adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Xocalı Ankarada anıldı

FƏRHAD ŞABANOV
26986 | 2010-02-27 02:29
1992-ci ildə Xocalıda erməni vəhşilərinin törətdiyi qətliam vətəndən kənarda müxtəlif konfrans və tədbirlərlə yad edilib. Bütün beynəlxalq təşkilatların müəyyən etdiyi qanunlara nəzər yetirildiyində bu vəhşiliyin adını soyqırım qoymaq mümkündür. Soyqırım termininin tələb etdiyi bütün hallar Xocalı qətliamında yaşanmışdır. Ancaq dünya hələ də Xocalıdakı erməni vəhşiliyinə bu adı qoymaqdan uzaq durur. Hegemon dövlətlərdə fəaliyyət göstərən erməni lobbilərinin olduğu müddət bu qətliamın soyqırım adlanmasını gözləmək məntiqdən kənar boş ümiddir.
   
   24 Fevralda Ankaradakı Qazi Universitetində bu hadisə ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Türkiyə Böyük Millət Məclisi deputatları ilə yanaşı Azərbaycan səfirliyindən nümayəndələr də iştirak etmişdir. Tədbirə maraq çox böyük olmuşdur. Sadəcə azərbaycanlı tələbələr deyil, türkiyəli tələbələr də tədbirə böyük maraq göstərmişdir. Tədbirə təşrif buyurmuş qonaqlardan imza toplanmışdır. Xocalı qətliamının Türk Məclisində soyqırım olaraq qəbul edilməsini istəyən azərbaycanlı tələbələr imza toplama işini böyük həvəslə görmüşdür. Tədbirin gedişatında Xocalıda yaşananlarla bağlı video lenti izlərkən bəzi tələbələr və millət vəkilləri göz yaşlarına hakim ola bilmədi. Tədbirin açılış sözü Qazi Universiteti rektoru Prof. Dr. Rıza Ayxan tərəfindən edilmişdir. "Universitetə sadəcə tədris ocağı olaraq baxmaq düzgün deyil. Universitet tələbələri milli-mənəvi dəyərlərinə sahib çıxan gənclər olmalı, tarixlərini yaxşı bilməlidir. Düşmənin və dostun kim olduğu yaxşı ayırd edilməlidir. Xocalıda yaşananlar üzərindən neçə il keçsə də unuda bilməyəcəyimiz hadisələrdir." Sözü çox uzatmayan rektor kürsünü növbəti qonaqlara buraxdı.
   
   Kürsüyə iqtidarda olan Ədalət və İnkişaf Partiyası millət vəkili Haluk İpek çıxdı. Video lentdən çox təsirlənən vəkilin səsinin titrəməsi bunu sübut edirdi. "Azərbaycan və Türkiyə iki dost və qardaş ölkədir. Sizin ağrı-acınız bizim ağrı-acımızdır, sizin sevinciniz bizim sevincimizdir. Bu hadisəni yaşamaq sizi nə dərəcədə kədərə boğursa, inanın ki, bizi də həmin dərəcədə kədərə-yasa boğur. Mən Amerika-da olduğum müddətdə, Amerika senatında Dağlıq Qarabağda baş vermiş vəhşilikləri, eləcə də Xocalı qətliamı barədə olan görüntüləri nümayiş etdirdim. Bizim məqsədimiz heç bir xalqa kin və ya nifrət yaratmaq deyil, biz istəyirik ki, kim tarixdə nə vəhşilik törədibsə cəzasını çəksin. Ancaq siz də yaxşı bilirsiniz ki, Amerikadakı erməni lobbisi elə güclüdür ki, soyqırımı bizim elədiyimizi bütün dünyaya qəbul etdirirlər. Biz qardaş xalqlar olaraq daha möhkəm olmalıyıq. Son zamanlarda baş vermiş küskünlüklər, müxtəlif qara qüvvələrin əl altdan xalqı qızışdırmasının nəticəsidir. Xüsusilə mətbuatdakı bəzi qüvvələr xalqı Türkiyəyə qarşı soyutmağa çalışır. Mən hər Azərbaycana gedəndə məndən soruşurlar ki, sərhədləri nə vaxt açacaqsınız? Mən hər dəfə Dağlıq Qarabağ problemi həll olunmamış bundan söz gedə bilməz desəm də mətbuatdakı qüvvələr sanki sərhədlər açılmış kimi xalqı soyutmaq arzusu içindədirlər. Biz bütün Qafqazda sülh və əmin-amanlıq istəyirik."
   
   Daha sonra kürsüyə CHP millət vəkili Onur Ötmen çıxdı. "Ermənilərin Azərbaycanlı qardaşlarımıza etdikləri bu vəhşiliklər dünyanın hər yerində nümayiş etdirilməlidir. Avropanın bir çox ölkəsində, Amerikada bir çox universitetlərdə bunları tələbələrə və elm adamlarına göstərmək lazımdır. Avropaya oxumağa gedən ilk türk tələbələri tarixdən xəbərsiz idi. Onların qarşısına güclü erməni lobbisi çıxdı və onlara deyildi. Siz bizə soyqırım etmisiniz. Buyurun baxın, bu da sizin tarixiniz. Qondarma tarix kitabları ilə türk gənclərinin beyni yuyuldu. Tarixini yaxşı bilməmənin cəzasını biz Türkiyə olaraq çox çəkdik, hələ də çəkməyə davam edirik. Dünyanın hər yerində türk lobbiləri olmalıdır. Buna əhəmiyyət verilməlidir. Çünki xalqımız haqqında fikir yaratmaqda bu çox önəmlidir." Vəkil daha sonra türk-erməni soyqırım iddialarına toxundu. Sadəcə erməni lobbilərinin deyil, türkiyədəki bəzi insanların da bu soyqırım iddialarına müsbət fikir bildirdiklərini vurğuladı. AKP iqtidarının erməni siyasəti və imzalanan protokolların çox səhv addım olduğunu bildirən vəkil bundan sonrakı sözlərində daha çox AKP-li millət vəkilini işarə edərək siyasət yürütməyə başladı. Hətta tamaşaçılar arasından bir türkiyəli tələbə bu məkanın "siyasət yapma yeri" olmadığını qışqırdı.
   
   Kürsünün növbəti qonağı Milliyətci Hərəkat Partiyası millət vəkili Mehmet Əkici idi. "1992-ci Fevral ayında Xocalıda törədilən hadisədə dünyalarını dəyişmiş insanlar şəhidlərdir. Şəhidlər ölməzdir. Onlar indi aramızda, bizimlədir. Tarix boyunca İrəvanda, Bakıda, Gəncədə ermənilər tərəfindən öldürülən türk xalqı olmuşdur. Hal hazırda qurduqları dövlət türk torpaqları idi bir vaxtlar. Tarixə dönüb baxdığımız zaman, əzab edilən, torpağından qovulan hər zaman türklər olmuşdur. Bütün bunlarla yanaşı günahlandırılan xalq da hər zaman türklər olmuşdur. Bu gün Azərbaycanda bir milyondan artıq yurdunu-yuvasını tərk etmiş qaçqın və məcburi köçkün var. Qarabağ münaqişəsi Türkiyənin milli məsələsidir. İmzalanmış protokollar və erməni açılımı deyə millətə təqdim olunan siyasət tamamilə səhvdir. Xocalıda yaşanmış vəhşilik soyqırımdır. Məclisimizə təqdim olunacaq Xocalı soyqırımı qanununa MHP olaraq imza atmağa hazırıq. Bir millət, iki dövlət anlayışına uyğun hərəkət etməyə hazırıq. Bu uydurulma bir söz olaraq deyilməmişdir. Bunu deyən insan keçmiş və gələcəy tariximizə söykənən uzun bir zamanı göz önündə tutmuşdur. Türk diasporası yaratmalıyıq. Xocalı soyqırımı dərsliklərə salınmalıdır. Türkiyədə bu soyqırımdan xəbəri olan çox az gənc var. Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanın Fələstində baş vermiş qətliamlar üçün İsrail baş nazirinə dediyi "one minute" Xocalı üçün də deyilməlidir. Hər il bu hadisəni yad etməli və gələcək nəsillərə düşməninin kim olduğunu unutdurmamalıyıq."
   
   Mehmet Əkicidən sonra kürsüyə Gazi Stratejik Araşdırmaları Mərkəzi başqanı Prof. Dr. Yusuf Halaçoğlu çıxdı. Türk tarixinin bu cür qətliam və soyqırımlardan uzaq olduğunu, sözdə soyqırım iddialarının əsilsiz olduğunu dedi. "Tarixi sadəcə türk tarixçilərin kitablarından oxuyaq demirəm. Gedək avropalı tarixçilərin əsərlərinə baxaq. Türk tarixi ləkəsiz və alnıaçıqdır. Soyqırım iddiaları tamamilə əsilsizdir. Əgər ortada bir soyqırım varsa o da ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımdır. İstər BMT olsun, istər digər beynəlxalq təşkilatlar olsun soyqırımla bağlı qərarları çox qətidir. Soyqırım nədir?! Bunun cavabı az öncə izlədiyimiz görüntülərdir. Sizə bir erməni yazarın kitabından sitat gətirirəm. "Öldürülmüş cəsədləri bir quyuya yığırdılar yandırmaq üçün. Meyitlərin arasında yaralı bir qızın canlı olduğunu dedim. Mənim üstümə qışqırdılar. Onların hamısı yanacaq. Meyitlərlə yanaşı həmin o qızı da quyuya atdılar. Yandıranda o yaralı qızın səsi bütün ətrafı bürüdü. Amma nə edə bilərdim. Mənə bunların müharibənin qanunları olduğunu dedilər və qarışmamağımı əmr etdilər." Buyurun bu da sizin üçün bir erməninin yazdıqları. Bütün bunları edən bir insan beyni ola bilməz. Bu zülümləri insan insana verə bilməz. Mən az öncə izlədiyimiz Xocalı görüntülərini Türkiyədəki "ermənilərdən üzr istəyənlərə" ithaf edirəm."
   
   Tədbirin sonunda qonaqların hamısı kürsüyə çıxdı və onlara gül təqdim olundu. Xatirə şəkli çəkdirildi. Daha sonra qonaqlara azərbaycanlı tələbələr tərəfindən Xocalı ilə bağlı hazırlanmış disklər təqdim olundu.
   
   Fevralın 25-də Ankarada TOBB Universitetində, 26-sı isə Ankara Universitetində Xocalı ilə bağlı tədbirlər keçirildi.

TƏQVİM / ARXİV