adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"AZƏRBAYCAN"IN FEVRAL SAYI

ƏBÜLFƏT MƏDƏTOĞLU
15031 | 2015-03-13 08:02
Həmişə oxucu görüşünə vaxtında gələn "Azərbaycan" jurnalının fevral sayı müəyyən texniki səbəblərdən bir qədər gecikdi. Əslində buna yubansaq da demək olar. Amma gözümüzü çox yolda qoymadı. Martın ilk günlərində qapımızı döyüdü və biz də həmişə sevə-sevə oxuduğumuz doğma jurnalımızın mətbəə qoxusunu ciyərlərimizə çəkə-çəkə adətimiz üzrə öncə onu vərəqlədik, mündəricatına göz yetirdik və...
Bəli, "Azərbaycan"ın fevral sayı da oxucu görüşünə sanballı bir şəkildə gəlib. Diqqətli oxucu təkcə jurnalın mündəricatını gözdən keçirsə mənimlə razılaşar. Elə siz də yəqin ki, bu təqdimatdan sonra mənimlə razılaşacaqsınız. Ona görə də yubanmadan sizinlə birlikdə juranlı vərəqləyək. Başlayaq nəsr bölümündən.
Bəli, jurnalın nəsr bölümündə əvvəli ötən sayda işıq üzü görmüş "Qısa qapanma" romanının sonuncu hisəsi oxuculara təqdim edilib. İlk nömrəni gözdən keçirənldər dəyərli yazıçımız Məmməd Orucun "Qısa qapanma" romanının sonluğunu yəqin ki, səbirsizliklə gözləmişdilər. İndi onlar romanla tanış olub əsərdə cərəyan edən hadisələrin bütün istiqamətlərini və ən vacibi isə sonluğunu özləri üçün müəyyənləşdirə bilərlər.
Təbii ki, jurnalda nəşr olunmuş hekayələr də nəsr həvəskarlarını razı salacaq. Bu hekayələrin müəllifi Şabranda yaşayıb, yazıb yaradan Aydın Tağıyevdi. Üç hekayəsini, eləcə də Əzizağa Elsevərin "Çinar ağacı" hekayəsini mütaliə edə biləcəklər. O ki, qaldı poeziyaya...g
Poeziya bölümündə Azərbaycan oxucusunu bir-birindən maraqlı müəlliflərin şeirləri gözləyir. Şəxsən mən xeyli vaxtdır ki, ancaq nəsr əsərlərini oxuduğum Həmid Hersçinin şeirlərini jurnalın bu sayında görəndə maraq hissinə təslim oldum. Etiraf edim ki, böyük həvəslə oxuduğum həmin şeirlər mənə yeni bir nəfəs təsiri bağışladı. Həmin bölümdə şeirlərini həmişə maraqla oxuduğum İlham Qəhrəmanın yeni uğurlarının şahidi oldum. Onun:

Səni elə sevdim -
elə bil diqqətimi cəmlədim
giləsi də düşməsin deyə
ikiəlli nar dənələdim.

Saatın bütün mexanizmləri,
əqrəbləri hərləmək
mənim bütün əzalarım
səni sevmək üçündür.

İki hiss var
ömür boyu məni tərk etməz:
biri müsəlman olmağım,
biri səni sevməyim.

Şeir həvəskarları bu sayda Fəxrəddin Əsədin, Əlirza Həsrətin, Könül Həsənqulunun və çox istedadlı gənc şair Emin Pirinin poeziya çələngi ilə də tanış ola biləcəklər. Yeri gəlmişkən, vurğulayım ki, bu şeir nümunələrinin hər birində özünəməxsus bir ovqat hakimdi. Əgər onları oxusanız, mənimlə mütləq razılaşacaqsınız.
Jurnalın dramaturgiya bölümündə millət vəkili, tanınmış yazıçımız Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" iki hissəli dramatik komediyası da oxucular üçün maraqlı olacaqdı. O ki, qaldı publisistika, tənqid, ədəbiyyatşünaslıq, polemika, tarix və digər bölümlərə, burada da oxucuları maraqlı mülahizələr və yeni baxışlar gözləyir. Şəxsən mənim üçün Rəşid Faxralının, həmçinin Aygün Bağırlının təqdim olunan yazıları çox səmimi təsir bağışladı. Və mən jurnalda təqdim olunan kitab rəfinin də ədəbiyyatımız üçün, ədəbiyyat sevərlər üçün nə qədər önəmli olduğunu da qeyd etməyə bilmərəm.
Bütün bunlar göstərir ki, jurnalın baş redaktoru İntiqam Qasımzadə, eləcə də onun müavinləri Südabə Ağabalıyeva, Əsəd Cahangir, həmçinin məsul katib Tofiq Mahmudov biz oxucuların zövqünü jurnalın bu sayında da nəzərə alaraq bizlərin ədəbi düşüncəsinə dəyərli əsərdər təqdim ediblər. Təbii ki, bu da böyük bir zəhmətin nəticəsidi. Bir oxucu kimi söz dünyamızı zənginləşdirən insanlara, xüsusilə "Azərbaycan"ın yaradıcı kollektivinə təşəkkür etməklə yeni-yeni uğurlar diləyirəm.



TƏQVİM / ARXİV