adalet.az header logo
  • Bakı 18°C

Qazancımız bazımıza dəysin

CEYHUN MUSAOĞLU
19952 | 2010-02-27 02:28
Başımızı yuxarı qaldıra bilmirik. Faciə qapazları zərbə endirmək üçün növbəyə dayanıb. Unutmamışam: orta məktəbdə bizə "İctimaiyyət"dən dərs deyən müəllimə Leninin millətə verdiyi tərifi əzbərdən dəftərlərimizə yazmağı tapşırmışdı. İpə-sapa yatmayan şagirdlərdən idim. Lenin kimdi e, - deyib, öz tərifimi yazdım. "Söyülən, əzilən, üstəlik də döyülən insan qruplarından ibarət topluma millət deyilir" - Ceyhun belə demişdi. Təbiidi, dəftər müəlliməmin incə barmaqları ılə cırıq-cırıq edildi. Sonra məsələyə məktəbin təlim-tərbiyə işləri üzrə müdiri qarışdı, ortaya bir təklif də tulladı: qovulsun. Valideynlərimin minnətindən sonra vəziyyət əvvəlki məcrasına qayıtdı. Hadisələrin əzazil rolunda çıxış edən qəhrəmanları anlamadılar ki, hərəkətləri ilə mənim tərifimdəki həqiqəti təsdiq etmiş oldular. Dəftər cırılanda əzildim; təhsil işçiləri danlayanda söyüldüm, siz eşitmədiniz əlbəttə, onlar "vicdansız", "ləyaqətsiz" ifadələrini harama gəldi çırpdılar; valideynlərimin evinə gələndə isə döyüldüm.
   
   Bəli, mən fərd idim, millətsə insan qruplarıdır. Müəllimələr, valideynlər və mən birlikdə insan qrupu olduqmu? Məgər söyüləndə, əziləndə, döyüləndə susurdummu? Yox dostlar, mən də nifrətimlə onları söyürdüm, əzirdim, döyürdüm.
   
   "Biz millət olmadıq" deyənlər yanılır, biz əsl millətik. 18 ildir Xocalı təpiyinin altına salıb bu milləti. Bəs hanı Leninin tərifi? Kişi yazırdı: "Millət dövlət quruculuğunun xammalı deyil, əksinə, millət dövlətin qurucusudur". Xocalısız dövlət? Şuşasız dövlət? Ağdamsız, Laçınsız dövlət?.. Ha...ha...ha. Hə, ay müəllimə gəl, gəl cır bu yazını, danla məni, valideynlərimə şikayət elə...
   
   Utanmasan yaşamağa nə var ki. Utanıram və bu səbəbdən yaşaya bilmirəm. Yaşamağa məhkumam. Daha valideynlərim də öhdəmdən gələ bilmir. Eh, bir həyətdə yaşayırıq, çox vaxt salam da vermirəm onlara. Salam Allahın adıdır. Allahın adını mübarək olmayan yerdə çəkməzlər. Bizim həyət mübarək məkan deyil. Başqalarının həyətləri işğaldaykən və bu başqaları mənimlə eyni millətin nümayəndəsi olarkən necə rahat və xoşbəxt ola bilərəm.
   
   Mətbuat Şurası bir qrup jurnalistləri bir neçə saniyəlik xoşbəxt etdi. Şura "Xocalı Soyqrımı Tanıtma" İctimai Birliyi ilə birlikdə "Azərsun" holdinqin maddi dəstəyinin nəticəsində müsabiqədə qalib gələnlərə 5-10 manat pul verdi. Pul alanlar Xocalı dəhşətlərindən yazanlar idi. 80 yazarın içərisində ikinci oldum. Yerimdən razı deyildim. Alacağım mükafatın maddi məbləği isə istəsəm də məni razı salmalıydı. 650 manatla aylarla yığılan borcun bir hissəsini ödəmək mümkün idi.
   
   Ağlamıram. Ağlasaydım o pulu "Xocalı dəhşəti üzərində pul qazanmazlar" deyib, qəbul etməz, ən azından qaçqın-köçkünlərin yaşamına bağışlayardım. Və borc içində üzməkdə davam edərdim. İndi borc və ehtiyac içərisində yeriyirəm, üzmürəm.
   
   Ehey, ağlamıram, əksinə gülürəm. Faciədən pul qazananlardan birinə çevrildiyimdən sevinirəm. Mən də sizdən birisi oldum. Sizə qoşuldum - MİLLƏTƏ.
   
   Söyüldüm, əzildim və döyüldüm, üstəlik pul da qazandım. İndi deyin, niyə söyülməyə, əzilməyə və döyülməyə etiraz etməliyəm?
   
   Dünən bildim, Lenin ölüb. Dünən bildim, faciə aktualdı. Dünən bildim, biz ağlaşmağı sevirik. Ən nəhayət dünən bildim, biz ağlaşmaqla pul qazanırıq. Haqqınız var deyəsiz, qazancınız başınıza dəysin!

TƏQVİM / ARXİV