adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Şairə bacılar

SAMİRƏ ƏŞRƏF
24111 | 2015-03-14 01:28


Rus yazıçısı Çernışevski deyirdi ki, "Təbiət qadını nə qədər fərasətli, nə qədər ağıllı xəlq etmişdir! Həm də belə ağıl cəmiyyət üçün faydasız qalmışdır, cəmiyyət onu rədd edir, onu basıb əzir, onu boğur. Bu ağıl rədd olunmasaydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi bəşəriyyətin tarixi on dəfə sürətlə irəli gedərdi."
Etiraf edək ki, Çernışevski ilə razılaşmamaq mümkün deyil. Çünki, qadının bineyi qədimdən ən əsas işi yumaq, yığışdırmaq, ərə getmək, uşaq doğmaq, yatağa girmək, yataqdan çıxdıqdan sonra da yenə boynuna biçilmiş eyni işləri yəni loru dildə desək nökərçiliyini etməkdən ibarət olubdur. Qərb ölkələrində və başqa dinlərdən olan xalqların qadınları müsəlman qadınlarına baxanda bu baxımdan daha bəxti gülər olublar. Çünki onlarda çadra, örpək, xınayaxdı, üzük taxdı, qapıdan baxdı söhbətləri olmayıb. Olubsa da, onlar bunu bir yolla tarixin qaranlıq girdabına gömməyi bacarıblar. Di gəl ki, müsəlman qadınları bu məslələrdə həmişə korluq çəkiblər. Həmişə hamballıq, qul-qaravaşlıq üçün gərəkli olanda yada düşüblər.
Maariflənmə də müsəlman ölkələrinə nisbətən qərbdə daha sürətlə inkişaf etdiyindən, müsəlman zənəni həmişə kişilərin kölgəsində qalmağa məcbur olub. Lakin Çernışevskinin dediyi kimi fərasətli və ağıllı qadınlardan məişət işlərindən yaxa qutararaq birtəhər özünə yol tapıb tarixə düşməyi bacaranlar da olub.
Bu məişət və qadın söhbəti çox uzun və mübahisəli məsələ olduğundan bunu bir yazıya sığışdırmaq qeyri-mümkündür. Bu səbəbdən də bu mövzunun üstündən hələlik adlayıb keçirəm.
Yaradıcılıq məsələsində də qadınlar həmişə gözükölgəli olublar. Hansı arvad ağzını açıbsa deyiblər arvadsan, otur arvadlığını elə! İndinin özündə də qızının oxumasına, məktəbə getməsinə qarşı çıxan atalar, analar, qardaşlar var. Arvadını işləməyə qoymayan ərlər də nə qədər istəsəniz tapıb üzə çıxartmaq olar. Uzağa getməyək, subay vaxtımda anam neçə dəfə mənim oxuduğum kitabları əlimdən alıb pəncərədən bayıra vızıldadıb ki, - bəsdi oxudun. Bu vızıldatmayla da mənə hansı statusda olduğumu başa salmaq istəyiblər.
2000-ci ildən üzü bəri ədəbiyyatımızda xeyli sayda istedadlı imzalar göyərməyə başladı. Əvvəllər bunun fərqinə varmasaq da sonradan baş verənlərə sevinməmək mümkün deyildi. Yeni imzalar, kitablar, jurnallar işıq üzü gördü. Hər şey çox sürətlə baş verdi. Bir nəfər əyalətçi necə oldusa yenilikçi adı altında peyda olub düşdü ortalığa. Koroğlu kimi başına bir dəstə yığdı. Sonra da qımışaraq həmin dəstəni ədəbiyyatın içərilərinə buraxıb dedi: "dəlilərim, gedin kef edin!" İndi həmin adam hələ də ətrafda baş verənlərə baxıb dodaqaltı qımışmağına davam edir.
Biz birdə onda ayıldıq ki, hamı çönüb olub şair, yazıçı, publisist. Bu çoxluğun içərisində də nə qədər istəsəniz qadın imzaları sadalamaq olardı. Üstəlik qadınların çox qismi nəsrə yox, nəzmə üstünlük verirdi. Nəzərə alsaq ki, ədəbiyyatımızda qadın imzası olduqca az idi. Bu artım bizi sevindirməliydi. Ancaq min əfsus ki, tezliklə şeir unuduldu. Ətrafımız özünə kəpənək, qırqovul, turac, niskil, nikbin, qəmli, kədərli sözlərindən təxəllüs götürən şairə bacılarla dolub daşdı. Bir müddət keçdi bu bacılar daha da çoxalmağa başladılar.
Yadıma gəlir, 2000-ci ilin sonlarında bir şairə peyda olmuşdu. İşi gücü od və atəşlə əlləşmək idi. İnsafnan deyək ki, babat şeirləri də vardı. Amma sonra necə oldusa, bacının ağlı qarışdı. Şeirlərinin üstünə dağda, daşda, qayalıqda cürbəcür pozalarda şəkillər çəkdirib yapışdırmağa başladı. Uzaq qərb elllərindən tutmuş, ta öz elimizin o hündürlüyü olmadı ki, bu şairə bacı ora dırmaşıb şəkil çəkdirməsin. Sözün açığı mən bir ara çaşıb qaldım. Elə bildim ki, xanım şairəlikdən əl çəkib çörəkpulunu daşdan çıxarmaq istəyir. Sonra gördüm ki, yox yanılmışam. Bu daş-kəsək məsələsi nə isə başqa məsələdi. Ruslar demişkən intimnıy söhbətdi. Arada bir iki dəfə də həmin şairənin qadın bədənindəki göyərmiş yerlərin alt qatından bəhs edən şeirlərinə də rast gəldik. Sonra bacı yoxa çıxdı
Bəli, zaman keçdi şairə bacılar inkişaf etməyə başaldılar. Artıq kədər, qəm, quş, heyvan təxəllüsü götürənləri yeni nəsil bəyənmədi. Onlar payız yarpağına çevrilib torpağa gübrə olmağı daha uyğun variant hesab etdilər. Təxəllüsləri də məhz xəzan, xəzəl, xəyal səpkili oldu.
Bir müddət keçdikdən sonra bu bacılar da yoxa çıxdı. Biri jek müdiri oldu, biri bələdiyyə sədri. Dünyadı bir də görünüz ki, bu gün sabah onlardan millət vəkili kürsüsünə yiyələnlər də olar.
Əlqərəz aləm dəydi bir-brirnə. İş o həddə gəlib çatdı ki, şairələr şairə olduqlarını deməkdən çəkindilər, şairəliklərini yazar adı altında ört-basdır etməyə çalışdılar. Bu yazar söhbəti də məhz həmin şairələrin çıxartdığı hoqqalardan biri idi.
Heç kəs inciməsin müəyyən istisnalar olsa da, vəziyyət həqiqətən də mən nəql etdiyim formada təşəkkül tapdı. İndi on şairədən şoruşsanız ki, şairəsiniz? On nəfərdən səkkizi mütləq cavab verəcək ki, - Yazaram!



TƏQVİM / ARXİV