adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Regionlar: Hardan belə? Hara belə?

CEYHUN MUSAOĞLU
22851 | 2010-02-20 02:06
Deyirlər, öz vətənini qarış-qarış gəzmədən başqa vətənlərin gözəlliyinə aşiq olmaq cahilliyin göstəricisidir. Bu fikrin təsdiqinin 4 aylıq layihə çərçivəsində Azərbaycanın əksər şəhər və rayonlarında olarkən bir daha şahidi oldum.
   
   Cənab jurnalist, bu da pul
   
   Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə regionların inkişafını təşviq etməliydik. Dünənə qədər jurnalistlərin dilindən düşməyən "yaxşı qonorar verin yazaq" arqumenti gücünü itirmişdi. 55 quruma maliyyə yardımı ayıran KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu konkret "Ədalət" qəzetinə 10 min manat vəsait vermişdi. Pul var, cənab jurnalist, indi get obyektiv reportaj hazırla.
   
   Dörd ay ərzində əməkdaşlarımız Azərbaycanın 30 şəhər və rayonunda oldu.
   
   
   
   Oxutmaq üçün bir az da təkid lazımdır
   
   
   
   Regionların inkişafına hesablanan dövlət proqramlarının yerlərdə necə icra olunmasını gözləri ilə görən jurnalistə təkcə bu faktları orijinal dillə qələmə almaq qalırdı. Qəzetlərin tirajından da göründüyü kimi, bir qədər tənbəl olan Azərbaycan oxucusuna daha təkidlə informasiya vermək lazımdır ki, o dövlətin vətəndaşı üçün gördüyü işlərdən xəbər tutsun. Mətbuatı dövlətlə ictimaiyyət arasında havadan körpü adlandırmırlar ki.
   
   
   
   Dünən yoxdu, bu gün olmayacaq, sabah həmişə var
   
   
   
   Gərək körpünün də dayaqları möhkəm ola. Jurnalistlərin anlamında bu möhkəmlik obyektivlikdir. Obyektiv baxış budur: Azərbaycanın regionlarında inkişaf gedir, əsasən də tikinti quruculuq işlərində. Ümumiyyətlə, dünənin yoxa çıxacağını biləndə, bu günün nə vaxtsa olmayacağını dərk edəndə, sabahın varlığına isə həmişə inananda uğurlu inkişaf baş verir. Rayonlarımızda dünən xatirələrdə yaşayır. Hündürmərtəbəli yaşayış evləri, asfalt döşənmiş yollar, dövlət strukturlarının yeni tikilən yerli orqanlarının yerləşdiyi binalar, kitabxanalar, muzeylər, modern görünüşlü məktəblər, parklar, idman meydançaları, müxtəlif adlı bankların filialları və bütövlükdə təmizlik qoxuyan şəhərin varlığı dünənin bu günlə əvəzlənməsinin möhtəşəmliyindən xəbər verir. Dünən məktəblərdə şagird sıxlığı var idi, bu gün yoxdu. Dünən daxmalar qaralırdı, bu gün əzəmətli binalar ucalıb. Dünən dövlət orqanlarının binalarında şəraitsizlik hökm sürürdü, bu gün hər şey komforta söykənib. Dünən adamlar toz içindəydi, maşınlar çalalara düşürdü, bu gün ayaqqabılar belə, palçığa batmır, maşınların təkərləri maneəsz irəliləyir.
   
   Regionlar da dünəni arxada qoyub sürətlə irəliləyir. Regionlarda dünən yoxdu, bu gün isə əzəməti ilə seçilir. Bəs sabah? Hə, elə problem də sabahın Azərbaycanının necə olmasındadır. Sabaha gedən yolda axşamlar rayonlarda daha aydın hiss olunur.
   
   Sabahın tələbi:
   
   bəzəkli daşlardan qaçın!
   
   
   
   Ağcabədini çox bəyəndim. Şəhərdəki sakitlik və təmizlik insanda xoş hisslər oyadır. Əksər binalar yenidən tikilib. Əvvəlki Ağcabədidən əsər-əlamət yoxdur. Şəhərin mərkəzini gəzirəm. Sabahımız barəsindəki nigaran düşüncələr küçələrin adamsız olması ilə asossasiya edir. Demək olar ki, küçələr boşdur. Səbəbini sonradan öyrənirəm. Məlum olur ki, rayonda kifayət qədər iş yeri yoxdur. Amma mərkəzdəki hasarlara bəzəkli daşlar düzülüb. Sabahsa tələb edir: o daşlara xərclənən pulları yeni istehsal müəssisələri açmağa sərf edin.
   
   
   
   Donorlardan istədiyimiz
   
   
   
   Sumqayıt. Gözümüzün qarşısında olan şəhər, hamımızın yaxşı tanıdığımız yer. Ola bilməz ki, Sumqayıta daxil olanda bir kimsə deməsin: "Bura necə də təmiz şəhərdir". Təmizlik çox şeydir, amma hər şey deyil. Daxili İşlər Nazirliyinin saytında narkomaniya ilə bağlı əksər cinayət hadisələrinin Sumqayıtda baş verdiyini oxuyuruq. Gənclik şəhərində gəncliyin bəlası - narkomaniya. Şəhəri bu bəladan qurtarmağın ola biməz ki, yolu yoxdur. Var. Qeyri Hökumət Təşkilatlarının narkomaniya ilə mübarizə layihələrini daha intensiv maliyyələşdirmək. Maşallah, indi donor olan öz fondlarımız var.
   
   
   
   Siması kimi
   
   daxili də gözəl olsun
   
   
   
   Qazax. Azərbaycanın "qərb qapısı". Ən maarifçi rayon. İnkişafa xərclənən puldan onların da payına az düşməyib. Onlar bu paydan səmərəli istifadə ediblər də. Sadəcə, 21-ci əsrin bəlası sayılan işsizlik hakimdir Qazaxda. Qazaxlılar əkib-becərməyi pis bacarmırlar. Arzuları da odur ki, becərdikləri məhsulları paytaxt bazarında satmaları üçün şərait yaradılsın.
   
   Ağdamlıların da arzusu belədi. Axı onlar da erməni snayperi altında maya dəyəri 20 qəpik olan soğanı yığdıqdan sonra heç 10 qəpiyə də sata bilmirlər. Ağdamın dünənki siması isə dəyişir. Dövlətimiz istəmir Ağdam işğala məruz qalan rayon görkəmində olsun.
   
   
   
   Nə qədər
   
   iti caynaq olsa da...
   
   
   
   Lerik. Dağlar qoynunda yerləşən rayon. Buna baxmayaraq, kənd təsərrüfatı inkişaf edir. Məhsullarını artırmaq məqəsdi ilə burdakı fermerlərə dövlət tərəfindən güzəştli şərtlərlə yanacaq, kübrə, toxum verilib. Ötən il fermerlər 1,9 min hektarda buğda əkini aparmışdılarsa, 2009-cu ildə bu rəqəm 2,8 min hektara çatdırılıb. Aqrar sahəni daha da genişləndirmək üçün və bu məqsədlə müasir texnikanın əldə edilməsi tələbindən Lerikdəki "Aqrolizinq" ASC-nin rayon "Aqroservis" xidməti fəaliyyətə başlayıb. Lerikin sabahına çökə biləcək qaranlıq təhsilin səviyyəsindən qidalanır. Ötən il ali məktəbə daxil olan leriklinin sayı azalıb. Valideynlər müəllimlərin metodik biliklərinin azlığından şikayət edirlər. Təxminən bu formada: "Müəllimlər dərsi uşaqlara yaxşı başa sala bilmir". Eh, nə var axı çörək, qaz, işıq, su, geyim problemi olmayan uşağa dərs başa salmağa. Belə dərdlər leriklilərin simasından çoxdan silinib gedib.
   
   Lənkəranlıları da eyni problemlər əhatə edib. Ortada bir fərq var, o da cəmiyyətin ziyanına. Lənkəranda azyaşlı qızların kütləvi ərə verilməsi adi hala çevrilib. Sosial bəla. Yaxşı ki, rayonun hər gün bir qədər də gözəlləşməsinin fonunda belə hadisələr caynaqlarını bərk sıxa bilmirlər.
   
   
   
   Nağıllar gercəkləşir, nağıl oxumaq həvəsi qalır
   
   
   
   Ağdaş. Həmişə kasıb rayonlarımızdan hesab olunub. Baxmayaraq ki, qədim ipək yolu burdan keçib. Şəhərin girəcəyindəki "Dəvə karvanı" abidə-kompleksi bu tarixə işarədir. Ağdaşın maraqlı görünüşü var. Nağıllar şəhərinə oxşayır. Biz nağılları kitablardan oxumuşuq. Dövlət proqramları çərçivəsində bu rayondakı inkişaf nağılları gerçəkliyə çevirib. Amma yenə də uşaqlar nağıl oxumaq istəyir. Ağdaşda müasir tipli kitabxana problemi var. "Sehirli xalat"da kitablar Elşənə necə deyir: "Sən bizi oxumasan daşların, quşların, çiçəklərin dilini bilməzsən". Oxumaq gələcəyin dilini bilməkdir. Çox güman yaxın vaxtlarda Ağdaşda kitab oxumaq problemi olmayacaq.
   
   Oradan sabah
   
   daha parlaq görünür
   
   
   
   Azərbaycanı işıqla təmin edən Mingəçevir. Təbii ki, dövlət imkan verməz ki, bu şəhərdə problem olsun. Şəhərin inkişafı üçün ayrılan vəsait daha çox iqtisadiyyat sahəsinə yönəlib. Şəhərin iqtisadiyyatının əsasını təşkil edən müəssisələri sadalasaq, inkişaf barəsində çox söz demiş olarıq: Azərbaycan Dövlət Termoelektrik Güc Stansiyası və su elektrik stansiyaları qurşağı ( Mingəçevir SES, Varvara SES); Azərbaycan kabel zavodu və izolyasiya məmulatları zavodu; yol tikinti maşınları zavodu, eksperimental zavod, yol tikinti maşınlarının təmiri zavodu; texniki kauçuk zavodu, kauçukun emalı zavodu və şüşə lif zavodu; toxuculuq fabriki; ət qablaşdırma zavodu, iki çörəkbişirmə zavodu, balıq zavodu, alkoqolsuz içki istehsalı zavodu; ağac emalı zavodu, 3 dəmir beton zavodu, sənaye məhsulları fabriki və 4 qum karyeri. Sabah Mingəçevirdən daha aydın və parlaq görünür.
   
   
   
   Az vəsait xərcləməklə
   
   çox iş görməyin sirri
   
   
   
   Bütün rayonlarda iş gedir. Binaların, hasarların, asfaltların üzlənməsində bəzəkli daşlardan istifadə edilməsi adamda "bu bir dəbdir" fikri formalaşdırır. Halbuki, bahalı bəzək daşları küllü miqdarda pulun daha səmərəli xərclənməsi qarşısında maneədir və insan sağlamlığına ziyanlı olan şüalar yayır.
   
   Ağsu belə dəbdən imtina edib. Yollara qalın asfalt döşəmə salınıb, yol hərəkət qaydalarını tənzimləyən xəttlər səliqə ilə çəkilib, mişar daşından tikilən hasarlar iki rəng emussiya ilə ekran formasında rənglənib, yollara bəzəkli daşlar salınmayıb. Prezident İlham Əliyev rayonda olarkən gördüyü mənzərədən o qədər təsirlənib ki, daha əlavə işlər üçün pul ayrılmasının vacibliyinə toxunub və iki gün sonra şəhərin içməli su ilə təminatı üçün 3 milyon yarım vəsait ayrılması barədə sərəncam verib.
   
   Az pulla çox və cəmərəli iş görmək belə olur. Onda sabahın açılmasına xərcləməyə pul da tapılar.
   
   Sabahın xeyir,
   
   Azərbaycan!
   
   
   
   Göyçay, Ucar, Yevlax, Zaqatala, Şəki, Balakən - eyni canlanma, eyni quruculuq işləri, eyni inkişafla qarşılayır adamları. Hansı bölgədə yaşamalarına baxmayaraq, bir-birlərinə çox oxşayır rayon adamları. Onları birləşdirən əsas cəhət səmimi olmalarıdır. Görülən işlərdən sevinirlər. Etiraf edirlər ki, əvvəllər belə deyildi. Rayon adamları yalan da danışa bilmirlər. "Daha lampaları yığışdırmışıq", "Səhəngləri zirzəmiyə atmışıq", "Odun dərdi çəkmirik", "Yüngül ayaqqabılar geyinirik", "Şəhərə getmək üçün bir günümüzü xərcləmirik"... Bölgələrdə görüşdüyüm adamların dilindən eşitdiyim ifadələrdir. Deyirlər, dünənlərdə kəndlərdə cavan uşaqları, orta yaşlı kişiləri çıraqla axtarırlarmış. Bu gün belə deyil. Əhatəsində olduğum əksəriyyət elə cavanlar idi. Onlar sabaha da öz kənd-kəsəklərindən getmək istəyirlər. Bunun üçün isə bir arzuları var: iş yerlərinin sayı çoxalsın, kəndli əkib-becərdiyini rahat şəkildə bazarlarda sata bilsin. Bəlkə də inanmazsız, onlar bu arzularını pıçıltı ilə deyirdilər. Görülən işlərin müqabilində, dünənin bu günlə əvəz olunmasının qarşılığında daha nəsə istəməyə utanırdılar. Sadəcə, insan həmişə arzuyla yaşayır. Arzu sabahın varlığından xəbər verən qaranquşdur. Deməli, sabah var və o sabah üçün yaşayan insanlarımızin sayı durmadan artır.
   
   Sabahın xeyir Azərbaycan!
   
   
   
   Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

TƏQVİM / ARXİV