adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QIRIQ-QIRIQ FiKiRLƏR

OQTAY SALAMOV
17413 | 2010-02-27 02:28
İhsan Doğramacı öldü. Türk dünyasının böyük oğlu dünyasını dəyişdi. Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İhsan bəy. Güman ki, dostluğumuz ölməz. Başımız sağ olsun... Başımızı itiririk, sonra deyirik ki, sağ olsun... Nə sağ olsun?...
   
   Hər millətin dərdini, azarını dünyaya diasporları, mətbuatları, diplomatları ilə bərabər müxtəlif quşlar da çatdırır. Birininkini bayquş çatdırır, birinikini qarğa, birininkini qartal. Deyəsən bizim də səsimizi dünyaya ördək çatdırır. Ördəklər də iki cürdü, biri lal ördəkdi, o biri səsli. Düşünək ki, bizim səsimizi səsli ördək çatdırır. Üçduğu yerlərdə səs salır, səs də dağda, qayada əks-səda verib çatır dünyanın qulağına. Çatırmı? Alimlər belə qərara gəliblər ki, dünyanın qulaqları bəzi səslər üçün kardı. Və lap son vaxtlar müəyyənləşdiriblər ki, ördəyin səsi əks-səda vermir...
   
   Xocalı qətliamını dünyanın müxtəlif yerlərində andılar. Bir yerdə suya qərənfil buraxdılar, bir yerdə iclas keçirib kinolentlərə baxdılar, bəzi kitabların təqdimatını keçirdilər, hətta futbolçularımız da meydana qollarında qara sarğı çıxdılar. Hamı da tələb etdi, səsləndi ki, dünya Xocalı faciəsini soyqırım kimi qəbul eləsin. Dünyanın bir çox yerlərində deyirlər ki, bu faciəni özünüz bütün beynəlxalq qanunlara uyğun qətliam kimi qəbul eləmisiniz ki, bizim də qəbul etməyimizi istəyirsiniz? Çətin söhbətdi...
   
   Amerikada 1 azyaşlı qız və 6 qadını zorlayan şəxsə 430 il iş veriblər.Hakim hökmü oxuyanda müttəhim Boker Tomasa "iblis, ictimaiyyətin düşməni, uşaqlara hücum edən vəhşi, xəstə cani" də deyib. Ya özlərini ələ salıblar, ya da bizi... Öldürün getsin, 430 il də iş olar? Hansınız görəcəksiniz ki, o qədər yatdı, yoxsa yox?...
   
   İsveçdə Eslev şəhərinin bir sakini polis məntəqəsinə gəlib aldığü həşişin keyfiyyətsiz olduğundan şikayət eləyib. Deyib ki, istədiyi "kayf"ı ala bilməyib. Deyir "kayf"ı cəhənnəm, dadı da pis idi, bir az uyanda hallusinasiya başlayıb. Deyir çəkəndə gah televizor mənimlə danışırdı, gah da rəfiqəm delfin kimi görünürdü... Əvvəl istəyib ki, narkotik satanı məhkəməyə versin, sonra onun adını demək istəməyib. Heç özünü də tutmayıblar. İsveçdə 50 qramdan az marixuana, ya həşişə görə həbs cəzası yoxdur, ancaq cərimə edirlər. Axmaq söhbətdi...
   
   Bolqarıstanda şıdırğı alver gedir. İndi qızları da satırlar. Qaraçıların məskunlaşdığı Moqila qəsəbəsindəki(ada bax a, moqila rus dilində qəbir deməkdi) gənc qızlar həyat yoldaşı tapmaq ümidi hər il keçirilən ənənəvi yarmarkaya gəlirlər.
   
   Yarmarkada özünə həyat yoldaşı seçənlər qızların müqabilində minlərlə avro pul ödəməlidilər. Daha göyçəklərinin qiyməti daha çoxdur... Bizimkilərin gözündən, qulağından uzaq...
   
   ABŞ-ın kəşfiyyatı dünyada ən qüvvətli kəşfiyyat olacaq. Ona görə yox ki, çox pul buraxırlar, texnoldogiyaları mürəkkəbdi, işçiləri vicdanlıdı. Əsas odu ki, oranın kəşfiyyatına qadın rəhbərlik eləyəcək.
   
   Gələn ilin yayından ABŞ-ın Milli Kəşfiyyat Agentliyinə (National Geospatial-Intelligence Agency, NGA) Letisiya Lonq rəhbərlik eləyəcək. Bu yerdə kişi olanda hər yer amerikan kəşfiyyatçısı ilə doluydu, indi arvad olanda gör nələr olacaq...
   
   Bakının Sahil qəsəbəsinin aztəminatlı ailələrinin uşaqları üçün "Dirçəliş" İctimai Araşdırmalar Cəmiyyəti ali məktəblərə hazırlaşmaq üçün pulsuz hazırlıq kursları təşkil eləyib. Sağ olsunlar. Çoxtəminatlılar özləri də oxuda bilər. Amma aztəminatlı təkcə Sahildə deyil ki...
   
   Qəribədi, 1 milyon deyəndə qaçqın, 20 faiz deyəndə işğalda olan torpaqlar, qaboy deyəndə yas ağlıma gəlir...
   
   "Dadlılar"ın qəribə bir reklamı var; bir məmuru göstərirlər, deyir hər dəfə məsuliyyətli qərar qəbul edəndə stress keçirirəm. Sonra bir cərrah xanımı göstərirlər. Diktor kadr arxasından deyir ki, həmişə insan həyatı üçün böyuk məsuliyyət ("məsuliyyət" ekranda da yazılır), sonra bir rəssam qızı göstərirlər və ekranda "Axtarış" yazılır. Kadr arxasından da deyirlər ki, həmişə yaradıcılıq axtarışı. Bütün bunlardan sonra "Dadlılar" üçü birində çayını, qəhvəsini göstərib deyirlər: -Bütün bünlardan azad olmaq istəyirsinizsə - "Dadlılar". stressdən qurtarmağı başa düşdük, bəs məsuliyyətdən, yaradıcılıq axtarışlarından qurtulmaq nə deməkdi?..
   
    Vanerdə bayrağımız altında ikinci idmançı da qar üstünə çıxdı. İtaliyalı təmsilçi xanımımızın adı Qaya imiş. Soyadı da Bassani. Amma nə qayalığını gördük, nə də basmağını. 60 nəfərin içərisçində finişə 57-ci gəldi.
   
   Ondan sonra bilirsiniz kimlər olub? Özbəkistan xizəkçisi Kseniya Qriqoryeva, Çin təmsilçisi Xia Lina və İranın şərəfini qoruyan Maryan Karhordan. Zəifdilər, güclüdülər, nə zibildilərsə özlərininkidi...
   
   Antalyadakı reabilitasiya mərkəzindən qaçan 16 yaşlı qız 20 nəfər tərəfindən zorlanıb. Qızı zorlayanlar arasında şəhər bələdiyyəsinin üzvü, 5 muxtar (icra nümayəndəsi) və bir ibtidai məktəb direktoru da var. Olan-qalan fikrim burada tam qırıldı. Yaxşı ki, sonu əvvəldən yazmışdım...
   
   Dünən həzrəti peyğəmbərimiz Məhəmməd əleyhissəlamın doğum günü, mövludu idi. Unudanlara xatırladıram ki, Həzrəti Məhəmməd (ƏS) Miladi təqvimlə 571-ci il Hicri aylardan Rəbiul əvvəl ayının 11-dən 12-nə keçən gecə dünyaya gəlib.
   
   Bütün müsəlmanların mübarək Mövlud gecəsini təbriklər!..

TƏQVİM / ARXİV