adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QALOŞ

VAHİD ƏLİFOĞLU
58221 | 2010-02-27 02:29
... Bütün çarıqları əvvəl-axır itlər oğurlayırlar. Amma heç kim bu günə kimi çarıq geymiş it görməyib...
   
   ... Kişi çadırın qapısını şəstlə, qürurla qaldırıb keçdi içəri. Kənardan bu adamın hərəkətlərini izləyənə elə gələrdi ki, o cındırı çıxmış çadıra deyil, ən azından iki mərtəbəli, şəxsi evə girir. Çadırın ortasında uşaqlar hərəsi bir tərəfdə sərələnmişdilər quru torpaq döşəmənin üstünə. Üzüquyulu uzananlar da var idi, əllərini boyunlarının arxasına qoyub gözlərini yumanlar da. Oyaq, yoxsa yatılı olduqlarını müəyyən etmək mümkün deyildi. Çadırın sahibəsi isə küncdə, kürəyi qapıya əyləşib hansısa işlə məşğul idi. İri, qırmızı gülləri olan ağ şalı sürüşüb çiyninə düşmüşdü. Bu da bir daha onu sübut edirdi ki, arvadın məşğul olduğu iş kifayət qədər ciddi və məsuliyyətli işdi... Kişi qoltuğundakı bağlamanı əda ilə ortalığa atıb, siqaret çıxartdı. Şappıltıya uşaqlar diksinib qalxdılar, arvad tələsmədən başını arxaya çevirdi. Bağlamaya cuman uşaqların sifətində həyəcan və maraq var idi. Arvad özünü etinasız göstərməyə çalışsa da, onun da bu mənzərəyə xeyli diqqətli olduğu hiss olunurdu... Çox keçməmiş ortalıqda didik-didik edilmiş kağız parçaları və yarımqaranlıq çadırda soyuq-soyuq parıldayan bir cüt qaloş qaldı...
   
   Arvad ayaqlarında təptəzə qaloş, çadırın boyu uzunasına nazlana-nazlana gedib-qayıdırdı, kişi və uşaqlar dinməz-söyləməz ona tamaşa edirdilər. Bu saat bu çadırın altındakı arvadın və uşaqların sevincdən böyük sevinc, kişinin qürurundan möhtəşəm qürur bəlkə də heç yerdə tapmaq olmazdı...
   
   ... Havanın sazağı çadır əhlini çadırlara doldursa da, kişi bayırdan çadırın çadır divarına söykənib, bomboz buludların arasından güclə seçilən günəşə baxırdı. Sanki günəş də havaya uyğun olaraq bozarmışdı. Parlaqlığından, istiliyindən əsər-əlamət də yox idi. Çadırın iki addımlığındakı qoturlamış söyüd ağacının ətəklərində tək-tük yarpaq qalmışdı və soyuq külək onları da ağacın "keçəl" budaqlarına tərəf "dartışdırırdı", qoparmaq istəyirdi...
   
   ... "Bu il qış deyəsən vaxtından qabaq gələcək. Yarpaqlar yuxarıdan tökülür... Bu tor-gözənək çadırın altında yaza çıx görüm, necə çıxırsan"... beynində dolaşan bu fikirlərə gülməyi tutdu... Guya qışın gəlişi həmişə onun istəyindən asılı olub, indi ona məsləhət olunmadan bu məsələ məxfi həll olunurdu... İstər-istəməz ayaqqabılarına baxdı. "Ağzı-burnu" yüz yerə əyilmiş, rəngi bilinməyən ayaqqabılarını topuğa çıxan qarın içində təsəvvür edib büzüşdü, onsuzda balaca olan boyu bir az da gödəldi. Bu qışı da bu ayaqqabılarla yola salacağına özünü heç cür inandıra bilmədi. Bir siqaret yandırıb məqsədsiz-filansız nəzərlərini söyüd ağacına yönəltdi...
   
   ... Bir topa sərçə budaqların arasına soxulub ara vermədən civildəşirdilər. Sanki dimdiklərinin ucunda olan qışın, çadırın və bütün dünyanın onlara dəxli yox idi. Öz dərdsiz-qəmsiz aləmlərindəydilər. Hətta köhnə ayaqqabılarının dərdi hər bir dərdini unutdurmuş bu kişi də veclərinə deyildi...
   
   "Bəxtəvər başınıza. Ev-eşik, arvad-uşaq dərdləri yox, əyin-baş kəmlikləri yox. Kefləri istəyəndə bir yerə yığışıb kef çəkirlər. Allahın yarımışları"... Bu həsəd və qibtə yağışı kişinin düşüncələrində sərçələrin ünvanına yönəlmişdi... Ağlına gədi ki, quşların ayaqqabıları, papaqları, paltoları olmur. Göydə uçan quşları ayaqqabılı, papaqlı, paltolu görməyə çalışdı və deyəsən ötəri "gördü" də... Gülümsədi... "Qəribə olardı, ey. Quşlar yayda köynəkdə, qışda paltoda"... Sonra özünü qınadı ki, günah edir. Axı göy üzü təmizdi, müqəddəsdi. Göydə palçıq, göl-gölməçə olmur... Təmiz, müqəddəs yerdə ayaqqabı ilə gəzmələr ki"... Məscidə girənlərin ayaqqabılarının çıxartdıqları yadına düşdü. Bunu da iranlılar da görmüşdü... Uçanlar həmişə təmiz yerlərdə olurlar... Gülümsədiyinə görə az da olsa qanı qaraldı...
   
   "Deməli, bizim gəzdiyimiz yer təmiz deyil. Çadırın içində çox adam ayaqqabılarını çıxartmır. Deməli, çadır da təmiz deyil... Amma kənddə hamı evə girəndə ayaqqlarından ayaqqabıları soyunurdu... Bax, çadırınan evin fərqi elə budu"... Özünü də təəccübləndirən, heyran edən düşüncələrinə belə bir yekun vurdu:
   
   - "Qanadı olanlar qanadsızlardan təmizdi"...
   
   ... Axşamdan qar başlamışdı. Kişi üç İran odeyalına bürünüb uzanmışdı, fikri-zikri bayırda olsa da, qulaqları çadırın içindəydi. Gündüz, qaloşun gəlişindən sonra arvada xırda bir "qarmaq" atmışdı, o da dillənməmişdi. Bu dillənməmək kişidə bəzi istəklərin baş qaldırmasına səbəb olmuşdu və ona görə də yatmaq heç ağlına da gəlmirdi. Səbrlə gecənin yarı olmasını gözləyirdi... Arvadın susmasının üstünə bu gün aldığı qaloşun "şirinliyini"də gələndə xəyalların gerçəkləşəcəyinə damcı da şübhə yeri qalmadı...
   
   ... Yalandan iki-üç dəfə öskürdü, yəni ki, yatmamışam, gözləyirəm... Qısa sükutdan sonra arvaddan da cavab gəldi... Arvad xırdaca boğazını arıtladı, yəni ki, mən də yatamamışam... Bu yüz ilin sınağından çıxmış rabitə vasitəsinin gözəlliyini arvad da, kişi də axıracan həzm etməmişdi ki, uşaqların ikisi birdən dilləndi:
   
   - Dədə, qar çox yağsa çadırımız uçmaz ki?...
   
   ... Arzuları, istəkləri, xüsusi ilə də yüz dəfə götür-qoy etdiyi planları puça çıxmış kişi köksünü ötürüb, yorğun-yorğun dedi:
   
   - Uçmaz bala, uçmaz...
   
   İkinci bir ümidsizlik də əks tərəfdən, arvad yatan istiqamətdən gəldi:
   
   - Yatın tay, sizi qırılasınız. Səhər açıldı ki...
   
   ... Əvvəlcə qar xırçıldadı, ardınca it yanıqlı-yanıqlı zingildədi...
   
   Arvad yuxulu-yuxulu dilləndi:
   
   - Dur, a kişi. Dur bax gör, bu nə səsdi, belə?
   
   ... Kişi könülsüz-könülsüz qalxıb yaxınlaşdı qapıya. Hər tərəf dümağ rəngə boyanmışdı. Barmaqlarıynan sulanan gözlərini ovxalayıb ətrafa baxdı. Qapının girişindəki, altına vedrələr, ayaqqabılar düzülmüş alçaq talvarın dibində it, itin arxasında küçüklər dayanmışdı. İt kişinin üzünə baxıb belini çökəltdi, qarı iyləyib yenidən zingildədi... Kişi hələ də hərəkətsiz dayanıb itə, itin hərəkətlərinə tamaşa edirdi... İt sanki növbəti yalvarışın məqamının çatdığını duydu, yerə yatıb kişiyə tərəf süründü...
   
   ... Kişi içərisi çörəklə dolu torbanı itin qabağına atıb, qapının kəndirini hörməyə başladı. İt torbanı özünə tərəf çəkib dayandı. Elə bil bu qədər çörəyin ona atıldığına inanmadı. Küçüklər bir-birini ayaqlaya-ayaqlaya keçdilər torbanın yanına...
   
   ... Səsə oyandı. Bir saat deyildi ki, yuxulamışdı. Qulağı səsi eşitsə də, gözləri açılmırdı.... Arvad əlində bir tay qaloş dayanmışdı başınıni üstündə. Kişi bir az da özünü toparlayıb, yuxu aləmindən tamam-kamal üzülüşdü. Hələ də bir şey anlamadan soruşdu:
   
   - Noolub, aaz?
   
   Arvad ağlamsına-ağlamsına dedi:
   
   - Görmürsən? Qaloşumun bir tayı qalıb. O biri tayı yoxdu...
   
   ... İranlı üstüörtülü yük maşınının kuzovunda stulda əyləşmişdi. Qarşısında enli, qalın dəftər var idi. Sağında, solunda çörəklə dolu sellofan torbalar qalaqlanmışdı. Çörək torbalarını növbəyə durmuş adamlara verirdilər, iranlı da dəftərə qeyd edirdi. Növbə ona çatdı. Kişi çörək torbalarını qucağına yığıb getmədi, iranlının yazıb qurtarmasını gözlədi. Nəhayət iranlı başını qaldırıb kişiyə baxdı və dedi:
   
   - Nədi? Nə istəyirsən?
   
   ... Kişi iranlının uzunboğaz, dəri ayaqqabılarından gözünü çəkmədən əlacsız-əlacsız mızıldandı:
   
   - Ağa, başına dönüm. Bir torba da ver...
   
   İranlı heç nə demədi. Əlini atıb torba da çörək götürdü və tulladı kişinin qucağına. Kişi bir anlığa iranlının yerində özünü, özünün yerində də axşamkı iti gördü və ona elə gəldi ki, elə iranlı da onu itin yerində görür... İstədiyini alsa da ayaqqabılardan ayrılıb getmək istəmirdi. İranlı ayaqlarını özünə tərəf çəkib üzünü çevirdi...
   
   ... Yenə qar xırçıldadı. İt zingiltisi gəldi. Kişi axşamdan içəri qoyduğu yabanı əl havasına tapıb ayaqlarının ucunda yaxınlaşdı qapıya. Qapının kəndirlərini səssiz, ehtiyatla açdı... Həmin it idi. Küçüklər görünmürdülər. İtin burunun qabağında, qarın üstündə bir tay qaloş var idi. Kişiyə elə gəldi ki, it burnuynan qaloş tayını ona tərəf itələyir... Əyilib qaloş tayını götürdü...
   
   ... Arvad gecə köynəyində, qaloşların cütünü də sinəsinə sıxıb matı-məəttəl durmuşdu çadırın ortasında. Bilmirdi ağlasın, yoxsa gülsün... Kişi iranlıdan aldığı çörək torbasının birini qapının arasından bayıra sürüşdürüb qayıtdı. İtin çıxıb getdiyinin, yoxsa hələ də gözlədiyinin fərqinə varmadı...
   
   ... Arvad kişinin yatağında, odeyalı başına çəkib səbirsizliklə onu gözləyirdi...
   
   ... Uşaqlar çoxdan yatmışdılar. Səhərə isə çox qalırdı.

TƏQVİM / ARXİV