adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"QARANLIQ" DüNYANIN "iMPERATORU". . .

BABƏK YUSİFOĞLU
41648 | 2010-03-02 22:30
Məlumdur ki, dünyada ictimai münasibətlər və dövlətçilik ənənələri formalşmağa başlayanda cəmiyyəti idarə edə bilmək üçün müxtəlif qanuni strukturlar yarandı. Və etiraf etmək lazımdı ki, bu zaman həm də qeyri-qanunu fəaliyyət göstərən qurumlar da təşəkkül tapdı. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq birincilər təkmilləşdiyi kimi, ikincilər də onlardan heç də geri qalmadı. Hətta demək olar ki, belə qeyri-qanuni qurumlardakı qanun-qaydalara dövlət təşkilatlarındakından daha dəqiq əməl olunub. Məhz bu və digər səbəblər üzündən də dövlət üçün təhlükə yaradan bu qruplaşmaları hakimiyyətlər hələ də tamimilə ləğv edə bilmirlər. Əksinə, indi elə faktlar var ki, bir sıra ölkələrdə dövlətin başında oturanlar bu "yeraltı dünya"nın tələblərinə uyğun addım atmaq məcburiyyətində qalırlar. Tarixi orta əsrlərədək uzanan mafiya bunun bariz nümunəsi sayıla bilər.
   
   Bir sıra sosioloqlar mafiyanı haqlı olaraq dövlət içərisində dövlət də adlandırırlar. Bir çoxları isə buna sırf kriminal struktur, mütəşəkkil cinayətkar dəstə kimi qiymət veriblər. Mafiyanı ölkələrin tarixində bir zəruri proses kimi görənlər də olub. Bəs əslində MAFİYA nədir? Nə vaxt, harada yaranıb? Niyə yaranıb? Biz bu suallara cavab tapmağa çalışacağıq, daha sonra isə mafiyanın ən böyük və ən məhşur adlarından - Al Kapone haqqında söhbət açacağıq.
   
   MAFİYA
   
   
   
   italyan sözü olub mənası gizli cinayətkar təşkilatı anlamına gəlir. Bu aləmdə yalnız zorakılığa, şantaja, pula, gücə, narkotikaya, hiyləyə, silaha... yer var. Kökləri orta əsrlərə dayanan mafiya İtaliyanın Siciliya adasında yaranıb. İlk dövrlərində onun məqsədləri tamam fərqli olub. Yəni böyük tayfalar, familyalar özlərini başqalarının basqınlarından, hücumlarından qorumaq üçün özünümüdafiə dəstələri yaradıblar və bu dəstələr tayfanın ya ən yaşlı, ya da ən nüfuzlu adamının əmri ilə hərəkət edib. Bu indi də belədi. Hər kəsin rolu dəqiq müəyyənləşmiş bu "birlikdə" çox ciddi mütəşəkkillik, ierarxiya formatı... hökm sürür. Ümumiyyətlə, təkcə dəstə üzvləri deyil, bütün tayfa nümayəndələri "Böyük Ata"nın sözünü qanun hesab edirlər. Amma sonralar bu tayfalar arasında güclənən rəqabət, nüfuz və kapital qovğaları tayfaların məqsədlərini, yaradılmış özünümüdafiə dəstələrinin funksiyalarını tamam dəyişdi, xeyli "müasirləşdirdi".
   
   Bizim bədii ədəbiyyatdan oxuduğumuz, filmlərdə baxdığımız mafiya isə ötən əsrin 20-ci illərində elə öz "vətən"ində təşəkkül tapdı. Əvvəlcə Sicilyanın, daha sonra İtaliyanın hüdudlarını aşdı. Bu sahəni öyrənənlərin yazdığına görə, qısa zaman ərzində Siciliya mafiyası həmin dövrlərin ən güclü kriminal qruplaşmasına çevrildi. Artıq onlar o dərəcədə varlandılar və genişləndilər ki, bir sıra dövlət və hökumət məmurlarını da ələ alaraq daha çox qazanc əldə etməyə başladılar. Mafiya doğrudan da dövlət içərisində bir dövlətə çevrildi. Narkotikadan, silah, sifarişli qətllərdən, reketçilikdən, qumarxanalardan, kazinolardan, fahişəxanalardan, silah və insan alverindən gələn böyük pullar mafioz imperiyalar yaratdı. Və dövlət belə onların əlində oyuncağa çevrildi. İndi onlara yeni ölkələr lazım idi.
   
   20-ci əsrin əvvələrində sənayesi sürətlə inkişaf etməyə başlayan Amerika onlar üçün əsl məskən ola bilərdi. Və italyanlar, daha çox para qazanmağa çalışan siciliyalılar "Yeni dünya"ya üz tutdular. Burada hər şey onlar üçün yaxşı idi. Çünki Siciliyadan, hətta İtaliyadan fərqli olaraq burada daha böyük pullar vardı.
   
   AL KAPONE
   
   
   
   də başqa italyanlar kimi Amerikada çoxlu pul qazanmağa çalışdı və bir qədər sonra o öz arzusuna çatdı, həm də adını "Qaranlıq dünya"nın ən məhşur mafiya bosslarının sırasına yazdı. O, 1899-cu il yanvarın 17-də Neapolda bərbər Qabriel Kaponenin ailəsində dünyaya gəldi. Al bu böyük ailədə dördüncü uşaq idi. Ailə ağır güzarandan qurtulmaq üçün Amerikaya - Bruklinə gəldi. Və məlum olduğu kimi hər şey bundan sonra başladı. Təəssüf ki, yeni həyat da kaponelər üçün başqa çətinliklər ortaya çıxardı. Uşaqların tərbiyyəsi arxa plana keçdi. Onların sayının 9 olması da burada əsas rollardan birini oynadı. Alfonso da yeniyetməlik çağlarından özbaşına böyüməyə başladı. Altıncı sinifdən məktəbə getməyi birdəfəlik buraxdı. Onun haqqında yazırlar ki, Kapone ömrünün sonunadək savadsız qalıb. Böyük ailənin yaşamı burada da yaxşı keçmədi. Gənc böyüklərinin xəbəri olmadan özü yaşamaq uğrunda mübarizəyə girişdi. Ona ilk zamanlar təklif olunan, qarşısına çıxan müxtəlif işlərlə məşğul olmağa başladı. Həm də məmnuniyyətlə yeniyetmələrin "banda"larına qoşuldu. Kapone iki il ərzində gah bolinq-klubda, gah aptekdə, dükanda, gah barmen, hətta "vışibala" da çalışdı. Onu da qeyd etmək yerinə düşər ki, Al Kaponenin nəhəng cüssəsi və qüvvətli qolları bu vəzifəni onun üçün çox asanlaşdırdı. Və getdikcə şəhər həyatının sərt üzü onu dəyişməyə başladı. İndi onu daha çox şəhərin gecə həyatı özünə cəlb edirdi.
   
    Və baş verən bir hadisə onun "qaranlıq dünya"dakı həyatında mühüm rol oynadı. Artıq gecə həyatının bir parçasına çevirilmiş Kapone ilə o vaxtların ad çıxarmış soyğunçusu və qatili Frenk Qalluçio arasında kəskin mübahisə yarandı. Bu hadisə Frenk Kaponenin onun bacısı (bəzən arvadı olduğu bildirilir) ilə əyləndiyini öyrəndiyi üçün baş verdi. Onsuz da Qalliçio bu gənc siciliyalının özü ilə də çox maraqlanırdı. Bu iki adam arasında başlayan mübahisə tezliklə bıçaqlaşmaya çevrildi. Bu dalaşmada Qalluçio özünün qatlama bıçağı ilə Alın sağ yanağını yaraladı və özü də bilmədən bir tarixin başlanğıcını yazdı. Bu yaradan sonra kriminal dünya onu "Scarface" - "Çapıq" adlandırmağa başladı.
   
   Artıq hansı həyatı seçdiyinin fərqində olan Al silahla davranmağı, bıçaqla dalaşmağı öyrənərək qısa müddət ərzində "qaranlıq dünya"nın ən yaxşı döyüşçüsünə çevrildi. Çox keçmədi ki, şöhrətləndi. Bundan sonra gənc Kapone ilə Conni Torrionun liderlik etdiyi "Beş Lüləli Banda" adlanan əfsanəvi quldur dəstəsi maraqlanmağa başladı. Həmin illərdə Torrionun quldur dəstəsi Nyu-Yorkun ən böyük cinayətkar qruplaşması sayılırdı. Sifarişli qətllərlə, oğurluqlarla, soyğunçuluq və reketçiliklə məşğul olan bu quldur dəstəsinin nəhəngliyini və gücünü təsvir etmək üçün təkcə onu demək kifayətdir ki, dəstədə 1500 qanqster vardı. "Qaranlıq dünya"nın "imperatoru Torrio gənc Alfonsonu yanına götürərək həmin aləmin pillərində sürətlə irəliləməsi üçün əlindən gələni etdi. Onun sayəsində Kapone ən təhlükəli tryukları, fəndləri öyrəndi ki, sonralar bunlar Kaponeyə cinayət dünyasının zirvəsinə qalxmaqda kömək etdi. Kapone özü də bunun fərqində idi. Buna görə də ömrünün sonunadək ona öyrətdiklərinə, irəliyə getməsinə görə Torrioya minnətdar oldu və bununla kifayətlənməyib hər yerdə onu "atası", müəllimi adlandırdı.
   
   
   
   1918-ci İLİN DEKABRINDA
   
   
   
   onun 19 yaşı tamam olanda özündən iki yaş böyük irlandiyalı bir qızla - Maye Koflinlə evləndi və bir müddət sonra Alberto adlı uşağı dünyaya gəldi. Bu həmin illər idi ki, Torrionun Nyu-Yorkdakı işləri pis getməyə başlamışdı və o məcbur oldu ki, "işləri" nisbətən "sakit" olan Çikaqoya daşısın. O vaxt Kapone də iki ölüm hadisəsinə görə şübhəli şəxs qismində polisdə saxlanırdı. Amma məhkəmədə sübutlar və şahidlər yetərli olmadığı üçün onu həbs edə bilmədilər. Sonradan başqa bir məsələ onun başını cəncələ soxdu. Onların dəstəsi ilə rəqabət aparan məhşur qanqsteri öldürdü. Və "Ata"sından Çikaqoya gəlmək əmrini aldı. Bundan sonra o, arvadı və oğlu ilə birlikdə təcili Nyu-Yorku tərk edib Çikaqoya gəldi və orada Torrionun "Dörd ikili" klubunda "vışibala" işini görməyə başladı. Çox keçmədi ki, şəhərin ən qızğın "vışibalı" adını qazandı. Çünki klubda özlərini bir az "pis" aparanlar onun sayəsində məkanı sınmış qabırğaları, əzilmiş üzləri, yarılmış başları ilə tərk etməli olurdular. Bu da belə uzun müddət diqqətdən kənarda qala bilməzdi. Polis onu apardi. Amma Torrionun dərin əlaqələri nəticəsində polis 3 saatdan sonra Kaponeni azadlığa buraxmalı oldu.
   
   Al həmin klubda Torrionun əmri ilə yalın əllə 12 nəfəri boğub öldümüşdü. Və cəsədləri gizli yollarla yox edə bilmişdi. Torrio "Ata"nın yaşı ötürdü və günü-gündən zəifləyirdi. "Ata"nın böyük inamını qazanmış Kapone istər-istəməz onu bir sıra işlərini üzərinə götürdü. Qısa müddət ərzində şəhərin cinayət dünyasinda özünü əsl Don kimi göstərdi. O, dəstəni bir az da gücləndirdi, mütəşəkkil hala gətirdi. Artıq onun dəstəsində 1000-dən çox silahlı qanqster var idi. Kapone də şəhər polisinə, prokurorluğa, deputatlara və dairə merlərinə nəğd pullar ödəyirdi ki, onun dəstəsi istədiyini edə bilsin. O da deyilir ki, Al hətta ABŞ-ın bəzi konqresmenlərini də pulla satın alıb. Bir dəfə mer Tsetsero Kaponenin xəbəri olmadan yeni bir qanun qəbul etmişdi. Qəzəblənmiş Kapone şəhər şurasının binasına hücum çəkərək onu hamının gözü qarşısında sürüyərək küçəyə çıxarmış, ölənədək döymüşdü.
   
   
   
   ONUN ŞÖHRƏTİ
   
   
   
   artırdı. İndi Kaponeyə "Çikaqonun kralı" deyirdilər. Amma bununla belə onun düşmənləri də azalmırdı. Hədələyici telefon zəngləri, açılan atəşlər çoxalırdı.
   
   Düşmənlərindən biri də küçə bandasının şefi Dion O"Brayn Al üçün çox yaxşı bir tələ hazırlamışdı. Belə ki, Hautorn İnn mehmanxanasında gecələyən Kaponeni məhv etmək məqsədi ilə iri kalibirli bir neçə pulemyotla onun otağını fasiləsiz atəşə tutdu. Hər yer dəlik-deşik oldu.. Əslində Alın oradan salamat çıxması mümkün deyildi. Hətta Dion bu hadisəni bayram elədi. Amma onu xəbəri yox idi ki, minlərlə güllənin yağmasına baxmayaraq Kapone ağır mərmər stolun altında artıq düşməninə cavab zərbəsi endirmək barədə düşünür. Dion onun sağ qaldığını eşidəndə qulaqlarına inanmamışdı. Amma onu da başa düşdü ki, bundan sonra qəzəbli düşməni onu öldürmək üçün hər bir şansı dəyərləndirəcək.
   
   
   
   (Ardı 10 mart sayımızda)
   
   
   
   

TƏQVİM / ARXİV