adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

QAYTANLANMIŞ KiTAB

VAHİD ƏLİFOĞLU
36722 | 2010-02-20 02:06
... Kənddə bir qonşum var idi. Nəvələri həyətlərində dovşan saxlayırdılar. Bir gün dovşanlardan biri çıxmışdı yola və bir nəfər maşınla dovşanı vurub öldürmüşdü. Qonşum ərizə ilə müraciət etmişdi milisə. Uzun çək-çevirdən, get-gəldən sonra dovşanı öldürən bildirimşdi ki, bəs sovetlikdə saxlanılan qaytanlanmış kitab yoxlanılsın, əgər şikayətçinin adına dovşan olsa, cəriməsini ödəməyə hazıram. Rayondan tökülüb gəldilər, kitabı açıb gördülər ki, qonşumun adına dovşan yoxdu...
   
   ... O vaxtlar kənd sovetliklərində həqiqətən də belə kitablar var idi. Hər bir ailənin evi, torpağı, malı, qoyunu, atı, eşşəyi o kitaba yazılırdı. O kitab həm də kimin neçə sot torpağa malik olduğunu bildirən qanuni sənəd idi...
   
   ... Bir dəfə torpaqların qeydiyyatını, dəqiqləşdirilmiş ölçülərini aparan qəribə adı olan idarə haqqında yazmışdım. Yazının da adı beləydi: "Zemləmer". Elə şeylər var ki, onu öz dilimizdə deyəndə nədənsə ləzzətli alınmır. Rus dilində həm samballı, həm də tutumlu səslənir. Görünür bu sahəni ruslar icad ediblər... Həmin yazının ana xəttindən 30-cu illərdə kolxozların torpaq sahələrini dəqiqləşdirən "zemləmer" və o vaxt kolxoz sədri olmuş, rəhmətlik Turab kişi keçirdi... Turab kişinin bir-neçə dəqiqəliyə "zemləmer"i arvad şəklində "görməsi" kəndimizin düz 300 hektar torpaq itirməsi ilə nəticələnmişdi. Əlli il kənd camaatı bütün səlahiyyətli şəxslərə və idarələrə nə qədər yazdılarsa, çarə olmadı. Sən demə, "zemləmer" Turab kişinin zarafatını qaytanlanmış qeydiyyat kitabı ilə cavablandırmışımış... Təzədən keçmiş yazını və Turab kişini xatırlamağımın bircə səbəbi var ki, o da sözün bütün mənalarında canla, başla arvadlıq etməyə hazır olan xarici "zemləmer"lərin at oynatdığı Qarabağdı...
   
   ...Hardasan, ay Turab kişi! Bu "zemləmer"lər əsl sən deyənlərdəndi. Onları arvad şəklində görsən nəinki inciyərlər, lap səni özləri ilə Parisə, Moskvaya, Vaşinqtona, apararlar ki, arvadlarıynan da tanış etsinlər...
   
   ... Sovet hökumətinin vaxtında təzə torpaq sahəsi almaq, ev tikdirmək bəlkə də ən çətin, ən düzəlməz iş sayılırdı. Evlənənlər adətən, ya atasına məxsus həyətdə daxmada, çovustanda "qaralayıb" yaşayırdılar, ya da köhnə evin bir "kəlləsinə" bir otaq əlavə edirdilər. Həyətyanı torpaq sahələrinin ölçüləri sovetliklərdə saxlanılan qaytanlanmış kitablarda santimetrinə kimi qeyd olunurdu...
   
   ... Bir Gülalı kişi var idi. Kolxozun torpağında qanunsuz iki mərtəbəli şəxsi ev tikdirmişdi. Kolxoz sədri rayondan çağırılmış torpaq şöbəsinin işçisi ilə elə sənədləşmə aparmışdı ki, yazıq Gülalı kişi qaçqın düşənə kimi kolxozun kassasına kirayənişin kimi ev haqqı ödəyirdi...
   
   ... Dövlət, sərhəd olmayan dövrlərdə adamlar bəlkə də ən xoşbəxt günlərini yaşayıblar. Hara istəyirsən köç, get... Allah dünyanı bölgüsüz, sərhədsiz yaradıb... Görünür dövlətlər də, sərhədlər də onda yaranmağa başlayıb ki, insanlar əvvəl-axır onlar üçün enlərinə və uzunluqlarına görə torpağın nəzərdə tutulduğunu unudublar... Təsadüfü deyil ki, dövlət, sərhəd anlayışı ilk dəfə şərqdə yaranmağa başlayıb... Şərqlilər dünyanın başqa sakinlərinə nisbətən daha çox ev, həyət, torpaq, yurd hərisliyinə malik insanlardı...
   
   Bizim yaşayış tərzimizin göstəriciləri ev, evin qarşısında eyvan, aynabənd, "kəllə" balkonlar, ucsuz-bucaqsız zirzəmilər, əlevi, toyuq-cücə evi, xırda-xuruş sarayı və s... Qırx otaq, qırx pilləkan, qırx qapı, qırx pəncərə...
   
   ... Bütün bu "yeniliklər" bir millət kimi bizim arxitektura və memarlıq elminə gətirdiyimiz yeniliklərdi...
   
   ... 92-ci ildə boş torpaq sahələrinin tuthatut dövrü idi. Hektarlarla torpaqları ehtiyacı olanlar da çəpərləyirdi, ehtiyacı olmayanlar da... Nəvəsi, nəticəsi də ev-eşik, həyət-baca sahibi olan, yaşları yüzü haqlamış qoca ər-arvad da qoşulmuşdu cavanlara. Özlərinə torpaq sahəsi çəpərləyirdilər. Əvəz əmi gəlib çıxdı və bu ər-arvada belə bir "xeyir-dua" verdi:
   
   - Ay ağsaqqal, ay ağbirçək! Tərpənin evinizə. Sabah mollanı da götürüb gələcəm sizə. Bir yerdə gedərik, sizə çatası torpağı "Narlı təpədə" çəpərləyərik...
   
   "Narlı təpə"də kəndin qəbristanlığı yerləşirdi...
   
   Qəbristanlıq - bütün torpaqdan gözü doymayanların qaytanlanmış ömür kitabı...
   
   ... İndi dünyanın torpaqlarının ölçülməsi və bölüşdürülməsi baş idarəsi yerləşir Vaşinqtonda. Amerikanın prezidentidə əslində, həm də bu idarənin müdiridir... "Zemləmer" - müfəttişlər də BMT-di, ATƏT-di, Avropa Şurasıdı...
   
   Hansı millətin, hansı xalqın həyətində, örüşündə, əkin yerində problem varsa, "zemləmer" hazırdı... Ölçürlər, biçirlər və sənədləşdirib yazırlar qaytanlanmış kitaba...
   
   ... Artıq neçənci ildi. Fələstində, Əfqanıstanda, İraqda ölçü işi aparılır... Baş idarənin baş "zemləmer"inin sözlərinə inansaq ölçülərin dəqiqləşdirilməsində həll olunmamış problemlər var... Yerli əhalinin ölçü gətirən "mütəxəssislər"lə təmasındakı soyuqluğu nəzərə alıb NATO qüvvələrindən də istifadə olunur...
   
   ... Bizim başıbəlalı Qarabağ torpaqlarında ingilis, rus, fransız "zemləmer"lərinin 15 illik araşdırmaları hələ də nəticəsizdir... Yerin görünür, Turab kişi...
   
   ... Deyirəm, səlahiyyətin və imkanın ola hinduların, monqol-tatarların torpaqlarını ölçüb qaytarasan özlərinə...
   
   ... 1492-ci ildə Meksikadan tutmuş Alyaskaya qədər bütün Şimali Amerikada toxumluq bir nəfər də olsun nə ingilis var idi, nə də fransız...
   
   ... 1240-cı ildə Batı xan Sibirdən keçib Novqorada kimi irəlilədi, ordan da yenib Kiyevə çatdı. Yol boyu qıpçaqlardan, tatarlardan, bulqarlardan və xəzərilərdən başqa ayrı millətə və xalqa rast gəlmədi. Onlar hamısı eyni kökdən olan türk tayfaları idi...
   
   ... Yerli xalqların "oğurluq sevgisindən" törəyib, artan hibrit millətlərin yalançı vətənləri...
   
   ... Tarix və yaddaş - yaradanın həqiqi qaytanlanmış kitabı...
   
   
   
   P.S. Bu yazıdakı qənaətlərə görə səyyah Xristofor Kolumb, "Çingiz xan", "Batı" və "Sonuncu dənizə doğru" kitablarının müəllifi Vasili Yan məsuliyyət daşıyır.
   
   

TƏQVİM / ARXİV