"O BÖYüK VƏ MÖHTƏŞƏM FiLMi BüTüN AZƏRBAYCAN çƏKMƏLiDi"

ETİBAR CƏBRAYILOĞLU
38954 | 2010-02-20 02:06
Teatrda quruluş verdiyi tamaşalara dəfələrlə baxmışam. Çəkdiyi bədii filmləri ekrandan seyr etmişəm. Telekanallarda hazırladığı müəllif proqramlarını, sənədli filmlərini izləmişəm. Bir müddət eyni kollektivdə çalışdığımızı da nəzərə alsaq, Mehriban Ələkbərzadəni yaxından tanıyıram. Lakin ilk dəfə idi ki, onu müsahibəmin qəhrəmanı obrazında söhbətə çəkirdim. Görüşümüzün sonunda çox təəssüfləndim. Yaxından tanıdığım bu istedadlı xanım indiyə qədər niyə müsahibim olmayıb? Mehriban xanımın quruluş verdiyi və səhnəyə gətirmək istədiyi tamaşalardan, çəkdiyi, ekranlaşdırmağı arzuladığı filmlərdən, müdafiəsinə hazırlaşdığı elmi işindən danışdıq. Hətta bu gün bütün dünyanın müzakirə etdiyi "Avatar" filminə də toxunduq.
   
   Deməli, oxucuları maraqlı anlar gözləyir.
   
   - Teatr və kino rejissorları adətən kadr arxasında qalırlar. Amma sizin telekanallarda müəllif proqramları ilə də tanındığınızı nəzərə alsaq, sualım təbii görünməlidi, niyə görünmürsüz?
   
   - "Yetərincə" göründüm, yetər. Qoy indi də başqaları görünsün. Bu faktdan o qədər xoşbəxt olan var ki...olsunlar! Bir də...daha gənclərə yol açılsın. Düzdür, bu nəticə heç də mənim istəklərimin sonucu deyil, amma hər haldag Təəssüf eləmirəm, amma uzun müddət...(mən sabitlik sevən insanam) sayıla bilən bu neçə illərdə 60-80 seriya filmimlə ...yetərincə göründüm, bəsdi.
   
   - Bu müddəti öncədən planlaşdırmışdız, yoxsa belə alındı?
   
   - Yaxşı bir kəlam var - insan yazır, tale pozur. İnsan çox şey yaza bilər. Lakin yazdıqlarını həyata keçirməyə imkanı çatırmı? Təbii mən "amansız qərar verəcəyimi" nəzərə ala bilməzdim. Və indi sonuc budur:
   
   MƏN İMZAMI SAXLAMIŞAM. Formatın əhəmiyyəti yoxdur.
   
    Mənim İlkin peşəm teatr rejissorluğudu. Sonra tarixi araşdırmalara baş vurdum. Söylədiyim 80 filmin ən azı 50 tarixi film idi. Daha sonra- yəni ki ...indi, mən bədii film estetikasını- kinomatoqrafiyanı qəbul etdim.
   
   - Onda gəlin Mehriban xanımın ilk peşəsindən - teatr rejissorluğundan danışaq. Yeni hansı tamaşanın quruluşu üzərində çalışırsız?
   
   - Diplom tamaşamı - Jan Pol Sartrın "Dəfn olunmamış ölülər" tamaşasını nəzərə almasaq, ikinci bir ciddi işə hazırlaşıram. Şeksprin "Otello" əsərinə quruluş verəcəyəm. Amma "Otello"ya qədər daha bir vacib işim var. Afaq Məsudun "Yol üstə" pyesini hazırlayıram. Bu, sözün əsl mənasında yol üstə dayanmış və azmış insanlar, həyatda məkan və zaman müstəvisini dəyişən insanlar haqqındadır. Ola bilsin, bu "Yol üstə"dən sonra ciddi bir məqama gedib çıxım. Yaxud da...heç bir yol tapmayım getməyə... Əsər barədə müəyyən fikirlərim var idi, Afaq xanıma bunları çatdırandan sonra yenidən işlədi. İndi əsər lap ürəyimcədi. İnsan kimi zaman müstəvisini itirmək hissini şüurda və altşüurda yaşamışam. Əslində hər bir insan bu hissi mütləq yaşayır. Sən varsan...amma, ya keçmişdə qalıbsan, ya da gələcəkdə doğulmalı idin. Amma nəticə budur ki,sən bu günün adamı deyilsən. "Yol üstə" müstəvisini itirmiş insan faciəsindən bəhs edir.. "Yol üstə"nin belə məqamda istiqaməti məlumdu. Biz Şərqli olduğumuzdan üç yolumuz var. Onun da biri Allah göstərməsin, sərxoşluq... Biri intihar, bir də dəli olmaqdı.
   
   Afaq Məsudun "Yol üstə"si yol üstədi. Onu hazırlayandan sonra "Otello"ya quruluş verməyə başlayacam. Mənim görmək istədiyim "Otello"da alışdığımız qısqanclıq, inam, xəyanət olmayacaq. Dezdemona mənim üçün orda 10-cu, 11-ci, bəlkə də 20-ci dərəcəli bir obrazdı. O, bu əsərdə olmaya da bilərdi. Çünki məhəbbət və yanılmaq məsələsi yox, tamam başqa motivlərdi. Onu da Otellonun son sözlərində tapmaq olur.
   
   - "Otello" elə pyeslərdəndi ki, onu səhnəyə gətirmək üçün gərək öncə Otellonun ifaçısını tapasan. Həmin aktyoru tapmısız?
   
   - Bəli.
   
   - Akademik Milli Dram Teatrının aktyorudu, yoxsa, kənardan dəvət edəcəksiz?
   
   - Teatrımızın aktyorudu.
   
   - Bəlkə bir az da konkretləşdirək...
   
   - "Ədalət"in ötən şənbə sayında müsahibin kim olub?
   
   - Nurəddin Mehdixanlı.
   
   - Əgər bu pyesə ənənəvi rakurısdan yanaşılsaydı, Otello bəlkə də...Nurəddin Mehdixanlı olmaya da bilərdi. Amma mənim yanaşmaq istədiyim baxış bucağından Nurəddin Mehdixanlı əsil mən gördüyüm və mənə gərək olan ....əvəzedilməsi mümkünsüz seçimdir. Başqa birisi yoxdu.
   
   - "Otello"nun bəxti gətirib. Bəyəndiyiniz, lakin baş rolu oynayacaq aktyoru tapa bilmədiyinizə görə, səhnəyə gətirmədiyiniz əsər və ya əsərlər var?
   
   - Belə əsərlər çoxdu. Heyran olduğum əsərlər var. Lakin qəhrəmanlarını tapa bilmirəm. "Kiminlə işləyəcəm" sualı ortaya çıxanda fikirləşməli oluram. Çünki bu qəhrəmanın yükünü çəkə bilən aktyor lazımdı. Şillerin "Qaçaqlar"ını hazırlamaq istəmişəm. Bədbəxtlikdən qardaşların ikisini də bir insanda görürdüm. Mənim yozumum- Frans Mooru da-eybəcəri də, Karl Mooru da gözəli də, əclafı da, qəhrəmanı da eyni aktyor oynamalıdı. Amma bu aktyoru tapa bilmədim. Belə şeylər çox olub. Ona görə də "sandığa qoyduğum" əsərlər heç də az deyil. Nə yaxşı ki, "Yol üstə" və "Otello" da bunu hiss etmədim. Bəlkə də təsadüf oldu.
   
   - Deyirlər general olmaq istəməyən əsgər əs-gər deyil. Yəqin bütün rejissorların da könlündən baş rejissor olmaq keçir. Mehriban Ələkbərzadənin də?
   
   - Baxır əsgərin qəlbindəki generallıq hansı müstəvidə ...hansı cəbhədədir!!! Mənim general arzumun müstəvisi teatr deyil!
   
   Mən rejissor olmaqdan əlavə həm də Milli Elmlər Akademiyasının böyük elmi işçisiyəm.
   
   "XVIII əsrin ikinci yarısında və ADR dövründə ərazi bütövlüyü uğrunda mübarizə" adlı dissertasiyam artıq müzakirədən keçib. Sadəcə, işlərimin çoxluğundun bəzi məsələlər ləngiyir. Bunu ona görə vurğuladım ki, bu dəqiqə mən daha çox tarixin içindən boylanan rejissor kimi dünyaya baxıram. Ona görə də, bu gün baş rejissor olmaq mənə qətiyyən lazım deyil. Mənim düşüncəmdə baş rejissor olmaq hansısa inzibati funksiya daşımaqdı. Və bir də ... əgər mənim orda, edəcəyim kordinal dəyişikliklər- dünənə qədər mənimlə yoldaşlıq edənlərin fikirləri ilə üst-üstə düşməyək və bu da mənə qarşı növbəti bir aqresiyya yaradacaq...istəmirəm!!! Bunu çox görmüşəm.
   
   - "Güzgü" və "Məhkumlar" bədii filmlərindən sonra sizdən daha hansı ekran əsəri gözləyək?
   
   - Filmim birinci kateqoriya aldığına görə, "Məhkumlar"dan ilyarım sonra növbəti bədii film çəkmək imkanım var idi. Lakin iş elə gətirdi ki, təqdim olunan ssenarilərin heç biri xoşuma gəlmədi. "Məhkumlar"dan sonra sıradan bir işə imza ata bilmərəm. "Bəşəriyyətin xilası" adlı bir ssenari təqdim olunmuşdu. Hətta bir ay müddətində müəyyən işlərə başladım. Lakin bəzi məsələlər üzündən bu ssenaridən də imtina etməli oldum. Çünki imtina üçün çox böyük bir səbəb yarandı. Həmin ərəfədə başqa ssenari oxuyanda hiss etdim ki, civədən də çevik bir şeyə çevrilirəm. Bu enerjidən çatlaya bilərəm. Ona görə də dedim ki, ölsəm də, qalsam da, məhz bu ssenarini çəkəcəm. Həmin ssenarini nədənsə melodrama kimi görən bir....rejissor, ondan məmnuniyyətlə imtina etdi. Və mən də başladığım filmi...məmnuniyyətlə saxlayıb- ona verdim.
   
   - Sizi özünə cəlb edən həmin ssenarinin adını bilmək olarmı?
   
   - Ramiz Rövşənin "Xəyanət" əsəridi. Ən adi insandan müdrik insana qədər hamını düşündürə bilən ssenaridi. Evdə sevdiyinə, doğmasına xəyanət edən, bu ruhda böyüyən hər hansı bir vətəndaş sabah bu vətənini də, torpağını da sata bilər. Ssenari sonda "Daşaltı əməliyyatı", bütün xəyanətlərin ən dəhşətlisi...və bu məğlubiyyəti ölümlə qarşılayanların taleyidir. Bu mənim son 3 ildə oxudğum bəlkə də yeganə ssenaridi ki, bircə cümləsinə də toxuna bilmirəm. İnşallah, hələ ümidlər kəsilməyib. Görək də... "Xəyanət"i heç kimə vermək istəmirəm. Düzdü, onu məndən ala da bilməzlər. Heç yoxdur da.
   
   Amma artıq kinostudiyada başqa bir tarixi işə başlamışam. "Salnamə" sənədli filmlər studiyasında "Qara mart" adlı üç hissəli sənədli-bədii film üzərində yaradıcılıq işi aparıram. Bu filmdə kimlər öldürüldü, kimlər öldürdü, necə öldürdü sualına yox, bu faciədən qaçmaq olardımı, ümumiyyətlə baş verənlər hansı çayın axan qolu idi ...hansı hadisələrin növbəti davamı idi...suallarına cavab axtarmaq istəyirəm.
   
   - Bu gün bütün dünyada ardından söz etdirən "Avatar" filminə baxmısız?
   
   - Yox. "2012"-yə baxmışam. Amma bu filmdə dəhşətli heç nə görmədim. Hollivud filmlərində baş verənlər əslində öncəgörmə-filan deyil. İnsanlar nəyi quraşdıra bilirlərsə, onu əvvəlcə toxum kimi informasiya şəkilində verirlər. Sonra bədii əsərdə ortaya çıxarılır. Sən də həyatın sonuna inanırsan, buna özünü hazırlayırsan. Amerikalılar bunu yaxşı bacarırlar. İndi adlarını çəkmək istəmədiyim bir çox filmlər var idi ki, onlar ekrana çıxandan illər sonra 11 sentyabr və digər hadisələr baş verdi. Bayaq "2012" filmini təsadüfən xatırladım. İnsanlar bəzən elə bilirlər zəlzələlər, daşqın və sel gələcək, su hər yeri basandan sonra Dünyanın sonu olacaq. Ancaq unudurlar ki, su Yer üzünü basana qədər biz bir-birimizi basacaq, məhv edəcəyik.
   
   - ... və dünyanın sonunu yaxınlaşdıracağıq...
   
   - Bizi dünyanın sonunu yaxınladırmağa yaxınlaşdırırlar ki, onlar istədikləri qədər Yer üzündə qalaq.
   
   - Yeri gəlmişkən, dəbdə olan suallardan birini verim. Biz niyə öz filmlərimizlə dünyanı təəccübləndirə bilmirik?
   
   - Bu məsələdə bir-biri ilə bağlı çoxlu sayda nüanslar var. Ən vacibi- siyasi nüansdır! Daha sonra iqtisadi nüanslar...sonda isə müasir kino dili.
   
   Əvvəla mən Şərq insanıyam. Nə qədər özümü Qərb insanına bənzətməyə çalışsam da, onun ən eybəcər "kopiyası" olacam. Mən isə eybəcər "kopiya" yox, özüm olaraq qalmaq istəyirəm. Mənim müdrikliyimi təsdiq etmək ya ki etiraf etmək Qərbə sərf etmir. Ona mənim həquiqətim isə heç gərək deyil. İkincisi, babalarımın müdrikliyi hələ mənim də müdrik olmağım demək deyil. Üçüncüsü, hansı pilləyə qədər gedib çıxmaq şansı...ölkəmin nüfuzu deyilən bir məsələ də var axı. Əgər müşahidə etmisinizsə...dünyanı təəccübləndirə biləcək İran filmləri (rejissorların 95 faiz Azərbaycan türküdür) - artıq Kanndakı mükafatlara da həsrətdir. Kinomatoqrafiya problemidir- xeyr! Siyasi məsələdir. Bizim problemlərimiz bir az da fərqlidir.
   
   Son vaxtlar "Kurtlar vadisi" serialının əsas baş yazarı, o cümlədən baş prodüsseri ilə müəyyən təmaslarım olub. Belə görüşlərimizdə bir daha əmin olmuşam ki, filmi düşünən və onu dünayaya tanıtdırmaqla məşğul olan ayrı-ayrı başlar, komandalardı. Bizdə isə bütün bunları rejissordan tələb edirlər. O gün Amerikada yaşayan soydaşlarımızdan biri mənə telefon açıb. Deyir ki, "Məhkumlar" filmini niyə ingilis dilinə çevirib dünyaya göstərmirsiz, niyə bu işlə məşğul olmursuz? Mən ona necə deyim ki, bir rejissor kimi bu işlə məşğul ola bilmərəm. Nə festivallar, nə müsabiqələr...daha nələrlə uğraşmaq imkanım yoxdur. Bu işi bacarmıram...sevmirəm.
   
   Daha bir vacib məsələ dünyanın tələb etdiyi şərtlər, standartlarla bağlıdı. Son illər mən mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyevanın təklifi ilə YUNESKO üçün Aşıq sənəti və Azərbaycan Xalça sənəti - sənədli filmlərini çəkmişəm. Öncədən təbii ki, onlar xüsusi konkret standartlar müəyyən etmişdilər. Əgər sən filmi çəkirsənsə, bu standartları qəbul etməyə borclusan. Əvvəlcədən bunlara uyğun çəkməyin vacibliyini hiss edirsən. Yəqin elə bu üzdən filmlərimə yetərincə dəyər verilib. Əgər çəkdiyimiz filmlər adi parametrlərə cavab vermirsə, biz Kann festivalında...ya ki Oskarda necə iştirak edə bilərik? Son vaxtlar kino sahəsində alqışlanası bir məqam gənclərə meydan verilməsidi.
   
   Bayaq bəhs etdiyim məsələyə bir də qayıtmaq istəyirəm. Bir var iki-üç nəfərin uğurlu ideyası, bir də var- vacib ideyanın ətrafında toplaşan peşəkarlar. Bu baxımdan elə bir film ki...o Azərbaycan məmləkətini tanıdacaq...onu təkcə Mədəniyyət Nazirliyi və kinostudiya çəkməməlidir axı. "O BÖYÜK VƏ MÖHTƏŞƏM FİLMİ BÜTÜN AZƏRBAYCAN ÇƏKMƏLİDİ"
   
   Çünki Hollivudla Azərbaycanfilm- "bir az" fərqli strukturdur. Bu film bütün ölkənin ortaya qoyduğu məhsul olmalıdı.
   
   Hər halda... kino haqqında bunu deyə bilərəm ki, baxdığım "Cavad xan" və "Niyyət" filmləri xoşuma gəlir. Bilirəm, biz bu filmlərlə Dünyanı təəccübləndirə bilmərik . Əslində Dünyaya "Cavad xan" lazım deyil, amma bu film Azərbaycan və azərbaycanlılara lazımdı. Qoy bu gün mənim millətimin içindəki milli hisslər oyansın, sonra dünyanı təəccübləndirmək məsələsi ilə məşğul olarıq.
   
   - Teatrda, kinoda və televiziyada yetərincə tanınmışdız. Elmi işlə məşğul olmaq sizə nəyə görə lazım idi? Özünüzü bu sahədə də təsdiq etmək istəyirdiz, yoxsa...
   
   - Açığını deyim ki, televiziyadan uzaqlaşandan sonra alışdığım əvvəlki ritmə, həyat tərzinə köklənmək mümkünsüz idi. Üstəlik, məni narahat edən, ağrıdan digər məsələlər də yaranmışdı. Ən çox sevdiyim sahə isə tarix olub. Televiziyadakı fəaliyyətimə nöqtə qoyurdumsa, dönəcəyim yeganə yer ora ola bilərdi. Teatr mənə həmin ənginliyi vermək gücündə deyildi. Elmi iş üzərindəki proses mənə çox şey- təmkinlə çalışmağı, hər addımı götür-qoy etməyi öyrətdi. Bütün bu işlər- siz dediyiniz özünü sübut və ya təsdiqlə bağlı deyil. Bir də mən artıq bu etapı keçmişəm...və öz adım və soyadımla da varam. Bəlkə ...indi bir başqa hədəfim də var....amma vurmaq özün...təsdiq etmək üçün deyil. İndi buna heç həvəsim də yoxdu. Axı kimə, nəyə görə...nəyin naminə nə isə sübut etməliyəm?
   
   - Belə başa düşdüm ki, yaradıcılığınızın televiziya mərhələsinə artıq nöqtə qoymusuz. Ora bir də qayıtmaq mümkün olacaqmı?
   
   - Bitdi. O səhifə mənim üçün qapandı.Yeni səhifələr isə...
   
   - Əlverişli təkliflər olsa necə?
   
   - Belə təkliflər olub. Amma mən dəyişmişəm axı.... Bilirsiz, mən bir şey istəyə bilərəm. Onu mənə vaxtında və yetərincə verməyəndə, gec verəndə... istəmərəm.
   
   Bu gün də tamaşanın sonunda səhnəyə çıxanda ayaqlarım əsir. Amma ətrafımda bircə kamera görəndə özümü suda balıq kimi hiss edirəm. Kameranın yanan işığı mənə oksigen verir sankı... Yaxşı ki, kamera yenə yanır, mən film çəkirəm...sevdiyim işlə məşgulam.
   
   Hədəf məsələsinə gəlincə...təbii ki- hədəfləırim var! Amma bu HƏDƏFləri bəlli edəcək deyiləm artıq. Mən nəhayət ki...müdrikləşdim.
   
   HƏDƏFləri bəlli olanın azadlığı öz əlində olmur!
   
   
   
   

TƏQVİM / ARXİV