adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TüRKüN ANALARI

SEYFƏDDİN ALTAYLI
54087 | 2010-02-27 02:29
"Cənnət anaların ayaqları altındadır"
   
   Hz. Məhəmməd
   
   
   
   "Xınalı Məmməd bura gəl, Xınalı Məmməd ora get, Xınalı Məmməd sursat gətir, su apar, səngərdə keşik çək, Xınalı Məmməd oğlum düşməni düz iki qaşının arasından nalla..."
   
   Azərbaycanda Xınalı Məmməd adını yəqin ki, çox adam duyubdur. Çanaqqala döyüşlərində 17-18 yaşlarında iştirak edən bir əsgərə təqribən yuxarıda yazdığım cümlələrlə müraciət edirlər. Xınalı Məmməd oxumaq yazmaq bilmir, çünkü atası vətən uğrundakı döyüşlərdə şəhid olub, ailənin yükünü çəkmək də ona qalıb, bu səbəblə məktəbə gedə bilməyib.
   
   Xınalı Məmməd, Türkiyəni işğala gələn İngilis və Fransızlara qarşı Çanaqqalada döyüşərkən səngərdəki bir yoldaşına xahiş edir və anasına giley-güzar dolu bir məktub yazdırır. Məmməd, məktubunda deyir:
   
   "Mənim başıma əsgərə gələndə niyə xına qoydun ana, indi hamı məni lağ-loğaza qoyur?!"
   
   Məktub uzun bir müddət sonra gəlib kəndlərində anasının əlinə çatır və anası ona cavabında yazır:
   
   "Oğul, biz qoça xına yaxırıq Allaha qurbandır, gəlin gedən qıza yaxırıq ərinə qurbandır, əsgərə gedən oğlumuza yaxırıq vətənə qurbandır".
   
   Anasının məktubu aylar sonra cəbhəyə gəlib çatır, ancaq Xınalı Məmməd anasının məktubunu dostuna oxuda bilmir; çünkü Xınalı Məmməd Anadolunu işğala gələn imperialist İngilislərin tüfəngindən açılan bir güllə ilə şəhid olubdur. Bu məktub, Türk Silahlı Qüvvələrinin arxivində saxlanılır.
   
   Avrasiya Yazarlar Birliyi başqanı dostum Yaqub Dəliöməroğlu ötən il mənə dedi ki, Konya Səlcuq Universitetində "Xocalı Faciəsi" ilə bağlı bir konfrans təşkil olunacaqdı, ora gedib çıxış etməyini xahiş edirlər. Mən də əziz qardaşım Aqil Abbasa zəng çaldım və xahiş ettim ki, Türkiyəyə gəlsin, Xocalı Faciəsiylə bağlı bu konfransda mənimlə birlikdə iştirak etsin. Xocalı soyqırımı niyə yaradılıb, nə cür yaradılıb, onu yaradanları kimlər dəstəkləyib, bunları həm konfrasda, həm də radio və televiziya proqramlarında, ən başından bəri hadisələrin içində olmuş, orda gedən prosesləri izləmiş məlumatlı bir şəxs kimi Türkiyə ictimaiyyətinə çatdırsın. Sağ olsun, Aqil Bəy xahişimə müsbət cavab verdi, mən də Konyaya onun gələcəyini və konfransda iştirak edəcəyini bildirdim. Aqil Bəy gəldi, Türk Ocağından bir dostumuz da bizimlə birlikdə Konyaya getdik, Mövlananın qəbrini ziyarətdən və onu şəhərlə tanış edəndən sonra universitetə getdik. Universitet müəllimləri tökülüb Aqil Bəyin ətrafında halələndilər maraqlandıqları hər bir sualı verdilər. Müqəddəs Qarabağ torpağının yetirdiyi, ürəyi milli şüurla dolu bu oğlundan kifayətli məlumatları aldılar. Vaxt gəldi konfrans zalına getdik, hamı bizi gözləyirdi. Konya Səlcuq Universiteti 1990 ilində də mərhum qocaman alimimiz Abbas Zamanova fəxri doktorluq adını vermiş və onu qonaq etmişdi. Salon 800 nəfərlikdi və nəinki tamamilə dolmuşdu, aralardakı pilləkənlərdə də iynə atacaq yer tapa bilməzdiniz. Aqil Bəyi kürsüyə dəvət etdilər, o da çıxıb hadisələri, onların səbəblərini, Türkə qarşı qurulan tələləri, Qafqazda, Yaxın və Ortaşəqdə oynanan oyunları dəqiqliklə çatdırdı. Hamı maraqla onu dinləyir və həyəcan təlatümünə qərq olurdu. Sözünü qurtardıqda isə salon məhşər yerinə dönmüşdü. O anları hər bir Azərbaycanlının görməsini istərdim. Hamı ayağa durub fasiləsiz şəkildə əl çaldı. Növbə mənə çatmışdı. Mən də kürsüyə çıxıb Xınalı Məmməddən söhbət açdım. Onun anası ilə Qarabağlı Türk anasının şüurunu və duyğularını müqayisə etdim. Bugün o müqayisəni təkrar etmək istəyirəm.
   
   Xınalı Məmmədin anası Anadolunun filan bölgəsində, filan kəndində yaşayan bir Türk anası idi.
   
   Ruslar 1992-ci ilin Fevral (şubat) ayının 26-sı günü Xocalıda bir soyqırımın yaranmasına səbəb oldular. Daha doğrusu yaratdılar. 366-cı motoatıcı Rus alayı şəhərə daxil olub onu darmadağın edəndən sonra Türk qanına yerikləyən, insanlıqdan nəsibini almamış ermənilərin ipini açıb buraxdılar, onlar da dünyada tayı bərabəri tapılmaz bir vəhşət yaratdılar.
   
   27 şubat günü axşam xəbərlərinə baxırdım və otaqda tək idim. Xocalı faciəsiylə bağlı xəbər televiziya ekranında idi. Ekranda gördüklərim qanımı dondurmuşdu. Elə bir halda idim ki, zaman və məkan məvhumu mənim üçün itmişdi, Xocalıda soyqırıma məruz qalanların üzləşdiyi faciələri öz-özlüyümdə yaşayırdım. Birdən hönkürtü duydum, döndüm ki, dördüncü oğlum 13 yaşlı əldar Avşin astanada dayanıb ağlıyır. Mənə müraciət edərək;
   
   -Baba bizimkilər niyə ermənilər qarşısında bu hala düşüb, onların silahı yoxdur, yoxsa?..
   
   -Bala, şəhərə əvvəlcə ruslar girib, bizimkilərdən cəmisi 150 qədər adam silahlı imiş, onlarda isə neçə min silahlı sursatlı, zirehli vəhşi.
   
   -Orda, şəhərdə nə qədər adam yaşayırmış?
   
   -Yeddi min soydaşımız oğul.
   
   -Niyə yeddi min adamın sadəcə 150 dənəsində silah olubə
   
   -Bizimkilərin ordusu yoxdu, silahları da azdı, Ermənilərə isə başda Ruslar olmaqda dünya erməniləri və müəyyən xıristiyan dövlətləri yardım edir.
   
   -Eləsə biz niyə bizimkilərə silah vermirik, bizim də silahımız yoxduə
   
   -Var oğul, ancaq uluslar arası hüquq buna yol vermir.
   
   -Bu hüquq niyə ermənilərə gələndə yol verir bizə gələndə yoxə
   
   -Türkiyə hələ o gücdə deyil oğul, onlara aşkar silah versək dünya...
   
   -Belə dünyanın da, belə .....
   
   Deyib getdi o biri otağa, mən də izdirablarımla baş-başa qaldım. On üç yaşlı orta məktəb uşağına nəyi başa sala bilərsən ki..!
   
   O vaxt dostlarımla birlikdə 1991-ci ildə yaratdığımız "Azərbaycanı Tanıtma Dərnəyi"nin sədri idim. Dostlara zəng etdim və ertəsi gün idarə heyətimizlə yığışıb qərar verdik ki dövlətdən icazə alaq dava-dərman kampaniyası başladaq. Ankara valiliyinə rəsmi ərizə ilə "dava-dərman yığıb yaralılara və Azərbaycan döyüşcülərinə ilkyardım vəsaitləri aparmaq" üçün müraciət etdik. Günortadan sonra bir mətbuat konfransı təşkil etdik və məqsədimizi Türkiyə ictimaiyyətinə mətbuat vasitəsilə bildirdim.
   
   Dərnəğimizdə o vaxt 18 Azərbaycanlı tələbə yatıb qalxırdı. Onları "sizi universitetdə oxudacayıq" -deyə Azərbaycandan gətirmiş, sonra da namaz qılmırlar və filankəsin risalələrini oxumurlar deyə küçəyə tullamışdılar. İzmir, Adana, İstanbul, Bursa kimi yerlərdəki bu gənclərimizlə əlaqə yaradıb hamısını Ankaraya gətirtmişdim. Dərnək olaraq onlara 8 ay baxdıq və o il bunlarla birlikdə 50 Azərbaycanlı tələbəni öz istədikləri universitetlərə Yüksək Öyrətim Qurumu başqanı Məmməd Sağlam Bəyin sayəsində yerləşdirdim, yataqxana, təqaüd və avtobus bilətlərinə kimi də təmin etdim. Məmməd Sağlam Bəyə təkrar təşəkkürlərimi və minnətdarlığımı bildirirəm.
   
   Bu tələbələr bizlərlə əl ələ verib Türkiyənin hər bir küncündən gələn dərmanları sistemli şəkildə ayırdılar, qutulara yığdılar. Nisan (aprel) ayında Bakıya gedəcəkdim. Oğlum Eldarla 12 yaşlı beşinci oğlum Elçin Araz axşam ağzı bağlı bir məktub gətirdilər və "Baba, bunu Əbülfəz Elçibəy əmimizə verərsən" -dedilər. Ağzını niyə bağlamısınız, nə var içində deyə sual verincə, "Heç, sadəcə ona və Azərbaycana duyduğumuz sevgini yazmışıq ayrı heç nə yoxdur" dedilər.
   
   Mən, dərmanları təzə salınan müvəqqəti Sədərək körpüsündə qarşılayacaq, aparıb öz əllərimlə yerlərinə çatdıracaq, mərhum prezidentimiz Heydər Əliyevlə, Elçibəylə, Xocalı faciəsindən qurtulanlarla müsahibələr götürüb, onları Türkiyənin Səsi Radiosundan dünyaya yayacaqdım. İşlərimi sahmanlayıb Bakıya gəldim. Ertəsi günü gedib Elçibəylə müsahibə götürdüm, qurtardıqda da Eldarla Elçinin məktubunu ona verdim. Elçibəy zərfi açdı, məktubun qatını açdıqda içində əlli lirə düşdü. Elçibəy, -Bu nədir? -deyə sual verincə, donub qaldım və nə deyəcəyimi bilmədim. -Bəy vallah bilmirəm oğullarım verdilər və bərk-bərk tapşırdılar ki, bunu sizə çatdırım, pulun nəyə görə qoyulduğunu da bilmirəm. Elçibəy məktubu oxudu və gördüm gözündən iki damcı yaş süzüldü və məktubu mənə verib barmağını qoyduğu yeri oxumağımı istədi. Onlar yazmışdı ki; "Əbülfəz əmi, ermənilərin bizimkiləri öldürməsi bizi çox incitdi. Babam dedi ki, silahınız, mərminiz azdır. Babamın bizə verdiyi xərcliyi yığıb sənə yollayırıq onunla heç olmasa bir qədər mərmi (patron) alarsınız". O anda bilmədim ağlayımmı, taleimizə üsyan edimmi, qürurlanımmı! Ancaq məlum səbəbə görə dəhşətli dərəcədə xəcalət çəkmişdim.
   
   Ertəsi günündən başlayaraq əziz dostum Mövlud Süleymanlı ilə hər Allahın günü Xocalıların sorağına düşdük və tapa bildiyim şəxslərlə müsahibələr götürdüm. O vaxt Cümhuriyyət (Respublika) Xəstəxanasının başhəkim müavini işləyən əziz dostum Sultan əliyevin yanına getdim və məsələni açdım. -Bizdə Xocalıdan gələn xəstələr var bu dəqiqə həll edərəm, dedi və orda işləyən mərhum həkim əbülfət Hüseynovu səslədi. Qəbələdən olan Əbülfət Bəyin qardaşı oğlu Sentiyar Hüseynov da dediyim həmin tələbələrdən biri idi, o da əmisini görməmi xahiş etmiş, əmisinə zəng edərək mənə əlindən gələn köməkliyi etməsini söyləmişdi. əbülfət Bəy gəldi, görüşdük və məni Xocalıdan olan yaralıların otağına apardı, onlarla məni tanış edəndən sonra mənimlə rahat danışsınlar deyə otaqdan çıxdı. Allah sənə rəhmət eləsin əbülfət müəllim. Qarşımda 1.60 metr hündürlüyündə, çaxmır gözlü, üzündən-gözündən nur yağan bir Türk anası vardı. İki qızı yaralı idi, onların yanında qalır, analıq qayğısını onlara göstərirdi. Böyük qızının sol qabırğasından güllə dəyib qabaqdan çıxmışdı və gəlinin bu tərəfi gibs içində idi. 17 yaşlı subay qızı da yataqda idi, ayaqlarını soyuq aparmışdı, müalicə olunurdu. əvvəla qızları ilə müsahibə götürmək istədim, böyük qızı -bacım danışsın o daha yaxşı danışar dedi. Ona yönəldikdə "Xocalının faciəsini ancaq onu yaşayanlar ayıq başla təsvir edə bilər. İndi isə hələ də hadisələrin şokunu üstümdən ata bilməmişəm, məni bağışla qoy anam danışsın"-dedi və imtina etdi. Artıq məcburdum o mübarək ana ilə söhbət edəm. Beləliklə de hadisənin şahidi olan iki insanın daha, deyəcəklərindən məhrum qaldım. Kaş onlar da danışa biləydilər, Türkiyənin Səsi Radiosundan onların da səsini dünyanın kar-kor-lal ürəyinə bir ox kimi sanca biləydim və milli arxivimizə onların da səsini əlavə edə biləydim.
   
   Buyurun ana xanım hadisələr nə cür cərəyan etdi onlardan danışın, dedim. O da başladı danışmağa:
   
   "Axşam çörəyini biraz əvvəl yemişdik və yenə səksəkəli saatlarımız başlamışdı. Çünkü ermənilər gecələr üstümüzə rakət buraxır, bomba atırdılar. Sanki havada yaranacaq hadisəni xəbər verən bir ağırlıq vardı. Bir müddət sonra dəhşətli gurultular şəhəri bürüdü. Hər yandan şəhərə doluşan tanklar və zirehlilər toplar, tüfənglər və roketburaxan silahlarla evlərə od yağdırır, qarşısına çıxan insanları qoca, uşaq, qadın fərqi qoymadan gülləbaran edirdi. Küçələrə tökülən insanların səsləri hər yanı məhşərə döndərmişdi. Biz də üstümüzdə nə varsa onunla küçəyə çıxıb meşəyə sarı qaçmağa başladıq. Yolun ortasında yoldaşımı vurdular, ordaca şəhid oldu. Onun meyidini götürüb aparacaq ya da dəfn edəcək halda deyildik. İki oğlumdan biri avtomat, digəri isə makinəli tüfənglə (pulemyot) yağıları saxlamağa və camaatın qaçıb canını qurtarmasına çalışırdı. Şəhərin meşəyə yaxın yerinə çatdıqda qızım yaralandı və özümüzü birtəhər meşəyə atdıq. -Siz çıxıb gedin mən ardınızca gəlib sizə çataram, -deyib onları yola saldım və bir ağacın arxasında gizləndim. Oğullarımın düşmənlərlə döyüşünə tamaşa edir, biraz fürsət tapan kimi onları çağırıb birlikdə gedə biləcəyimizi fikirləşirdim. İki oğlum, özünü göstərən ermənini və rusu vurub cəhənnəmə vasil edirdi. Onlar, güllələri qurtarana qədər Türk oğlu Türk kimi döyüşdülər. Güllələri qurtarmışdı. Avtomatlı oğlum yaralanmışdı. Ermənilər ehtiyatla onları mühasirəyə alıb qorxularından yavaş yavaş yaxınlaşdılar. Yaralı oğlumu saldılar təpiyin, tüfəng qundağının altına, bir müddət işkəncə edəndən sonra hərəsi bir tərəfdən süngüləyib onu şəhid etdilər, sonra da meyidinə güllə yağdırdılar. Pulemyotlu oğlum da mühasirədə digər vəhşilərlə əlbəyaxa vuruşur onları yaxınlaşmağa qoymur, əlindəki pulemyotla və yumruqla yaxına gələni vurub yerə oturdurdu. Yağılar baxdılar yaxınlaşa bilmiyəcəklər, digərlərinin gəlməsindən sonra onu ayaqlarından güllələdilər, sonra qollarından tutub süngü ilə ölümcül olmayan zərbələr vurdular. Onu tezliklə öldürmək istəmirdilər, hərəsi bir tərəfdən vəhşiyanə qışqırır və ona işgəncə edirdilər. Oğlum qan itirsə, yaralı olsa da vəhşilər qarşısında of demədən döyüşür və bütün gücüylə onlara zərbə üstünə zərbə endirirdi. İtirdiyi qan, yorğunluğu və aldığı zərbələrdən taqəti kəsildi. Ermənilər yerə yıxıb gözümün qabağındaca başını kəsdilər. Oğullarımı, həyat yoldaşımı itirmişdim, əlimi göyə qaldırıb onlar üçün dua oxudum və meşənin içiylə bütün gücümlə hərəkət edərək Naxçıvanikə sarı gedən qafiləyə çatdım. Meşənin içiylə gündüz gizlənib, gecələr hərəkət edərək gəlib Ağdama çatdıq və canımızı qurtardıq. Oğullarımın və yoldaşımın talei belə imiş. Onlar gözümün qabağında şəhid olsalar da əsla gözümdən yaş çıxmadı. Onlar üçün ağlamadım. Oğullarım, öz qisaslarını yağılardan artıqlamasıyla aldılar, sonda da şəhid oldular. Bir Türk anası kimi fəxr edirəm, vətən yolunda iki oğlumu da qurban verdim. Görürsünüzmü, indi də özümü necə toxdaq aparıram. Onların ömrü orda başa çatacaqmış, xoşbəxtdilər ki vətən yolunda getdilər, bundan da gözəl ölüm olar?!".
   
   Bir jurnalist üçün bundan böyük ağrı-acı olardımı?! Ürəyində hər şeyi edəcək boyda şüura sahib olasan, mənsubu olduğun dövlətin kifayətli gücü-qüdrəti ola, ancaq bu gücə malik dövlətin müəyyən haqlı səbəblərə görə heç nə edə bilmiyə və əli-qolu bağlı qala, sən də heç nəyi edə bilmiyəsən!.. Bundan böyük izdirab olarmı ya Rəbb!..
   
   Anadoluda, oğlunun başına xına qoyub Çanaqqalaya işğalçı düşmənə qarşı qurban kimi yolluyan ana ilə, Qarabağda dünyaya gəlmiş kommunist məktəblərində, rusun qapazı altında yaşamış, ancaq öz milli mənliyini özünə yaraşan ləyaqətlə qoruyub saxlamış bu Türk anasının duyğusu, əqidəsi və şüuru arasında hərhansı bir fərq vardırmı!ə Bu analarımızın ayağının altının türabı olmaq şərəflərin ən böyüyü deyildirmiə! Bu cür analarımız var olduğu müddətcə Türkə heç kəs heç nə edə bilmiyəcəkdi...
   
   Atatürk; "Yeganə iftixar mənbəim Türk olaraq yaradılmamdır" sözünü deyərkən də bu millətin nə boyda fəzilətə və böyüklüyə malik olduğunu vurğulamayıbmı?!
   
   Bir gün gələcək, o gün gələcək analarım... O günü gözləyirəm... Andım var o günə... Tanrıma verdiyim söz var o gün üçün, onunla mənim aramda olan bir məxfi söhbət var... Ya Rəbb, mənə o günü göstərmədən, o qisas gününün iştirakçısı olmadan canımı alma!..
   
   
   
    "Kürşadın narasıyla indik Tanrı dağından
   
   Ruhumuzu kandırdık Orhunun kaynağından
   
   Bu kaynaktan içənin yürəkləri tunç olur
   
   Türkə kəfən biçənin ölümü korkunç olur..!"
   
   Nihal ATSIZ

TƏQVİM / ARXİV