adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DiLiMiZ ŞiRiNDiR?..

MƏZAHİR ƏHMƏDZADƏ
37201 | 2010-02-27 02:29
Əgər həmin gün həmin o televiziya verilişində keçmişlərin tanınmış müğənnisi Natəvan Şeyxova dövlət dilimizə, ana dilimizə "o hörməti" göstərməsəydi bunun əvəzinə "Qum karxanasının generalları" filmini xatırladacaq başqa bir əhvalatdan söhbət açacaqdım. Azərbaycan Televiziyasında Azərbaycan dilində gedən verilişdə Azərbaycan Respublikasının vətəndaşı Natəvan xanım Şeyxova əvvəldən axıradək rus dilində danışdı, aparıcının suallarını da tərtəmiz rus dilində cavablandırdı. Biz belə məsələlərə əksərən ciddi reaksiya vermirik, çünki nadir hadisə deyil. Hətta bir vaxtlar Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin, Səməd Vurğunun, Məmməd Arazın dilində "aksentsiz" danışanlara təəccüblə baxıblar, biz belə havalı bir respublikada yaşayıb özümüzü dərk etmişik...
   
   Qoy bir məsələni daha da konkretləşdirim, sonra. Yaşıdlarımın uşaqlıq və ilk gənclik illərinin əsas sevilən estrada ifaçıları (o vaxtlar məşhurlara sinonim kimi "ulduz" sözü işlənmirdi) təxminən bunlar idi: Flora Kərimova, Oqtay Ağayev, Natəvan Şeyxova, Polad Bülbüloğlu, bir də "Qaya" kvarteti. Natəvan xanımın incə və yumşaq səsi oxuduğu lirik mahnılar ona da çoxlu pərəstikaşkar qazandırmışdı. Mən Natəvan xanımı milliyyətcə azərbaycanlı kimi tanımışam, ola bilsin bir az səhvim var. Ancaq hər halda ilin-günün bu vaxtında müəyyən qədər nostalji yaradan televiziya verilişində Natəvan xanımın rus dilində danışması mənə (və yəqin ki, çoxlarına) qəribə təsir bağışladı. Qəsdən belə edirdisə, çox pis. Yox, əgər Azərbaycan dilində heç danışa bilmirsə, bu, ondan da pis!
   
   Bu, məhz belə bir zamanda həmin verilişi hazırlayanların günahıdır, vəssalam!
   
   Yadıma düşmüşkən bəzi əhvalatları xatırlasam daha yaxşıdır. Əvvəlcə hamımızın bildiklərinə diqqət çəkək. Son illər Azərbaycanın şöhrəti artıb dünyada daha yaxşı tanındıqca, mədəniyyətimizə, tariximizə və doğma, gözəl Azərbaycan dilimizə də hörmət və maraq artmaqdadır. Diplomatik korpusların nümayəndələrindən tutmuş bu ölkə ilə müəyyən əlaqələri yaşanan bir çox şəxslər dilimizi öyrənməyə çalışır, öyrənib bəzilərimizdən yaxşı danışanlar da olur. Biz belə nümunələrdən maksimum istifadə etməliyik, istər televiziya və radio verilişlərində, istərsə də mətbuat vasitəsilə. Bunlar çox vacibdir, çox əhəmiyyətlidir. Mən demirəm millətçilik edək, gürcülər kimi, yerli dili bilməyənlərə cavab verməyək. Zorən sevginin sonu, nəticəsi də bilinməz. Sadəcə özümüz öz dilimizə hörmətlə, sevgiylə yanaşsaq, yetər. Bunun üçün ilk növbədə mətbuatdan və televiziyadan pinti yazı dilini və əcaib, hibritləşmiş danışıq dilini yığışdırmalıyıq. Yəni hamılıqla mübarizə aparmalıyıq. Onda nəinki Azərbaycanda yaşayıb çalışan əcnəbilər, digər xalqların nümayəndələri (təbii ki, əsasən rusdillilər), hətta xarici ölkələrdə bu gözəl dili eşidənlər də onu öyrənməyə cəhd edəcəklər. Bizdən vəsait istəyəcəklər, müəllim istəyəcəklər. Sonralar şair və yazıçılarımızın əsərlərini orijinaldan oxuyacaqlar. Onda elə mən özüm də o gün rayonda şahidi olduğum hadisəyə təəccüblənməyəcəyəm. Siz iki azərbaycanlının bir-biriylə rus dilində danışmağına pis baxsanız da, təəccüblənməzsiniz. Ancaq o gün mən iki cavan rus qadının bir-biriylə Azərbaycan dilində söhbət etdiyini görüb eşidincə yaxşı mənada diksindim. Baxmayaraq, onların həyat yoldaşları azərbaycanlıdır, hər halda Bakı mühiti ilə müqayisədə unikal hadisəydi. Və mən həmvətənlərimin xarici ölkələrə səfərləri zamanı qeyri-millətlərin Azərbaycan dilini tanıyıb bilməsinin şahidi olmasını da arzulayıram.
   
   Dəqiq deyə bilmərəm nə vaxtdan, hansı ildən başlayıb, ancaq keçən il Türkiyədə keçirilən VII Uluslararası Türkcə Olimpiatlarında 115 ölkədən 700 nəfər uşaq və gənc iştirak edirdi. Məlumatı olmayanlar üçün qısaca izah edim. Hər dəfə bu olimpiatlara xarici ölkələrdən gələn yüzlərlə uşaq və gəncin müxtəlif müsabiqələrdə iştirakı əsl bayrama çevrilir. Müxtəlif nominasiyalar üzrə yarışmalar, ödüllər... Bunlar türkcə danışmaqdan başqa, türkcə yazmaq, türkcə səhnəciklər hazırlamaq, şeirlər söyləmək, mahnılar oxumaq və başqa nümunələrdən ibarətdir. Bir müqayisə verim. İlk olimpiatda cəmi 15 ölkədən olan nümayəndə, yeddinci olimpiatda 115 ölkə! Nominasiyaların mükafatçıları arasında iki azərbaycanlının yer tutması təəccüblü deyildi. Təəccüblü, heyrətamiz olanı bu idi ki, məşhur türk bəstəkarı və müğənnisi Fatih Kısabarmak onun şarkısını ifa edən pakistanlı gənci bağrına basıb göz yaşlarını saxlaya bilmirdi. Eləcə ABŞ nümayəndələrinin, Rusiyanın, Moldovanın, İngiltərənin iştirakçılarının müxtəlif nominasiyalar üzrə çıxışları! Mali Respublikası prezidentinin qızı türkcə urfalı, diyarbəkirli türklərdən daha səlis danışırdı! "Dünyaya yayılan türk dili - qardaşlıq, sevgi və barışıq dili!" devizi ilə günlərlə Bursada, İstanbulda və başqa şəhərlərdə davam edib Ankarada yekunlaşan bu əsrarəngiz hadisə özünün təşkilatçılığı, dinamizmi və eyni zamanda qəribə istiqanlığı ilə hər kəsin qəlbində qürur yaşadırdı. Yekunda, mükafatlandırılma törənlərində iştirak edən millət vəkilləri, dövlət adamları xarici ölkələrdə Hacı Kamal Atadan başlayaraq Türk dili kursları və okulları quranların hamısına öygülər yağdırırdılar. Yekun mərhələdə iştirak edən Baş nazir Ərdoğanın son sözləri isə...
   
   "Mən sizlərin hər birinizi Osmanlı akınçılarına bənzədirəm...".
   
   Mən Azərbaycanda yalnız Azərbaycan dilində keçirilən beynəlxalq miqyaslı tədbirlərin, olimpiada və ya festivalların, ədəbiyyat günlərinin olacağına inanıram. Bizim öz dilimiz, doğma Azərbaycan türkcəmiz ən böyük hörmət və şərəfə layiqdir. Layiqliyimizi özümüz təsdiqləməliyik.
   
   Elə deyilmi, hörmətli televiziya kanallarımız, sevimli qəzetlərimiz?!

TƏQVİM / ARXİV