adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ADiLiN ADiL ÖMRü

22948 | 2010-02-27 02:28
(əvvəli ötən sayımızda)
   
   
   
   Adilin dayısı Əli Mahmudov otuzuncu illərin əvvəlində Naxçı-vandan Tiflisə köçmüşdü. Pedaqoji texnikumda fizikariyaziyyat fənnindən dərs deyən müəllimin iki otaqlı mənzilinin qapısı hamının üzünə açıq olardı. Naxçıvandan gələn qonaqlar da evdə darısqallıq hiss etməzdi. Bu səmimi ortam Güllü ananın ömürgün yoldaşı Fatmanın xanımın ürək genişliyindən qaynaqlanırdı. Bacoğlu səkkizinci sinfi bitirəndə dayısı onu öz yanına çağırdı. Beləliklə, 1937ci ilin baharında Adil ilk dəfə Gürcüstana gəldi. Tiflisin memari üslubu da, əhalisinin tərkibi kimi müxtəlifdir. Rus imperiyasında Qafqazın inzibati mərkəzi sayılan 1500 illik tarixə malik şəhərdə gürcülərlə qonşuluqda yaşayan ruslar, ermənilər, kürdlər, yunanlar, türklər və digər millətlərin nümayəndələri sovetləşmədən sonra birbiriləri ilə əməllibaşlı qaynayıbqarışıb mehriban yaşayırdılar. Axı,başqa cür ola da bilməzdi. Şura hökuməti xalqlar dostluğu siyasətini təbliğ etməyə işlək ideoloji forma və üsullar tapdığı kimi, millətlərarası münasibətlərə hörmətsiz yanaşan, pozuculuq fəaliyyəti ilə məşğul olan, sosialist birgəyaşayış qaydalarına xələl gətirənlərin dərsini vermək üçün ciddi tədbirlər gözmüşdü. Dinimilli zəmində münaqişə yaratmaq, beynəlmiləlçilik ideyasını nüfuzdan salmaq otuzuncu illərdə bağışlanmaz günah sayılırdı. Bunun cəzası ağır idi. Tiflisdə azərbaycanlılar əsasən Şeytanbazar, Saburtalo adlanan məhəllələrdə məskunlaşmışdı. Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun evləri də mərkəzdə yerləşirdi. Qədim Cümə məscidi, yerin təkindən qaynar çıxan kükürdlü suyla işləyən qədim hamam kompleksi bu məkanın rəmzi və bəzəyinə dönmüşdü. Kür qırağından baxanda Şeyx Sənan dağının, Narı qalanın özgə hüsnü vardı. Bütün bunları dayısı ilə şəhəri gəzibdolaşanda görmüşdü. Mirzə Cəlil, Abasqulu ağa Bakıxanov, Bəhruz Kəngərli, Ömər Faiq kimi görkəmli simaların Tiflis həyatı barədə maraqlı xatirələri, 1918ci ildə ilk milli hökumətimin Tiflisdə necə yaranmasını, Kür çayı üzərindən körpü salmaq bəhanısi ilə, nadir tikililərdən sayılan Şah Abbas məscidinin dağıdılmasını, 1906cı ildə Mirzə Cəlilin nə böyük çətinliklər hesabına "Molla Nəsrəddin" satirik jurnalını dərc etməsini də Əli müəllimdən eşitmişdi. Naxçıvana, Ordubada nisbətən Tiflis ona daha böyük, dəyişik və hərəkətli göründü, xoş təsir bağışladı. Bir axşam bərabər teatra getdilər. Bu da başqa bir aləm idi. Adil ömür boyu poeziyanın və teatrın sehrindən çıxa bilməyəcəyini o zaman nə biləydi?!
   
   Yaşıllağı qərq olmuş şəhərin suyunu da, havasını da, düzünü bilmək istəsəz , qızlarını da Adil yaman bəyəndi. Heyf ki, gürcücə nə danışmaq bilirdi, nə də yazmaq. Yay istirahətini dayısı uşaqları ilə yaylaqda keçirməyi lap yerinə düşdü. Surami ona yay məktəbini əvəz etdi. Qısa müddətdə sərbəst gürcücə danışmağa başladı. Fatma xalanın köməyi ilə yazmağı da çox tez öyrəndi. Gürcü əlifbasının bəzi özəllikləri də varmış: məsələn, baş hərflər, yaxud "y", "f" səsləri ümumiyyətlə yoxmuş. Ən böyük özəlliyi də o ki, dünyada gürcülərdən başqa kimsənin işinə yaramır. Amma 192040cı illərdə Azərbaycanda üç əlifba dəyişsə də, Gürgüstan islahatlardan kənarda qaldı. Axı, o zaman ölkəyə çəkməçi Vissarion Cuqaşvilinin oğlu İosif rəhbərlik edirdi.
   
   
   
   ***
   
   Dayısının təkidi ilə orta məktəbin son iki ilini Adil Tiflisdə oxudu. Bu mühitdə ədəbiyyat aləminə bir az da yaxınlaşdı, mütaliəsi daha da artdı. Gənclikdə hamı həvəsə düşüb nəsə yazır. Adətən yazı sevdası məhəbbət məktublarından başlar. Sonra birbirinin bəhsinəmi, həvəsinəmi deyim bilmərəm, yüxarı siniflərdə şeir həvəskarları artar. Qafiyə qoşmağı azçox öyrənlərin hər yazdığına şeir dəməyə təbii ki, adamın dili gəlməz. O mərhələdə şeir həvəskarları üçün əsas göstərici saydır, səviyyə yox. Mürəkkəb quruyana, qələm sınana kimi Adil və onun dostları da hər mövzudan yapışar, hər şeydən ilhamlanardı. O qədər dəftər qaraldardılar ki, gəl görəsən. Amma hələ şerin nəfəsi duyulmazdı, tüstüsü aləmi bürüyərdi.
   
   Otuzuncu illərdə ümumiyyətlə təsvirdə düşüncənin dərinliyi, rənglərin çeşidi, boyaların qatı unudular, əksinə fikirlərdə dayazlıq, üzdən yanaşma, şüarçılıq, bəlağətli ifadələr, ibarələr məqbul sayılardı. Eyni qumaşdan, eyni biçimli geyim kimi, düşüncə də hamıya eyni ölçüdə qəliblənirdi. Repressiya maşını milyonlarla insanın həyatına qənim kəsilməklə kifayətlənmirdi. Sağ qalanların müstəqil düşüncə, poetik yanaşma, fəlsəfi dəyərləndirmə, qiymətləndirmə qabiliyyətini də ciddi zədələyirdi. Bu mərhələ xeyli cəkdi. Yen yaradıcı nəsil də yeni sosialist realizmi ənənələri üzərində yetişməliydi.
   
   Günlərin birində məktəbin foyesində asılan divar qəzetində ədəbiyyat həvəskarlarının imzaları göründü. Adilin şeri səmada həlak olan təyyarəçilərə həsr olunmuşdu. Görün o, nə yazırdı:
   
   
   
   Osipenko, Serov, ey mətin ərlər,
   
   Ey qorxu bilməyən igid əsgərlər,
   
   Əlvida deyərək sizdən ayrılır,
   
   Ulduzlu axşamlar, yaqut səhərlər.
   
   
   
   Məktəblinin qəhrəmanları kimlər idi? Şeir həvəskarı olan şagird "mətin ərlər", deyə vəsf etdiyi Osipenkonu, Serovu harada görmüşdü, necə tanıyırdı?
   
    Adı çəkilən hər iki təyyarəçi Sovet İttifaqı Qəhrəmanı idi. 1939cu il may ayının 11də UTİ 44 təyyarəsində yoxlama uçuşları vaxtı baş verən qəza nəticəsində briqada komandiri Anatoli Serov və Polina Osipenko həlak olmuşdu. Faciənin səbəbləri Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu səviyyəsində araşdırıldı. Mayın 14də A.Serov və P.Osipenko Moskvada Qızıl meydanda, Kreml divarları yanında dəfn edildi. Bütün bunlar barədə Adil həmyaşıdları kimi, mətbuatda oxumuşdu, dərsdə müəllimlərindən eşitmişdi. İçindən gələn hansısa ilahi hiss deyən yavaşyavaş onun taleyini şeirə, sənətə yönəldirdi. Ağ kağızlar qaralandıqca qəlbi işıqlanır, fikirləri nurlanır, düşüncələrinin üfüqü getdikcə genişlənirdi. Yaşıdları ilə şeir yarışmasında sayına görə önə çıxmaqla birincilik qazanma dövrü də deyəsən artıq geridə qalmışdı.
   
   
   
   ***
   
   Vladimir Konstantinoviç Kokkinaki. Əminəm ki, bu ad da indi çoxlarına məlum deyil. Amma ötən əsrin otuzuncu illərində Vladimir Konstantinoviç Kokkinaki gənclər üçün qəhrəmanlıq nümunəsinə çevrilmişdi. Yunan əsilli bu adamın ailəsi çoxdan Rusiyada məskunlaşmışdı. 1904cü ildə indiki Krasnodar vilayətinin Novorossiysk şəhərində doğulmuşdu.Yeni təyyarələri sınaqdan keçirməklə məşhurlaşmışdı. 1938ci ildə ona Lenin ordeni ilə bərabər Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Qızıl ulduza layıq görülən sayca 77ci qəhrəman 1939cu ilin aprel ayında şturman M.Qordiyenko ilə birlikdə "Moskva" təyyarəsində MoskvaNovqorodHelsengi Tronheym İslandiya ABŞ marşrutu ilə 6.516 kilometr birbaşa uçuş məsafəsini qət etdi. Bu, indinin özündə belə, Avropa qitəsi ilə Amerika arasında ən qısa hava xəttidir. 1939cu ildə sovet təbliğat maşını Kokkinakinin şücaətini mətbuatda geniş təbliğ edirdi. Gənclər insan kamalının qüdrətinə, cəsatinin böyüklüyünə, imkanlarının sonsuzluğuna heyrətlənirdi. Adil bir axşam xəyalının qanadlarında göylərə ucalıb qəhrəman təyyarəçinin keçdiyi yolun nə qədər təhlükəli olduğunu ağlının gözüylə "gördü". Səfərini başa vurub yerə enəndə artıq yeni şeiri hazır idi. Yalnız səliqə ilə onu kağıza köçürmək qalırdı. Yadınızda qalıbsa, divar qəzetinə vurulan ilk şeri də təyyarəçilərə həsr olunmuşdu. Amma qəzada dünyasını dəyişmiş Serov və Osipenkodan fərqli olaraq, "Qanadlanmış şahin" şeirinin qəhrəmanı Kokkinaki uzun illər yaşadı. Hərbi hava qüvvətləri qoşun hissələrində xidmət etməklə generalmayor rütbəsinə yüksəldi. Hətta 1957ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Adil Bayevdən on iki il sonra 1985ci ildə 81 yaşında dünyasını dəyişdi.
   
   
   
   Adilin xatirə dəftərindən
   
   
   
   "Şeiri ədəbiyyat müəllimimiz Ziya Əfəndiyevə göstərdim. Bəyəndim, dedi, qoy məndə qalsın. O,məndən xəbərsiz şeiri Tiflisdə çıxan "Yeni qüvvə" jurnalının redaksiyasına təqdim edibmiş. Bir də eşitdim ki, jurnalın may nömrəsində "Qanadlanmış şahin" dərc olunub. Buna çox sevindim. Ziya müəllimin alicənablığını heç vaxt unutmadım. Şeri redaksiyaya təqdim etdiyini mənə deməyib ki, birdən bəyənməyib geri qaytararlar, mən də pərt olaram."
   
   Nə yazıq ki, qarşımıza belə həssas adamlar azaz çıxır.Sinifdə əldənələ gəzən jurnal elə bil sevincindən atılıbdüşürdü. Təyyarəçinin foto şəkli də səhifəyə qoyulmuşdu. Dərsdən evə gələndə jurnalı dayısı uşaqlarına göstərdi. Güllü nənəsinin gözləri sevincdən doldu. İşdən qayıdan Əli dayı da Adilin ilk şeirinin çapdan çıxmasına çox sevindi. Süfrə arxasına oturanda onun gələcək uğurlarının şərəfinə qırmızı Katexi şərabından bir buynuz içdi. Dayı qədəhi başına çəkincə, Adil də jurnalı səliqə ilə büküb yastığının altına qoydu. Yetmiş ilin "Yeni qüvvə"si şairin şəxsi arxivində o günlərin xatirəsini hələ də yaşadır.
   
   
   
    (ardı var)

TƏQVİM / ARXİV