adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

DüNYANIN ViCDANI

VƏSİLƏ USUBOVA
29316 | 2010-02-20 02:06
g Atasının kölgəsi ona bütün sirləri açır: anasının və əmisinin xəyanətindən, riyakarlığından xəbərdar olan gənc dəli olmaq həddinə çatır. Özünü-sözünü bilmir, ikibaşlı sözlər danışır, ətrafdakıları heyrətə salan hərəkətlər edir. Onun bu halını dəlilik sayan əmisi-təzə kral (əslində Hamleti "dəli" adlandırmaq onun işinə yarayırdı) şahzadənin universitet yoldaşları Rozenkrants və Qildensterni Elsinor qəsrinə dəvət edir ki, onu darıxmağa qoymasınlar. Həssas və iti ağıllı gənc, təbii ki, onların birdən-birə sarayda peyda olmasından şübhələnir. Söhbət zamanı şahzadənin " yaxşı, nə yenilik var?" sualına Rozenkrants belə cavab verir: " Heç nə, milord, yalnız bir xəbər var ki, dünya vicdanlı olmağa başlayır". Hamletsə, sevinmək əvəzinə " deməli, dünyanın sonu yaxınlaşır" deyir.
   
   Dünyanın sonu yaxınlaşır?! Sualın cavabı müsbət olsa belə, qətiyyən qorxulu deyil. Dörd yüz il bundan əvvəl yazılmış əsərin qəhrəmanının dilindən çıxan sözlər bu günkü oxucunu nəinki rahatsız etmir, əksinə, bir qədər də rahatlandırır. Şekspirdən əvvəlki və sonrakı dünya haqqında bilgilərini götür-qoy edib, tutuşdurub arxayın olur ki, bu dünyanın heç vaxt sonu olmayacaq. Olsaydıg
   
   Olsaydı, ilk insanın övladları biri digərini qətlə yetirəndə olardı dünyanın sonu. Olmadı və biri o birisini öldürən qardaş da ətrafda şüurlu, şüursuz nə canlı varsa, hamısına sübut elədi ki, bu dünyada cinayət törətməklə də yaşamaq olar və elə bu səbəbdən də, bundan sonra dünyaya gələnlər heç zaman qardaş olmayacaqlar. Nə qədər artıb-çoxalsalar da, nə qədər oxuyub öyrənsələr, kəşflər eləsələr də, lap Aya, ulduzlara yol açsalar da, yerdə bir-birləriynən dil tapmayacaqlar. Əksinə, inkişaf elədikcə, pisliyin, qəddarlığın, xəyanətin, yalanın, cinayətin yeni-yeni, daha riyakar formalarını tapacaq, bir-birlərinə tətbiq edərək rahat yaşamalarını əngəlləyəcəklər. Hər şeyi dəyişdirib təbii şəklindən, rəngindən ayıracaqlar. Siyasət mədəniyyəti, mənəviyyatı, ailəni, sevgini, dostluğu öz soyuq ağuşuna alıb məhv edəcək, zövqləri bayağılaşdırıb qəddarlaşdıracaq. Heç kəs də bunu anlamayacaq, "yəqin, müasirlik, inkişaf, mədəniyyət elə budur" deyib istər-istəməz zahiri parıltının, süni dəbdəbənin toruna düşəcək. Bir gün də ayılıb görəcək ki, artıq iş-işdən keçib, heç nəyi geri döndərmək mümkün deüil. Yaxşılığa, xeyirxahlığa, saflığa aparan bütün körpülər yandırılıb artıqg
   
   
   
   ***
   
   
   
   Bu da məntiqin tərs üzü. Vicdanlı olmağa başlayan dünya niyə dağılmalıdı ki?!... Əksinə olmalıdı, axıg Amma olmur. Deməli, dünyanın vicdanlı olmağa başlaması xəbəri- ətrafında, öz taleyində gördüyü, duyduğu vicdansızlıqların rişxəndli ifadəsindən, gənc bir ömrün faciəli sonluğunun xəbərdarlığından başqa bir şey deyil. Şahzadınin duyumu çox güclüdü və öz sahibini bəşəri kədərin ağuşuna sürükləyirg
   
   Dünyasa düzələn deyil. Bəs, gileyləndiyimiz, lənətlədiyimiz dünya nədi, nəçidi?! Əlinə qələm alan da onu düzəltmək isətyir, silah götürüb döyüşən də. Daha düşünmürük ki, yamanladığımız, zaman-zaman faniliyindən, vəfasızlığından gileyləndiyimiz dünyanı elə biz özümüz bu günə qoymuşuq. Dünya elə biz özümüzük: mənəm, sənsən, odu, biz hamımızıq! Hərə bir tərəfdən öz dünyasını düzəldib ümumi dünyamıza qatmağı bacarsa, çox şeylər dəyişər bəlkə də. Amma hərə bir tərəfdə bir təşkilat, qurum, dəstə, qrup yaradır. Guya məqsəd insanları birləşdirmək, sülh yaratmaq, nələrisə həll eləməkdi. Göz qabağında isə bu birliklərin dağıdıcılığından başqa heç nə yoxdu. Dinlər də, partiyalar da, irili-xırdalı müxtəlif cəmiyyətlər də ancaq insanları parçalamaq, aralarına nifaq salmaq, bir-birlərinə salışdırmaq məqsədi güdür. Bəlkə ilk yaradanlar hansısa xeyirxahlıq, quruculuq, qardaşlıq missiyasına xidmət etmək istəyiblər. Amma sonra gələnlər öz şəxsi məqsədlərini önə çəkib hər şeyi dəyişdirirlər. Bəs, dünyanın vicdanı bu qurumların hansının fəaliyyətində ehtiva olunur?
   
   
   
   ***
   
   
   
   Bəlkə BMT-di dünyanın vicdanı? Qan tökəni, qardaş qırğını salanı, qədim sivilizasiya məskənlərini xarabalıqlara çevirəni sülhün müdafiəçisi adlandırıb mükafatlandıran, xalqların, millətlərin birləşməsindən başqa nəyə desən xidmət edən Birləşmiş Millətlər Təşkilatıg Binasını qar basanda sevinmişdim. Qoy, bir az dünya öz xoşuna qalsın! Heç olmasa, göylər onlara sübut eləsin ki, məndən başqa fövqəl güc yoxdu, yaratdıqlarımın hamısı birdi və istəsəm, fərq qoymadan hər yeri nəinki qarla örtər, lap daş yağdırıb yerlə yeksan edərəm. Bir də ümid elədim ki, orada işləyənlər bəlkə qarın altından arınmış, saflaşmış çıxmağı bacardılar. Deyəsən, elə dünyanın hər yeri yaşadığım şəhər kimidi, axı. Qar əriyəndə çirkinliyi daha çox üzə çıxırg
   
   Bu gün dünyamızın vicdanını ən düzgün əks etdirən ayna Qarabağdı. Qarabağ güzgüsündə öz eybəcərliyini görə bilməyən, görmək istəməyən dünyadan vicdan ummaq sadəlövhlükdü. Bu güzgüyə baxanda öz vicdanımızın da dünyanın vicdanından seçilmədiyini, bəlkə daha qara, daha mürəkkəb olduğunu görərik. Əlbəttə, görmək isətəsəkg Bunu görsək, dünyadan vicdan, haqq-ədalət ummağı, kimlərinsə bizim əvəzimizə iş görəcəyini gözləməyi tərgidərik. Amma, deyəsən, belə fikrimiz yoxdug20 Yanvarı, Xocalı soyqırımını hələ dünyanın kor vicdanına yaza bilməmişik. Qubadakı kütləvi məzarlığın üstü açılanda məlum oldu ki, dünyanın vicdanında üstüörtülü ləkələr saysız-hesabsızdıg
   
   
   
   ***
   
   
   
   Pisliklərin ömrü uzun olur. Pisə heç nə olmur. Bütün bəlalar nəcib, xeyirxah adamları tapır. Yaxşılar azdı, gündən-günə də azalırlar. O qədər azdılar ki, bir-birlərinə əlləri də çatmır. Birləşib bəlkə dünyanın vicdanını xilas edərlər. Bütün bəlalar da onların başına gəlir. Yaxşıları qoruyan mələklər də ya yarıyuxuludular, ya da pislərə, bədxahlara satılıblarg
   
   Pisliklər, heç olmasa, öz şəklində görünsə, o qədər də qorxulu olmaz. Gözlə görünən heç zaman qorxulu deyil. Bilirsən ki, bax, o qarşıdakı səngərdə düşmən gizlənib, başını qaldırsan, düz alnından vuracaq. Seçim sənindi, ağıllı olsan, qalibsən, ağılsızlıq etsən, məhvə məhkumsan. Vay o gündən ki, düşmən mələk cildində səninlə üzbəüz oturub özünü sənin dostun, xeyirxahın kimi göstərə bilir. Artıq burada sənə deyiləsi bircə cümlə qalır: " Göylər yardımçın olsun!"g
   
   Bu yerdə yenə də "Hamlet"dən misal gətirməkdən özümü saxlaya bilmirəm. Müəllif saray əyanı Poloninin diliynən deyir:
   
   
   
   Əzəldən belədir dünyada insan
   
   Mömin görkəmində, pir libasında
   
   
   
   Hətta şeytanı da aldada bilirg
   
   Heç qibtə ediləsi bacarıq deyil bu. Ancaq bu bacarığın halqası böyüyərək edam kəndirinin ilgəyi kimi yer üzünün bütün yaxşılarının boğazına keçib. Ayaqlarının altından stulu çəkmək istəyən onlarla, minlərlə müntəzir olanlar da böyründəg
   
   Budurmu, dünyanın vicdanı?! Dünyanın dağılacağı haqqında proqnozların heç birinə inanmıram daha.
   
   
   
   Zaman ayrı düşüb öz məhvərindən,
   
   Onu düzəltməkçin doğulmuşam mən.
   
   
   
   Nahaq döşünə döyür Hamlet! O, nə birincidi, nə də axırıncı. Dünyanın naqis vicdanı çox belə saf, nəcib oğulları, qızları dəyirmanında üyüdüb. Hiyləgər tülkü kimi yenə özü qalib çıxıb. Gözəlliyi, igidliyi başı götürmür dünyanın. Bəxtəvərliyi, xoş güzəranı görən gözlərinə çoxdan torpraq dolub. Ayırmaqdan, məhv etməkdən, gülşənlərdə bayquş ulatdırmaqdan ötrü sinov gedib həmişə. Bu xislətiynən əbədidi, dağılmazdı bu dünya. Gündən-günə vicdansızlaşan dünya niyə dağılsın ki?!...

TƏQVİM / ARXİV