ALTI ON- ON ALTI

VAQİF YUSİFLİ
48027 | 2015-03-13 08:47
(Şairə Nisə Bəyimin 60 yaşı tamam oldu)

Səksəninci illərin sonlarında işlədiyim "Azərbaycan" curnalı redaksiyasına bir qız gəldi, şeirlərini gətirmişdi. Öyrəndik ki, o tələbəlik illərindən şeir yazmağa başlasa da, uzun müddət tərəddüd eləmiş, yazılarını heç yerə göndərməmişdi. Yalnız özünə, sözünə arxayın olandan sonra bu qız redaksiyalara şeirlərini göndərdi, sonra özü gəldi.
Nisə Bəyim Sabirabadda, şəhər məktəblərinin birində dil-ədəbiyyat müəllimidiydi. Elə indi də orada yaşayır.
Amma Nisə Bəyim "əyalət" şairi deyil, o, Axərbaycan oxucularının sevə-sevə oxuduqları şairlərdəndir. Amma ilk şeiri "Azərbaycan müəllimi" qəzetində dərc ediləndə yaşı otuzu keçmişdi.
O zaman curnalın baş redaktor müavini İsa İsmayılzadə idi və İsa müəllim bu şeirləri oxuyan kimi heyrətini gizlədə bilmədi. "Axır ki, əsil şeir ayaq basdı curnala" dedi. Nisə Bəyimin bir neçə şeiri curnalda çap olundu və bundan sonra "Azərbaycan" Nisə Bəyimin oxucularla ən etibarlı tribunasına çevrildi.
Onun ilk şeirlər kitabı- "Yerə, göyə, tanrıya"- 1997-ci ildə "Şirvannəşr"də işıq üzü gördü.
İndi onun şeir kitablarının sayı onu keçib və Nisə Bəyim Azərbaycanda tanınan, sevilən şairələrdən biridir.
Onun özünəməxsus poeziya aləmi var. Şeirlərində heç kimə bənzəmir. Öz taleyini yazır və bu taledə XX -XXI əsr bir Azərbaycan qadınının dünyaya, gerçəkliyə, gözəlliyə, təbiətə, sevgiyə paylanan bir şair qəlbinin döyüntülərini eşidirik.
Şeir kədərli də ola bilər, işıqla dolu sevinci də şeirlərində əks etdirə bilər, insan ömrünü təkcə bir dairədə, bir bucaq altında düşünmək sadəlövzlük olardı. Nisə Bəyim poeziyaya qadın qəlbinin rahatsızlığından, sıxıntılı, nigarançılıqla dolu həyatın onda yaratdığı pessimist əhval-ruhiyyədən, yaşadığı mühitin mənəvi boşluğundan gileylənərək gəldi. Onun üçün çox şey üfüqdə görünən qızartılara bənzəyirdi- görüntü var, amma bunlar mübhəm bir sirr isindədir. Görünür, elə bir Vaxtın gəlişinə ehtiyac duyulur ki, xoşbəxtliyin, səadətin nə olduğunu anlada bilsin.

Düşür əllərimə göz yaşı kimi,
Gecədən üzülən bir damla işıq.
Qoy gedim bu dərdin sonuna kimi,
Əriyim bu dərddə...
Gecə qarışıq.

Nə şimşək, nə külək, nə od, nə yağış.
Yoxdu bu heçlikdə bir nəfəs izi.
Gedim bu işığın sonuna qədər,
Baxsın gözlərimə tanrının gözü.

Qoy gedim ölümün sonuna qədər,
Solsa da ölüm tək yarpaq gözlərim.
Başqa bir sevgiylə, başqa bir hisslə,
Baxagaq göylərə torpaq gözlərim.

Nisə Bəyimin Yerə, Göyə, Tanrıya ünvanladığı şeirlər həyatı, dünyanı, təbiəti anlamaq, dərk etmək cəhdindən, bir fərdin yaşantılarından, onu narahat edən duyğulardan doğurdu. Bu şeirlərdən göz yaşları da süzülürdü, alov-alov kədər də püskürürdü, amma onlar süni hisslər deyildi, qəlbin çırpıntılarını əks etdirirdi. Həm də elə bu kitabındaca Nisə Bəyim özünü bir ŞAİR kimi təsdiq edə bildi. Heca şeirinin, ənənəvi şeirin poetik imkanları genişdir, hüdudsuzdur, "köhnə havalarda" təzə notlar səsləndirmək mümkündür,-fikrini reallaşdıra bildi. Məsələn, dağlar haqqında çox şeirlər yazılıb, hər şairin öz "Dağlar"ı olub, Nisə Bəyim isə görün bu ənənəvi obrazı necə mənalandırır:
Küskün obaların, küskün ellərin,
Ahını gözümə yığımmı, dağlar?
Dolummu göylərin buludlarına,
Qar olub zirvənə yağımmı, dağlar?

Közərir sinəndə eşqin naləsi,
Tutub ürəyini qanlı haləsi,
Sazında inləyən Kərəm naləsi,
Bir elin yarası, dağımı, dağlar?

Fələyin gözündə bir gilə yaşam,
Ağrıya yoldaşam, qəmə qardaşam,
Dərdinlə həmyaşam, sirrində daşam,
Köksündə ucalan dağammı, dağlar?

Onun şeirlərində təbiət təsvirlərinə, peyzaclara çox az müraciət olunur, amma bunun əvəzində təbiətlə onun ürəyi, hiss və duyğuları bir-birindən ayrılmazdır. "Yağış şeirləri" silsiləsində Təbiət və Ürək bir müstəvidə birləşirlər. "Dünyanın ən acı həqiqətləri, Yağış güzgüsündə görünər mənə", "Yağ, payız yağışım, yağ həyəcanla, Oyat duyğusunu yatan dünyanın", "Ömrün payızına yağan sevginin Yağış tək izləri qalırmı görən?".

Qəm buludları qat-qatsa,
Dağılacaq ahım çatsa.
Hələ göylər salamatsa.
O ah mənim ahım deyil.

Bu misralarda Füzulidən gələn bir nəfəs var. Füzuli deyirdi: "Deyil bihudə gər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi-ahimlə viran etdigimdəndir"
Nisə Bəyimin "İlahi vaxt" kitabında toplanan şeirlər isə artıq onun fərdi duyğularının, öz içindəki narahatlığın yeni bir ahəng almasından soraq verirdi. Birinci kitabında o, Vaxt anlayışını öz adi, konkret mənasında qəbul edirdi, günün, reallığın çərçivəsindən çıxış edirdi, Vaxt onun üçün donub qalmışdı. Amma "İlahi vaxt"da Vaxt gözlənilən ana çevrilir: şairənin duyğuları dünyanı dərk etməyə, həyatın gözəlliyini, nəşəsini duymağa, öz ömrünün vaxt axarını müəyyənləşdirməyə, ağrının da, əzabın da, sevginin və sevincin də mənasına varmağa can atır.

Oxu duaların ən gözəlini!
Kimsənin eşitməyəcəyi bir səslə
Danış nağılların ən gözəlini!
Kimsənin bilməyəcəyi öir dillə
Ağla sevgilərin ən gözəlini!
Kimsənin ağlamayacağı sevda ilə
Aç ölüm qapısını!
Kimsənin duymayacağı bir həyəcanla
Yaşa ölümlərin ən gözəlini!

"Vaxt silsiləsi" dünyanı dərk etməyə çalışan bir şairin İLAHİ VAXTA qovuşmaq arzusunu ifadə edirdi. Bu da sufilik anlamına gətirib çıxarır: "Bu yorğun yollarda nə axtarırsan?-Mən eşqin sirrini gəzirəm ey pir!- Zavallı, özünü yorma bu qədər, Eşq-haqqın yoludur, içindən keçir!".
Şairənin sonrakı şeir kitablarında Həyat, Ölüm, Tanrı, Vaxt, Ömür, Yol və s. obrazlar yeni, daha oricinal təsir bağışlayan mənalar kəsb edir. Özünü dərk etməkdən dünyanı dərk etməyə, Zamanı duymağa yönələn çırpıntılar "Duyğu yağışları" kitabında yeni poetik cizgilərlə diqqəti cəlb edir. "Əsəbi dünya" şeirində şairə Dünya, İnsan və Həyat haqda düşüncələrini belə ümumiləşdirirdi:

Dünya əsəbidir...
Hava sinirli...
Küləklər hirsini çırpır divara...
Kimi ürəyindən, kimi dilindən,
Kimi ayağından düşür avara.

Yaman qarışıqdır dünyanın halı.
Bu əlin o ələ gümanı yoxdu.
Kiminin doğulub adam olmağa,
Kiminin ölməyə inamı yoxdu.

Nisə Bəyimin şeirlərini oxuyan kəs ilk baxışda DƏRD sözünün içində çaşıb qalmasın,-deyirik.. Bu adi, sızıltılı, necə deyərlər, patoloci dərd deyil. İnsanın bir Sevinc, bir də Dərd adlı qanadları olduğunu təsəvvür etsək, Nisə Bəyimin Dərd qanadının üstündə uçur. Haralara? Varlığın başlanğıcından Sona-Ölümə qədər...Ona görə də Dərd anlayışı fəlsəfi məna kəsb edir. Eləcə də bu Dərdin sırasındakı göz yaşları, ah-aman, Ölüm haqqında düşüncələr bizim təsəvvürümüzdən daha genişdir.

Gəl bu göz yaşlarına
Sevinib dua edək.
Bu dünyanın sonuna
Qəmlə birlikdə gedək.

Varıqsa, varlığımız
Üyüyb əzilməsin.
Nə öncə, nə də sonra
Vaxt bizdən üzülməsin.

Qapanmış ömrümüzün
Yolu tək ümiddimi?
Yaşaya bilməyənə
Ölüm də bir dərddimi?

Nisə Bəyimin sonuncu şeirlər kitabının adı "Altı on-on altı"dır. Bu kitab şairənin 60 illiyi ərəfəsində çap olunub. Qadınlar çox zaman yaşlarını demir, gizlədirlər, amma Nisə Bəyimin "Natəvan" klubunda keçirilən tədbiri məhz 60 yaşıya bağlı idi. Nisə Bəyim şeirlərində ürəyini, hisslərini gizlətmədiyi kimi, yaşını da gizlətmədi.
O tədbirdə iştirakçıların sayı çox azdı və əlbəttə, bu da gözlənilən idi. Buraya toplaşanlar yalnız qəzetdəki elanla gəlmişdilər, heç bir çağırışa, "təşkilə" ehtiyac duyulmamışdı. Ortabab, hətta zəif şeir kitablarının müzakirəsində bəzən ağzınacan dolu olan "Natəvan" klubunda indi iyirmi-otuz adamın olması heç də Dərdə çevrilmədi. Əksinə, çox əla bir tədbir keçdi.
Xalq yazıçısı Anar Nisə Bəyimin bənzərsiz bir şair olduğunu etiraf etdi. Anar müəllim Nisə Bəyimin "Online" romanını bir gün içində oxuyub başa çatdırdığını, onun nəsrdə də uğur qazandığını söylədi.
Bir neçə kəlmə bu roman haqqında...Roman sırf sevgi süceti üzərində qurulub. Oxucu sona qədər bir-birini əvəz edən psixoloci gərginliklə, intizar motivləri ilə üzləşir və müəllif bizi "xoşbəxt finala" məhz bu gərginliklərdən keçirərək aparır. Ancaq romanın özəyi, müəllifin istifadə etdiyi bədii üsul fantastika üzərində qurulub. Bir təsadüf ya səhv ucbatından insan ölür, amma onun ruhu yaşayır, yarımçıq qalmış ömür başqa bir insanın həyatında davam edir.Bunun ardınca şairə ikinci bir romanını ("Çərxi-fələk") da oxuculara təqdim edib.
Amma Nisə Bəyim ŞAİRDİR. Şeir ömrü yaşayıb. Və bu yazını da onun bu misraları ilə bitirmək istəyirəm:

Şeir ömrü yaşadım...
Qəlbim sözdən söz çəkdi.
Ürəyimlə, qanımla
Söz doğurdum,
Söz əkdim.
Bu dünyanın yükünü
Qoşub şeirimlə çəkdim.


TƏQVİM / ARXİV