adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

RUHLAR GÖZƏƏ GÖRüNüRMü?..

BABƏK YUSİFOĞLU
49047 | 2010-02-10 02:06
Artıq dünyanın ən ağıllı adamları da, ən nəhəng alimləri də etiraf edib ki, insan beyni onu əhatə edən aləmdə baş verən əksər proseslərin əsl mahiyyətini dərk edə bilmir. Və İnsanlıq yaranandan ta indiyədək baş açmadığı, izahını verə bilmədiyi nə varsa ona möcüzə adı qoyub, möcüzə kimi baxıb. Möcüzələrinsə nə elmi, nə də qeyri-elmi izahları olmur...
   
   İnsanların lap çox öyrənməyə can atdıqları ruhlardı, xəyalətlərdi. Bu əslində çox köhnə istəkdi. Ruhların varlığı, bizim görə və dərk edə bilmədiyimiz bu sirli aləmin mövculuğu daim hər kəsi düşündürmüşdür. Amma etiraf edək ki, ölmüş insanların ruhlarının "bizim dünyamıza" gəlişi, müəyyən məqamlarda "özlərini" hiss etdirməsi çoxları üçün qeyri-real söhbətlərə bənzəyir.
   
   Bəs, əslində necədir? Ruh, xəyalət doğrudanmı var? Varsa, onlar haradadırlar? Ölümdən sonrakı "həyat" necədir? Əslində bununla bağlı suallar həddən artıq çoxdur və uzun illər mütəxəssislərin apardığı elmi araşdırmalar, təhqiqatlar yalnız onu deməyə imkan verir ki, ONLAR var. Qeyd edim ki, bu sahədə ən çox araşdırma aparan ABŞ və Böyük Britaniya alımləridir. Hətta 19-cu əsrdə bir sıra ingilis alimləri bu haqda elmi məqalələr də yazmağa başladılar. Sonralar ölümdən sonrakı "həyat" haqqında kitablar işıq üzü görməyə başladı.
   
   Belancer Ceff yazır: "...Çoxları nə vaxtsa belə bir hissi yaşayıb: tək olduğumuz otaqda, evdə, və ya olduğumuz məkanda bizə elə gəlib ki, biz tək deyilik. Haradasa, lap yaxınlıqda dərk edə bilmədiyimiz "kiminsə" mövcudliğunu duymuşuq. Hətta hansısa fərqli iy də hiss edə bilərik... Görünməyənlər son dərəcə sakitdirlər. Əlbəttə onlar həmişə şəffaf görünmürlər. Bəzən onlar insanlarla düz üzbəüz dururlar. Bəzən onlar hətta danışırlar da."
   
   Və bu yazıma belə başlamaqda məqsədim heç də ruhların, xəyalətlərin varlığı haqqında elmi dəlillərdən, araşdırmalardan, alınan nəticələrdən bəhs etmək, onları sadalamaq deyil. Çünki, bunları nə bir qəzet səhifəsinə, nə də bütöv bir qəzetə sığışdırmaq mümkündü. Sadəcə maraqlı olacaq deyə, ruhlarla bağlı yeni bir qeyri-adi hadisəni oxuculara çatdırmaq istəyirəm.
   
   Bu günlərdə bir hadisə, daha doğrusu bir fotoşəkil Böyük Britniyada şok yaşadıb. Uelsdə Aberqel deyilən yerdə gəzintiyə çıxan 48 yaşlı biznesmen Kevin Horkin bilməzdi ki, bu gəzintisi onu qeyri-adi bir faktla qarşılaşdıracaq. Təbiətin qoynunda xeyli müddət gəzişən Kevin Horkin orada olan Qviriç adlı qədim - 1819-cu ildə tikilmiş bir qəsrin yanından kecir. Bu zaman biznesmen 19-cu əsrin şedevr arxitektura nümunəsi olan qəsrin şəklini çəkməyə başlayır. Gəzintisini başa vurandan sonra evə qayıdır və fotoaparatda olan şəkilləri öz kompüterinə köçürür. Və Kevin gözlərinə inanmır. Fotoda əsl möcüzə ilə qarşılaşır... Köhnə qəsrin birinci mərtəbəsindəki dəmir barmaqlıqlı pəncərəsindən gənc bir ledi ona baxırdı. Kevin bunun real bir insan olmadığını şəkldə açıq-aşkar gördü. İnanılmaz idi, şəkildəki görüntülər bu varlığın bir ruh olduğuna dəlalət edirdi. Çünki Horkin böyük zalda gənc ledinin arxasında qalan bəzi əşyaları da görürdü.
   
   Hadisə ilə araşdırmalar aparan Uelsin paranormal təzahürlər üzrə təhqiqat qrupu da qəribəlikləri təsdiqləyib. Müəyyən edilib ki, qəsrin döşəməsi uçub. Qızın pəncərəsindən baxdığı böyük zalın tavanı isə çökdüyü üçün qəsrin qapılarının açılması heç cür mümkün deyil. Və bütün pəncərələrdə də möhkəm dəmir barmaqlıqlar olduğundan çöldən kiminsə içəriyə girməsindən söhbət belə gedə bilməzdi. Ehtimal olunur ki, bu qəsrin sahibləri ətrafda öz qəddarlıqları ilə tanınırmış və Kevinlə "rastlaşan" həmin ledi o qəsrin sonuncu nümayəndəsidir.
   
   Gördüklərindən şok yaşayan biznesmen bu gəzintisi haqda danışmağı xoşlamasa da bunları deyib: "Mən orada olanda hiss edirdim ki, burada nəsə başqa cürdü. Həmin gün hava çox soyuq idi. Mən qəsrə yaxınlaşanda qəribə bir hərarət hiss etdim. Hətta özüm-özümə zarafatla dedim ki, burada kamin yandırmış olmasınlar? İndi istəyirəm ki, o ruhu "ələ keçirmək" üçün adamlar tutam və bu qəsri sonadək təhqiq etdirim". Qeyd edək ki, Kevin Horkin qarşılaşdığı bu hadisədən xeyli müdət keçəndən sonra qəzetlərin yazmasına razılıq verib.
   
   Əslində buna bənzər hadisələrlə qarşılaşanlar heç də az deyil. Və bu cür fotoşəkillər, hətta videogörüntülər də mövcuddur. Bütün bunlar və digər qeyri-adi təzahürlər bir də ona dəlalət edir ki, insanların cismi olduğu kimi ruhu da var. Hətta bəzi mütəxəssislərə görə, dünyadan köçmüş inanların ruhları bizlərdən çox da uzaqda deyillər. Sadəcə olaraq, bizim onları hər vaxt görməyimiz mümkün deyil. Yəqin ki, yaxın gələcəkdə insanlar elmin köməyi ilə bu aləmin daha dərin qatlarına düşməyi də bacaracaqlar. Və biz çox şeyləri öyrənəcəyik. Əlbəttə, Tanrının insanlığa izn verəcəyi qədər...

TƏQVİM / ARXİV