adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

27 iL HAKiMiYYƏTDƏ...

BABƏK YUSİFOĞLU
34102 | 2010-02-23 05:37
Dünyanın ən qədim yaşayış yerlərindən biri kimi tanınan Çin mədəniyyət mərkəzlərindən biri olub, həm də bəşər övladının yaşayışı, inkişafı üçün zəruri olan bir sıra kəşflərin məskəni sayılır. Kağızın da, barıtın da... məhz burada icad olunduğu söylənir. Bundan başqa, ilk ibtidai dövlətçilik ənənələrinin təşəkkül tapdığı yerlərdən biri də Çin ərazisidir. Dünyanın ən möhtəşəm sərkərdələrindən, xaqanlarından sayılan Çingiz xanın yaratdığı nəhəng imperiyanıın hüdudları bu yerləri də əhatə edirdi. Dünyanın arxitektura möcüzələrindən biri sayılan Çin səddi çinlilərin fəxri sayılır. İndi elə bir şəxs tapmaq olmaz ki, heç olmasa bu möcüzənin adını eşitməmiş olsun.
   
   Çinin 20-ci əsr tarixinə Çin səddi qədər məhşur olan bir ad da daxil oldu - Mao Tszedun. Çoxları üçün o, yalnız bir diktator, hüdudsuz hakimiyyətə malik adam, digərləri üçün müasir Çinin baş arxitektoru, böyük dövlət xadimi, bir başqa insanlar üçün hakimiyyət hərisi, yaxud hiyləgərlik istedadına malik adam... idi. Hətta onu çinlilərin cəlladı adlandıranlar da az deyil. Amma bütün bu obyektiv və qeyri-obyektiv yanaşmalara baxmayaraq bu adam adını nəinki Çinin, hətta dünya tarixinə yaza bilib.
   
   
   
   MAO TSZEDUN
   
   
   
   1893-cü il dekabrın 26-da Xunan əyalətinin Şaoşan kəndində ortabab kəndli ailəsində anadan olub. Məktəb yaşı çatanda Mao ənənəvi Çin məktəbinə getməyə başlayıb, eyni zamanda fermada valideynlərinə köməklik eləyib. Elə o illərdən başlayaraq bu balaca çinlinin xarakterində üsyankarlıq, güzəştə getməmək, liderliyə can atmaq kimi xüsusiyyətlər özünü göstərirdi. Elə bu xarakterinə görə də yeniyetmə Maonun atası ilə mübahisələri başlayıb. Mao o zamanları sonralar belə xatırlayırdı: "O (atası) tez-tez məni və qardaşlarımı döyərdi, bizə cib xərcliyi verməzdi. Anamsa ürəyiyumşaq, mehriban, əliaçıq bir qadın idi".
   
   Məktəb illərində Mao həmyaşıdlarından üsyankarlığı ilə həmişə seçilirmiş. Müəyyən qaydalarla barışa bilməyən gələcək diktator 10 yaşında məktəbdən qaçıb. Üç il sonra isə ümumiyyətlə, Mao evdən gedib. Və 1913-1918-ci illərdə Mao Xunan əyalət məktəbində təhsilini davam etdirib. Və elə o dövrlərdən utopik sosializm haqqında oxumağa başlayır. Lakin Mao Marks və Leninin nəzəriyyələri haqqında demək olar ki, heç eşitməmişdi. Sonradan öz yerli məktəb yoldaşları ilə Pekinə gələn Mao bir kitabxanada kitabxanaçı köməkçisi işinə düzəlir və burada onun siyasi baxışları formalaşmağa başlayır, bir sıra siyasi nəzəriyyələri mənimsəyir. Bu o dövrlər idi ki, Çində milli və antiimperialist hərəkatlar güclənmiş, hər tərəfdə böyük narahatçılıqlar yaşanırdı. Bir çox intellektual gənclər "04 May Hərəkatı" kimi tarixə düşən təşkilata daxil olmuşdular. Və peşəkar inqilabçılıq yolu tutan Mao da bu mübarizəni seçmişdi. Sanki bütün bunların müsbət nəticə verəcəyini əvvəlcədən bilmiş kimi usanmadan, yorulmadan şəhərdən-şəhərə, kənddən-kəndə gedən kütləvi hərəkatlarda iştirak edən Mao 1924-cü ildə Sun Yatsenin başçılıq etdiyi Qomindan ÇKP MK-nın üzvü olur.
   
   Həmin illərdən başlayaraq Mao Tszedun Çin Kommunist Partiyasının yaradıcılarından birinə çevrilir. Və hakimiyyətlə mübarizə aparmaq üçün partizan hərəkatına başladı. Sun Yatsendən sonra Qomindana rəhbərlik edən Çan Kayşi öz siyasi baxışlarını dəyişərək antikommunist kompaniyaya keçdi və bu hərəkat getdikcə qanlı aksiyalarla davam etdi. Onlar 1927-ci ildən öz siyasi rəqiblərini hər yerdə məhv etməyə girişdilər. Mao məhz bu zamanlar - 1928-ci ildə tərəfdarlarını ətrafında toplamağa, onları yönləndirməyə başladı, qısa zamanda böyük işlər gördü. Hətta dövlətin içərisində - Mərkəzi Çinin Cənubunda, Tszyansidə bir "dövlət" - "Çin Sovet Respublikası" yaratdı. Və Çan Kayşinin biri-birinin ardınca göstərdiyi təzyiqləri dəf edə bildi. Amma qarşıdurmalar bitmək bilmirdi. Nəhayət Çan Kayşi böyük qüvvə ilə onun "Qırmızı ordusu"nu mühasirəyə aldı. Mao vəziyyətin çətin olduğunu görərək 1934-cü ildə ÇKP-nin "yuva"sını - Tszyan tərk etmək məcburiyyətində qaldı, amma ruhdan düşmədi. 100.000 tərəfdarını öz ardınca aparmağı bacardı, 12 ay ərzində 10 min kilometrlərlə yol qət edib öz qərargahını Yanana gətirdi. Bir il sonra ÇKP MK sədri seçildi və ən nüfuzlu liderə çevrildi. Maonun fəhlə-kəndli ordusu nəhayət 1949-cu ildə Çan Kayşinin qoşunu ilə üz-üzə gəldi və həlledici döyüş baş verdi. Məhz bu vuruşmadan qalib çıxan Mao tərəfdarları ölkə ərzisində Çin Xalq Respublikasını qurdular. Və həmin ildən də Mao Tszedunun ölənə qədər dəyişməyəcək hakimiyyəti başladı.
   
   
   
   ONUN HAQQINDA YAZILANLARDAN
   
   
   
   məlum olur ki, o, "böyk rəhbər"ə çeviriləndən sonra da öz əvvəlki adətlərindən əl çəkə bilməyib. Tszedun yazı-pozuda da özünü sınayıb. Ona diktator kimi baxanlardan fərqli olaraq bir çoxları Maonu yaxşı yazıçı da hesab edirdilər. Mao üçün hansı geyimdə olması heç vaxt əhəmiyyət kəsb etməyib. Yemək yeyərkən heç bir masa qaydalarına riayət etməyib. Ümumiyyətlə, Tszedun üçün hər hansı qaydaların mövcudluğu əhəmiyyətsiz bir şey idi. Deyilənlərə görə, Mao həddən artıq siqaret çəkməyinə baxmayaraq ömrü boyu dişlərini yumayıb. Elə bu üzdən də onun dişləri tamamilə qapqara imiş. Amma bunu heç vaxt ört-basdır etmək haqqında düşünməyib də. Bir dəfə avropalıların tədbirində Mao çox istiləndiyi üçün hətta özünü sərinlətmək məqsədi ilə şalvarını belə çıxarıb. Amma qeyd etmək lazımdır ki, bu cür hərəkətləri o öz xeyirinə işlətməyi bacarırdı.
   
   Mao heç vaxt heç nəyi özünə dərd eləmir, daim yumor hissini qoruyub saxlamağı bacarırdı. İşini yarıda qoymağı qətiyyən xoşlamayıb. Bəlkə də Mao dünya tarixinin yeganə nəhəng lideridir ki, o, eqoizmdən uzaq olub. O, həyatının müəyyən dövrlərində özünü cinsəl tələbatlarını, ümumiyyətlə unutmağı bacarıb. Belə ehtimal edilir ki, Tszedun getereseksual bir adam olub. Amma qadınlarda gözəlliyi və ağlı yüksək dəyərləndirib. İlk dəfə onun qadınla yetgin əlaqəsi yeniyetməlik çağlarına təsadüf edir. Maonun 14 yaşı tamam olanda atası onu "göylərdən yerə endirmək", kitab oxumaqdan ayırmaq məqsədi ilə ondan yaşca böyük olan bir qızla evləndirir. Mao atasından ehtiyat etdiyi üçün Çinin o vaxtkı toy rituallarının hamısından keçsə də arvadı ilə yaşamaqdan imtina edir. Hətta sonralar o özü etiraf edib ki, həmin qızla onlar bir gün belə ər-arvad münasibətində olmayıblar. Amma Mao sonrakı vaxtlarında dörd dəfə evlənib. Ümumiyyətlə, Mao Tszedunun nədəsə nümunə olmaq istəkləri heç vaxt olmayıb. Lakin köhnə Çin adətlərinə qarşı həmişə mübarizə aparıb.
   
   
   
   MAONUN
   
   AİLƏ HƏYATI
   
   
   
   qəribə olub. O ilk dəfə inqilabçı olan Yan Kaykuy adlı bir qadınla evlənir. Və həmin vaxtlar onlar ətrafda "ideal inqilabi cütlük" adını qazanırlar. Amma 1927-ci ildə Çan Kayşi ilə gedən ağır müharibə zamanı arvadı Yanı və iki uşağını təhlükəsiz yer olan Çanqşaya göndərir. Amma onların sonrakı taleyi faciəli sonluqla bitir. Belə ki, üç ildən sonra qomindancı ordu tərəfindən ələ keçirilir və Yan onlarla iş birliyini qəbul etmədiyi üçün kütlə qarşısında edam edilir. Əslində 20 il ərzində Maonun ailəsinin bir çoxu üzvü edam edilib. Tszedun hətta öldürülən övladlarının izini belə tapa bilməyib. (Onların dəqiq sayı heç kəsə məlum deyil). Mao Yanın ölümündən sonra başqa bir inqilabçı qadınla - Xo Tsuçenlə evlənir. Amma bu dəfə də bu inadkar inqilabçınınkı gətirmir. Belə ki, Xa Maonun həyatında ağır bir yükə çevrilir. 1934-cü ildə silahlı toqquşmalarda qadın ağır yaralanır və bunun ardınca maoçuların geriyə marşının ağırlıqları qadının psixikasına mənfi təsir göstərir. Müalicələr də bir nəticə vermir. Nəhayət onlar boşanırlar. Bundan sonra Xonu müalicə üçün Moskvaya göndərirlər. Amma müəyyən müddətdən sonra onu yenidən Çinə - Şanxaya gətirilər, psixidispanserə yerləşdirirlər. Ümumiyyətlə, Mao Tszedun qurduğu dörd ailə həyatından heç biri qibtəediləsi olmayıb. Onun özü də sədaqət numunəsi deyildi. Belə ki, onun daimi başqa qadınlarla da əlaqələri olub.
   
   
   
   MAO 1949-cu İLDƏN ÇİNİN RƏHBƏRİ
   
   
   
   olub və bu onu ölümünədək davam edib. Uzun illər Sovet İttifaqı ilə yaxın münasibətlər saxlayıb. İnqilab dövründə və hakimiyyətinin əvvəlki çağlarında məhz Moskva ona himayədarlıq edib. Amma sonralar vəziyyət dəyişdi. Xruşşovun hakimiyyət illərində Mao təklif edirdi ki, dünya imperializminə qarşı "müharibə"yə başlamaq lazımdır. Amma Nikita Sergeyeviç bunu rədd etdi və Maonu avantürist adlandırdı. Və bundan sonra bu iki nəhəng dövlət arasında soyuqluq başladı. Xruşşovun bu ağır "dəyərləndirməsindən" sonra Mao da sovet liderlərini yalançı kommunistlər adlandırdı.
   
   60-cı illərdə Çində iqtisadi geriləmə böyüməyə başladı. Və Mao ölkəni xilas etmək yolunu kadr islahatında gördü. Bunun üçün də həmin dövrlərdə vəzifə başında olan bir çox məmurlar işdən çıxarıldı. Hətta əksəriyyəti siyasi damğa ilə damğalandı. Guya bu dövlət adamları gizli şəkildə kapitalizmin Çində yenidən bərpa olunması üçün çalışırmışlar. Əslində hakimiyyətinin son dövrlərində Maoda çox tez-tez hər şeyə, hər kəsə qarşı inamsızlıq sindromu özünü göstərməyə başlamışdı. Həmin dövrlərdə baş verən bir qlobal hadisə bu hissi Maoda daha da gücləndirdi. Belə ki, 1968-ci ildə sovet qoşunlarının qəflətən o vaxtkı Çexoslavakiyaya yeridilməsi onda belə bir fikir formalaşdırdı ki, SSRİ Çindəki siyasi boşluqlardan sui-istifadə edib Pekinə də gözlənilməz zərbələr endirə bilər. Həmin dövrdə Çinin müdafiə naziri Lin Byao böyük lideri daha çox narahat edirdi. Çünki Byao heç gizlətmədən də siyasi gedişlər etməyə başlamışdı. Hərbi strukturların hökmranlığı tədricən artırılırdı. Mao bununla barışa bilməzdi. "Partiya tüfənglərə əmr edə bilər, tüfənglərin partiyaya əmr edə bilməsinə heç vaxt izn vermək olmaz" - Maonun əsas şüarlarından idi. Və buna əncam çəkilməliydi. Amma yerini xeyli bərkitmiş Byaonu ortadan çıxarmaq o qədər də asan deyildi. Heç hərbi nazir də ambisiyalarını gizlətmək haqda düşünmürdü. 1969-cu ildə tərəflərin hakimiyyət uğrunda mübarizəsi özünün kulminasiyasını yaşadı. Byaonun Maonu hakimiyyətdən kənarlaşdırmaq cəhdlərinin hamısı iflasa uğradı. 1971-ci ildə adı "SSRİ-yə qaçış" qoyulan Byaonun mindiyi təyyarə qəzaya uğradı. Mao isə hakimiyyətini sürdürürdü...
   
   Amma illər ötürdü. Həmin hadisədən bir neçə il keçəndən sonra Mao hiss olunan dərəcədə sağlamlığını itirdi. Dəyişməz lider artıq elə bir vəziyyətə gəlib çatdı ki, dövlət işlərini apara bilmədi. Bu üzdən də ölkənin siyasi rəhbərliyini hələ inqilabi dövrlərdə sədaqətinə inandığı Çjou Enlaya həvalə etdi. Məhz onun dövründə Çin ABŞ-la qarşılıqlı anlaşma siyasətinə üstünlük verməyə başladı. Heç şübhəsiz ki, böyük rəhbərin razılığı ilə. Mao belə hesab edirdi ki, Çinin ən potensial düşməni SSRİ-dir. Ona görə də deyirdi: "Situasiyanı öz xeyirimizə dəyişmək üçün rəqib düşərgənin ikinci dövləti ilə yaxınlaşıb, əsas düşməni təcrid etmək lazımdır".
   
   Çjou Enlayın ölümündən sonra Mao Tszedunun səhhəti daha da pisləşdi. 1976-cı ilin iyun ayında xəstəlikləri onu elə vəziyyətə gətirdi ki, Mao heç kimi qəbul edə bilmədi. Bir neçə ay sonra isə - sentyabrın 9-da 1976-cı ildə böyük rəhbər, Çinin dəyişməz lideri Pekində vəfat etdi.
   
   
   
   

TƏQVİM / ARXİV