı. İndicə radioda xalqa müraciət edən V. Molotov 1940-cı ilin noyabr ayının 13-də həmin İ.Ribbentropla sənədi imzalamışdı. Molotov Berlində Hitlerlə şəxsən görüşmüşdü. Bəs, əhdi-peyman nə tez unuduldu? Liderlərin dəyişkən halından, qaydasız siyasət oyunlarından baş açmaq müşkül məsələdir.
   
   
   
   ***
   
   O gecə bir-iki sağlıqdan sonra bəyləgəlin yaddan çıxdı. Masa arxasında danışılan, dartışılan yeganə mövzu yeri-göyü lərzəyə salan son hadisə idi. Başqa cür ola da bilməzdi... Bir təhər məclisi başa vurdular. Təzə evlənənlər məclisi tərk edəndə vağzalı da eşidilmədi.
   
   Bir neçə gün sonra heç şübhəsiz, bu cavanlar əyninə əsgər paltarı geyib cəbhəyə yollanacaqdı. Bəlkə o səbəbdən qədəhlər bir yandan dolub boşalırdı. Bu toy həm də vida məclisinə döndü. Adil də, Darab da yaman duyğulanmışdı. Məclis dağılandan sonra şəhəri dolaşa-dolaşa dəmir yolu vağzalına gəldilər. Burada adam əlindən tərpənmək olmurdu. Cəbhəyə gedən ilk qatarı təntənəylə yola salmaq üçün minlərlə adam vağzala axışmışdı. Səs gücləndiricidən müxtəlif şüarlar səslənir, vətənpərvərlik mahnıları oxunurdu. Bu hay-küydə saatın əqrəblərindən başqa hamı harasa tələsirdi. Əsgərlərin sənədlərini yoxlayıb birbir vaqonlara mindirirdilər. Perronda qızgəlinin çoxluğu gözdən yayınmadı. Balasını savaşa qurban vermək qorxusundan səksənən analar könül qapılarını bərkbərk kilidləmişdilər ki, kədərqüssə ora yol tapmasın. Elə hey dua edirdilər ki, əzizləri sağsalamat qayıtsın. Bir də Allahdan səbir diləyirdilər ki, qatar yala çıxanadək gözləri suyu bulanıq çeşməyə dönməsin. Nəhayət parovoz üçün yaşıl işıq yandı.
   
   
   
   ***
   
   
   
   O gecə çətin ki, kimsə rahat yuxuladı. Gözlənilmədən ağla sığmayan problemlər hər kəsin qapısını döydü. Çağırış vərəqi gözləmədən sabahın erkən saatlarda Adillə Darab hərbi komissarlığa yollandı. Hər ikisi könüllü olaraq cəhbəyə getməyi qərara almışdı. Bilmədilər ərizən kimə təqdim etsinlər. Əsgərlik yaşı çatmadığından Adili evə yolladı. Darabı isə qeydə aldılar. İki həftə sonra ona hərbi forma geyindirib cəbhə bölgəsinə göndərdilər. Məzunlardan çoxunu yorğun qatarlar necə dəfə özünə yük edib döyüş bölgəsinə apardı. Altı ay Darabdan xəbər-əsər olmadı. Bir gün qonşular anasından muştuluq istədilər ki, həyətə poçtalyon gəlib, sizi soruşur. Yəqin oğlundan məktub gətirib. Gözün aydın, gözün aydın dedilər. Gözü yolda qalan ananın kaş ki, gözü kor olaydı, bu məktubu oxuyunca. Gözü necə aydın olaydı ki, poçtalyonun gətirdiyi məktuba el içində "qara kağız" deyirdilər... Darab (adını dəyişə də bilərəm ki konkret olmasın) kim bilir o, necə həlak olmuşdu. Hərbi komissarlığın məlumatına inansaq, sıravi əsgər Xarkov şəhəri yaxınlığında qardaşlıq məzarında basdırılmışdı. Anaya, gəlinə təsəlli vermək üçün münasib söz tapmaq da çətin idi. Bəd xəbər tək dolaşmaz, yoldaşlı gələr həmişə. Darabın qırxı çıxmamış hərbi komissarlığın qara kağızı Əsmərin də arzularını, ümidlərini kökündən baltaladı. Bir ayın gəlini əvvəllər deyərdi, ona bir şey olsa, özümü Kürə atacam. Günlər də çaylar kimi sürətlə axıb getdikcə, Əsmər yavaş-yavaş ağırlaşırdı. Bətnində yuva salan ilahi neməti, qəlbindəki bir ayın evlilik sevincini, görən bir ömür yaşada biləcəkdimi? Hər halda dünyaya gəlməyən bu varlıq, dünyadan getməyə tələsən Əsmərin önünü kəsməyi bacardı...
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV